YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası parlament seçkilərində xalqın dəstəyini qazanaraq, qələbələr tarixinə növbəti uğurlu səhifəsini yazacaq

   MM-in deputatlığına namizəd, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əsabil Qasımov

- Əsabil müəllim, növbəti parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi uğurla davam edir. Bu mərhələnin özəlliklərindən biri təbii ki, ölkənin bugünkü uğurlarına bir daha nəzər yetirməkdir. Bugünkü Azərbaycanı beş il bundan öncəki Azərbaycanla müqayisə etdikdə hansı qənaət yaranır?     

-  Ötən dövrlərin ümumiləşdirilmiş ifadəsi təbii ki,  bugünkü Azərbaycan və onun reallıqlarıdır. Hər bir inkişafın əsasında sabitlik dayanır. Ölkəmizdə sabitliyin mövcudluğu iqtisadi tərəqqiyə geniş yol açır.    Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycanda sabitlik təmin edilir.  Xalqımız təhlükəsizlik şəraitində, rifah  içində yaşayır.  Ölkədə vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib- Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək.

Əlbəttə, güclü iqtisadiyyat, düşünülmüş siyasət imkan verir ki, sosial sahəyə də   diqqət daha da artsın. Bu sahə daim prioritetdir. Bütün sosial proqramlar vaxtında icra edilir. Atılan addımlar bir daha təsdiqləyir ki, dövlətin həyata keçirdiyi siyasətin  mərkəzində Azərbaycan vətəndaşı dayanır. Uğurlu nəticələr eyni zamanda  onu deməyə əsas verir ki,  Azərbaycan böhranlı illərdə belə  sürətlə inkişaf edir, iqtisadi artımın sürətinə görə beynəlxalq maliyyə qurumlarının hesabatlarında  birinciliyini qoruyur. Buna əsas verən amil qeyd etdiyimiz kimi   düşünülmüş siyasətdir. Möhtərəm Prezidentimiz bildirir ki, bizim proqramlarımız reallıq üzərində qurulub. Hər bir məsələ, hər bir sahə ilə bağlı  çox konkret fəaliyyət planı var- regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı.  Əməkhaqqı, pensiyalar artır. Aztəminatlı ailələr ünvanlı sosial yardım proqramından bəhrələnirlər.  Hazırda bütün bölgələr arasında sağlam rəqabət gedir. Quruculuq, adadlıq işləri geniş vüsət alıb. İnsanların rahat, əmin-amanlıq şəraitində, təhlükəsiz yaşaması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Məhz uğurlu siyasətin nəticəsidir ki,  2008-ci ildən dünyanı bürüyən maliyyə və iqtisadi böhran, eyni zamanda  bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Ölkəmiz  uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir.  Cari ilin ötən dövründə  iqtisadiyyat 3,7 faiz, qeyri-neft  sektoru 6 faiz artıb.  87 min yeni iş yeri asçılıb ki, bunun 67 mini daimi iş yeridir.

Qeyd etdiyimiz kimi, ölkənin hərtərəfli inkişafının təmin edilməsində  konkret Dövlət Proqramlarının icrası əsas yer tutur.  Bu sənədlərin uğurlu icrasına əsas verən  ölkəmizin maliyyə imkanlarının günbəgün artmasıdır. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Neft-qaz sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ulu öndər Heydər Əliyev eyni zamanda bildirmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur. Ümummilli liderin 1999-cu il 29 dekabr tarixli fərmanı ilə  Dövlət Neft Fondunun yaradılmasında da məqsəd  neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsinə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdır.    Şəffaflığın yüksək səviyyədə təmin olunması  qarşıya qoyulan məqsədlərə nail olmağa əsas yaradır. Dövlətimizin  başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında diqqəti bir daha bu məsələyə yönəldərək bildirmişdir ki, gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda  aşağı düşməsi nəticəsində  ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaq.  Bu, bizim vəzifəmizdir. İnkişaf etmək, dayanıqlı və çoxşaxəli iqtisadiyyat qurmaq üçün neft-qaz amili bizim üçün  bir vasitədir. Biz bu vasitədən səmərəli istifadə edirik.

Daim vurğulandığı kimi, gələcək nəsillərin inkişaf və rifah içində yaşaması  bugünkü çağırışlara düzgün cavabların tapılmasından  çox asılıdır. Hazırkı dövrün əsas çağırışlarından birinin yoxsulluqla mübarizə olduğu önə çəkilərək Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilir. Bu gün ölkəmizdə yoxsulluq həddinin və işsizliyin   5  faiz səviyyəsində olması  Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir. İnkişafın Azərbaycan modelinin mövcudluğunun  beynəlxalq səviyyədə dəstəklənməsində də  uğurlarımız əhəmiyyətli rol oynayır.

İqtisadi uğurlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərir.  Azərbaycanın beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsi təbii ki, hərtərəfli inkişafından qaynaqlanır.  İqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycanın demokratiya təcrübəsi də digər ölkələrə nümunə göstərilir.  Növbəti parlament seçkiləri  Azərbaycanın bu sahədə əldə etdiyi  uğurların, həyata keçirdiyi demokratik islahatların təqdimatında bir daha əhəmiyyətli rol oynayacaq.

Təbii ki, ötən parlament seçkilərindən keçən 5 ilin uğurlarını bir sualda əhatə etmək qeyri-mümkündür. Bu baxımdan ki,  nəzərə alsaq hər gün Azərbaycanın tarixinə bir mühüm hadisə ilə yazılır,  onda uğurlarımızın miqyasının nə dərəcədə böyük olduğunu aydın görə bilərik. Reallıq budur ki, bu gün Azərbaycan öz inkişaf dinamikası ilə dünyanın diqqətindədir, beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsidir,   hər sahədə təcrübəsi öyrənilir və təqdir olunur.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız bu problemimizin də ədalətli həllinə əmindir. Həm diplomatiya sahəsindəki uğurlarımız, həm də iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordu quruculuğu istiqamətində atılan addımlar və onların uğurlu nəticələri bu əminliyə əsas verir. Azərbaycanın dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik.

Azərbvaycanın gələcəyinə inam böyükdür. Xalqımız bu uğurlarımızın fonunda  irəliyə inamla baxır, cənab İlham Əliyevin ətrafında sıx birləşrir, yeni-yeni hədəflərin gerçəkləşməsinə  dəstək olmağa səy göstərir.

Son beş il Azərbaycanın hər bir sahədə həyatına davamlı uğurlarla yazılıb. Bu uğurların davamlılığını təmin etmək üçün  xalqımız növbəti parlament seçkilərinə böyük fəallıq, şən əhval- ruhiyyə ilə qatılır.

- Uğurlarımıza qısqanclıqla yanaşan daxili və xarici bədxahlarımızın göstərdiyi cəhdlərə münasibətinizi bilmək istərdik...

- Bu fikir möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında da hər zaman qeyd edilir ki,  Azərbaycanın uğurlarına sevinən qüvvələrlə yanaşı, həzm etməyənlər də var.  Məhz bu səbəbdən daim ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılır.   Amma diqqət yetirsək, hər dəfə  bu ünsürlərin cəhdləri dövlətimizin uğurlu siyasəti, Azərbaycanın reallıqları əsasında   boşa çıxıb. Əsas budur ki, cənab İlham Əliyevin bəyan etdiyi kimi, aparılan bu qərəzli təbliğata  qarşı Azərbaycan dövləti, xalqı öz birliyini, həmrəyliyini nümayiş etdirir. Yalana həqiqətlə cavab verir. Həqiqəti  inkar etmək qeyri-mümkündür. Bu gün Azərbaycanın  demokratik inkişafı göz önündədir.  İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində  atılan addımlar davamlılığı ilə diqqət çəkir.  

Qeyd edək ki, 2009-cu ildə keçirilən referendum  əsasında Konstitusiyanın 29 maddəsinə edilən 40-dan artıq  əlavə və dəyişikliklər arasında xüsusi diqqət çəkən məhz  «Dövlətin ali məqsədi» maddəsinə edilən əlavə olmuşdur. Həmin əlavəyə əsasən  dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaqla yanaşı  layiqli həyat səviyyəsini təmin etməkdir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın və ədalət prinsipinin yüksək səviyyədə qorunması  əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  davamlı addımların atılmasını şərtləndirir. Bu gün böyük əminliklə qeyd edirik ki, digər neftlə zəngin ölkələrdən fərqli olaraq Azərbaycanda iqtisadi  strategiyanın düzgün müəyyənləşdirilməsi  əhali arasında təbəqələşmə prosesinin getməməsini təmin edir. İqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapır. Bu diqqət və qayğı uğurların davamlılığında, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsində stimulverici amildir.

Növbəti parlament seçkiləri Azərbaycan dövlətinin seçkilərin demokritkliyini, şəffaflığını təmin etmək üçün nə qədər səylər göstərdiyini bir daha nümayiş etdirir. Təkmil seçki qanunvericiliyi mövcuddur. Seçki Məcəlləsi  seçkilərin azad, şəffaf  keçirilməsini tam təmin edir. Bunları inkar etmək, təbii ki,  ölkəmizin uğurlarını qısqanclıqla  qarşılayan qüvvələrin çoxdankı peşəsidir.  Xalqımız təbii ki, reallığa dəyər verir. Artıq fərziyyələrlə yaşamağın zamanı çoxdan keçib. Baxmayaraq ki,  daxili  bədxahlarımız hələ də  köhnə vərdişlərinə aludəçiliklərini  büruzə verməkdədirlər.

Azərbaycan inkişaf yolunda inamla irəliləyir.  Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiq edir. 1 noyabr parlament seçkiləri  bu inkişafın bir daha təsdiqi olacaq.

- Əsabil müəllim, seçkilər eyni zamanda hər bir siyasi qüvvənin çəkisinin, nüfuzunun göstəricisidir.  Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə yeri və rolunu necə şərh edərdiniz?

