YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın inkişafı prosesində qadınlar da yaxından iştirak edir

Müsahibimiz YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova

- Sevinc xanım, bir neçə gün öncə YAP Qadınlar Şurasının ümumrespublika konfransı keçirildi. Konfransın qadınların ictimai-siyasi fəallığının daha da artırılması baxımından əhəmiyyəti nədən ibarətdir? 

- Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı yüz minlərlə məsləkli, əqidəli insanların birləşməsidir. Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə, elə buna görə də, Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar edib. 
Partiyamızın sıralarında təmsil olunan şəxslərin 40 faizindən çoxu qadınlardan ibarətdir. Bu, onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir. Çünki qadınlarımız YAP-ın ümumxalq partiyası olaraq daim xalqın maraqlarını ifadə etdiyini aydın şəkildə dərk edirlər. Təsadüfi deyil ki, cəmiyyətimizin nüfuzlu, tanınmış ziyalı qadınları YAP-ın sıralarında cəmləşiblər. Bütövlükdə isə hesab edirəm ki, qadınlarımızın ictimai proseslərdə fəallığı daha da artır.
Partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev daim Azərbaycan qadınına böyük hörmət göstərməklə yanaşı, onun cəmiyyətdə layiqli yer tutmasına çalışmış, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin etmişdi. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsüsiyyətlərini olduqca yüksək dəyərləndirib. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərinə sadiqdirlər və ictimai-siyasi proseslərin fəal iştirakçısı kimi çıxış edirlər. Qadınlar partiyamızın sıralarında böyük üstünlük təşkil edirlər. Onların əksəriyyəti ziyalılardır.  
Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının V Qurultayında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva partiyamızın Sədrinin müavini seçildi. Bu hadisə bütün qadınlarımızın böyük sevincinə səbəb oldu. Eyni zamanda, bu amil bizim üzərimizə böyük vəzifələr qoyur ki, qadınlar Mehriban xanım Əliyevanın fəaliyyətindən daim örnək götürməlidirlər. Tərəddüdsüz qeyd etmək olar ki, dünya miqyasında Azərbaycan mədəniyyətinin və tarixinin misilsiz təbliğatçısı rolunu oynayan, Azərbaycan qadınına yeni nüfuz və imic qazandıran birinci xanım Mehriban Əliyeva həm də öz xeyriyyəçiliyi və humanizmi ilə nurlu əməllər sahibidir. 
Ümumilikdə, Azərbaycanda gender bərabərliyi tam təmin  olunub. Hətta beynəlxalq səviyyədə də ölkəmizdəki bu sahədəki vəziyyət yüksək qiymətləndirilir və model kimi təqdim edilir. Buna nümunə kimi iki il öncə Almaniyanın Konrad Adenaur Fondunun təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz ölkələrinin qadınlarının konfransını xatırlatmaq istəyirəm. Həmin konfransda Azərbaycan, Gürcüstan və Emənistanın iqtidar partiyalarının qadın təmsilçiləri iştirak edirdilər. Tədbirdə fondun rəhbərliyi Azərbaycanda gender məsələlərini yüksək qiymətləndirdilər və bunun digər ölkələrdə də təbliğ etdiklərini vurğuladılar.   

- YAP Qadınlar Şurası müxtəlif layihələr həyata keçirir. Bu layihələr gələcəkdə də davam etdiriləcəkmi?

- Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Cəmiyyət üzvləri Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirib, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirmişlər. Partiya sıralarında qadınlar da kifayət qədər fəaldırlar. Eyni zamanda, qadınlarımız Azərbaycanın inkişaf prosesində yaxından iştirak edirlər. 
YAP Qadınlar Şurasının ümumrespublika konfransında da qadınların partiyada fəaliyyəti geniş müzakirə edildi. Və sevindirici haldır ki, bu fəaliyyət yüksək qiymətləndirildi. Yeri gəlmişkən, mənə göstərilən etimada görə partiyamızın rəhbərliyinə təşəkkür edirəm və əmin edirəm ki, bu etimadı fəaliyyətim ilə doğrultmağa çalışacam.
Ümumiyyətlə, YAP Qadınlar Şurası bir sıra vacib layihələr həyata keçirir. Gələcəkdə bu layihələrin daha da genişləndirilməsi mümkündür.  İnanıram ki, partiyamız gələcəkdə də bu layihələrə ciddi şəkildə dəstək verəcək. 
Onu da qeyd etmək istəyirəm ki, YAP üzvü olan qadınların timsalında mövcud intellektual potensal qarşıdan gələn bələdiyyə seçkilərində də güclü bir amil kimi çıxış edəcək. Partiyamızın Qadınlar Şurası seçki proseslərində də  fəal iştirak edir. Bu məsələ bizim cari il üçün nəzərdə tutduğumuz işlər planında xüsusi yer tutur. Bilirsiniz ki, bələdiyyə seçkiləri bu ilin sonlarında keçiriləcək və biz partiyamızın fəal qadınlarının bu seçkilərdə iştirakına maraqlıyıq. Bilirsiniz ki, bundan əvvəlki seçkilərdə qadınların bələdiyyələrdə təmsilçiliyi 3-4 faizdən 30 faizə qədər yüksəlib. Amma bizim bundan artıq nəticələr əldə etmək potensialımız var. Ona görə də, çalışacağıq ki, seçkilərdə ölkəmizin qadınları daha mütəşəkkil surətdə təmsil olunsunlar.

- Sevinc xanım, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Bu baxımdan, sosial sahədə həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Son illər yüzminlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bir sözlə, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib, eləcə də, ötən il pensiya islahatları nəticəsində 800 min insanın təqaüdləri əhəmiyyətli dərəcədə artdı. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi artırıldı. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.

- Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Millət vəkili seçildiyiniz Gədəbəy rayonunda bu baxımdan vəziyyət necədir? 

- Regionların sosial-iqtisadi inkişafı döalət proqramları  çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilib və keçirilməkdədir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırki mərhələdə görülən işlər yüksək qiymətə layiqdir. Bu dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır. Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsən nəzarət edir. Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində millət vəkili seçildiyim Gədəbəy rayonunda da xeyli işlər görülüb. Belə ki, rayonda xeyli sayda ümumtəhsil məktəbləri tikilib istifadəyə verilib. Eləcə də, yol infrastrukturu yenidən qurulur. Rayonumuza gedən magistral yol sərhəd kəndi olan Qaravəllər kəndinə kimi yenidən qurularaq istifadəyə verilib, eləcə də kəndarası yollar da inşa edilir. Əvvəllər Gədəbəy yalnız aqrar rayon kimi tanınırdısa, artıq rayonumuzda sənaye sahələri inkişaf edir. Belə ki, Gədəbəydə qızıl istehsal edən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin zavodu fəaliyyət göstərir. Bu da ölkəmizin qızıl ehtiyatlarının formalaşmasında müstəsna rol oynayır. Eyni zamanda, rayonun yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin edilməsi sahəsində də ciddi işlər görülür. Eyni zamanda, rayonda qazlaşma işləri gedir, amma bu işlərin daha sürətləndirilməsi yaxşı olardı. Hesab edirəm ki, regionların sosial-iqtisadi inkişafı sahəsində aparılan işlərin səmərəliliyinin daha da artırılması üçün dağlıq rayonlarda, xüsusilə təhsil və səhiyyə sahələrində gənc kadrların çalışmaları üçün stimullaşdırıcı addımlar atılmalıdır.