YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bugünkü inkişaf edən Azərbaycan hər bir azərbaycanlının qorumalı olduğu sərvətdir

Müsahibimiz Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva

- Sədaqət xanım, bildiyiniz kimi cənab Prezident İlham Əliyevin sədrliyi ilə bu yaxınlarda Nazirlər Kabinetinin bu ilin ilk yarısının yekunlarına dair iclası keçirildi. Həmin iclasda 6 ay ərzində ölkəmizin inkişafı, nailiyyətləri barədə ictimaiyyətə məlumatlar verildi. Bütövlükdə, siz son 6 ay ərzində Azərbaycanın əldə etdiyi uğurları, inkişaf göstəricilərini necə dəyərləndirərdiniz?

- Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əldə edilən uğurlar və nailiyyətlər ilə yanaşı, nöqsanlar da nəzərə çatdırıldı. Eyni zamanda Prezident İlham Əliyev bütün sahələrdə islahatların davam etdirilməsinin, daha da dərinləşməsinin vacibliyini vurğulayaraq Azərbaycanın hərtərəfli inkişaf etdirilməsi üçün həlli vacib olan məsələlərlə bağlı da ciddi tapşırıqlar verdi.

Qeyd edim ki, ötən altı ay ərzində ölkədə müəyyən edilən strateji xəttə uyğun dayanıqlı iqtisadi inkişaf təmin olunub, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb. Görülən işlərin nəticəsidir ki, valyuta ehtiyatlarımız 44,3 milyard dollara yüksəlib, ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub, ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2, qeyri-neft sənayesi 8,8, kənd təsərrüfatı 7,6 faiz artıb, inflyasiya cəmi 3 faiz təşki edib, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34, qeyri-neft ixracı 20 faiz artıb. Həmçinin, qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub, 611 sahibkara isə 100 milyon manat güzəştli kredit verilib.

Eləcə də Mingəçevirdə “ASAN Həyat” kompleksi açılıb, Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu fəaliyyətə başlayıb, 10 rayonda xalça emalatxanası açılıb, Sumqayıt Polipropilen zavodu açılıb və s. Məhz, yaradılan yeni-yeni müəssisələr hesabına yeni iş yerlərinin açılması, maaş və təqaüdlərin artırılması insanların rifah halının da yüksəlməsinə gətirib çıxarıb.

Bütün bunlarla yanaşı ötən altı ay ərzində əldə olunan nailiyyətlər hesabına Azərbaycan dünyadakı geosiyasi və geoiqtisadi statusunu da möhkəmləndirib. Elə “Cənub qaz dəhlizi”nin açılışının olması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TANAP-ın açılışının baş tutması, Bakıda təntənəli hərbi paradın keçirilməsi, aprel zəfərindən sonra Şərur rayonunun Günnüt kəndinin və əlavə olaraq 11 min hektardan çox ərazinin 26 ildən sonra işğaldan azad edilməsi deyilən fikrin əyani təsdiqidir.

Eyni zamanda hər bir ölkənin inkişafını göstərən əyani faktorlardan birini də beynəlxalq təşkilatların hesabatları, dəyərləndirmələri təşkil edir. Məhz, dünya ictimaiyyəti tərəfindən ciddi qəbul edilən beynəlxalq təşkilatların hazırladıqları hesabatlara əsasən Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın iqtidara dəstəyinə görə 20-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı, rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir.

Göründüyü kimi, ölkəmizin inkişaf göstəricilərinin beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapması Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirmiş olur. Bütün bunlarla yanaşı biz Azərbaycanın inkişafını həyatımızda da hiss edirik. Təkcə ölkəmizin son 15 il ərzində valyuta ehtiyatlarının 24, maaş və təqaüdlərin 8 dəfədən çox artması onu göstərir ki, ötən illər ərzində sosial-iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Məhz, bütün bunlar Azərbaycan xalqının, dövlətinin nailiyyətləridir və bunu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bugünkü inkişaf edən Azərbaycan hər bir azərbaycanlının qorumalı olduğu sərvətdir.