- Bu sual təbii ki, məni müstəqilliyimizin ilk illərinə, Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salıb,  bu faktı təsdiqləməyə sövq edir ki,  əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı,   xalqımızın təkidli tələbi ilə  ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, ölkəmizin inkişafı tamam başqa istiqamətdə gedər, Azərbaycan adlı dövlətin varlığından danışmaq qeyri-mümkün idi. Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxaran əsas amil ulu öndər Heydər Əliyevin düzgün müyyənləşdirdiyi siyasət,  yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasıdır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayında bu fikri xüsusi qeyd etmişdir: «Bu gün biz- ulu öndər Heydər Əliyevin siyasi varisləri, davamçıları onun ölməz xatirəsi qarşısında bir daha söz verir və and içirik ki, bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik!»

Azərbaycanın hər bir uğuruna  töhfələrini verməyə çalışan Yeni Azərbaycan Partiyasının  atdığı biri-birindən əhəmiyyətli addımlar onu xalqın partiyasına çevirmiş, hər bir seçki prosesini uğurla başa vurmasını şərtləndirmişdir. Bu gün partiyanın sırasında 670 minə yaxın üzvün birləşməsi   çox məqamlara aydınlıq gətirir. Yeni Azərbaycan Partiyası fəaliyyətə başladığı gündən  söz və əməl birliyini nümayiş etdirmiş, xalqın, dövlətin gələcəyi naminə çalışmışdır. Təbii ki, belə bir partiyanın cəmiyyətdə rolu böyük olacaq, xalqın dəstəyi şəksizdir.

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Partiyanın gələcəyinə inam  onun seçki qələbələrindən daha aydın görünür.

- Ölkədəki seçki mühiti, seçici fəallığı, eyni zamanda seçkilərə hazırlığın səviyyəsi Yeni Azərbaycan Partiyasının növbəti parlment seçkilrində hansı nəticəni əldə edəcəyini proqnozlaşdırır?

- Xalqın inamını qazanan bir partiyanın seçkilərə  qələbə əzmi ilə qatılması şəksizdir. Qaldı seçki hazırlığına,  Yeni Azərbaycan Partiyası daim  seçkilərə yüksək əhval-ruhiyyə ilə qatılmış, təkmil seçki təcrübəsini ortaya qoyub.  Partiyanın   seçki proqamında  gələcək  prioritelər  öz əksini tapıb. Arxada qalan illərin  möhtəşəm uğurları əsasında inamla irəliləyən yeni Azərbaycan Partiyasının 1 noyabr parlament seçkilərində qələbəsi  qaçılmazdır.

Təbii ki, hər bir Azərbaycan vətəndaşı  həyatının da davamlı şəkildə  dəyişməsini istədiyi üçün, ölkəmizin ötən parlament seçkilərindən keçən dövr ərzində  qazandığı uğurlara  söykənərək seçkilərdə fəal iştirakı, partiyanın namizədlərinə dəstəyi ilə  bu istəyini gerçəkləşdirəcək. 2010-2015-ci illərdə  keçilən yola, qazanılan uğurlara  qısa  baxış  hər kəsin  gələcəklə bağlı planlarını düzgün qurmasına stimuldur.  Hər bir uğur  növbəti istəklərin yaranması üçün  əsəs olur.  5 il bundan öncə ölkə ictimaiyyəti nəyi arzu edirdi, bu gün isə hansı istəyini ortaya qoyur göz önundədir.

Təbii ki, YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla gedir. Seçkilərə hazırlığın yüksək səviyyədə  təşkili  qələbə üçün əsas şərtlərdən  biridir.  Məhz bu baxımdan seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında  geniş təbliğ olunması mütləqdir. Mövcud əsaslar  qarşıya qoyulan  məqsədlərin  gerçəkləşməsinə  stimul verir.  Ümumiləşdirilmiş şəkildə qeyd etsək, görülən işlər Yeni Azərbaycan Partiyasının seçkilərə böyük inamla getməsinə əsas yaradır.  Birgə səylər hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.   Yeni Azərbaycan Partiyası  bu mütəşşəkilliyi, birgə səyləri artırmaqla daim   qələbələrə imza atıb, növbəti parlament seçkilərində də qələbəsi danılmazdır. Dövlətimizin  başçısı İlham Əliyevin bu fikirlərini bir daha xatırlatmaq istərdim: « Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli  Azərbaycan dövləti qururuq və əminəm ki,  quracağıq.  Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz  davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir.»   Ölkədə keçirilən bütün seçki proseslərindən qələbə ilə çıxan Yeni Azərbaycan Partiyası növbəti parlament seçkilərində xalqın dəstəyini qazanaraq, qələbələr tarixinə növbəti uğurlu səhifəsini yazacaq.  Yeni Azərbaycan Partiyasını qarşıdakı onilliklərdə daha möhtəşəm nailiyyətlər gözləyir. Seçicilərlə keçirdiyimiz görüşlərdə bu reallıq özünü qabarıq şəkildə büruzə verir. Azərbaycanın bugünkü inkişafından böyük məmnunluq hissi keçirən xalqımızda yüksək seçki əhval-ruhiyyə var.