YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dövləti gəncliyin inkişafı üçün geniş imkanlar açıb

   Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev

- Fərhad müəllim, Azərbaycanda hər il 2 fevral tarixi Gənclər Günü kimi qeyd olunur. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycanda həyata keçirilən dövlət  gənclər siyasəti unikal bir fenomendir. Mən 15 ildən artıqdır ki, gənclər siyasətinin icrasında iştirak edirəm. Bu 15 ildə bir çox ölkələrdə olmuşam, tədbirlərdə iştirak etmişəm, görüşlər keçirmişəm, müşahidələr aparmışam. Mən tam əminliklə deyə bilərəm ki, dünyanın heç bir ölkəsində gənclərə dövlət tərəfindən bu qədər imkanlar açılmayıb. Dövlətin gənclərə olan diqqət və qayğısı, eyni zamanda, dövlətin bu sahəyə verdiyi prioritet dünyanın heç bir yerində yoxdur. Bunu sizə tam səmimiyyətlə deyirəm.

Xaricə səfərlər zamanı görülən işlər haqda əcnəbilərlə söhbət edəndə onlar  çox böyük təəccüblə maraqlanırlar bizim gənclər siyasətilə. Çünki bu siyasət çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanda dövlət gənclər siyasətinin banisi Ümummilli lider Heydər Əliyev uzaqgörən insan idi və gənclər siyasətini də uzaq perspektivlərə hesablamışdı. Yəni gənclərə qoyulan investisiyalar bir neçə ilə sonra öz nəticələrini verir. Xatırladım ki, Azərbaycanda 1-ci  Gənclər Forumunun keçirilməsindən 20 il vaxt keçir. O forumda bir çox təkliflər səsləndirilmişdi. Belə ki, gənclərlə bağlı infrastruktur bazasının yaradılması, qanunverici orqan tərəfindən müəyyən qanunların qəbul edilməsi, dövlət tərəfindən xüsusi məqsədlərə yönəlmiş, konkret hədəflərə hesablanmış dövlət proqramlarının qəbul edilməsi, müxtəlif dövlət qurumlarının birgə fəaliyyəti və s. təkliflər sırasına daxil idi. Artıq bu məsələlər öz həllini tapıb.

Belə ki, bölgələrdə Gənclər evləri, mərkəzləri açılıb. Gənclərin asudə vaxtlarının təşkili üçün kifayət qədər yerlər var. Dövlət düşərgələrin tikintisi ilə məşğuldur. Artıq iki düşərgə fəaliyyət göstərir. Əgər biz qanunvericilik bazasına nəzər yetirsək, gənclər siyasəti haqqında qanun qəbul edilib. Qanuna dəyişikliklər edilib, müvafiq dövlət proqramları qəbul olunub. Digər sahələrə aid olan qanunlarda gənclərə də xüsusi diqət ayrılıb. Bunları deməkdə məqsədim odur ki, gənclər siyasəti real işlərə əsaslanan və real nəticələr verən siyasətdir ki, bu gün Azərbaycanda sağlam, vətənini sevən, müasir düşüncəli, yenilikçi gənclik böyüyür.   

- Gənclərlə bağlı qanunvericilik bazasını necə dəyərləndirmək mümkündür?

- Azərbaycanda gənclər siyasəti haqqında qanun 2002-ci ildə qəbul olunub. MDB məkanında Azərbaycan belə bir qanun qəbul edən ikinci dövlətdir. Amma dünya dəyişir, cəmiyyətlər inkişaf edir, yeniliklərə ehtiyac duyulur. Ona görə də, 2007-ci  ildə qanuna bir sıra dəyişikliklər edildi.

Amma yenə də həmin qanuna dəyişikliklərin edilməsi zəruridir. Çünki gənclər hər zaman axtarışdadır, yeniliyə meyllidir. Qanunlar da buna uyğun olmalıdır. Müasir çağırılara cavab verən qanunlar olmalıdır. Vaxt çatıb ki, həmin qanuna yenidən baxılsın. Amma ümumilikdə, sosial-ictimai sahəni əhatə edən elə qanun yoxdur ki, gənclərə xüsusi yer ayrılmasın.

- Qeyd etdiniz ki, gənclərimiz dövlət qayğısı ilə əhatə olunub. Bəs onlar yaradılmış şəraitdən istifadə edərək öz potensiallarını tam şəkildə ortaya qoya bilirlərmi? Sizcə, gənclər bu şəraitdən nə dərəcədə səmərəli istifadə edirlər?

- Gənclər siyasəti ikitərəfli yoldur. Birtərəfdən dövlətin açdığı yoldur, digəri isə gənclərin marağıdır. Gənclər Fondu olaraq düşünürük ki, gənclərimiz yaradılmış imkanlardan yararlana bilirlər. Məsələn, Gənclər Fondu tərəfindən 7 müsabiqədə 2333 layihə maliyyələşdirilib. Müraciətlərin sayı isə 5 mindən artıq olub. Yəni təxminən təqdim olunan layihələrin yarısı maliyyələşdirilib. Gənclərimiz istəyir ki, dövlətin ictimai-siyasi, sosial həyatında aktiv iştirak etsin. Elə bir dövlət proqramı, tədbir, mühüm hadisə yoxdur ki, gənclər orada iştirak etməsinlər. Məsələn, İlk Avropa Oyunları Azərbaycan gerçəkliyinin kulminiyasiya nöqtəsi oldu. Biz nəyə qadir olduğumuzu dünyaya göstərdik. Bu tədbirin uğurla baş tutmasında gənclərin də böyük rolu oldu. Cənab Prezident çıxışlarında könüllü gənclərin rolunu xüsusi vurğulayıb. Azərbaycan gəncliyi vətənini o qədər sevir ki, ölkəmizə gələn hər bir insana vətən sevgisini ötürə bilmişdi. Xaricilərin ən böyük təəssüratı da gənclərimizin vətən sevgisi ilə bağlı oldu.

Hazırda ölkəmizdə bir çox tədbirlər keçirilir və burada gənclərin də böyük rolu var. Gənclər istəyir ki, dövlətin açdığı imkanlarda, həyata keçirdiyi siyasətdə müşahidəçi yox, aktiv iştirakçı olsun. Regionlarda iqtisadi bazanın gücləndirilməsi yönündə işlər görülür, gənclər sahibkarlıqla məşğul olur, onlara kreditlər verilir və s. Eləcə də, Gənclər və İdman Nazirliyi minlərlə gəncimizi  xaricə tədbirlərə göndərir, on minlərlə insan Gənclər Fondunun layihələrində iştirak edirlər. Gənclər Fondunun icra etdiyi layihələrdə son 5 ildə 3 milyona yaxın insana məlumat xarakterli çap məhsulları paylanılıb.

Yəni bizim 3 milyona yaxın insanla birbaşa ünsiyətimiz olub. Bu onu göstərir ki, gənclərimiz ictimai-siyasi proseslərdə nə qədər fəal iştirak edir.

Ümumiyyətlə, dövlətimizin gəncliyə açdığı imkanlar kifayət qədər genişdir. Ölkə Prezidenti tərəfindən müəyyən fondlar yaradılıb ki, gənclər o fondların imkanlarından istifadə edirlər. Məsələn, QHT-lərə Dövlət Dəstəyi Şurası, Elm Fondu, Bilik Fondu və s. çərçivəsində gənclərimiz aktiv fəaliyyət göstərirlər.  Həmin fondlar da  gəncləri hər zaman  dəstəkləməyə hazırdırlar. Hesab edirəm ki, gənclər bu imkanlardan da yararlanırlar. Araşdırmalarımız, müşahidələrimiz nəticəsində deyə bilərəm ki, xeyli sayda gəncin ixtiraları, yeni ideyaları dünyada artıq öz yerini tutur. Yəqin ki, bu proses getdikcə daha böyük vüsət alacaq. İnanıram ki, bizim kifayət qədər böyük potensiala malik olan gəncliyimiz var.

Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində minlərlə gəncimiz dünyanın nüfuzlu ali məktəblərində təhsil alırlar. Gənclərimiz təhsili başa vurduqdan sonra orada qalmağı yox, ölkəmizə gəlib işləməyi üstün tuturlar. Onların kiçik bir qismi xaricdə qalır, əksəriyyəti isə gəlib ölkəmizin inkişafına töhfələr vermək istəyirlər. Bütövlükdə gənclərimiz istər dövlət qurumlarında, istərsə də özəl sektorda fəaliyyət göstərərək öz bilik və bacarıqlarını ölkəmizin inkişafı prosesində istifadə edirlər.    

- Gənclərin qarşısında dayanan mühüm məsələlərdən biri də ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etməkdir. Sizcə, gənclərimiz bu baxımdan üzərinə düşən vəzifələri hansı səviyyədə yerinə yetirirlər?

- Azərbaycan müstəqilliyinin 25-ci ilini yaşayır. Bu 25 il ərzində gənclərin vətənə bağlılığı, ona münasibəti görmək bizə çox qürurvericidir. Xaricdə oxuyan, işləyən və yaşayan gənclərin əsas amalı ölkəsini tanıtmaqdır. Yüzlərlə gəncimiz qrant müsabiqələri zamanı təhsil aldıqları universtitetlərdə, yaşadıqları icmada ölkəmizin həqiqətlərini yaymaq üçün tədbirlər keçirmək istəklərini ifadə edirlər. Onlar çalışırlar ki, Azərbaycanı, xalqımızın adət-ənənələrini xaricdə layiqincə tanıtsınlar.

Azərbaycan gəncliyinin vətənpərvərliyi bizi çox sevindirir. Xaricdə təmsilçilik də vətənpərvərlik amili ilə bağlı olan məsələdir. Bu hisslər varsa, hər zaman Azərbaycan uğurla təbliğ ediləcək.

- Fərhad müəllim, son olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti haqqında məlumat verməyinizi xahiş edirik. 2016-cı ildə Fondun qarşısında nə kimi vəzifələr dayanır?

- Gənclər Fondu tərəfindən indiyə qədər 7 qrant müsabiqəsi keçirilib. Bu müsabiqələrdə 2333 layihə dəstəklənib. Respublikanın elə bir bölgəsi yoxdur ki, orada Gənclər Fondunun layihəsi icra edilməsin. Layihələr ən müxtəlif mövzuları əhatə edir.

Fond hər qrant müsabiqəsində gəncləri maraqlandıran mövzulara müraciət edir, hər dəfə prioritetlər yenilənir. Ölkəmizin maraqlarını əks etdirən mövzular ortaya qoyulur. Biz bu mövzular ətrafında çalışırıq ki, gənclərin maraqlı təşəbbüslərini dəstəkləyək. Qeyd etdiyim kimi, Azərbaycanda bir sıra fondlar var. Gənclər Fondu da dövlətin açdığı imkanlardan biridir. Biz elektron formada gənclərlə əməkdaşlıq edirik, layihələr bu formada Fonda daxil olur. Çalışırıq ki, bu yolla şəffaflığı təmin edək və buna da nail olmuşuq.

Artıq  8-ci qrant layihəsinin qəbulu başa çatıb. Hazırda ekspertlərlə birgə baxırıq. Yəqin ki, qısa zamanda, layihələrin nəticələri bəlli olacaq. Bilirsiniz ki, bu il Azərbaycanı müstəqilliyinin bərpa olunmasının 25 illiyidir. Çalışacağıq ki, bu mövzuda da bir sıra tədbirlər keçirək. Gənclərin həmin tədbirlərdə fəal iştirak etməsini arzulayırıq.