YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Partiyamızın parlament seçkilərində möhtəşəm qələbə əldə edəcəyi şübhəsizdir

   Milli Məclisin deputatlığına namizəd, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva

- Sədaqət xanım, Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz? 

- Seçkilər hər bir ölkənin ictimai-siyasi həyatında olduqca mühüm amildir. Eyni zamanda,  demokratiyanın bir ifadəsi, göstəricisidir. Hər bir dövlət üçün seçki prosesi olduqca çətin, məsuliyyətli və ağır bir prosesdir. Xüsusilə də, Azərbaycan kimi gənc bir dövlət üçün bu proses daha da məsuliyyətlidir. Dünyada baş verən təlatümlərin fonunda Azərbaycan cəmiyyəti növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Məhz, Azərbaycanda seçkiqabağı ictimai-siyasi sabitlik və mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və indiyə qədər baş tutmuş seçkilərin də təcrübəsi göstərir ki, ölkəmizdə tam azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər bir şərait vardır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illərdə çox böyük uğurlar əldə edib, ölkəmizin iqtisadi inkişafı dinamik və davamlı xarakter alıb, insanların rifah halı əsaslı şəkildə yüksəlib, dövlətimizin beynəlxalq mövqeləri xeyli güclənib. Əlbəttə ki, bu nailiyyətlər hər bir vətəndaşımızda haqlı qürur hissi yaradır. Ona görə də, seçicilərin qarşıdan gələn parlament seçkilərində də məhz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına səs verəcəyi şübhə doğurmur.

- Yeni Azərbaycan Partiyası seçki kampaniyasını uğurla davam etdirir. Partiyamızın parlament seçkilərində qələbə şansını hansı amillərlə izah edərdiniz?

- Hələ seçki kampaniyasına rəsmi start verilməmişdən xeyli öncə partiyamız hazırlıq işlərinə start vermişdi. Kampaniyaya start veriləndə isə YAP bütün seçki tədbirlərinə tam hazır idi. Bildiyiniz kimi, YAP-ın Mərkəzi Seçki Qərargahı və onun şəhər və rayon şöbələri formalaşdırılıb, partiyanın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyilə müşavirələr keçirilib və müvafiq göstərişlər, tövsiyələr, tapşırıqlar verilib. YAP Mərkəzi Seçki Qərargahının parlament seçkilərilə əlaqədar fəaliyyət proqramına uyğun olaraq konkret işlər həyata keçirilib və bu dəfəki siyasi kampaniyanın da YAP-ın qələbəsilə başa çatması üçün bütün resurslar səfərbər edilib. Düşünürəm ki, bütün seçki proseslərində mükəmməl seçki texnologiyası tətbiq etmiş Yeni Azərbaycan Partiyası bu dəfə də Azərbaycan seçicisinin etimadını qazanacaq”.

Bunun üçün kifayət qədər əsaslar var. İlk növbədə, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri sənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və bu siyasətin xalqımız tərəfindən birmənalı olaraq qələbəmizin əsas şərtidir. Eyni zamanda, YAP-ın güclü partiya kimi cəmiyyətimizdə böyük nüfuza sahib olması və partiya üzvlərinin fədakarlığı qələbəmizin əsas təminatlarından biridir. Bu mənada partiyamızın bu seçkilərdə də möhtəşəm qələbə əldə edəcəyi şübhəsizdir.

- Yeni Azərbaycan Partiyası növbəti dəfə 25 saylı Nizami ikinci Seçki Dairəsi üzrə sizin deputatlığa namizədliyinizi irəli sürüb. Hazırda təbliğat-təşviqat kampaniyası çərçivəsimndə  seçicilərlə görüşlər keçirirsiniz. Ötən beş il ərzində seçicilərin etimadını necə doğrultmusunuz?

 

- Əlbəttə ki, fəaliyyətim müddətində mənə etmad göstərərək deputat seçən insanların Milli Məclisin deputatı kimi 2010-2015-ci illərdəki fəaliyyətim müddətində mənə  600 nəfərə yaxın seçicinin yazılı, minlərlə vətəndaşın isə şifahi müraciəti daxil olub. Müraciətlərin hər birinə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən baxılıb, aidiyyatı qurumlara müraciət edilib və problemlərin müsbət həllinə nail olunub. Eyni zamanda, tərəfimdən 50-dan çox qəbul keçirilib, 600-ə yaxın seçici qəbul edilib, seçicilərlə məhəllələrdə 60-dan çox görüş təşkil olunub. Görüşlərdə ümumi sosial problemlərlə bağlı seçicilərin müraciətləri dinlənilib, problemlərin aradan qaldırılması üçün müvafiq orqanlara yerindəcə müraciət edilib və məsələlər həll edilib.

