YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP hər bir seçkiyə yüksək əhval-ruhiyyə, qələbə əzmi ilə qatılır

   Milli Məclisin deputatlığına namizəd, MM-in üzvü Nəriman Əliyev

- Nəriman müəllim, növbəti parlament seçkilərinə gedən yol yaxınlaşmaqdadır. Artıq seçkilərin təbliğat və təşviqat mərhələsindəyik. Ölkəmizdə seçkiqabağı durumu necə dəyərləndirirsiniz?

- İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurları və bu fonda ölkədə yaradılan demokratik seçki mühütini təbii ki, bir sual çərçivəsində qeyd etmək mümkün deyil. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik bütün inkişafın əsasıdır. Sabitlik, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas etdi, bir dövlət olaraq dünya birliyində yeri və rolunun möhkəmlənməsinə möhkəm zəmin yaratdı. Demokratiyanın sabitliyin, qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf etdiyini nəzərə alsaq, bu gün böyük əminliklə qeyd edə bilərik ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunədir, ən əsası beynəlxalq aləmdə sabitlik diyarı kimi öz yeri və mövqeyini möhkəmləndirib.

1995-ci ildə Milli Konstitusiyanın qəbulundan sonrakı  dövrdə ölkəmizdə keçirilən hər bir seçki bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi, prosesin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi ilə yadda qalıb və beynəlxalq səviyyədə dəstəklənib. Növbəti parlament seçkilərinin də Azərbaycanın demokratik inkişaf tarixinə yeni uğurlu səhifə kimi  yazılacağına  tam əminik. Seçkiqabağı ölkədəki ab-hava da buna əsas yaradır. Belə ki, ölkə ictimaiyyəti Azərbaycanın bugünkü reallıqları fonunda  seçkilərə qatılıb, öz seçim hüquqlarından istifadə edərək hansı siyasi qüvvəyə, namizədə səs verəcəyini artıq heç bir çətinlik çəkmədən müəyyənləşdirmək imkanındadır. Seçkiqabağı ölkədəki sakitlik də məhz bu amildən qaynaqlanır. Azərbaycanın hazırkı inkişafı göz qabağındadır. Reallıqların içərisində olan, hər gün yeniləşmənin, inkişafın, tərəqqinin şahidinə çevrilən xalq düzgün dəyərləndirmə aparmaqla seçki prosesində fəal iştirak etmək imkanındadır. Seçkilərə hazırlıq prosesinin gedişində də bu əhval- ruhiyyə özünü qabarıq şəkildə büruzə verir.

Uğurlarımız biri-birini əvəzlədikcə yeni-yeni hədəflərə yol açılır ki, bu da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir.  Bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz məhz keçilən yola verilən dəyəri,   uğurlarımızın davamlılığına inamı, ən əsas hazırda ölkəmizdəki seçkiqabağı ab-havanın sakitliyini şərtləndirən amilləri ortaya qoyur.      

- Milli Məclisin insan hüquqları Komitəsinin üzvü kimi bu sahədə əldə olunan uğurlara bir baxış keçirməyinizi istərdik...

- Ulu öndər Heydər Əliyevin aforizmə çevrilən «Əgər hər hansı ölkənin xalqları  öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar» tezisi bütün dövrlərdə aktuallığını qoruyan bir məsələyə-insan hüquq və azadlıqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə işıq salır. Bu fakt inkaredilməzdir ki, XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən  Azərbaycanda demokratikləşmə  milli inkişafın  vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetinə çevrildi. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Milli Konstitusiyamız  insan hüquqlarının, fikir plüralizminin,  söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması  və inkişafına etibarlı  zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir.

Son 12 ildə Heydər Əliyev siyasətini hər sahədə uğurla davam etdirən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması istiqamətində də mühüm addım atmış və uğurlu nəticələr göz qabağındadır.  İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin  28 dekabr 2006-cı il  tarixli sərəncamı  ilə «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı»  təsdiq edilmişdir. Sənəddə də bu vacib məqam öz əksini tapmışdır ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.   Milli Fəaliyyət Planının təsdiqindən ötən dövr ərzində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi, dövlətimizin  siyasətində insan amilinə verilən dəyər təqdir olundu. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli «Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında» sərəncamı bu sahəyə diqqəti bir daha nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilk «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nın təsdiq edildiyini və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini nəzərə alaraq 18 iyunun  İnsan Hüquqları Günü kimi qeyd edilməsi görülən işlərin hesabatı, qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu yeniliklərin qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapması zamanın tələbinə çevrilib.  2009-cu ilin martında keçirilən referendumda  Milli Konstitusiyamızın 29 maddəsinə edilən 40-a yaxın   əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir.  «Dövlətin ali məqsədi» maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqların qorunması ilə yanaşı onları yüksək həyat şəraiti ilə təmin etməkdir. 

