YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dövləti özünün genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir

Müsahibimiz Milli Məclisin deputatı İlham Məmmədov

- İlham müəllim, bildiyimiz kimi hazırda qeyri-neft sektorunun daha da inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də regionlarda sənaye quruculuğunun inkişaf etdirilməsidir. Bölgələrdə sənaye müəssislərinin yaradılmasının əhəmiyyəti nədən ibarətdir? 

- Ümumiyyətlə, Bakı və digər böyük şəhərlərlə yanaşı, ölkəmizin regionlarında da güclü sənaye potensialı var. Bu baxımdan, yeni sənayeləşmə siyasətində sənayenin regional strukturunun formalaşdırılmasının mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi böyük önəm daşıyır. Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri məhz ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və sənaye zonalarının yaradılması ilə bağlıdır. Qeyd edim ki, son illərdə Azərbaycanda dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənayenin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.
Hazırda ölkəmizdə dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradəyə və yaradılan zəruri hüquqi bazaya uyğun olaraq Neftçalada, Masallıda və digər bölgələrdə yeni sənaye məhəllələri yaradılır. Şübhə yoxdur ki, Azərbaycanın sənaye quruculuğu tarixində yeni təşəbbüs olan regional sənaye quruculuğu indiki şəraitdə ölkənin istehsal və ixrac imkanlarının genişlənməsində mühüm rol oynayacaq.

- Hazırda yerli istehsalın stimullaşdırılması istiqamətində müəyyən layihələr icra olunur. Bu baxımdan, ixracın təşviqinin təşkil edilməsi nə kimi nəticələr verəcək? 

- Bilirsiniz ki,  ölkəmizdə yeni dövrün tələbinə uyğun olaraq ixracın təşviqi sisteminin işə salınması böyük əhəmiyyət daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Təbii ki, verilən bu qərarlar perspektiv üçün olduqca müsbət nəticələr vəd edir.

- Yeni iqtisadi şəraitdə həyata keçirilən sosial siyasət haqqında nə deyə bilərsiniz? Sosial sahələri əhatə edən məsələlərin, o cümlədən bu yöndə infrastruktur layihələrinin icrası uğurla davam etdirilir...

- Azərbaycan qlobal mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan indiki şəraitdə də özünün genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Bildiyiniz kimi Prezident İlham Əliyev vurğulayıb ki, gələn ilin dövlət büdcəsində  bütün sosial proqramlar öz əksini tapmalıdır.
Sosial məsələlər dedikdə, təhsil, səhiyyə və digər istiqamətləri vurğulaya bilərik. Ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri, heç şübhəsiz ki, təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasına, tədris mühitinin optimallaşdırılmasına nail olmaqdan ibarətdir.

Bu mənada son 13 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir.

Digər tərəfdən, genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Səhiyyə sahəsində həyata keçirilən bu kimi islahatlar bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə tamamlanır. Son 13 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Hazırda həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində  bir sıra tibb müəssisələrinin təmir-tikinti işləri aparılır.

- İlham müəllim, dövlət aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır. Bu baxımdan, sosial mənzillərin tikintisi həmin kateqoriyaya aid insanların sosial vəziyyətinə necə təsir edəcək?

- Əlbəttə ki, ölkəmizdə sosial siyasət uğurla həyata keçirilir. Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu mənada aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində atılan addımlar xüsusilə təqdirəlayiqdir.  Qeyd etdiyim yöndə atılan ən mühüm adımlardan biri sosial mənzillərin tikilməsi barədə verilən qərardır. Azərbaycanın dövlət başçısı cari ildə bilavasitə aztəminatlı ailələrin mənafeyinə yönələn belə bir yeni təşəbbüslə çıxış edib. Söhbət aztəminatlı ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsindən gedir.

Sirr deyil ki, ölkəmizdə müəyyən qədər aztəminatlı ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bəzi ailələrin aylıq gəlirləri isə bazar qiymətləri ilə mənzil almaq üçün yetərli deyil. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan bütün ailələrin mənzillə təmin edilməsinə imkan verəcək.

Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin maya dəyərinin mövcud bazar qiymətlərindən xeyli aşağı olacağı proqnozlaşdırılır. Aztəminatlı ailələr ayda müəyyən qədər vəsait ödəməklə təxminən 20 il ərzində mənzillərə sahib olacaqlar. Bütün bunlar dövlətin öz vətəndaşlarına qayğısının bariz ifadəsidir.