Əlbəttə ki, Azərbaycan hökuməti bu uğurlarların davamlı olmasını əsas götürərək daha da inkişaf etmək, yeni-yeni uğurlara, nailiyyətlərə sahib olmaq üçün qarşıda duran başqa vəzifələri də ardıcıl olaraq reallaşdıracaqdır. Bu mənada təkcə bu ilin sonunadək 137 modul tipli məktəbin tikilməsi, 20 min məcburi köçkünün yeni evlərlə təmin edilməsi, 2 “ASAN xidmət” mərkəzinin açılması, 2 şəhərdə olimpiya idman mərkəzlərinin istifadəyə verilməsi, “SOCAR Polymer” və gübrə zavodlarının açılışının nəzərdə tutulması, Masallı sənaye məhəllələsinin fəaliyyətə başlaması, 14 aqroparkın istifadəyə verilməsi, üçüncü peykimizin orbitə buraxılması və s. nəzərdə tutulur.

- Hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı siyasi-ictimai sabitliyinin qorunub saxlanılması da mühüm şərtdir. Bu gün dünya ölkələrində baş verən hadisələrin fonunda əminliklə deyə bilərik ki, Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Sizcə, bu sabitliyin və dinamik inkişafın qorunub saxlanılmasının əsas səbəbləri və şərtləri nələrdir?

- Bu gün hər kəs anlayır ki, Azərbaycan dövlətinin və xalqının uğurlarına sevinən dostlarımız, müttəfiqlərimiz olduğu halda, inkişafımıza kölgə salmağa çalışan xarici və daxili qərəzli qüvvələr də var. Həmin qərəzli dairələr erməni lobbisinin və radikal dini qruplaşmaların təsiri altında olan dairələrdir və onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın demokratik imicinə xələl gətirsinlər, ölkəmizin, xalqımızın mənafelərinə zərbələr vursunlar. Xüsusilə də, mühüm siyasi yaxud, ictimai-mədəni tədbirlər ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri şər, böhtan, reallığı əks etdirməyən fikirlərlə, müxtəlif təxribatlarla ictimaiyyəti çaşdırmağa çalışırlar.

Lakin bütün bunlara baxmayaraq, bu cəhdlər nəticəsiz qalır. Çünki, Azərbaycanda xalq-iqtidar birliyi güclüdür, xalq hakimiyyəti dəstəkləyir və müdafiə edir, bundan sonra da belə olacaq. Azərbaycanda xaos yaratmağa cəhd edənlər birdəfəlik anlamalıdırlar ki, çox çətin sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyildir. Çünki Azərbaycan xalqı xaosu, özbaşınalığı, dağıdıcılığı hələ 1992-ci ildə AXC-Müsavat hakimiyyəti illərində görüb. Amma xüsusi məqam kimi qeyd edilməlidir ki, Azərbaycan xalqı hər zaman anti-Azərbaycan qüvvələrinin təxribatlarına getməyib, iqtidarla birliyini nümayiş etdirib, ictimai-siyasi sabitliyi qoruyub. Bu mənada əminliklə deyə bilərəm ki, Azərbaycanda ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dinamik inkişafın qarantı xalq-iqtidar birliyidir, vətəndaşlarımızın Prezident İlham Əliyevə olan sevgisi, dəstəyidir.

- Sədaqət xanım, aprel zəfərindən sonra Şərur rayonunun Günnüt kəndinin və əlavə olaraq 11 min hektardan çox ərazinin 26 ildən sonra işğaldan azad edilməsi haqqında danışdınız. Bu prizmadan çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proseslər haqqında nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi hökm sürür. Çünki, 2016-cı ilin aprel ayında erməni kəşfiyyat-diversiya qruplarının xəyanətkarcasına etdiyi basqınların qarşısını alan, hətta, onları ağır itki verərək geri çəkilməyə məcbur edən və strateji yüksəklikləri geri alan ordumuz 2018-ci ildə Şərur rayonunun Günnüt kəndini və əlavə olaraq 11 min hektardan çox ərazini 26 ildən sonra işğaldan azad etməsi, həmçinin Bakıda keçirilən möhtəşəm hərbi parad bir daha onu isbatladı ki, Azərbaycan artıq 1992-ci ildə olduğu kimi rəhbərsiz və ordusuz deyil.

Azərbaycan bütün hərbi imkanlara, ən əsası isə xalq-ordu-Ali Baş Komandan birliyinə, istənilən hərbi əməliyyatı reallaşdıra biləcək gücə, qüvvəyə malikdir. Xalq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə inanır və güvənir. Ona görə də, tam əminliklə deyə bilərəm ki, Ermənistan yenidən münaqişənin həlli prosesini dalana dirəyərsə, qeyri-konstruktivlik nümayiş etdirərsə, o zaman Ali Baş Komandanımızın torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların keçirilməsi barədə əmr verdiyi andan milli-etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı döyüşə gedəcək, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edəcək.

Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Başqa cür də mümkün deyildir. Çünki, Azərbaycan heç bir halda imkan verməyəcək ki, ərazisində ikinci erməni dövləti yaradılsın.

O da bəllidir ki, bu gün Ermənistan Azərbaycan qarşısınsda şərt irəli sürə biləcək vəziyyətdə deyildir. Ermənistan Robert Köçaryanın, Serj Sarkisyanın qeyri-konstruktiv mövqeyi və təcavüzkar siyasəti nəticəsində bütün regional layihələrdən kənarda qaldı, təcrid vəziyyətində yaşadı və reallıq budur ki, hər il bu ölkəni on minlərlə insan birdəfəlik tərk edir. Sosial-iqtisadi vəziyyəti həddindən artıq ağır olan Ermənistan hərbi sahədə də Azərbaycan qarşısında duruş gətirə bilmir. Elə 2016-cı ilin aprel döyüşləri zamanı həm Ermənistan dövləti, həm də sadə ermənilər gördülər ki, Azərbaycan istənilən an müharibə ilə torpaqlarını işğaldan azad edə bilər. Lakin Azərbaycan dövləti regional inkişafa və sabitliyə xələl gəlməsin deyə, hələ ki sülh variantına üstünlük verir. Ona görə də, Ermənistan, başda Paşinyan olmaqla bundan səmərəli istifadə etməli, heç bir şərt irəli sürmədən danışıqlar masasına əyləşməlidir. Əks təqdirdə Paşinyanı Sarkisyandan da pis aqibət gözləyə bilər. Bu səbəbdən də, Paşinyan dərisi boğazından çıxarılmış qardaşından dərs almalıdır.

- Sədaqət xanım, təmsil olunduğunuz Azərbaycan Respublikası Milli Məclisi Ailə, qadın və uşaq komitəsi bu ilin ötən dövründə hansı işləri həyata keçirdi. Ümumiyyətlə, Komitə hansı tədbirlərlə, qanunvericilik fəaliyyətilə yadda qaldı?

- Öncə onu qeyd edim ki, cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olan qadınlarımız tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə ölkəmizin həyatında, xalqımızın milli mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıblar.

Hələ 1969-cu ildən ölkəmizə rəhbərlik etməyə başlayan Ulu öndər Heydər Əliyev qadın azadlığına və onların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət ayırırdı. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra da bu sahədə ciddi dönüş yarandı. Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən cənab Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edildi. Eyni zamanda, Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu, son bələdiyyə və parlament seçkilərində bir daha özünü qabarıq şəkildə göstərdi. Elə Milli Məclisdə Ailə, qadın və uşaq komitəsinin yaradılması da dövlətin bu sahəyə ayırdığı diqqətin nəticəsi idi.

Ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitə olan Ailə, qadın və uşaq məsələləri komitəsi ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir. Məsələn, Komitə bu günə qədər “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və başqa Azərbaycan Respublikasının Qanununda, həmçinin, Ailə Məcəlləsində dəyişikliklər edilməsi barədə layihələri müzakirə və plenar iclasa tövsiyə edib.

Bununla yanaşı, Ailə, qadın və uşaq komitəsi mühüm əhəmiyyət kəsb edən problemlərlə əlaqədar ictimai dinləmələr təşkil edir, cəmiyyəti narahat edən məsələlərə diqqət çəkir. Həmçinin, Komitənin hazırladığı qanun layihələri və tədbirlərlə əlaqədar aidiyyəti dövlət orqanları, yerli və beynəlxalq QHT-lərlə birlikdə dinləmələr keçirir, Ailə, Qadın və Uşaq hüquqları ilə bağlı müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı aidiyyəti komitələrlə müzakirələr təşkil edir. Elə il ərzində uşaqların müdafiəsi, sağlam ailə, sağlam cəmiyyət, vərəmlə mübarizə sahələrinə dair birgə təbirlərin və ictimai dinləmələrin keçirilməsi dediklərimizə əyani sübutdur.

Bir sözlə, Milli Məclisin Ailə, qadın və uşaq komitəsi sözügedən sahədə mövcud olan problemlərin həll edilməsi üçün dövlət siyasətinin reallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atır və bundan sonra da bu işə töhfələr verməkdə davam edəcək.