YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin iqtisadi inkişaf siyasəti Azərbaycanın milli inkişafının əsasıdır

   Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Malik Həsənov

- Malik müəllim, artıq 2015-ci ilin son ayındayıq. Nazirlər Kabinetinin  cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  səsləndirilən rəqəmlər bu ilin də Azərbaycan tarixinə uğurlu il kimi yazılacağına əsas yaradır. Azərbaycanın iqtisadi inkişaf modelini dünya ölkələri üçün cəlbedici edən amillər barədə fikirlərinizi bilmək istərdik...

- Nazirlər Kabinetinin son iclasında da möhtərəm Prezidentimiz İlham Əliyev  bu reallığı əsaslı şəkildə qeyd etdi ki,  Azərbaycan iqtisadiyyatı  uğurla inkişaf edir: «Bu, özlüyündə  böyük göstəricidir. Çünki dünyada  və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla  gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.»

Təkcə cari ilin ötən dövrünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. İqtisadiyyat 3,7 faiz, qeyri-neft sektoru 6 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faiz, kənd təsərrüfatı 6,7 faiz  artıb. Ölkə iqtisadiyyatına  16 milyard dollar investisiya qoyulub. 87 min  yeni iş yeri yaradılıb ki, onlardan 67 mini daimi iş yeridir. İşsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Əhalinin  pul gəlirləri  5,8 faiz artıb.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, son illərin statistikasına diqqət yetirdikdə Azərbaycanın iqtisadi inkişafının hansı səviyyədə olduğunu daha aydın görmək olur. Hər bir ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi əsasında Azərbaycanda iqtisadi imkanların genişlənməsi hərtərəfli inkişafın təmin edilməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrasını sürətləndirir.  İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uzaq olmasına zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində  iqtisadiyyatın inkişafında neft amilinə verilən yüksək dəyərin nəticəsi təbii ki, Azərbaycanın bugünkü reallıqlarıdır.

Cənab İlham Əliyevin 2003-cü ildə  Prezident kimi KİV-lərə ilk müsahibəsində  ünvanlanan  «Sizcə  Sizi asan işlər gözləyir, yoxsa çətin» suala cavabını xatırlayaq:  «Həm çətin, həm də asan. Asan o mənada ki,  artıq Azərbaycanda  ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində  Heydər Əliyevin siyasəti Azərbaycanda  çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində  gözəl binanın inşa  edilməsi asan görünə bilər.  Amma eyni zamanda  həyat yerində  durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə çətinliklər də olacaqdır.» Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən  bildirdi ki, hər şey iqtisadiyyat üzərində qurulub. Bütün vədlərini biri-birindən əhəmiyyətli addımları, islahatları ilə doğruldan Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı üçün başlıca şərt olan  neft strategiyasının davamı nəticəsində qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət  bu gün beynəlxalq səviyyədə etiraf olunmaqla Azərbaycana marağı artırır. Cənab İlham Əliyev  proqram xarakterli çıxışlarında  inkişafın yeni mərhələ üzrə  istiqamətlərini göstərməklə  vurğulayır ki,   yalnız düşünülmüş siyasət,  qətiyyətli siyasi iradə,  xalqla birliyin  möhkəmlənməsi  sayəsində  ölkəmizdə  qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olmaq mümkündür.

Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən cənab İlham Əliyev  bu istiqamətdə davamlı tədbirləri həyata keçirməklə uğurlu nəticələrə yol açdı. Regionların malik olduğu  imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. Son 12 ilin uğurlarının təhlili Azərbaycanın iqtisadi inkişaf modelinin öyrənilməsinin vacibliyini təsdiqləyir.  Belə ki, ölkəmizin ev sahbiliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə də bu fikir xüsusi qeyd edilir ki,  inkişafın Azərbaycan modeli mövcuddur və onun öyrənilməsi vacibdir. Bu günümüzün əsas çağırışı olan yoxsulluqla mübarizə sahəsində qazanılan uğurlarımız təqdir edilir. Ölkəmizin yeni iqtisadi və sosial cağırışların müzakirəsi üçün ideal məkan kimi seçilməsində də inkişaf modelinin cəlbediciliyi əsas rol oynayır. Təbii ki, hər bir beynəlxalq tədbir  iştirakçı ölkələrin malik olduğu imkanların, inkişaf strategiyasının təqdimatında və təcrübələrin bölüşməsində mühüm rol oynayır. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti təqdir edilərək, uğurların davamlılığında əsas rol oynadığı diqqətə çatdırılır. Dövlətimizin başçısı İlham Əliyevin  sərəncamı ilə hər ilin konkret bir sahəyə aid edilməsi də hərtərəfli inkişafı sürətləndirir. Ötən ilin «Sənaye ili», cari ilin «Kənd təsərrüfatı ili»  elan edilməsi ilə həyata keçirilən tədbirlərin qarşıya prioritet məsələ kimi qoyulan sahibkarlığın inkişafına öz töhfəsini verir.  O da məlumdur ki, özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi  məqsədilə  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli  kredit verilmiş və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması  nəzərdə tutulmuşdur.  Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi  Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonuna qədər 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.  Möhtərəm Prezidentimiz İlham Əliyev  qeyri-neft sektorunun inkişafını iqtisadi inkişafın əsas hərəkətverici sahəsi kimi dəyərləndirərək, artıq ümumi daxili məhsulun təxminən 70 faizinin qeyri-neft sektorunda formalaşmasını bu sahəyə diqqətin göstəricisi kimi qeyd edir.  Bu  məqsəd bir daha diqqətə çatdırılır: «Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq.»

Konkret Dövlət Proqamlarında icrası zəruri olan tədbirlər öz əksini tapır və onların icrası daim dövlətimizin başçısı İlham Əliyevin diqqətindədir. Məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi böyük inam və qətiyyətlə ortaya qoyuruq. Azərbaycanın  ötən illərdəki uğurlarının fonunda  işlənib hazırlanan və təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əsas hədəflər öz əksini tapıb. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar, səhiyyə və təhsil xidmətləri təmin ediləcək. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına  və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaq. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çatacaq. 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr» arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən «yüksək insan inkişafı ölkələri» qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir. Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaq. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması,  biznes mühitinin daha da  yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir.  Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur. Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir.

Azərbaycanın inkişaf strategiyasında hər dövrün çağırışlarına yüksək səviyyədə  cavab verməsi, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə səy göstərməsi iqtisadi inkişaf modelinin dünya üçün cəlbediciliyini daha da artırır.

 - Malik müəllim, bu gün Azərbaycan eyni zamanda dünyanın enerji təhlükəsizliyinin təminatında əsas rol oynayır. Bu rolu şərtləndirən amillər hansılardır?

- Azərbaycanın təşəbbüsü ilə  reallaşan neft-qaz layihələrinin davam etdirilməsi ölkəmizin sadiq qaldığı, dəsətəklədiyi  şaxələndirmə siyasətinin məntiqi nəticəsidir. Bu siyasətin nəticəsidir ki, son on iki ildə Azərbaycanda böyük enerji potensialı yaradılmışdır. Ölkə iqtisadiyyatının və əhalinin ehtiyacından da artıq enerji istehsal edəcək  stansiyaların işə salınması nəticəsində Azərbaycan hazırda enerji ixrac edən ölkələr sırasındadır.  Möhtərəm Prezidentimiz İlham Əliyevin  vurğuladğı kimi  BTC, BTƏ neft-qaz kəmərlərinin davamı kimi  maraq doğuran daha möhtəşəm layihələr də hələ son deyildir.

Dünya  dövlətlərinin maraq göstərdiyi «Cənub» qaz dəhlizi,  TANAP, TAP layihələrinə  tərəfdaşların da sayı artmaqdadır.  Bakıda «Cənub» qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə  Azərbaycan haqqında səslənən  xoş məramlı sözlər ölkəmizə verilən dəyər olmaqla  Ulu öndər Heydər Əliyevin  müəyyənləşdirdiyi neft strategiyasını  davam etdirən Prezident İlham Əliyevin qətiyyət və siyasi iradəsinin təsdiqi  kimi hər bir ölkə vətəndaşını qürurlandırdı. «Cənub» qaz dəhlizinin Avropa ölkələri üçün əhəmiyyətini qeyd edənlər Azərbaycanın dünya neft bazarındakı rolunu da yüksək dəyərləndirdilər.
«Bu layihənin də təşəbbüskarı Azərbaycan olmuşdur. Əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürmüşdür. Ona görə, enerji siyasətimizlə bağlı olan təşəbbüslər və reallaşan layihələr çoxdan regional çərçivələrdən çıxıb və bu gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı, ciddi ölkə kimi tanınır. Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur»  söyləyən  dövlətimizin  başçısı İlham Əliyevin  bildirdiyi kimi «Cənub» qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir: «Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq.»

Azərbaycan dünya miqyasında böyük qaz ölkəsi kimi  mövqeyini möhkəmləndirməkdədir. Üç trilyon kubmetr qaz ehtiyatına malik Azərbaycan dünya enerji bazarında  100 il ciddi oyunçu kimi öz rolunu oynayacaq, ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir. Çünki  TANAP, TAP boru kəmərləri layihəsi dünya miqyaslı, strateji əhəmiyyətə malik layihələrdir. Bu layihələrin təşəbbüskarı olan Azərbaycan isə həlledici sözə malikdir. «Enerji siyasətimizlə bağlı bizim növbəti illərdə çox böyük planlarımız vardır» sözləri ilə şaxələndirmə siyasətinin uğurlarını diqqətə çatdıran  Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərdə   uğurlar daha çox qaz amilində özünü göstərib. Təbii ki, bu layihələr böyük maliyyə, çox geniş beynəlxalq əməkdaşlıq tələb edir. Hazırda bu layihələrdə iştirak edən bütün ölkələrlə Azərbaycanın münasibətləri işgüzar, bir-birinə hörmət əsasında qurulub. Növbəti beş il ərzində icrası nəzərdə tutulan layihələrin vaxtında  başa çatdırılacağına  inam isə görülən işlərin ahəngidir. Əsas odur ki,  layihələrin icrası Azərbaycanı bundan sonra onilliklər ərzində çox önəmli beynəlxalq oyunçuya çevirəcək. «Hazırda bizimlə hesablaşırlar. Bizim sözümüz böyük məna daşıyır. Bakıda qəbul edilmiş qərarlar bir çox hallarda enerji siyasətinin istiqamətlərini müəyyən edir. Biz bu iki layihəni icra etsək, - əminəm ki, biz buna nail olacağıq, - onda bizim çəkimiz daha da artacaqdır» söyləyən Prezident İlham Əliyev dəfələrlə bildirir ki, tərəflər arasındakı  səmimi  tərəfdaşlıq imkanlarının yaradılması bölgədə sabitliyin təminatı üçün də vacibdir. Azərbaycanın birmənalı,  xalqın iradəsinə əsaslanmış siyasəti milli maraqlar üzərində qurulmuş, ölkəmizin gələcəyi ilə bağlı proiritetləri  əhatə edir.

- Malik müəllim, Azərbaycan beynəlxalq maliyyə qurumlarının  hesabatlarında mövqeyini möhkəmləndirməklə bir daha  islahatçı, eyni zamanda təşəbbüsləri gerçəkliyə çevirən ölkə olduğunu təsdiqləyir...

- Təbii ki, beynəlxalq maliyyə qurumlarının uğurlarımıza söykənərək açıqladığı proqnozlar da diqqət çəkəndir.  Məlum olduğu kimi,  Beynəlxalq Valyuta Fondu «Dünya İqtisadi Proqnozları» adlı hesabatında Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişərək, iqtisadiyyatın cari ildə  4 faiz artacağını bildirib.  Amma  apreldə yaydığı  hesabatda proqnoz  0,6 faiz idi.  Beynəlxalq Valyuta Fondu gələn il Azərbaycanda  ümumi daxili məhsulun 2,5 faiz artacağını gözləyir. Azərbaycanın iqtisadi artım proqnozunun yüksəldilməsi uğurlu sosial-iqtisadi islahatlara, bu günün reallıqları əsasında yeni-yeni hədəflərə əsaslanır.  Beynəlxalq aləmdə islahatçı, eyni zamanda təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınan Azərbaycan «Doing Business 2016» hesabında mövqeyini möhkəmləndirmişdir. Belə ki,  ölkəmiz  sahibkarlıq fəaliyyətinin aparılmasının ümumi reytinqində  100 mümkün xaldan 67,8 xal toplayaraq, 63-cü yeri tutur. Xatırladaq ki,  2015-ci ilin reytinqində 80-cı, 2014-cü ildə 70-ci yer tutan Azərbaycan «Doing Business» reytinqində öz mövqeyini 17 pillə  yaxınlaşdırıb. Azərbaycan qeyd olunan hesabatda  dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. Təbii ki, ölkəmizin bu uğuru son dövrlər biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı  göstərilən təşəbbüslərin, atılan biri-birindən əhəmiyyətli addımların nəticəsidir. Bu il «Fitch Ratings» agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Başqa ölkələrin reytinqinə diqqət yetdirdikdə  aşağı düşdüyünün şahidi oluruq. O da məlumdur ki, Dünya İqtisadi Forumunun  qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da,  Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır. Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb.  Azərbaycan yenə də dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır. Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. Onu da nəzərə almaq lazımdır ki,  bu nailiyyətlər dünyada dərin iqtisadi və maliyyə böhranın davam etdiyi, xüsusən  Avrasiya məkanında bu böhranın daha da ciddi formalar aldığı bir dövrdə əldə edilib. Dövlətimizin  özəl bölmənin inkişafı, şəffaflığın təmin edilməsi  istiqamətində atdığı addımlar təqdir olunur və bu fikir böyük inam hissi ilə qeyd edilir ki, biznes mühitinin yaxşılaşdırılması yönümündə  davamlı addımlar Azərbaycanın reytinq cədvəlində daha yüksək pilləyə qalxması üçün imkanları artırır.   Dövlətimizin başçısı İlham Əliyev reallıqlar əsasında bu inamı ifadə edir ki, şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyarın cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı  mübarizə, bütün bu amillər iqtisadi inkişafı təmin edəcək.

O da məlumdur ki, beynəlxalq sorğu mərkəzləri də mütəmadi olaraq ölkəmizlə bağlı sorğular təşkil edir.  Ölkəmizdə  dəfələrlə  sorğu aparan  ABŞ-ın nufuzlu «Gallup İnternational» təşkilatının təhlillərində də  Azərbaycan xalqının  dövlətimizin  başçısı  İlham Əliyevin siyasətinə  inamı, ölkənin inkişaf səviyyəsinə  vətəndaş dəstəyi ifadəsini tapmışdır.  «Callup İnternational»ın dünyanın müxtəlif ölkələrində   eyni mövzu üzrə apardığı sorğunun nəticələrinə görə  Azərbaycan ilk onluqda  yer almışdır. Ölkələr üzrə  inkişafın dinamikasını əks etdirən statistikada  deyildiyi kimi ilk onluqda təmsil olunmaq o deməkdir ki, mövcud siyasətə, tərəqqiyə nikbinliklə baxan ölkə əhalisi gələcəyə böyük ümid bəsləyir,  qarşıdakı illərdə əhalinin rifah səviyyəsinin daha da yüksələcəyinə  inamında qətiyyətlidir.  Azərbaycan təşkilatın bu ilin  fevralında apardığı sorğuya əsasən dünyanın ən xoşbəxt ölkələri sırasında 4-cüdür. Azərbaycan əhalisinin 85 faizi özünü xoşbəxt hiss edir. 

Obyektivliyi əks etdirən  bu cür sorğularda ölkəmizlə bağlı fərəhləndirici rəqəmlərin yer alması inkişafın Azərbaycan modelinin dünya birliyində təsdiqi,  islahatlar və biznes mühitinin təşkili üçün qazandığı birincilik imicinin təkrarı olmaqla  respublikamızın daxili və xarici siyasətinin insanlar tərəfindən yüksək qiymətləndirilməsi və nəticə etibarı ilə  gələcəyə inamının təzahürüdür.  Bu isə səbəbsiz deyil. Dünya İqtisadi Forumunun hesabatında ölkələrin rəqabət qabiliyyətinə görə Azərbaycanın 40-ci yerdə olması, dünyanın aparıcı reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini artırması bir daha onu göstərir ki, uğurlarımızın əsasında düşünlmüş, müstəqil siyasət, düzgün müəyyənləşdirilmiş islahatlar dayanır. O islahatlar ki,  əsasında  insan amili, əhalinin rifahının yaxşılaşdırlması kimi ümdə məsələlər dayanır.  «Mən ölkəmizi müasir,  demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqe tutan ölkə kimi görürəm» deməklə bu istiqamətdə  real işlərə imza atan, vədinə sadiq  Prezident İlham Əliyev haqqında müsbət rəylər  «Demişəm, Azərbaycan xalqı  görəcək ki, mən Azərbaycan üçün,  xalqımız üçün yaxşı Prezident olacağam» vədinin həyatda  gerçəkliyidir. Aparılan  sorğuların nəticələrində qeyd olunduğu kimi,  milli və bəşəri keyfiyyətlərə,  liderliyə xas olan, öz ölkəsini respublikanın hüdudlarından kənarda belə tanıdan, fəaliyyəti ilə  beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsir göstərmək imkanlarına malik Prezident İlham Əliyev şəxsiyyətinə, siyasətinə  ən böyük divident  qazandıran amil    qlobal güclərin maraqlarını  ölkəsinə  yönəltməyi bacarmasıdır.

Təbii ki, bu kimi  faktlar ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda uğurların davamlılığının təsdiqidir. Xalqın Prezidentinə inamı böyük olduqda  qarşıya qoyulan hər bir hədəfin gerçəkləşməsi, proqnozların  özünü doğrultması, hətta lazım gəldikdə həmin proqnozlarda dəyişikliklərin edilməsi qaçılmazdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız bir amal uğrunda birləşib- Azərbaycanı gücləndirmək,  sabitliyi daha da  möhkəmləndirmək  və sosial-iqtisadi inkişafı  davam etdirmək. Yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlarla  başa vurur.