YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi kimi inkişaf edir, güclənir, möhkəmlənir

Müsahibimiz Milli Məclisin deputatı Malik Həsənov

- Malik müəllim, hər bir bayram  öz  əhəmiyyəti ilə xarakterizə olunmaqla yanaşı, əldə olunan uğurlara bir baxış, hesab  kimi də dəyərləndirilir. Milli Qurtuluş bayramı   hansı təhlili aparmağı zərurətə çevirir?

- Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün  ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda  illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu öndər Heydər Əliyevin «Müstəqiliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir.

Bu baxımdan Azərbaycanın  müasir tarixinin iki önəmli hadisələrindən biri Azərbaycanın dövlət müstəqilliyinin yenidən  bərpa edilməsi və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıdır. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Ümummilli liderin  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  o zaman yenicə bərpa edilmiş dövlət müstəqilliyimizin  başı üzərini almış çox ciddi təhlükələrin aradan qaldırılması ilə əlaqədar idi.  Bu təhlükələri yaşayan Azərbaycan xalqı ölkəni düçar olduğu vəziyyətdən xilas etmək üçün dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etməklə  Azərbaycanın qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun  önəmi, əhəmiyyəti  hər birimizə aydındır. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəyə rəhbərlik edənlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının yaratdığı  problemlər, faciələr, anarxiya, özbaşınalıq, dövlət müstəqilliyini itirmək təhlükəsi  məhz müstəqilliyimizin ilk illərinin səciyyəvi xüsusiyyətləri idi.  Belə çətin məqamda  Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi   siyasi hakimiyyətə dəvət etdi. Xalqı ilə birlikdə  olduğunu  bəyan edən ulu öndər Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişi,  qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər o dövrün hadisələrinin şahidi olanların yaddaşlarındadır.
Ümummilli lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində ulu öndər  Azərbaycanın Prezidenti seçildi. Bu qısa  xronologiya bir daha Azərbaycan xalqının  ulu öndər Heydər Əliyevə, dahi şəxsiyyətin isə xalqına bağlı olmasının təsdiqidir.

«Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm» tezisini  önə çəkərək, bunu  atdığı hər addımında sübut edən ümummilli lider Heydər Əliyev Azərbaycanı çox qısa zamanda böyük inkişaf, tərəqqi yoluna çıxardı. Verilən hər bir vədin konkret əməli işdə təsdiqinin nəticəsi idi ki, xalqın gələcəyə ümidləri daha da artdı. İstər Azərbaycan tarixində, istərsə də  xalqımızın yaddaşında  ümummilli lider Heydər Əliyev  müstəqil, müasir dövlətimizin  simvolu kimi qalmış və qalacaq. Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

- Bu reallıq ölkəmizin hüdudlarından kənarda da  qeyd olunur ki, dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin hər bir sahəsi tədqiqat obyektidir...

- Təbii ki. Məhz buna görə də dahi şəxsiyyət Heydər Əliyevin  ideal lider  obrazını, dövləti, xalqı qarşısındakı xidmətlərini  bir yazı ilə əhatə etmək qeyri-mümkündür. İllər bir-birini əvəzlədikcə bu xidmətlərin miqyasının genişliyi daha aydın görünür, işıq üzü görən tədqiqat əsərləri göstərilən səylərin böyüklyünə, vətən, xalq anlayışlarının dahi şəxsiyyətin həyatının mənasını təşkil etməsinə  işıq salır. Onun ən yüksək tribunalardan Azərbaycanlı olması ilə fəxr etdiyini bəyan etməsi harda yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı bu amal ətrafında birliyə çağırırdı: «Bizim hamımızın bir vətəni var-bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq- bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir!» 

Ümummillli lider Heydər Əliyevin  müasir Azərbaycanın memarı, qurucucu kimi təqdim olunması  həmin dövrün, 1993-cü ilin iyun hadisələrinin bir cümlə ilə təhlilidir. Dahi şəxsiyyət Azərbaycanın düşdüyü ağır durumdan xilas olacağına böyük inamla yanaşdı:  «Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası  dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir.» Mövcud  problemlərin çözüləcəyinə xalqda böyük inam hissi yaradan  ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikir bu günun gerçəklikləri fonunda özünü təsdiqləməklə yanaşı onun xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinə də aydınlıq gətirir.  Düzgün müəyyənləşdirilən  daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil  Azərbaycan  beynəlxalq aləmdə sabitilk diyarı,  qüdrətli, zəngin, demokratik ölkə kimi  mövqeyini günbəgün möhkəmləndirir. «Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik.» 1995-ci ildə qəbul edilmiş  Konstitusiyamız  insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının  formalaşdırılması və  inkişafına etibarlı zəmin yaratdı.

- 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, yüksəliş illəri kimi yazıldı...

