YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Güclü Azərbaycan Ordusu qürur mənbəyimiz, fəxarət ünvanımızdır

Müsahibimiz Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov

- Bəxtiyar müəllim, xalqımız növbəti yubileyin ərəfəsindədir.  İyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü tamam olur. Bu gün bizim üçün ordu nə deməkdir?

- Əvvəlcə onu qeyd edim ki, artıq 20 ildir ki, iyunun 26-sı – Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir.

Təcrübədən və tarixdən məlumdur ki, ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.

Əlbəttə, biz bu barədə danışarkən ötən əsrin sonlarında ermənilərin Azərbaycana qarşı qaldırdıqları ərazi iddialarını və müstəqilliyimizin ilk illərində baş verən prosesləri də unutmur və tarixdən dərs alırıq. Sovet imperiyasının süqutundan sonra Azərbaycan müstəqillik yolunu tutdu. Lakin ölkəmizi daim əsarət altında saxlamaq istəyənlər, onun milli sərvətlərindən bəhrələnmək arzusunda olanlar Azərbaycanın müstəqilliyi ilə barışmaq istəmirdilər. Buna görə hələ ötən əsrin 80-ci illərinin sonlarında tarixdə “sınaqdan çıxmış” köhnə metoda əl atıldı – ermənilərin hər zaman “alət millət” olması nəzərə alınaraq süni şəkildə “Qarabağ problemi” yaradıldı, ərazilərimizin ələ keçirilməsi üçün məkrli planlar işə salındı.

İlk dövrlərdə Ermənistan müxtəlif üsullarla silahlandırılırdı. Guya onlar hərbi hissələrə “hücum edib” silahlar ələ keçirirdilər. Amma bunların hamısı oyun idi. Hadisələrin sonrakı inkişafı da bunu təsdiqlədi. Digər tərəfdən, SSRİ-nin “Vremya” proqramı sistemli şəkildə Ermənistan ordusunun yaranması haqqında reportajlar verir, erməni hərbçilərinin fikirlərini tirajlayırdı. Hətta əsgərlərin hərbi biletlərini ekranda göstərirdilər. Gizlədilmirdi ki, Ermənistan tərəfi sistemli şəkildə silahlanır, ordu qurur. Bunun fonunda isə o dövrkü Azərbaycan rəhbrliyində qəribə arxayınçılıq, “vəzifəni itirmək qorxusu” var idi. O vaxt Azərbaycana rəhbəlik edənlər, xüsusən də Mütəllibov iqtidarı Azərbaycanın müstəqil dövlət olacağına inanmaq istəmirdilər. Ona görə də bu proseslərə laqeyd yanaşır, əks tədbirlər görmürdülər. Əksinə, dinc azərbaycanlı əhalinin ov tüfənglərini belə əllərindən aldılar. Bununla da həmin vaxtdan “tarazsızlaşdırma siyasəti”nə başlanıldı. Yəni, hərbi cəhətdən Ermənistana kömək edilərək onları daim Azərbaycandan yüksəkdə saxlamağa çalışdılar. Təsəvvür edin ki, ermənilər odlu silahlarla silahlanırdı, avtomatları, topları vardı. Azərbaycan tərəfi isə əliyalın qalmışdı.

İlk vaxtlarda kəndlərimiz qarət olunmağa başlandı. Azərbaycanlıları girov götürür, pul müqabilində buraxırdılar. Bütün bunlara isə güclü strukturları olan SSRİ-nin rəhbərliyi “növbətçi açıqlamalar” verməklə kifayətlənirdi. Azərbaycan əhalisi çaşbaş qalmışdı ki, bu necə olan işdir, bir dövlətin tərkibində yaşayırıq, amma bizim əl-qolumuzu bağlayıblar, ermənilər isə istədiklərini edirlər. Nə səsimizi eşidən var, nə də bizə silah verən! Dövlət rəhbərlərimiz isə bizi sakitləşdirmək yolunu tutmaqla Ermənistandakı soydaşlarımızın zorla, fiziki təzyiqlərlə, hətta qəsdlərlə dədə-baba torpaqlarından çıxarılaraq Azərbaycana qovulmasına şərait yaradırdılar. Qarabağda yaşayan azərbaycanlılar isə məcbur olurdular ki, özləri öz kəndlərini, ev-eşiklərini, torpaqlarını özləri qorusunlar. Gecə səhərə qədər kəndlərdə tonqal qalayırdılar. Çomaqla, baltayla, dəhrəylə keşik çəkirdilər. Əliyalın insanların silahlı “saqqallılar” qarşısında dayanması uzun müddət çəkə bilməzdi.

Bir qədər keçəndən sonra Azərbaycanda ehtiyatla da olsa, xüsusi təyinatlı milis dəstələri yaradıldı. Bu zaman hər 2-3 nəfərə bir tapança verirdilər. Bunun özü də əslində simvolik idi. Hər kənddən bir neçə nəfər seçib bu dəstəyə üzv edirdilər. Lakin bu zaman artıq ermənilər pulemyotlarla, zirehli texnika ilə silahlanmışdılar. Xalq gördü ki, özü öz başına çarə qılmasa, dövlət heç nə etməyəcək! Beləliklə, yavaş-yavaş insanlar ordan-burdan müxtəlif ov tüfəngləri və digər silahlar, məktəblərdən təlim avtomatları əldə etməyə başladılar. Beləliklə, ilk könüllü özünümüdafiə batalyonları yaradıldı. Yəni, artıq ermənilərin silahlandırılması bir pillə qalxandan sonra biz də silahlandıq.

Mütəllibovun “ov tüfənglərini yığmaq” addımından sonra AXC-Müsavat cütlüyünün Azərbaycan ordusunu “yaratmaq” addımları da özünəməxsus və qəribə idi. Onlar səriştəsizliklərini bu sahədə də göstərdilər. Təsadüfi deyil ki, onların təyin etdiyi ilk müdafiə naziri vətən xaini çıxdı. Orduda xidmət edən əsgərlər kimlər idi? Küçə ilə gedənlər, dayanacaqda duranlar. Reydlər zamanı əllərinə kim keçdi təlimsiz-filansız cəbhəyə aparırdılar. İnsanları həbsxanalardan buraxırdılar ki, gedin vətəni müdafiə edin. Bu adamların da bir qismi cəbhəyə gedib silah əldə edəndən sonra Bakıya qayıtdılar. Ondan sonra isə cinayətkarlığın sayı artmağa başladı. Əslində, elə ordu quruculuğunun nəticəsi belə olmalı idi.

- Vəziyyət yalınz Heydər Əliyevin 1993-cü ildə ölkəyə rəhbərliyə başlamasından sonra dəyişdi…

- Bəli, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev təcrübəli və səriştəli idi. O, uzun müddət dövlət təhlükəsizliyi orqanlarında işləmişdi. SSRİ-nin rəhbərlərindən biri olmuşdu. Həm dünyada gedən siyasi proseslərdən, həm də  hərbi sahədən kifayət qədər xəbəri vardı. Ulu öndər hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan vaxtdan ölkəmizdə ordu quruculuğuna başlamışdı. Hansı formada? Ordu ilk növbədə milli zabit kadrların olması deməkdir və Heydər Əliyev öz nüfuzu və hörməti ilə mərkəzə müəyyən təsirlər edərək Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbini yaratmışdı. Bu, o dövr üçün çox mühüm addım idi.

Həmin vaxt Azərbaycanda bir neçə ali hərbi məktəb olsa da, kursantların çoxu digər millətlərin nümayəndələri idilər. Həmin məktəblərdə azərbaycanlılar demək olar ki, yox idi. Ulu öndər öz nüfuzundan istifadə edərək kvota müəyyənləşdirdi ki, məktəblər Azərbaycanda yerləşdiyi üçün qəbul olunanların müəyyən faizi azərbaycanlılar olmalıdır. Bu da o dövr üçün çox mühüm  hadisə idi.

Beləliklə, o dövrdə daha çox sovet ordusundakı inşaat batalyonlarında xidmət edən, hərbi hissələrdə mətbəxlərə – qeyri-hərbi sahələrə yönəldilən Azərbaycan gəncləri hərbi təhsil almağa başladılar. Müstəqillik dövründə Azərbaycan Ordusu yarananda zabit heyətinin özəyini həmin insanlar təşkil etdi. SSRİ-nin başqa yerlərində xidmətdə olanlar vətənlərinə qayıtmaq arzularını bildirdilər. Çünki gördülər ki, vətən təhlükədədir və geri döndülər. Bir məqamı da vurğulayım ki, ulu öndərdən əvvəlki iqtidarların dövründə ölkəyə qayıdan hərbçilərin heç də hamısını ordu sıralarına götürüb təcrübələrindən, hərbi bacarıqlarından səmərəli istifadə etmirdilər.

90-cı illərin əvvəllərində Müdafiə Nazirliyinin tərkibində batalyonlar yaradılsa da, onların hamısı vətənin müdafiəsinə xidmət etmirdi. Bir çoxu müxtəlif siyasi partiyaların maraqlarını güdürdü. Həmin silahlı dəstələr ulu öndər tərəfindən ləğv olundu, əvəzində vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusu yaradıldı. Bu, bütün ictimaiyyətdə böyük ruh yüksəkliyi doğurdu! Tezliklə Horadiz əməliyyatı keçirildi, indiki Çocuq Mərcanlı kəndi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi.

Bu əməliyyatdan sonra ermənilər atəşkəs müqaviləsini imzalamağa məcbur oldular. Çünki gördülər ki, yeni yaradılmış bu ordu ilə Azərbaycan onlara üstün gəlir. Ona görə məcburiyyət qarşısında qalaraq atəşkəsə də razı oldular. Bundan sonra isə Heydər Əliyev ordu quruculuğu prosesini tam miqyasda həyata keçirməyə başladı.

O illər çox çətin və ağır dövr idi. Çünki dövlət büdcəsi boş idi, 1 milyondan çox qaçqın və məcburi köçkün çöllərdə qalmışdı. Dövlət onlara da qayğı göstərməli idi. Amma necə? İqtisadiyyat tənəzzül etmiş, güclü inflyasiya, anarxiya və xaos davam etməkdə idi. Amma Heydər Əliyev sutkanın 18 saatını işləməyi və problemlərin həllinə nail olmağı bacaran dövlət rəhbərlərindən idi. Ona görə də bütün bu istiqamətlərdə çox qısa müddətdə böyük işlər görüldü. Atəşkəs elan olunandan sonra qeyri-qanuni silahlı dəstələr ləğv edildi, əhalidə olan külli miqdarda silah-sursat toplanıldı. Ölkədə möhkəm və dönməz sabitlik yarandı. Nəhayət, iqtisadi islahatlara start verildi, bazar iqtisadiyyatı münasibətlərinə keçid üçün addımlar atıldı, özəlləşdirmə proqramları həyata keçirildi. Ən mühüm tarixi hadisə olan “Əsrin müqaviləsi” neft kontraktının imzalanması oldu! Bütün bu proseslərlə paralel ordu quruculuğu durmadan davam etdirildi. Hətta yadımıza gəlir ki, o dövrdə əsgərliyə gedənlər bir neçə ay mülki formada xidmət edirdilər. Onları hərbi geyimlə təmin etmək imkanları aşağı idi. Bunlara baxmayaraq, qısa müddətdə Azərbaycan Ordusu lazımi səviyyədə formalaşdırıldı.

Ulu öndərin ordu ilə bağlı müəyyən etdiyi strategiya bu gün onun layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Məlum olduğu kimi, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası 2005-ci ildən öz bəhrəsini verməyə başladı, Azərbaycanın iqtisadi imkanları daha da artdı. Məhz bundan səmərəli istifadə edərək ölkəmizin dinamik və davamlı inkişafına nail olan Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də ordudur. 2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Ordumuzun arsenalına yeni silahlar daxil edildi. Hərbi hissələr müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunmağa başladı.

- Bəxtiyar müəllim, bu gün beynəlxalq hesabatlarda Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları sırasında yer alır. Sizcə, bu zaman hansı meyarlar əsas götürülür?

 - Ümumiyyətlə, son 15 il bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır. İki həftə əvvəl dövlət başçısının baxış keçirdiyi “Polonez” və “Lora” əməliyyat-taktiki raket kompleksləri dünyada cəmi bir neçə orduda var. Son vaxtlara qədər “İsgəndər”lə öyünən ermənilər indi dərin təlaş keçirirlər. Ali Baş Komandan, Prezident İlham Əliyev Silahlı Qüvvələrdə irimiqyaslı köklü islahatların keçirilməsi, ordunun ən müasir, yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik olan silah və hərbi texnika ilə təchizatı vəzifəsini qarşıya qoyub. Bu vəzifənin icra edilməsi çərçivəsində cəmi 3-4 il ərzində ordunun zirehli döyüş texnikası parkı böyük ölçüdə yenilənib.

Hazırda Azərbaycan Ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv artilleriya sistemləri o qədər çoxsaylıdır ki, onlardan eyni vaxtda bir yaylım atəşi açılsa, düşmənin bütün mövqeləri darmadağın olardı.

Bütün bunlar hər birimizdə dərin qürur hissi doğurur. Ordunun mühüm şərtlərindən biri Ali Baş Komandanın özünün Silahlı Qüvvələrə bağlı olması, hərbi işi dərindən bilməyi və daim ordunun problemləri ilə yaşayıb, onları uğurla həll etməyi bacarmasıdır. Bu sahədə də Azərbaycan Ordusunun bəxti gətirib. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapmışdır!

Bu vəhdətin təsdiqini biz iki il əvvəl aprel döyüşlərində gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, bu ordu çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Ermənilər uzun müddət kimlərinsə sayəsində “keçilməz sədd”, “aşılmaz maneələr”, “dəfedilməz səngərlər” yaratmışdı.

Amma Lələtəpə və Talış əməliyyatları göstərdi ki, bütün bunlar mifdir, Azərbaycan əsgəri üçün asan hədəfdir. Həm də o əməliyyatlarda bizim malik olduğumuz silah-sursatın cüzi qismi işlədildi. Çünki əvvəlcədən hazırlanmış hücum əməliyyatı deyildi ki, bütün texnika oraya yığılsın. Uğurlu əməliyyat nəticəsində Azərbaycan xalqının orduya olan məhəbbəti, inamı qat-qat artdı! Təmas xəttində yaşayan əhali uzun illər idi ki, ordumuza inanaraq orada yaşayır. Lələtəpə əməliyyatı zamanı onlar inamlarını əməli işdə sınadılar, evlərini tərk etmədilər və əmin oldular ki, Azərbaycan Ordusuna güvənmək mümkündür!

Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə çağırış vərəqəsini gözləmədən döyüşmək istəyi ilə səfərbərlik orqanlarına müraciət etdilər. Əməliyyat gedən əraziyə bu gəncləri buraxmamaq üçün bir sədd yaratmışdılar. Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən, Azərbaycan silahından qorxub qaçan erməni əsgərlərini saxlamaq üçün sədd çəkmişdilər, hətta onları geriyə qaytarmaq üçün güllə ilə vururdular da! Bərkə düşən kimi erməni hərbçiləri qaçmağa başlayırlar. Çünki bilirlər ki, Qarabağ onların deyil və bu ərazidə müvəqqətidirlər!

Azərbaycanın Ermənistana tərs şapalağı olan aprel müharibəsi həm Dağlıq Qarabağ münaqişəsində indiyədək yaranmış vəziyyəti ərazi baxımından qismən dəyişdi, həm qüvvələr nisbətində baş vermiş ciddi dəyişiklikləri nümayiş etdirdi, həm də çox ciddi psixoloji dönüşə səbəb oldu! Cəmi dörd gün çəkən aprel müharibəsi göstərdi ki, Azərbaycan iqtisadi, siyasi, mənəvi-psixoloji və hərbi cəhətdən düşməndən qat-qat güclü və üstün mövqedədir!

Dördgünlük müharibə nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni keyfiyyət mərhələsinə keçid baş verdi! Əvvəla, Azərbaycan əsgər və zabitlərinin timsalında Milli Ordumuz əmin oldu ki, artıq düşməndən bütün parametrlər üzrə qat-qat güclüdürlər və arsenallarındakı silahlarla qısa müddətdə torpaqları işğalçılardan təmizləmək qüdrətindədirlər. İkincisi, təsdiq olundu ki, atəşkəs çox kövrəkdir və hər an genişmiqyaslı müharibəyə çevrilə bilər. Üçüncüsü isə bir daha aydın oldu ki, Azərbaycan Ordusu dəqiq müşahidə-nəzarət və kəşfiyyat məlumatlarına malik olduğundan, habelə müasir silahlara yiyələndiyindən hərbi əməliyyatlara başlanan kimi Ermənistan ordusunun komanda-idarəetmə mərkəzlərini dağıtmaqla onu iflic və idarəolunmaz vəziyyətə salmaq imkanındadır.

Güclü ordu, qətiyyətli Ali Baş Komandan və insanlarda olan yüksək vətənpərvərlik hissləri - bütün bunlar Azərbaycan Ordusunu güclülər sırasına çıxaran əsas amillərdir.

- Ordumuzun son hərbi qələbəsi - Günnüt zəfəri barədə nə deyə bilərsiniz?

-  Qeyd etdiyim kimi, 2016-cı ilin aprel ayında təmas xəttindəki təxribat əməllərinə əks-hücumla cavab verən Azərbaycan Ordusu sarsıdıcı zərbəsi ilə düşmənin burnunu ovdu. Yarım saat ərzində erməni hərbçilərinin lovğalandıqları müdafiə qurğuları dəf edildi.

Prezident İlham Əliyevin hər bir addımı atmazdan öncə onun nəticələrini və həmin nəticələrdən yaranacaq istənilən situasiyanı aradan qaldırmağın üsul və vasitələrini irəlicədən hesablaması hamıya bəllidir. Budur, Ali Baş Komandanımız əlverişli məqam taparaq bu dəfə Ermənistanın yeni rəhbərliyinin hoqqalarına və oyunbazlığına cavab kimi düşmənə ikinci şapalağını vurdu. Buna “tərs sillə” də demək olar. Özü də bu şapalağın səsi Qarabağdan yox, Naxçıvandan gəldi. Bu dəfə azad olunan vətən torpağının adı isə Günnüt kəndidir.

Birincidən - aprel əməliyyatından da qüdrətli olan bu şapalaq erməniləri şoka salıb. Çünki bu dəfə nə bir güllə atıldı, nə bir yeni silah işlədildi! Hər şey səssiz-səmirsiz və qəflətən baş verdi. Nə az, nə çox - 11 min hektar torpaq sahəsi yenidən qəhrəman Azərbaycan Ordusunun nəzarətinə keçdi. 26 ildən sonra çox mühüm strateji nöqtələr – Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya və Mehridağ geri qaytarıldı. Üstəlik, Ermənistandan Dağlıq Qarabağa aparan Gorus-Laçın-Xankəndi yolu da hərbçilərimiz tərəfindən nəzarətə götürüldü. Bu isə o deməkdir ki, əgər Ermənistan Azərbaycanda hərbi əməliyyatlara yenidən başlasa, düşmən ordusu mühasirə vəziyyətinə düşəcək. Deyəsən, hələ bunu bir qədər gec anlayacaqlar.

Rusiya ilə Qərb arasında vurnuxan, Dağlıq Qarabağı danışıqlar masasına gətirməyə çalışan Paşinyan Günnüt şapalağından sonra çətin ki, özünə gələ. Ordunun yeni rəhbərliyi, Paşinyanın komandası da yeni ərazi itirdi. Özü də birdəfəyə 11 min hektar!

Amma hələ bu da son deyil. Azərbaycan üçün başlanan Böyük Qayıdışın davamıdır. Başlanğıcını Cocuq Mərcanlıdan götürən qayıdışın... Hadisələr göstərir ki, prosesi dayandırmaq mümkün olmayacaq. Çünki baş verənlərə Ermənistan yox, Azərbaycan tərəfi nəzarət edir. Azərbaycanın isə dönməz və dəyişməz taktikası, qətiyyətli və uzaqgörən Prezidenti, artıq torpaqların hissə-hissə qaytarılmasını dayanmaz prosesə çevirən İlham Əliyev kimi Ali Baş Komandanı var.

Atalar üçdən deyib. Birinci şapalaq 2016-nın aprelində gəldi. İkinci şapalaq bu ilin mayında dəysə də, səsi iyunda çıxdı. Deyəsən, təpiyin vaxtı çatıb!