Həmçinin, 70-ə yaxın binanın sakinlərin istilik sisteminin bərpa edilməsi, asfalt örtüyünün çəkilməsi, zirzəmidə yığılmış suyun çəkilməsi, kanalizasiya sisteminin, içməli su xətlərinin, liftlərin, mənzillərin dam örtüyünün təmiri, blok qapılarının dəyişdirilməsi, oturacaqların və söhbətgahların quraşdırılması, məişət və tikinti tullantılarının məhəllələrdən təmizlənməsi və s. ilə bağlı müraciətləri vaxtında aidiyyatı qurumlara müraciət edilməklə həll edilib.

 

Deputat olaraq bu müddət ərzində  Milli Məclisin 130-dan artıq iclasında, 1200-dək qanun və qərarın qəbulunda iştirak etmişəm, 3 istiqamət üzrə qanunvericilik təşəbbüsü ilə çıxış etmişəm, 1 qanun layihəsi hazırlamışam. Müxtəlif məsələlərlə bağlı parlamentdə 40-dan artıq çıxış etmişəm. Bundan başqa, 100-dən çox yerli, 40-a qədər beynəlxalq səviyyəli konfranslarda, xeyriyyə tədbirlərində, o cümlədən, Avropa ölkələrində, Rusiyada, Latviyada, Çexiyada, Qazaxıstanda, Qırğızıstanda, Koreyada və başqa ölkələrdə keçirilmiş konfranslarda, görüşlərdə iştirak və Azərbaycan dövlətinin milli maraqlarının müdafiə edilməsi istiqamətində çıxışlar etmişəm. Mən çalışmışam ki, bu müddət ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirim.

- Sədaqət xanım, bu yaxınlarda Milli Məclis 2016-cı ilin dövlət büdcəsini qəbul etdi. Gələn ilin dövlət büdcəsi haqqında da fikirlərinizi bilmək istərdik...

- 2016-cı ilin büdcə layihəsi ümumi mənada sosial yönümlüdür və dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır. Büdcə layihəsinin təhlili onu göstərir ki, qlobal səviyyədə cərəyan edən böhran proseslərinə baxmayaraq, 2016-cı ilin büdcə layihəsinin əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini şərtləndirir.

Eyni zamanda, gələn ilin büdcəsinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirir.

Doğrudur, dünyada baş verən maliyyə-iqtisadi proseslərə görə neftin qiymətinin ötən ilə nəzərən 2 dəfədən çox ucuzlaşması nəticəsində Azərbaycanın gəlirlərinin azalmasına baxmayaraq, 2016-cı ilin büdcə zərfində əksini tapmış ayırmalara nəzər saldıqda bir daha görürük ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili durur və sosial rifah dövlətinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Gəlirlərinin təxminən 15 milyard, xərclərinin isə 16 milyard manat olduğu büdcə layihəsi həm də ölkə əhalisinin yaşayış səviyyəsinin sabil saxlanılması baxımından aydın mənzərə formalaşdırır. Biz bunu dövlət büdcəsində nəzərdə tutulmuş yaşayış minimumunun və ehtiyac meyarının illər üzrə artım dinamikasını da müşahidə edirik.

Məsələn, ölkə üzrə yaşayış minimumu 2010-cu ildə 87, 2011-ci ildə 95, 2012-ci ildə 108, 2013-cü ildə 116, 2014-cü ildə 125, 2015-ci ildə 131 manat səviyyəsində müəyyənləşdirilibsə, gələn ilin dövlət büdcəsində bu rəqəm 136 manat təşkil edəcək. Eyni sözləri ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi üçün müəyyənləşdirilən ehtiyac meyarı da yüksəlməkdədir. Məsələn, ehtiyac meyarı 2010-cu ildə 65, 2011-ci ildə 75, 2012-ci ildə 84, 2013-cü ildə 93, 2014-cü ildə 100, 2015-ci ildə 105 manat məbləğində təsdiqlənsə də, gəlirlərimizin azalmasına baxmayaraq, 2016-cı ildə də bu rəqəm azaldılmamış, eyni saxlanılmışdır. Əlbəttə ki, bu rəqəmlər onu göstərir ki, son 5 il ərzində Azərbaycanda insanların yaşayış səviyyəsi yüksəlib və yoxsulluğun aradan qaldırılması prosesi normal tempdə gedir. Müqayisə üçün bildirək ki, son beş il ərzində 2010-cu ilə nisbətdə ölkə üzrə yaşayış minimumunun və ehtiyac meyarının təxminən 50 faiz artıb.

Bir sözlə, 2016-cı ilin büdcəsi iqtisadiyyatın sosial məzmununu və investisiyayönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək rifah, ölkəmizin müdafiə qabiliyyətinin artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi və digər planlar üçün mühüm maliyyə bazası yaradacaq.