YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xalq Azərbaycanda inkişaf və sabitliyin davamlı olması üçün cənab İlham Əliyevi dəstəkləyir

Müsahibimiz Prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov

- Siyavuş müəllim, aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat mərhələsinin bitməsinə bir neçə gün qalır. Seçki marafonunun bu mərhələsini necə xarakterizə edirsiniz?

- Azərbaycan çox mühüm siyasi kampaniya – prezident seçkiləri ərəfəsindədir. Ölkəmizdə aprelin 11-də prezident seçkiləri keçiriləcək. Namizədlər martın 19-da start verilən təbliğat-təşviqat kampaniyası çərçivəsində öz seçki platformalarını seçicilərə çatdırır, təbliğat görüşləri Seçki Məcəlləsinin tələblərinə və seçki qanunvericiliyinə müvafiq surətdə davam etdirilir.

Seçkiöncəsi mühiti səciyyələndirən ən mühüm amillərdən biri sabitliyin mövcud olmasıdır. Azərbaycanda sarsılmaz ictimai-siyasi sabitlik seçkilər dövründə də özünü göstərir.  Digər tərəfdən, seçkiöncəsi mühiti xarakterizə edərkən hər bir namizəd üçün bərabər şərait və imkanların yaradılmasını, yəni demokratik seçki mühitinin formalaşdırılmasını da xüsusi olaraq qeyd etmək lazımdır. Azərbaycan bütün dövlərdə demokratik dəyərlərə və ənənələrə sadiq olduğunu nümayiş etdirir. Təsadüfi deyil ki, seçkilərdə müşahidəçi qismində təmsil olunan beynəlxalq təşkilatların nümayəndələri, eləcə də müxtəlif ölkələr və təşkilatlar Azərbaycanın zəngin seçki təcrübəsinə malik olduğunu və demokratiya yolunda inamla irəlilədiyini bildirirlər. Bu seçkilər ərəfəsində də mövcud olan demokratik şərait beynəlxalq standartlara tam cavab verir və seçkilərin ədalətli, şəffaf və qanunlara müvafiq surətdə keçirilməsini təmin edir. Təbliğat-təşviqat mərhələsində namizədlər onlar üçün yaradılmış imkanlardan istifadə edirlər. Onlar artıq İctimai Televiziya və Radioda ödənişsiz efir vaxtından, həmçinin digər media orqanlarında ödənişli təbliğat aparmaq imkanından istifadə ediblər. Namizədlər, eyni zamanda, seçki marafonunda onlar üçün ayrılmış müvafiq yerlərdə görüşlər keçirir, öz platformalarını seçicilərə çatdırmaq imkanından yararlanırlar. Bütün bunlar Azərbaycanda seçki mühitinin demokratikliyi və şəffaflığını göstərir.

- Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat kampaniyasını necə davam etdirir?

- Yeni Azərbaycan Partiyası seçki prosesinin birinci mərhələsini uğurla başa vurdu. 2018-ci il fevral ayının 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirildi və qurultayda aprel ayının 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi. Daha sonra partiyamız tərəfindən cənab İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzaları Seçki Məcəlləsinin tələblərinə və MSK tərəfindən qəbul edilmiş təlimata müvafiq olaraq tələb edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim etdi. Martın 5-də isə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tərəfindən prezidentliyə namizədlik vəsiqəsi cənab İlham Əliyevə təqdim olundu.

YAP martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə görüşlər keçirilir, partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki platforması seçicilərə çatdırılır. Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat kampaniyasının bütün üsul və vasitələrindən müvəffəqiyyətlə istifadə edir. İctimai Televiziya və Radioda ödənişsiz efir vaxtından səmərəli istifadə olundu, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 15 il ərzində keçdiyi dinamik və hərtərəfli inkişaf yolu, görülən işlər və qarşıda duran hədəflərə bağlı məsələlər seçicilərin diqqətinə çatdırıldı. Partiyamız rayon və şəhərlərdə seçicilərlə görüşlərə də xüsusi önəm verir. Bu iş bir neçə istiqamətdə aparılır. Birincisi, böyük mitinq-konsertlərin keçirilməsidir. Bu günə qədər partiyamız tərəfindən 33 mitinq-konsert keçirilib, 350 mindən çox seçici iştirak edib. İkincisi, YAP-ın təbliğat qrupuna daxil olan Milli Məclisin deputatları, ziyalılar, elm və mədəniyyət xadimlərinin iştirakı ilə respublikanın bütün şəhər və rayonlarında seçicilərlə görüşlər təşkil edilir. Bu görüşlərin sayı 1200-dən artıq olub, görüşlərdə təxminən 1 milyondan artıq seçici iştirak edib.  Yüksək fəallıq şəraitində baş tutan görüşlərdə seçicilər öz fikir və rəylərini bildirir, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələrini olduqca yüksək qiymətləndirirlər...

- Siyavuş müəllim, yeri gəlmişkən, istər sosioloji sorğular, istərsə də görüşlər zamanı səsləndirilən fikirlər mühüm bir reallığı ifadə edir: Azərbaycan xalqının mütləq əksəriyyəti cənab İlham Əliyevi dəstəkləyir. Bu reallığı şərtləndirən başlıca amillər hansılardır?

-  Bəli, seçicilərlə keçirilən görüşlər və rəy sorğuları zamanı ifadə olunan fikirlər cənab İlham Əliyevin Azərbaycan xalqının alternativsiz seçimi olduğunu göstərir. Vətəndaşlar Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçdiyini, bu hərtərəfli və dinamik inkişafın bütün sahələri əhatə etdiyini bildirirlər. Azərbaycanın gələcək inkişafı məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğu üçün vətəndaşlar bu inkişafın, sabitliyin davam etməsi üçün yenə də cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Yəni xalq Azərbaycanda inkişaf və sabitliyin davamlı olması naminə cənab İlham Əliyevi dəstəkləyir. Seçicilər qeyd edirlər ki, ölkəmizi parlaq gələcəyə apara biləcək lider məhz Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir.

Əlbəttə, xalqın birmənalı seçiminin Prezident İlham Əliyev olması təsadüfi deyil. Çünki Azərbaycan ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib. Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib. Təsadüfi deyil ki, son 14 ildə, yəni 2003-2014-cü illər ərzində ümumi daxili məhsul 3,2, sənaye məhsulu istehsalı 2,6, kənd təsərrüfatının ümumi məhsul istehsalı 1,7 dəfə artıb, açılmış yeni iş yerlərinin sayı 1 milyon 958 min 400 olub. Həyata keçirilən iqtisadi siyasət mühüm inkişaf göstəricilərinin qeydə alınmasını təmin etməklə yanaşı, sosial müdafiə sahəsində də qarşıya qoyulan məqsədlərə çatmağa imkan verib. Bəhs olunan dövrdə orta aylıq əmək haqqı 6,8, orta aylıq pensiya haqqının miqdarı isə 8,6 dəfə artıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə düşüb, işsizliyin səviyyəsi isə 5 faizə enib.

Pozitiv nəticələrin – inkişaf göstəricilərinin qeydə alındığı sahələrdən biri təhsil və səhiyyə sektorlarıdır. Ötən müddət ərzində dövlət büdcəsində təhsilə ayrılan xərclər 7,6 dəfə artıb. Dövlət büdcəsindən səhiyyəyə çəkilən xərclərdə isə 13,5 dəfə  artım olub. Bundan başqa, 3100 yeni məktəb binası tikilib və ya əsaslı şəkildə təmir olunub. Tikilən və ya təmir olunan tibb müəssisələrinin sayı isə 635-dir. Bütün bunlar, nəticə etibarilə, strateji sahələr olan təhsil və səhiyyənin inkişafını təmin edib, Azərbaycanın tərəqqisinə xidmət edib.

Qeyri-neft sektorunun inkişafı və yüksək texnologiyalar sahəsində də ardıcıl və məqsədyönlü işlər görülüb, mühüm nailiyyətlər əldə edilib. Sözügedən dövr ərzində sahibkarlara 2 milyard 90 milyon manat məbləğində kreditlər verilib, sahibkarlıq subyektlərinin sayı 4,3, ixracın həcmi isə 6 dəfə artıb. Turizm obyektlərinin sayında isə artım 2,2 dəfə olub. Ölkəyə gələn turistlərin sayı 2 milyon 696 min olub ki, bu da 4,6 dəfə artım deməkdir. “Azerspace” və “Azersky” adlı peyklər orbitə buraxılıb və hazırda ölkə əhalisinin 78 faizi internet istifadəçisidir.

Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri əsasında infrastrukturun yenilənməsi istiqamətində də sistemli tədbirlər həyata keçirilib. Bunun nəticəsi kimi, ölkə üzrə 47 min km qaz xətti çəkilib, təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 98 minə çatıb. 9956 km su xətləri çəkilib, əhalinin 66,9 faizi fasiləsiz içməli su ilə təmin olunub. Tikilmiş elektrik stansiyalarının sayı isə 30-dur. İnfrastruktur quruculuğu çərçivəsində ən mühüm göstəricilərdən biri son 14 il ərzində 12 min 300 km avtomobil yolunun çəkilməsi, 443 körpünün tikilməsidir. Bütün bunlar insanların həyat şəraitinin yaxşılaşmasına, vətəndaş məmnunluğunun artmasına xidmət edib.

Ötən müddət ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini qaçqın və məcburi köçkünlərin problemlərinin çevik və effektiv şəkildə həll edilməsi təşkil edib. Qaçqın və məcburi köçkünlərə 5,6 milyard manat məbləğində vəsait ayrılıb, onlar üçün tikilmiş yaşayış kompleksinin sayı 92 olub. Beləliklə, 48 300 ailə və ya 245 min nəfər yaşayış sahəsi ilə təmin olunub. Aylıq yaşayış xərcləri üçün müavinətlər 4, kommunal xərclər üçün müavinətlər isə 4,5 dəfə artıb.

Mədəniyyət və idmanın inkişafı yönündə də ardıcıl tədbirlər həyata keçirilib, bu sahələrə xüsusi diqqət və qayğı göstərilib. Mədəniyyətin inkişafına ayrılmış vəsaitin həcmi 45,5 milyon manatdan 140,3 milyon manata çatdırılıb. Ölkə üzrə 244 mədəniyyət obyekti tikilib və ya təmir olunub. İdmanın inkişafına yönələn xərclər isə 41,4 milyon manatdan 239,4 milyon manata çatdırılıb. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək 8,5 min medal qazanıblar. 

Bunlarla yanaşı, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində modernləşmə və islahatlar xətti davam etdirilib, dərin konseptual əsaslara söykənən və bütün sahələri əhatə edən proqamlar uğurla icra olunub. 15 il ərzində Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib, Dünya İqtisadi Forumunun “2017-2016 Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan qabaqcıl ölkələrdən biri kimi tanınıb. Ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub.

Digər tərəfdən, ictimai-siyasi sabitliyin qorunması və daha da gücləndirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin əsas prioritetlərindən biri olub. Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınıb, ölkəmizdə etibarlı təhlükəsizlik mühiti formalaşdırılıb. Buna paralel olaraq demokratik islahatlar davam etdirilib, insan hüquqları və azadlıqlarının təmin olunması diqqət mərkəzində olub. Bunun nəticəsi kimi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nəticələr əldə olunub. İslahatlar həmçinin idarəetmə sahəsini də əhatə edib. Konstitusion və institusional islahatlar idarəetmədə yeni keyfiyyət mərhələsi yaradıb. Gənclərin siyasi həyatda fəal iştirakını təmin etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb, respublikamızda yeni vitse-prezidentlik institutu yaradılıb, vətəndaşlara dövlət diqqəti və qayğısı gücləndirilib. Dayanıqlı inkişafın, ərzaq təhlükəsizliyinin, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xüsusi layihələr həyata keçirilib. “ASAN” xidmətin, Elektron hökumətin, Dövlət İmtahan Komissiyasının yaradılması, bələdiyyə idarəçiliyində effektivliyin artırılması, müxtəlif idarəetmə orqanlarının birləşdirilərək funksionallığının artırılması idarəetmənin təkmilləşdirilməsinə mühüm töhfələr verib.

Azərbaycanın gücünü və qüdrətini artıran strateji əhəmiyyətli amillərdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu, səmərəli və praqmatik xarici siyasətin həyata keçirilməsi olub. Bunun nəticəsi kimi, ölkəmizin beynəlxalq mövqeyi olduqca möhkəmlənib, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan etibarlı tərəfdaş kimi tanınıb. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib. Bundan başqa, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirib, hücum diplomatiyası uğurla davam etdirilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər müxtəlif beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırılıb, İƏT-ə üzv olan ölkələr Ermənistanı işğalçı ölkə kimi tanıyıb, Avropa Şurası, ATƏT və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edib,  "Xocalıya ədalət!" beynəlxalq kampaniyası uğurla davam etdirilib, 16 ölkə Xocalı soyqırımını tanıyıb.

Əlbəttə, bütün bu tədbirlər və nailiyyətlər davamlı xarakter daşıyır, qarşıda duran hədəflərin reallaşdırılması isə Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini, yeni və daha möhtəşəm uğurlar əldə etməsini təmin edəcək. Bu hədəflər sırasında Azərbaycanda dayanıqlı iqtisadiyyatının qurulmasının tam təmin olunması, iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi, xarici investisiyaların stimullaşdırılması məqsədilə azad iqtisadi zonaların yaradılması, regionlarda müasir və əməktutumlu müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması, müasir infrastrukturun yaradılması üzrə tədbirlərin davam etdirilməsi yer alır. Bundan başqa, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi sisteminin mütərəqqi dünya təcrübəsi əsasında daha da təkmilləşdirilməsi, icbari siğortanın əhatə dairəsinin genişləndirilməsi, idarəetmə sahəsində islahatların davam etdirilməsi də qarşıda duran hədəflərdəndir. Ən əsası, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, dünya enerji təhlükəsizliyi sistemində Azərbaycanın mövqeyinin gücləndirilməsi, ölkəmizin beynəlxalq multikultural, mədəni, humanitar və idman sahələrini əhatə tədbirlərin bundan sonra da uğurla həyata keçirilməsi, işğal altında olan ərazilərimizin azad edilməsi üçün bütün səylərin artırılması kimi məsələlər strateji hədəflər kimi müəyyənləşdirilib.

Bütövlükdə, sadalanan möhtəşəm nailiyyətlər göstərir ki, cənab İlham 2003-cü ildə prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Əminliklə söyləmək olar ki, bu reallıqlar aprelin 11-də prezident seçkilərində özünü göstərəcək və Yeni Azərbayca Partiyasının Sədri cənab İlham Əliyev növbəti dəfə qələbə qazanacaq!