YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın iqtisadi inkişaf modeli digər ölkələr üçün cəlbedicidir

   Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, Milli Məclisin üzvü Tahir Süleymanov

- Tahir müəllim, parlament seçkilərinə saylı günlər qalır. Hər bir seçki prosesi keçilən yola baxışı bir zərurətə çevirir. Ötən beş il ölkəmizin həyatında hansı uğurlarla yadda qalıb?

- Beş il zaman baxımından qısa bir dövr olsa da, uğurlarımızın miqyasının genişliyinə diqqət yetirsək, onları bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtiadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi «Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır, qeyd edilir» fikirləri uğurlarımızın ümumiləşdirilmiş ifadəsi kimi qəbul olunur.

Azərbaycanın son on iki  ildə  müşahidə etdiyimiz davamlı  inkişafı cənab  İlham Əliyevin adı və onun bilavasitə həyata keçirdiyi siyasətlə bağlıdır. Tam qətiyyətlə və inamla bu inkişafı  möcüzə adlandırardım. Bunun üçün  ciddi əsaslar mövcuddur.  Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə artıb. Bu illər ərzində Azərbaycanda  həyat günbəgün dəyişir. İnsanların  həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı ölkəmizin  siması yeniləşir. Azərbaycan bir sözlə,   yeniləşmə, modernləşmə dövrünü yaşayır. Daim vurğulandığı kimi, dəyişən  yalnız  Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda  insanların düşüncələri, həyata baxışıdır. Müqayisə aparsaq, görərik ki, müstəqilliyimizin ilk illərində xalqımız sabitlik, firavanlıq arzulayırdısa, bu gün möhkəm təmələ əsaslanan siyasətin nəticəsi olaraq Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyirlər. Hər dövrün çağırışının yüksək səviyyədə həyata keçirilməsi davamlı inkişafa geniş yol açır. Ölkəmizin malik olduğu  iqtisadi potensialdan səmərəli istifadəsi  iqtisadi və maliyyə imkanlarının genişlənməsini, mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.

Hər bir ölkənin inkişafı onun daxili potensialının yüksəlməsi ilə yanaşı beynəlxalq  aləmdə çəkisinin, yerinin, rolunun artmasında da ifadə olunur. Bunun təsdiqi kimi bir məqamı qeyd etmək kifayətdir. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq, ən mötəbər qurum olan  BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi uğurlu siyasətin nəticəsidir.  Bu fakt eyni zamanda Azərbaycanın  iqtisadi möcücəsinin beynəlxalq aləmdə çəkisinə nə qədər təsir göstərdiyinin aydın ifadəsini yaradır.  Azərbaycan  bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən bir dövlət kimi adını müasir tariximizə yazıb. Azərbaycanın  iştirakı və təşəbbüsü ilə həyata keçirilən regional layihələr regionun iqtisadi  mənzərəsinə yeni dəyişikliklər edir. Azərbaycan  sözün həqiqi mənasında ciddi regional faktora çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün  müstəqil Azərbaycan demokratik və bəşəri  dəyərlərin bərqərar olduğu məkan, dünya  birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.  Tarix baxımından o qədər də böyük olmayan son on iki  il ərzində Azərbaycan keçid dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoymuş,  etibarlı  tərəfdaş kimi, dünyada  yüksək nüfuza malik ölkəyə, regionun bütün iqtisadi və siyasi  məsələlərinin  həllində əvəzolunmaz iştirakçıya və  əsas söz sahibinə çevrilib.  Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı  və aparıcı iştirakçısıdır. Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür. Enerji, ərzaq və ekoloji  təhlükəsizliyin təmin olunması istiqamətində  qarşıya qoyulan vəzifələr uğurla icra edilir.  

Bir sözlə, inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin,  ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, aparılmış möhtəşəm quruculuq və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir. Cənab İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasəti bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edəcək. Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar gözləyir. Son on iki  ildə  bütün sahələrdə qazanılan uğurların nəticəsidir ki, Azərbaycan dünyanın 10 xoşbəxt, islahatçı  ölkəsi sırasında dayanır.    Azərbaycanın dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatını təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri  tərəfindən də yüksək dəyərləndirilir. Hər bir ölkə üçün  ən vacib meyarlardan biri ümumi daxili məhsulun artım dinamikasıdır.  Qarşıdakı illərin hədəflərini müəyyənləşdirən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əsas məqsədlərdən biri bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu hədəflərin gerçəkləşməsi üçün bütün zəruri olan amillər mövcuddur.

- Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqamlarının uğurlu icrası çərçivəsində təmsil etdiyiniz Şabran-Siyəzən bölgəsinin inkişafını necə görürsünüz?

- Bu gün paytaxt və bölgələrdə gedən quruculuq, abadlıq işlərinə diqqət yetirsək,  ümumi şəkildə birgə onu demək mümkündür ki, ötən  hər gün mühüm yeniliklə yadda qalır. Rayonlar arasında sağlam rəqabət gedir.  Regional inkişaf proqramları çərçivəsində görülən işlər hərtərəfli inkişafı daha da sürətləndirir, ən əsası  inkişaf, tərəqqi, quruculuq, abadlıq baxımından bölgələr arasında hansası bir fərqi  görmək mümkünsüzdür.  Bu baxımdan deyə bilərəm ki, Şabran-Siyəzən bölgəsi  də inkişaf, tərəqqi yolunda inamla addımlayır. Bu bölgəni parlamentdə təmsil edən şəxs kimi daim həmin yeniliklərin, inkişafın iştirakçısı və şahidiyəm. Millət vəkili olaraq üzərimə düşən vəzifəni yerinə yetirməklə  seçicilərimin etimadını doğrultmağa çalışmışam. Onların təklifləri əsasında gündəmə gətirdiyimiz məsələlərin həlli də öz növbəsində  inkişafa bir dəstəkdir.

- İqtisadiyyatın şaxələndirilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir. Şaxələndirilmə strategiyasının əsas istiqamətlərindən biri aqrar sahənin inkişafıdır.  Milli Məclisin aqrar siyasət komitəsinin üzvü kimi   bu sahədə əldə olunan uğurları necə şərh edərdiniz?

 - Məlum olduğu kimi, hər bir il konkret  sahənin adı ilə bağlanaraq, bu istiqamətdə zəruri addımlar atılır. Təbii ki, məqsəd ölkənin hərtərəfli inkişafını təmin etməkdir. «Kənd təsərrüfatının  inkişafında ən qabaqcıl  təcrübə tətbiq olunmalıdır» söyləyən dövlətimizin başçısı İlham Əliyevin  12 yanvar 2015-ci il tarixli sərəncamı ilə  2015-ci ilin «Kənd təsərrüfatı ili» elan edilməsində də məqsəd bu sahənin inkişafına  yeni təkan vermək, onun modernləşdirilməsini  sürətləndirmək, aqrar sektorda  mövcud problemlərin həllinə sistemli və  kompleks  yanaşmanı təmin etmək, bu sahəyə  dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin  aqrar potensialını  geniş təbliğ etməkdir.  Sərəncamda da vurğulandığı kimi, kənd təsərrüfatının inkişafına dövlət  dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun  sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə  yeni mərhələyə keçməsinin təməlini qoymuşdur.  Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac  potensialının artırılması məqsədilə  ölkədə müasir  aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir.  Regionların sosial-iqtisadi  inkişafına dair dövlət proqramları çərçivəsində  bölgələrdə  müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi  genişləndirilmişdir. Bir əsas məqamı da qeyd edək ki,  idarəetmədə səmərəliliyin və şəffaflığın  artırılması üçün elektron kənd təsərrüfatı sistemi  tətbiq edilməkdədir.

Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, üstünlüyümüz ondan ibarətdir ki,  bizim ətrafımızda  böyük bazarlar var.  O bazarlara bizim  ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda  tanınır və  o bazarlarda  Azərbaycan məhsulunun artımını gözləyirlər.

Regionların potensialından səmərəli istifadəni vacib şərt kimi önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiqlədiyi regional inkişaf proqramları qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Bu günlərdə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  səsləndirilən rəqəmlər bu sahədə inkişafın hansı səviyyədə olduğuna bir daha aydınlıq gətirdi. Cari ilin ötən dövründə  kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. Möhtərəm Prezidentimiz bildirdi ki,  biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə  100 faiz səviyyəsində təmin edək.  Uğurlu addımların nəticəsində bu hədəfə yaxınlaşırıq.    

Bu fakt inkaredilmədir ki, Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla  birlikdə bu sahədə əhəmiyyətli layihələr icra olunub. Regmonal inkşaf  proqramlarından və  digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. Dövlət siyasətinin əsas istiqaməti ona yönəlib ki, daxili ərzaq bazarı idxaldan maksimum azaldılsın və ərzaq ehtiyatlarının yaradılması üçün kompleks tədbirlər həyata keçirilsin. 2008-ci ildə  ölkə Prezidenti İlham Əliyev  tərəfindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair  Dövlət Proqramı təsdiqlənib.  Bu proqram 2008-2015-ci illəri əhatə edir. Həmin Dövlət Proqramı Azərbaycanda aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ən mühüm sənəd hesab olunur. Hazırda Azərbaycanda aqrar sektorun inkişafı əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatını   ödəməyə imkan verir. Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi «Azərbaycan  2020: Gələcəyə Baxış» İnkişaf Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur. Milli Məclisin aqrar siyasət komitəsi məhz  İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin icrasına xidmət edən qanunların hazırlanmasına və qəbuluna səy göstərir. Yeni-yeni hədəflər inkişaf üçün əsasdır. Bu baxımdan deyə bilərəm ki, qarşıda görüləcək işlərimiz çoxdur və birgə səylər əsasında onların icrasına nail olacağıq.

- Tahir müəllim, hər bir ölkənin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin nəticələri dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, ölkədə  mövcud ab-havanın  göstəricisidir.  Ötən dövrün  təhlili uğurlarımıza davamlı töhfələr verən Yeni Azərbaycan Partiyasının qələbəsinə hansı baxışı formlaşdırır?

- Ölkənin davamlı inkişafını şərtləndirən əsas amil təbii ki,  möhkəm təmələ əsaslanan siyasətdir.  Müstəqil Azərbaycan 1993-cü ildə ulu öndən Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından  bu yana inkşaf yolunda inamla irəliləyir. Son on iki ilin uğurlarına diqqət yetirsək,  Heydər Əliyev siyasətinə hər bir sahədə  sadiqlik nümayiş etdirən möhtərəm Prezidentimiz İlham Əliyev  modernləşməni, yeniləşməni dövlət siyasətinin əsası kimi qəbul edərək, bu istiqamətdə biri-birindən əhəmiyyətli uğurlara imza atır. Təbii ki, bu uğurlarda ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan partiyasının öz payı var.   Yeni Azərbaycan Partiyası böyük seçki təcrübəsinə malikdir. Yeni Azərbaycan Partiyası hər bir  seçki prosesini böyük qələbə ilə başa vurub.
Partiyanın əldə etdiyi  uğurların başlıca səbəbi təşkilatın siyasi kursunun, həyata keçirilən xəttinin xalq tərəfindən dəstəklənməsi, müdafiə olunmasıdır. Siyasətdə uğur qazanmaq üçün ilk növbədə seçicilərin, vətəndaşların, əhalinin böyük dəstəyinə nail olmaq lazımdır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurların da mənbəyi məhz onun xalq tərəfindən müdafiəsi ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan bu gün ən yüksək zirvələri fəth edir. Bu ilin iyununda ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunları hansı imkanlara malik olduğumuzu bir daha dünyaya təqdim etdi. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi böyükdür.  Bu gün Yeni Azərbaycan Partiyasının 670 minə yaxın üzvü var.  Partiyada Azərbaycan cəmiyyətinin bütün təbəqələrini əhatə edən ən qabaqcıl insanlar birləşiblər. Bu partiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə söykənən partiyadır. Bu gün də Yeni Azərbaycan Partiyası həm coğrafi baxımdan Azərbaycanı əhatə etməsinə, həm də tərkibində ölkəmizin ən sayılan, seçilən insanlarını birləşdirdiyinə görə öncül bir partiyadır. Təbii ki, hər seçkidə qazanılan qələbədə başlıca rol seçicinin siyasi təşkilata, namizədə münasibətidir. Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi nüfuz qazanmasını şərtləndərən əsas amil məhz  seçicilərin, xalqın ölkədə keçirilən bütün seçki proseslərində partiyaya böyük inam göstərməsi, dəstəyidir.

Yeni Azərbaycan Partiyası 1 noyabr parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb.  Parlament seçkilərinin hər bir mərhələsinə  ciddi şəkildə hazırlaşan partiya təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. «Yeni hədəflərə doğru» devizi ilə seçkilərin təbliğat-təşviqat mərhələsinə start verən partiya bununla gələcək  planlarını açıqlayır. Məqsəd Azərbaycanı daha da  qüdrətli, zəngin ölkəyə çevirmək, ən əsası inkişaf etmiş ölkələr sırasında görməkdir. YAP qələbələr, qaliblər partiyasıdır. Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Partiyanın gələcəyinə inam böyükdür. Qarşıdakı illər daha böyük uğurlardan xəbər verir.