YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heydər Əliyev irsi Azərbaycanın gələcək inkişafı üçün istinadgah rolunda çıxış edir

   Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova

-Bahar xanım, mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tamam olur. Müstəqil Azərbaycan dövlətinin qurucusu – banisi olan Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istərdik...

-Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanacaq. Çünki müasir müstəqil Azərbaycanın dirçəlişi, qurtuluşu və inkişafı məhz onun adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu. 1990-cı illərin əvvəlində - olduqca mürəkkəb bir mərhələdə, Azərbaycanın müstəqilliyini itirmə astanasında, torpaqlarımızın xarici və daxili separatçıların fəaliyyəti nəticəsində bölünməsi təhlükəsi yarananda Heydər Əliyev Azərbaycanın suverenliyinin qarantına çevrildi, dövlətimizi qorudu və parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu çətin prosesin bütün ağırlığı, məsuliyyəti bir lider kimi Heydər Əliyevin, bəhrəsi isə bütün Azərbaycan xalqının payına düşdü. Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizi vahid ideologiya - azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacaran bu böyük şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda müasir dövlətçilik fəlsəfəsinin vahid, bölünməz və qüdrətli Azərbaycan dövlətinin əsası qoyuldu. Milli kimliyimizin əldə olunması, tariximizin özümüzə qaytarılması istiqamətində mühüm addımlar atıldı.

Xüsusi olaraq vurğulanmalıdır ki, müasir Azərbaycanın ərsəyə gəlməsi, Ulu öndərin ideyaları və milli maraqlara söykənən dövlət quruculuğu kursuna əsaslanır. Bu ideyalar Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qurulmasını ehtiva etməklə yanaşı xalqımızın bugünkü və gələcək  xoşbəxtliyini, yüksək rifahını, təhlükəsizlik, sabitlik və tərəqqi şəraitində yaşamasını təmin edən əsas amil kimi çıxış edir.

-Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanın dirçəliş və yüksəliş yoluna qədəm qoymasını, yüksək tərəqqi əldə etməsini təmin etməklə yanaşı, həm də gələcək inkişaf üçün etibarlı zəmin yaratdı. Bu barədə nə deyə bilərsiniz?

-Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət təkcə həmin dövr üçün aktuallıq kəsb etmirdi. Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə inkişafını təmin edən, çoxsaylı uğurların qazanılmasını şərtləndirən strateji kurs həm də ölkəmizin parlaq gələcəyinin yaradılmasına xidmət edirdi. Zaman keçdikcə bu reallıq daha dərindən anlaşılır.

Biz getdikcə daha çox dərk etməyə başlayırıq ki, məhz Ulu öndərin gərgin əməyi, fədakarlığı və cəsarəti sayəsində Azərbaycan ziddiyətlərdən, anarxiyadan, xaosdan xilas olaraq qüdrətli dövlətə çevrilməkdədir. Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bu baxımdan, müasir müstəqil Azərbaycanın hazırkı inkişafı və perspektivi barədə yalnız nikbin danışmaq olar.

Bütövlükdə, Heydər Əliyev irsi Azərbaycanın gələcək inkişafı üçün fundamental əsas kimi çıxış edir. Həyata keçirilən islahatlar və inkişafa xidmət edən kompleks tədbirlər məhz bu irsə söykənir. Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi tərəqqi, demokratik inkişaf və digər istiqamətlərdə əldə etdiyi nailiyyətlər dünya miqyasında yüksək qiymətləndirilir, ölkəmizin regional güc mərkəzi kimi beynəlxalq mövqeyinin güclənməsi Heydər Əliyev siyasətinin böyüklüyü və qüdrətini göstərir. Bu gün Azəbaycan özünəməxsus, mütərəqqi inkişaf modelinə sahib olan və beynəlxalq miqyasda sülh, sabitlik, tərəqqi və sivilizasiyalararası dialoqa töhfələr verən müasir dövlət kimi tanınır...

-Bahar xanım, bu məqamda diqqəti belə bir məsələyə yönəltmək istərdik: qeyd etdiyiniz kimi, bu gün Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verən ölkə olmaqla yanaşı, həm də multikultural dəyərlərin daşıyıcısı kimi çıxış edir. Ölkəmizdə milli-etnik və dini zəmində hökm sürən sabitlikdən və multikultural dəyərlərin qorunmasından bəhs edərkən  Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin əhəmiyyəti bir daha özünü göstərir...

-Müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşılaşdığı ictimai, siyasi, ideoloji və təhlükəsizlik problemləri təkcə həmin dövr üçün deyil, ölkəmizin gələcəyi üçün də ciddi təhdidlər yaradırdı. 1991-1993-cü illərin təcrübəsi göstərdi ki, cəmiyyəti birləşdirən, eləcə də dövlətin siyasi, iqtisadi, mənəvi inkişafı üçün milli mənafeyə xidmət edən ideoloji əsaslar olmadıqda cəmiyyətdaxili konfliktlərin yaranması və genişlənməsi üçün əlverişli şərait yaranır. İdeoloji boşluğun yaratdığı belə mühitdə çox vaxt maraqlı xarici qüvvələrin əli ilə cəmiyyətə yad, zərərli ideologiyaların şüurlara nüfuz etdirilməsi təhlükəsi meydana çıxır. Məhz belə zərərli tendensiyalarla qarşı-qarşıya qalan Azərbaycanda yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai-siyasi sabitlik yaradıldı, universal ideoloji formula olan azərbaycançılıq prinsipinə istinad etməklə mövcud ideoloji boşluq aradan qaldırıldı.

Zaman keçdikcə - dünyada sivilizasiyalararası ziddiyyətlərin dərinləşməsi, ayrı-ayrı ölkələrdə dini-etnik zəmində qarşıdurma və gərginliklərin artması fonunda azərbaycançılıq ideologiyasının əhəmiyyəti daha dərindən dərk edilir. Milli birlik və həmrəyliyə, güclü və qüdrətli dövlətçiliyə xidmət edən azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin vahid amal və ideoloji konsepsiya ətrafında birləşməsini təmin etməkdədir. Bu gün  xalqımız azərbaycançılıq ideologiyası ətrafında birlik nümayiş etdirməklə yanaşı, həm də multikultural dəyərləri yaşadır, tolerantlıq ənənələrini bütün dünyaya təqdim edir. Ümumiyyətlə, dövlətlərin inkişafına əngəl olan amillər sırasında ölkə daxilində ictimai-siyasi sabitliyin olmaması, dini, etnik ayrı-seçkiliyin mövcud olması xüsusi yer tutur. Sevindirici haldır ki, Azərbaycanda bu cür hallara rast gəlinmir və ölkəmiz tolerantlıq mühitinə, ictimai-siyasi sabitliyə və təhlükəsizliyə görə dünya dövlətləri üçün nümunə kimi çıxış edir. Multikulturalizm Azərbaycanda həyat tərzi olmaqla xalqımızın sahib olduğu çoxəsrlik tolerantlığın nəticəsi kimi çıxış edir. Ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsində bu amil də xüsusi rol oynayır.

Hazırda dünya miqyasında – ayrı-ayrı regionlarda və ölkələrdə dini-etnik müstəvidə qarşıdurmalar müşahidə olunur, xaos və anarxiyanın coğrafiyası daha da genişlənir. Belə olan halda, multikultural dəyərlərin təşviqi daha çox strateji əhəmiyyət kəsb edir. Xüsusi olaraq qeyd edim ki, Azərbaycan bu baxımdan dünyaya mütərəqqi bir model, nümunə təqdim edə bilib. Sirr deyil ki, Azərbaycan tolerant ölkədir, dünyada müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir cəmiyyətə sahibdir. Bu gün ölkəmiz dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olub. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, öz mədəniyyətlərini yaşadıblar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Ümummilli lider Heydər Əliyevin zamanında atdığı düşünülmüş və qətiyyətli addımlar, milli mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğı tolerantlığın və multikulturalizm ənənələrinin bərpa olunmasına, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət isə bu dəyərlərin daha da möhkəmlənməsinə, inkişafına şərait yaratmaqla ölkəmizin sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsini təmin etməkdədir.

Hazırda Azərbaycan nümunəsində multikulturalizm və azərbaycançılıq ideologiyası bir-birini tamamlayır.  Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi tanınır. Bir məqamı da əlavə edim ki, ölkəmizin uğurlu xarici siyasət kursu  ilə yanaşı, bəhs etdiyim amillər də Azərbaycanı ictimai-siyasi kataklizmlərdən qoruyur, onun sabit, firavan ölkə kimi beynəlxalq arenada iştirakını təmin edir...

-Azərbaycanın ictimai-siyasi kataklizmlərdən kənar, sabit, firavan ölkə kimi çıxış etməsini şərtləndirən başlıca amillərdən biri də uğurlu xarici siyasət kursudur. Bu məqamda məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursuna diqqət çəkmək məqsədəmüvafiqdir. Məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi, Azərbaycan hazırda maraqların toqquşduğu yox, uzlaşdığı məkan kimi çıxış edir. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, bu gün Azərbaycan regionun lider ölkəsi olmaqla yanaşı, həm də dünya dövlətlərinin, eləcə də güc mərkəzlərinin geosiyasi maraqlarının uzlaşdığı məkan olaraq səciyyələndirilir. Bunu təmin edən əsas faktor Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursudur.

Bu gün beynəlxalq münasibətlər sistemində baş verən dağıdıcı proseslər, eləcə də milli dövlətlərin öz müstəqillikləri və suverenliklərini itirməsinə səbəb olan hadisələr Azərbaycanın balaşnlaşdırılmış xarici siyasət kursunun əhəmiyyətini bir daha ortaya qoyur. Sirr deyil ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu strateji kurs Azərbaycanın beynəlxalq arenada müstəqil dövlət, söz və nüfuz sahibi kimi çıxış etməsini təmin etməklə yanaşı, həm də sonrakı illərdə ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını şərtləndirib.

Hazırda dünya miqyasında daha ciddi iqtisadi və siyasi kataklizmlər müşahidə edilir, milli dövlətlər  qeyri-sabitlik problemi və dağıdıcı tendensiyalarla qarşılaşır. Belə bir şəraitdə Azərbaycanın uğurlu, praqmatik və balanslaşdırılmış xarici siyasət kursu öz sözünü deyir, ölkəmiz həm sabitlik adası kimi çıxış edir, həm də öz beynəlxaq mövqelərini mütəmadi olaraq möhkəmləndirir.

Onu da qeyd edim ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir. İstər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən və ən əsası, münasibətlərin və əlaqələrin normal və tərəfdaşlıq çərçivəsində inkişafına şərait yaradan siyasətin yürüdülməsi ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə imza atmasına şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən xarici siyasət kursu Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində lider, Avropa və digər kontinentlər üçünsə kifayət qədər ciddi tərəfdaş kimi qəbul edilməsinə yol açıb. Azərbaycan bu gün də dünya dövlətləri ilə açıq ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafını özündə ehtiva edən xarici siyasət kursu yürüdür. Azərbaycan hakimiyyətinin ortaya qoyduğu bu məramın aydın və səmimi olması, məsələlərə yalnız beynəlxalq hüquq və milli maraqlar çərçivəsindən yanaşması Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə eyni dərəcəli münasibətlər qurmasına imkan verir.