YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyasını qarşıdakı illərdə daha möhtəşəm nailiyyətlər gözləyir

   Milli Məclisin deputatlığına namizəd, MM-in deputatı Malik Həsənov

- Malik müəllim, təbii ki,  yeni-yeni hədəflər uğurlara əsaslanır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizə əsas yaradan amillər hansılardır?

- Bu  reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün  digər ölkələrə nümunə göstərilməsi, ən əsası inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs olunması  uğurlarımızın təsdiqidir.  Hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına əsas yaradır. Ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolunu önə çəkən  cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi.  

Bir faktı qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahibdir. Hazırda Azərbaycanın  iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyündən bəhs ediriksə, bu, ölkəmizin artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin olunması ölkənin hərtərəfli inkişafını təmin edən mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.  Dövlətimizin  başçısı İlham Əliyev bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər.    

İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələlərdəndir. Son 12 ildə bir milyon 400 mindən artıq yeni iş yeri açılıb. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnməsi də  dövlətin siyasətində insan amilinə böyük önəm verildiyini təsdiqləyir.  

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində erməni yalanları ifşa olunur, dünyanın nüfuzlu təşkilatları qəbul etdikləri qərar və qətnamələrdə Ermənistanın işğalçılıq siyasətini pisləyir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirirlər. 

Uğurlarımızın qısa təhlili fonunda bir daha bu reallığı təsdiqləmiş oluruq ki, hər dövrün öz cağırışı, tələbi olur. Dövlətimizin bu cağırışları yüksək səviyyədə həyata keçirməsi bugünkü reallıqları təmin edir. Azərbaycan bu günədək 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasını qarşıya mühüm vəzifə qoyubsa, bu uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. İnkişaf Konsepsiyasının işlənib  hazırlanmasında və eyni zamanda  icrasında beynəlxalq təcrübəyə xüsusi önəm verilməsi Azərbaycan dövlətinin modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə əsas kimi saxlamasından irəli gəlir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsində də bu amilin rolu inkaredilməzdir.

Bir məqamı da xüsusi qeyd etməliyik ki, bu gün Azərbaycanın hər sahədə təcrübəsi nümunədir. Cari ilin iyununda  dünyanın idman tarixində yeni səhifə açan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan idman ölkəsi olduğunu da dünyaya nümayiş etdirdi.

- Ölkəmiz mühüm siyasi kampaniyanın- parlament seçkilərinin təbliğat-təşviqat mərhələsindədir. Üzvü olduğunuz Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə yeri və rolunu necə şərh edərdiniz?

- Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bütün fəaliyyəti boyu tutduğu yola, siyasi xəttə sadiqlik nümayiş etdirən Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların  bələdçisi olmaqla yanaşı, bu inkişafa, tərəqqiyə töhfələri ilə cəmiyyətdə nufuzunun artmasına, sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsinə nail olmuşdur. Bu gün böyük inamla qeyd edirik ki,  Yeni Azərbaycan Partiyasının sıralarında  670 mindən artıq üzv birləşib. Təbii ki, bu rəqəm partiyanın cəmiyyətdəki yeri və roluna  aydınlıq gətirən əsaslardandır. Yarandığı gündən tutduğu yola  sadiqlik nümayiş etdirən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul edən Yeni Azərbaycan Partiyası  hər bir seçki prosesinə qatıldığı şüarla gələcək prioritetlərini açıqlayır, Azərbaycanın hərtərəfli inkişafını əsas kimi qəbul etdiyini təsdiqləyir.  Seçkilərdə hər bir qələbəsi partiyaya inamı ortaya qoymaqla yanaşı, onun  qələbələr partiyası olduğunu da təsdiqləyir.  Xalqımız Yeni Azərbaycan Partiyasını dəstəkləməklə Heydər Əliyev ideyalarına sədaqətini, onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə inamını nümayiş etdirir. Dahi şəxsiyyət Heydər Əliyevin bəyan etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət  dövlətə, xalqa xidmət etmək deməkdir.  Bu gün ən yüksək zirvələri fəth edən Azərbaycan qarşıdakı illərdə daha yeni-yeni hədəflərə çatmaq üçün səylər göstərir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu hədəflərin gerçəkləşməsinə öz töhfəsini verməyə çalışır.

Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki  ölkənin, bölgənin aparıcı siyasi təşkilatıdır. Partiyanın təşkilatçılığı əsasında həyata keçirilən tədbirlər  Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə formalaşmasında, eyni zamanda ölkələr arasında əlaqələrin inkişafında stimulverici amil rolunu oynayır. Partiyanın yeganə məqsədi Azərbaycanı daha da qüdrətli, zəngin dövlətə çevirmək, insanların rifah halını yüksəltməkdir. Xalqımızın partiyaya inamını şərtləndirən amillərdən biri  məhz budur. Populizmdən uzaq olan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyi ilə diqqət çəkir. Azərbaycanın davamlı inkişafını, uğurlu gələcəyini düşünən hər kəs sözsüz ki,  seçkilərdə fəal iştirak edəcək, partiyaya dəstəyini irəli sürdüyü namizədə verdiyi səslə təsdiqləyəcək. Ulu öndər Heydər Əliyevin reallıqlara söykənərək söylədiyi «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» fikir bütün dövrlər üçün aktuallığını qoruyur, partiyanın keçdiyi yola və perspektivlərinə işıq salır.

- Malik müəllim, Yeni Azərbaycan Partiyası növbəti dəfə sizə etimad göstərərək, namizədliyinizi irəli sürüb. Ötən dövr ərzindəki fəaliyyətinizi  qənaətbəxş hesab edirsinizmi?

- Qeyd  etdiyim kimi, hər günün öz tələbi, öz çağırışı var. Ən əsası yeni məqsədlər, vəzifələr inkişaf üçün əsasdır. Seçicilərlə görüşdən, onların istək və arzularının həyata keçirilməsi  üçün göstərdiyim səylərdən bir millət vəkili olaraq stimul almışam. Millət vəkilinin səlahiyyətləri çərçivəsində  seçicilərimi narahat edən problemlərin  həlli istiqamətində mümkün olan  variantları araşdırıb, aidiyyati qurumlara  ünvanlamışam. Kənd yollarının bərpası, kəndlərdə artezian quyularının  qazılması, məscidlərdə  təmir işlərinin aparılması, xaricdə təhsil alan tələbələrə yardımların edilməsi, xəstələrin xaricdə müalicə almasına köməklik göstərilməsi, yüksək bal toplamış  abuturiyentlərlə görüşlərin keçirilməsi və onlara hədiyyələrin təqdim olunması və s kimi addımlar da  ötən dövrdə  əsas fəaliyyət istiqamətlərimdən olub.  Seçicilərlə fərdi, eyni zamanda  birgə  təşkil olunan görüşlər özəlliyi ilə diqqət çəkmiş, onların təkliflərinin icrası üçün əlimdən gələni etməyə çalışmışam. Bu dövr üçün fəaliyyətimin əsas istqamətlərindən biri də  seçildiyim Cəlilabad rayonunun İcra Hakimyyəti  tərəfindən təşkil olunan tədbirlərdə iştirak etmək, ictimaiyyət nümayəndələri ilə görüşmək, bir daha onların fikirlərini öyrənmək olub.

Bu, mənim seçicilərimlə bağlı fəaliyyətimə qısa bir baxışdır. Təbii ki, parlamentin  təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü kimi  fəaliyyətimi də nəzərə alsaq, çalışmışam  ki, üzərimə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirim. Belə ki,  Komitənin qəbulunu zəruri  hesab etdiyi  qanunların müzakirəsində və qəbulunda fəal iştirak  etmişəm.

Təbii ki, ötən dövrdəki fəaliyyətimə dəyəri təmsil olunduğum Yeni Azərbaycan Partiyası, eyni zamanda seçicilərim verir. Yeni Azərbaycan Partiyasının yenidən namizədliyimi irəli sürməsi  mənə göstərilən böyük etimad, eyni zamanda məsuliyyətin daha artması  kimi dəyərləndirirəm.  Çalışacam ki, seçicilərimin dəstəyini qazanıb yenidən onları parlamentdə təmsil etdiyim qarşıdakı illərdə  ötən dövrdəki uğurların əsasında daha böyük səylər göstərim, etimadı daha yüksək göstəricilərlə doğruldum. Məqsəd inkişaf üçün açar rolunu oynayır. Bu məqsədə çatmaq üçün zəhmət, məsuliyyət   əsas tələblərdəndir.

- Malik müəllim, siz eyni zamanda Milli Məclisdə  Koreya- Azərbaycan parlamentlərarası dostluq qrupunun  rəhbəri,  Argentina, Bolqarıstan, Böyük Britaniya, Çexiya, İsveçrə, İtaliya, Qətər, Latviya, Monteneqro, Türkiyə parlamentlərarası dostluq qrupunun üzvüsünüz. Adları çəkilən  ölkələr arasında əlaqələrin inkişafına töhfələrinizi necə şərh edərdiniz?

- İkitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və yeni istiqamətlər üzrə inkişafı dövlətimizin xarici  siyasətinin əsas tərkib hissəsidir. Uğurlu siyasətin nəticəsidir ki, əvvəldə də vurğuladığım kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvü kimi yeri və rolunu möhkəmləndirir. Etibarlı tərəfdaş kimi tanınan və nüfuz qazanan ölkəmizə inam  əlaqələrin yüksələn xətt üzrə inkişafından daha aydın görünür. Təbii ki, hər kəs çalışdığı sahədən asılı olaraq, dövlətimizin daha da qüdrətlənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, reallıqlarının təbliğinə öz töhfəsini verməlidir. Bu baxımdan Milli Məclisdə fəaliyyət göstərən ayrı-ayrı ölkələrin parlamentlərarası dostluq qrupları bu əlaqələrin inkişafı üçün zəruri olan addımlar atır, hər bir ölkənin malik olduğu imkanların təqdimatında, təcrübə mübadiləsinin aparılmasında fəal iştirak edir.  Ötən beş ildə istər Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, istərsə də Argentina, Bolqarıstan, Böyük Britaniya, Çexiya, İsveçrə, İtaliya, Qətər, Latviya, Monteneqro, Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü kimi  həm qarşılıqlı səfərlər çərçivəsində, həm də iş planına uyğun olaraq    bu əlaqələrin inkişafına səy göstərmiş, öz töhfəmi verməyə çalışmışam.  Adlarını çəkdiyimiz ölkələrin say tərkibinə diqqət yetirsək, bu fikri söyləmək kifayətdir ki, hər bir görüş, səfər  bir tanıtım, əlaqələrə töhfə deməkdir.

- Malik müəllim, seçkilər Azərbaycanın demokratik inkişafına hansı imzanı atacaq?  Yeni Azərbaycan Partiyasının qələbəsini   şərtləndirən amillər barədə fikirlərinizi bilmək istərdik...

- Bu fikri böyük inam və əminliklə qeyd edirəm ki,  1 noyabr parlament seçkiləri demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən Azərbaycanın tarixinə növbəti uğur kimi yazılacaq. Azərbaycan dövləti demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyib. Bu günə qədər keçirilən seçki proseslərinin təhlilini aparsaq, təkmilləşməninin, yeniləşməninin şahidi olarıq. Azərbaycan dövləti daim yenilik tərəfdarı olub. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlı olduğunu hər addımında sübuta yetirib.

Seçkilərdə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının qələbəsinə gəldikdə möhtərəm Prezidentimiz İlham Əliyevin partiyanın V qurultayında böyük inam və qətiyyətlə  səsləndirdiyi bu fikri bir daha xatırlatmaq istərdim: «Yeni Azərbaycan Partiyasının siyasi səhnədə  ciddi rəqibi yoxdur.  Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə  fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk.  Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi  bizə olan inamı daha da artırır. Ancaq əlbəttə ki, siyasi mübarizə  aparılır və aparılmalıdır.» Yeni Azərbaycan Partiyasının  hər bir seçki prosesindən  qələbə ilə çıxması deyilənlərin təsdiqidir. 

Gələcəyimiz  yeni-yeni hədəflərdən və onlara böyük ruh yüksəkliyi ilə çatmaqdan ibarətdir. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası bu uğurların hər birinə öz imzasını atmaqla gələcəyə böyük inamla irəliləyir. Bu günümüzün uğurları fonunda bu inamı da böyük   qətiyyətlə ifadə edə bilərik ki, Yeni Azərbaycan Partiyasının  seçkilərdə  qələbəsi şəksizdir.

Təbii ki, hər bir Azərbaycan vətəndaşı  həyatının da davamlı şəkildə  dəyişməsini istədiyi üçün, ölkəmizin ötən parlament seçkilərindən keçən dövr ərzində  qazandığı uğurlara  söykənərək seçkilərdə fəal iştirakı, partiyanın namizədlərinə dəstəyi ilə  bu istəyini gerçəkləşdirəcək.  Yeni Azərbaycan Partiyasının  təmsilçilərinin əsas vəzifəsi  ölkə Prezidentinin rəhbərliyi altında  əldə olunan  nailiyyətləri geniş, əsaslı şəkildə  insanların diqqətinə  çatdırmaqdır.  2010-2015-ci illərdə  keçilən yola, qazanılan uğurlara  qısa  baxış  hər kəsin  gələcəklə bağlı planlarını düzgün qurmasına stimuldur.  2010-cu ili 2015-ci illə müqayisə etdikdə  hansı problemlərin həllini tapdığını,  hansı nəticələrin əldə olunduğunu aydın görmək mümkündür. Bir sözlə, YAP-ın  parlament seçkilərinə  inamla, qələbə əzmi ilə  qatılmasına böyük əsaslar mövcuddur. Dövlətimizin  başçısı İlham Əliyevin bu fikirlərini bir daha xatırlatmaq istərdik: « Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli  Azərbaycan dövləti qururuq və əminəm ki,  quracağıq.  Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz  davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir.»  Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat materiallarında məhz son illərin ən  möhtəşəm uğurları bir daha əksini tapır.  23 ilə yaxın   şərəfli yol keçən  Yeni Azərbaycan Partiyasını qarşıdakı illərdə  daha möhtəşəm nailiyyətlər gözləyir.