Göründüyü kimi, bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Möhtərəm Prezidentimiz  bildirir: «Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada  təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.»

1995-ci ildən imzalanan əvf fərmanları və Amnistiya Aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini  təsdiqləyir. Humanizm prinsipi dövlətin siyasətində mühüm yer tutur. Bütövlükdə bugünədək imzalanan fərmanlar  əsasında  minlərlə   şəxs cəzaçəkmədən azad edilib.  Bu günədək qəbul olunan Amntistiya Aktı isə on minlərlə məhbusa şamil edilib.

Milli Məclisin insan hüquqları Komitəsi olaraq  bu sahədə icrası  zərurət olan qanunların qəbuluna səy göstərmişik. Yenə də qeyd etdiyim kimi, məqsəd Azərbaycanın  hərtərəfli inkişafına, hər bir sahədə  təcrübəsinin nümunə göstərilməsinə nail olmaqdır. Bu gün dünya inkişafın Azərbaycan modelindən bəhs edirsə, təbii ki, bu, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin, kompleks tədbirlərin həyata keçirilməsinin nəticəsidir. Dünya Azərbaycanı dinamik iqtisadi inkişafa malik, təşəbbüsləri gerçəkliyə çevirən,  demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiq edən, eyni zamanda əhatə etdiyi sahədən asıl olmayaraq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ideal məkan, ölkə kimi tanıyır və hər bir uğurunu təqdir edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, qüdrətli, güclü Azərbaycan hər birimizin qürur mənbəyidir.

- Nəriman müəllim, əsas məqsədlərdən biri də multimədəniyyətli cəmiyyətlərin inkişafına töhfə verməkdir. Bu istiqamətdə əldə olunan uğurlarımızı  necə dəyərləndirirsiniz?

- Dövlətimizin başçısı İlham Əliyevin  Üçüncü Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdim: «Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa ilə Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki,  Azərbaycan hazırda  Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır.  Bizim cəmiyyətdə  multikulturalizm ənənələri dərin köklərə malikdir.  Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda  müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət  şəraitində yaşamışlar. Müstəqil  olandan sonra Azərbaycan bu səbəbdən dünya multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir.» Ölkə Prezidentinin fərmanı ilə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması  da ölkəmizin qazandığı imicin, uğurların,  tutduğu mövqeyin təqdimatında əhəmiyyətli rola malikdir. Sivilizasiyaların  qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə  etiraf edilən  həqiqətlərdəndir.  Cənab İlham Əliyev  bu fərmanı   multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq imzalamışdır.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqlar və dinlərarası münasibətlər, dialoqlar müasir dövrün tələblərinə uyğunlaşdırıldı. Ölkəmizin sülhsevərliyi,  birgəyaşayış qaydalarına hörməti Azərbaycan xalqına məxsus humanist və xeyirxahlıq kimi yüksək qiymətləndirilir.  Dünya ictimaiyyəti üçün aydın olan həqiqət budur ki,  Azərbaycanın mədəniyyətlər, svilizasiyalarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də uğurla davam etdirilir. Milliyətindən, dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ölkə iqtisadiyyatının güclənməsində iştirak edir. Azərbaycanda milli dəyərlərə sadiqlik,  ümumbəşəri dəyərlərə  hörmət meylləri respublikanın müasirləşməsinə, modernləşməsinə  xidmət göstərir. Ölkəmizdə yaranan  demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki,  dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan  tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün  buradakı  qədər səylər göstərilsin.  İllərin təcrübəsi göstərir ki, İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan  milli-mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə  vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə  ən böyük töhfə verən ölkədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan - həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır. Ölkəmizin ev sahibliyi etdiyi Beynəlxalq Humanitar və Mədəniyyətlərarası Dialoq Forumları da multikulturalizmin təsdiqi, onun təntənəsidir. Dövlətimizin başçısı İlham Əliyev  Üçüncü Bakı Beynəlxalq Humanitar Forumda bir daha bu gerçəkliyi diqqətə çatdırmışdır: «Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq.»

- Azərbaycanın uğurlarının bələdçisinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu qarşıdakı illər barədə hansı təsəvvürü yaradır?

- Möhtərəm Prezidentimiz İlham Əliyevin  Yeni Azərbaycan Partiyasının V qurultayında söylədiyi «Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır.  Ölkəmizdə  siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır... Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəlibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq» fikirləri ulu öndər Heydər Əliyevin «YAP dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisinin davamı, həmçinin partiyanın keçdiyi yolun və qarşıdakı illər üçün perspektivlərin ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirilir. Qeyd etdiyimiz kimi, bu il ölkəmizin həyatında seçki ilidir.  Seçkilər bir sınaq imtahanıdır. Hər bir siyasi qüvvə ötən dövrün  təqdimatı əsasında növbəti seçkini hansı nəticə ilə başa vuracağında bir ümumiləşdirmə aparır.

Ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının yarandığı gündən  bu günədək tutduğu yola sadiq olmuş, populist vədlər verməmiş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas kimi qəbul etmişdir. Məhz sözlə əməl birliyi onun cəmiyyətdə nüfuzunu daha da artırmış, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənmişdir. Bu gün partiyanın sıralarında 670 mindən artıq üzvün birləşməsi də Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.  Nəinki ölkənin, bütövlükdə regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən hər bir seçki prosesindən qələbə ilə çıxmasını şərtləndirən əsas amillərdən biri də məhz sözlə əməl birliyidir.

Ölkə  Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf edən. Biri-birindən əhəmiyyətli uğurlara imza atan Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərində də qələbəsi şəksizdir. Bu inamı yaradan təbii ki, ölkəmizin bugünkü reallıqlarıdır.  Ölkə ictimaiyyəti  reallığa yüksək dəyər verərək, inkişaf, tərəqqi yolunda inamla irəliləyən Azərbaycanımızın gələcək uğurlarının davamlılığını təmin etmək üçün düzgün seçim etməyə, seçki hüququndan  istifadə edərək, inkişafa dəstək olmağa səy göstərir.

Bu gün Azərbaycan ən yüksək zirvələri fəth edir.  Hər bir inkişafın təməlində iqtisadi tərəqqinin dayandığını nəzərə alsaq, ölkəmizin əldə etdiyi sosial-iqtisadi uğurlar gələcəyə daha böyük inamla irəliləməyə əsas verir. Dövlətimizin başçısı İlham Əliyevin daim vurğuladığı kimi, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr dövlətlər, xalqlar arasında əməkdaşlıq, birlik körpüsü kimi dəyərləndirilir. İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını şərtləndirir. Bu gün Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsi də uğurlu sosial-iqtisadi  islahatlara, dinamik inkişafa əsaslanır. Məlum olduğu kimi, 2011-ci ildə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə  33 ölkədən 60-a yaxın nümayəndənin iştirakı ilə «Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar» mövzusunda beynəlxalq konfrans keçirildi.  Tədbir Azərbaycanın malik olduğu imkanların təqdimatında, eyni zamanda səylərin birləşdirilməsində, təcrübə mübadiləsinin aparılmasında əhəmiyyətli rol oynadı.  Ölkələr arasında əlaqələrin inkişafında partiyaların xüsusi rola malik olduğunu   önə çəkən Yeni Azərbaycan Partiyası  fəaliyyətinin əsas istiqaməti kimi bu sahədə biri-birindən əhəmiyyətli addımlar atır. Partiyanın təşkilatçılığı ilə keçirilən beynəlxalq səviyyəli tədbirlər, eyni zamanda bu və ya digər ölkələrin hakim partiyaları ilə əlaqələrin qurulması və inkişafı da deyilənlərin təsdiqidir.

Təbii ki, partiyanın fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə bir yazı çərçivəsində təhlil aparmaq qeyri-mümkündür. Reallıq budur ki, Yeni Azərbaycan Partiyası bütün fəaliyyətini Azərbaycanın inkişafına, xalqımızın yüksək rifah şəraitində yaşamasına yönəldib. Buna görə də partiyaya milyonların sevgisi şəksizdir. Partiya hər bir seçki prosesinə yüksək əhval-ruhiyyə, qələbə əzmi ilə qatılır.

Parlament seçkiləri  Azərbaycanın müstəqil, demokratik ölkə olduğunu bir daha dünyaya nümayiş etdirəcək. Azərbaycanın bugünkü reallıqlarında öz payı olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü ölkəmizin qüdrəti ilə qürur duyur, inkişafa dəstək olmaq üçün ciddi səylər göstərir. Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən seçki proseslərindən uğurla çıxması bu inkişafın, tərəqqinin daha da sürətənlənməsində stimul rolunu oynayır. 1998, 2003, 2008  və 2013-cü  il prezident,  1995, 2000, 2005 və 2010-cu il parlament, 1999,  2004, 2009 və 2014-cu il bələdiyyə  seçkiləri Azərbaycan tarixinə Yeni Azərbaycana Partiyasının qələbəsi kimi yazılıb. Bir daha qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yolun təhlili bu reallığı ortaya qoyur ki,  tarix bu partiyanı qələbələr qazanmaq üçün yaradıb. Ötən bu müddət ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən  qalib  çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb.  Düşünürük və böyük inamla qeyd edirik ki, 1 noyabr parlament seçkiləri  bir daha bu reallığı təsdiqləyəcək.