- 28 May-Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda möhtərəm Prezidentimiz İlham Əliyevin 1993-2003-cü illərin Azərbaycanın müstəqil  ölkə kimi yaşamasını təmin edən  bir dövr kimi tarixdə qalacağını böyük inam və qətiyyətlə ifadə etməsi təbii ki, həmin dövrdə Azərbaycanın keçdiyi yola baxış, bir hesab idi. Bir daha qeyd olundu ki, bu illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaq.

1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu. Ölkəmizə inamın artması imzalanan sazişlərin sayında da özünü göstərdi. Bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmində artımı xüsusi qeyd ediriksə, bu, məhz həmin dövrdə Azərbaycana qarşı yaradılan inamın nəticəsidir. Baxmayaraq ki, ölkəmiz hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub,  müstəqilliyimizin ilk ilərində ölkədə mövcud olan  ictimai-siyasi gərginlik   bu diqqətə  öz mənfi təsirini göstərmişdir. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər  tərəddüdlərini gizlətməkdə çətinlik çəkirdilər. Ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkədə yaradılan sabitlik, «Əsrin müqaviləsi»nin imzalanması  Azərbaycana inamı artırdı,  çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» bildirən ulu  öndər  Heydər Əliyevin  20 il əvvəl  əsasını  qoyduğu  yeni  neft  strategiyası,  bu  strategiyanın təməlində  dayanan  «Əsrin müqaviləsi»  Azərbaycanın  bugünkü  və  gələcək  yoluna  işıq  saçır. Azərbaycanın zəngin təbii resurslarının  dünya  bazarlarına  çıxarılması,  neft  gəlirlərini  ölkəmizin  hərtərəfli inkişafına,  xalqımızın  rifahının  yüksəlməsinə  sərf  edilməsi  dahi şəxsiyyətin   uzağa  hesablanmış  siyasətində  əsas  yer  tuturdu.  Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması məqsədilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondu dövlət siyasətinin əsas prioritetlərini müəyyənləşdirir.  Hazırda aktivlərinin həmi 35 milyard dollardan artıq olan Dövlət Neft Fondu müxtəlif sosial-iqtisadi layihələrin həyata keçirilməsini maliyyələşdirməklə ölkənin hərtərəfli inkişafını sürətləndirir. Bir əsas məqamı da qeyd etmək istərdim ki,   1994-cü  ildə  «Əsrin müqaviləsi»nin imzalanmasından öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  Bakıda Beynəlxalq neft, qaz sərgi və konfransının keçirilməsi  Azərbaycanın enerji potensialının dünyaya təqdimatında mühüm rol oynadı. Ənənəvi keçirilən bu sərgi-konfranslar Azərbaycanın hər il enerji sektorunda qazandığı uğurlara bir baxış olmaqla,  yeni-yeni əməkdaşlıq əlaqələrinin yaranmasına stimul olur. Artıq XXI Beynəlxalq neft, qaz sərgi-konfrası keçirildi.  Konfrans iştirakçılarının sayında ilbəli nəzərə çarpan artım bir daha ölkəmizin gələcəyinə böyük inamın olduğunu, Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir.

   

Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etməklə  Azərbaycanın bugünkü uğurlarının bünövrəsini yaratdı

 

İqtisadi tərəqqi digər sahələrin də inkişafını təmin etdi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlar bir daha bu reallığı ortaya qoydu ki, daim xalqına güvənən, xalqına arxalanan ulu öndər Heydər Əliyev onların yaxşı yaşayışı üçün çalışır. Heydər Əliyev-xalq birliyi hər sahədə öz təsdiqini tapmışdır. Bu birlik, həmrəylik uğurların davamlı olması üçün açar rolunu oynayır. Dahi şəxsiyyət Heydər Əliyevin bu tezisi dünənimizin, bu günümüzün və gələcəyimizin, eyni zamanda Heydər Əliyev siyasətinə inamın aydın təsəvvürünü yaradır: «Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!»

- Son 20 ilin uğurlarına əsaslanan «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası gələcəyimizə hansı baxışı formalaşdırır?

- Sözsüz ki,  prioritetlər müəyyənləşdirilərkən ötən ildə əldə olunan uğurların təhlilinə ehtiyac yaranır. Bu  reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün  digər ölkərə nümunə göstərilməsi uğurlarımızın təsdiqidir. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirmiş, beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevirmişdir. Bu gün Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması da deyilənlərin təsdiqidir.

Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən bəyan etdi ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son on ilin statistikasına diqqət yetirsək bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını görərik. Dövlət başçısı İlham Əliyev  iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu, regional inkişaf proqramlarını təsdiqləyib, uğurlu icrasını təmin etməklə  bu məqsədə nail olmağa səy göstərdi. Artıq iki proqramın icrası başa çatıb. Cari ildən üçüncü proqramın həyata keçirilməsinə başlanılıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq, paytaxt və bölgələrdə  quruculuq-abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur. Ölkənin hərtərəfli tərəqqisində regionların inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyev bildirirdi ki, inkişaf etmiş ölkələrdə də paytaxtla  bölgələr arasında fərq olmur. Biz də buna çalışırıq. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin  geniş təhlil olunması, ölkəmizin təcrübəsinin öyrənilməsinə dünya dövlətlərinin xüsusi maraq göstərməsi bir daha bu gerçəkliyi təsdiqləyir ki,  qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub. Bir faktı da qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahibdir. İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələdir. Son on ildə  açılan yeni iş yerlərinin sayı  bir milyondan artıqdır. İşsizliyin səviyyəsi 5 faizdir. Yoxsuluğun azaldılmasına xidmət edən Dövlət Proqramlarının uğurlu icrası əldə olunan nəticədən də aydın görünür. Yoxsulluğun səviyyəsi 5,3 faizdən aşağıdır. İqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsinə stimul verir. Əmək haqqları, pensiyalar artırılır, aztəminatlı ailələr Ünvanlı Sosial Yardım Proqramından bəhrələnirlər.  Paytaxt və bölgələrdə yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib, istifadəyə verilib. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafını təsdiqləyir.  Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollardan artıqdır. Son 10 ildə ölkə iqtisadiyyatına 160  milyard dollardan artıq  vəsait qoyulub. Bu, sözsüz ki, Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir.  Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artır.  Dövlət başçısı  İlham Əliyev bu əminliyi  ifadə edir ki, ölkəmiz qarşıdakı illərdə  regionun və Avropa  ölkələrinin  enerji təhlükəsizliyinin təminatında  rolunu  daha da artıracaq. «Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları  bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı  təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır.»

İqtisadi tərəqqi yeni-yeni hədəflərə yol açır. Hər ilin konkret sahənin adı ilə bağlı olması hədəflərə yüksək səviyyədə çatmağa əsas yaradır. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə cari il «Sənaye ili» elan olunub. İl çərçivəsində görüləcək işlər, həyata keçiriləcək tədbirlər sənayenin innovasiyalar əsasında  inkişafını təmin edəcək.

- Malik müəllim, ölkəmizə beynəlxalq baxışı necə şərh edərdiniz?  Azərbaycanı istər daxili, istərsə də xarici baxışların ümumiləşdirilməsi fonunda inkişafın hansı səviyyəsində görürsünüz? 

- Qeyd etdiyimiz kimi, bu gün inkişafın Azərbaycan modelinin mövcudluğu və təqdir olunması, ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi, regional inkişaf proqramlarının uğurlu icrasının hərtərəfli inkişafının daha da sürətləndirilməsi, «neft kapitalını insan kapitalına çevirək» tezisinin bugünümüzün reallıqları fonunda öz təsdiqini tapması və s. kimi amillər  bir gerçəkliyi  ortaya qoyur ki, daim yeniləşməyə, modernləşməyə önəm verən respublikamız inkişafın ən yüksək səviyyəsindədir. Azərbaycanın adı bu gün dünyanın 10 xoşbəxt ölkəsinin sırasındadır. 

28 May-Respublika Günü münasibətilə rəsmi qəbulda möhtərəm Prezidentimiz İlham Əliyev bir daha bildirdi ki, istər daxili, istərsə də xarici siyasətlə bağlı  konkret mövqeyimiz vardır: «Öz niyyətimizi, siyasətimizi  açıq şəkildə bəyan edirik və bizim addımlarımız da  siyasətimizin davamıdır.  Sözümüzlə əməlimiz arasında  heç bir fərq yoxdur. Ona görə bizim  sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir.  Əgər söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı gözləyirik.»

Azərbaycanın artan iqtisadi imkanları siyasi mövqeyinin də möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Ölkəmizin 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi beynəlxalq dəstəyə işıq saldı. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində erməni yalanları ifşa olunur, dünyanın nüfuzlu təşkilatları qəbul etdikləri qərar və qətnamələrdə Ermənistanın işğalçılıq siyasətini pisləyir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirirlər. Azərbaycanın dəyişməz mövqeyini bir daha bəyan edən dövlət  başçısı İlham Əliyev bildirir  ki,  biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ  Azərbaycanın  tarixi torpağıdır. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, qətiyyəti sayəsində münaqişə öz ədalətli həllini tapacaq, Azərbaycan daha möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq. Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycanın uğurları fonunda  dövlət başçısı İlham Əliyevin fərmanı ilə işlənib hazırlanan və  təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Bu günümüzün reallıqları bir daha bu gerçəkliyi təsdiqləyir ki,  Azərbaycan ulu öndər Heydər Əliyevin  görmək istədiyi kimi  inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir.