YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dünyada böyük nüfuza sahib olan ölkədir

   Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva

- Sevinc xanım, bu gün dünyada sülh və sabitlik ən aktual mövzulardan biridir. Dünyanın bir sıra regionlarında qeyri-sabitlik hökm sürür. Belə bir şəraitdə Azərbaycanda mövcud ictimai-siyasi sabitliyin səviyyəsini necə qiymətləndirmək olar?   

- Bildiyiniz kimi, Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.

Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması, inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik olan ölkələrdə isə sabitliyin öz yerini xaosa verməsi qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. 

Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qarantı qismində çıxış edir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir.

Hazırda dünyanın bir sıra nöqtələrində, xüsusilə, Yaxın Şərqdə baş verən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Müəyyən beynəlxalq güclər öz maraqları naminə bir sıra dövlətlərin daxilində vəziyyəti gərginləşdirdilər və hazırda çox acınacaqlı durum yaranıb. Həmin ölkələrin xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalıblar. Bütün bunlar bir daha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm əsas vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir. Çünki, ictimai-siyasi sabitlik inkişafın əsasını təşkil edir. Bu baxımdan da,  bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. 

- Amma bu da faktdır ki, bəzi xarici qüvvələr Azərbaycandakı sabitliyə qısqanclıqla yanaşır, bu sabitliyin pozulması üçün cəhdlər göstərirlər...

- Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Lakin  Azərbaycanın müstəqil siyasət yürütməsi və bunun nəticəsində də ciddi nailiyyətlər qazanması bəzi xarici dairələri narahat edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycan artıq beynəlxalq miqyasda da önəmli faktora çevrilib. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq ölkəmiz inkişaf edir, güclənir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Əlbəttə, bu siyasət normal əməkldaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan qüvvələr bütün bunlardan qıcıqlanır. Onlar hər vəchlə Azərbaycana təzyiq etməyə çalışır,  müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər.  Müəyyən qüvvələr demokoratiya və insan amilindən bəhanə kimi istifadə edir, digərləri isə dini radikalizm mövqeyindən çıxış edirlər. Amma belə cəhdlər əbəsdir, çünki indiyə qədər belə cəhdlər çox olub və iflasa uğrayıb. Azərbaycan bundan sonra da müstəqil siyasət yürüdərək yeni-yeni uğurlar qazanacaq.  

- Azərbaycanda demokratiya ilə bağlı problemlərin olduğunu iddia edənlərə cavab olaraq nə demək istərdiniz?

- Belə bir problemin olduğunu bir sıra xarici QHT-lər, beynəlxalq təşkilatların bəzi nümayəndələri iddia edirlər. Hansı ki, onlar müəyyən dairələrin, erməni lobbisinin  sifarişlərini yerinrə yetirirlər. Bu qurumların, müəyyən siyasətçilərin iddiaları qeyri-ciddi qəbul olunur. Çünki onların kimlərə xidmət etməsi məlumdur.

Bütövlükdə isə  Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. 

Onu da vurğulayaq ki, Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir dövlətdir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı islahatların həyata keçirilməsidir. Digər tərəfdən, çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Prezident İlham Əliyvin də qeyd etdiyi kimi Azərbaycanda bütün azadlıqlar təmin edilib. Ona görə də, bu gün Azərbaycn sivil, demokratik dövlət kimi beynəlxalq müstəvidə qəbul olunur. Bu amil ölkəmizin nüfuzunun artmasını şərtləndirən səbəblərdən biridir.

- Yeri gəlmişkən, Azərbaycan bu gün mötəbər beynəlxalq təşkilatlara ev sahibliyi edir. Bu, ölkəmizə olan etimadın göstəricisi deyilmi?

- Ümumiyyətlə, son zamanlar Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. Təbii ki, bunun da çox ciddi əsasları var. Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halı gündən-günə daha da yüksəlir. Eləcə də, Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib.

Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti  xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Son illər həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf  modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır.

- Sevinc xanım, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət haqqında nə deyə bilərsiniz?

- Dünyadakı ikili standartlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü açıq şəkildə göstərir. Belə ki, dünya dövlətləri və nüfuzlu təşkilatlar bu məsələyə beynəlxalq hüquq normaları çərçivəsində deyil, ikili standartlarla yanaşırlar.  Halbuki, bir sıra regionlarda baş verən separatizm qınaq obyektinə çevrilsə də, Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir. Təbii ki, işğalçı Ermənistan bütün bunlardan «ruhlanaraq» münaqişənin həllini uzatmaq üçün müxtəlif bəhanələrlə əl atır.

Amma Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı prinsipial mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, işğal olunmuş torpaqlarımız azad edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Bu hədəflərə çatmaq üçün də dövlətimiz hücum diplomatiyası həyata keçirir. Eyni zamanda, Azərbaycan güclü orduya malikdir. Qürurla deyə bilərik ki, güclü ordumuz cəbhədə düşmənin təxribatlarının qarşısını layiqincə alır. Prezident İlham Əliyev bildirib ki, bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Dövlət başçısı bir daha vurğulayıb ki, azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar.