YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda parlament seçkiləri demokratik dəyərlərə söykənəcək

Müsahibimiz YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov

- Ramiz müəllim, ölkəmizdə noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Azərbaycan bu seçkilərə hansı uğurları ilə gedir?

- Bildiyimiz kimi, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən ölkəmiz bu gün ictimai-siyasi hadisə olan parlament seçkiləri ərəfəsindədir. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, istənilən xalqın, dövlətin həyatında seçkilər çox önəmli rol oynayır. O cümlədən, bizim dövlətimiz üçün də seçkilər çox mühüm əhəmiyyətli hadisədir. Demokratik, sabit ölkələrdə seçkilərin yüksək səviyyədə keçirilməsində ictimai-siyasi vəziyyət şərtləndirici amillərdir. Azərbaycan cəmiyyətinin siyasi qüvvəsi, eləcə də, regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası yarandığı zamandan xalqımızın maraqlarının gerçəkləşdirilməsində mühüm uğurlara imza atıb və bu gün də seçkilərə böyük resurslarla gedir. 660 mindən artıq üzvü olan partiyanın bu günə qədər prezident, parlament və bələdiyyə seçkilərindəki qələbəsi YAP-ın lider, formalaşmış siyasi təşkilat olduğunu bir daha göstərir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Cənab İlham Əliyevin Sədrliyi ilə uğurla davam etdirilən Yeni Azərbaycan Partiyasının siyasəti birmənalı olaraq xalq tərəfindən dəstəklənir.

Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən çox mühüm dəyişikliklər, yüksəliş ölkəmizdə həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 12 il ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini daha da sürətləndirib, cəmiyyətimizin demokratikləşdirilməsi sahəsində böyük uğurlara imza atılıb. Cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə  öz mövqeyini möhkəmləndirir. Azərbaycan xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Qloballaşan müasir dünyada Azərbaycan demokratik tərəqqi yolunu seçərək xarici dövlətlərlə, beynəlxalq təşkilat və qurumlarla müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərini qurub. Regionda aparıcı dövlət olan Azərbaycan dünya dövlətləri arasında nüfuz sahibinə çevrilib, eləcə də Avropanın enerji təşlükəsizliyində mühüm rol oynayır.

- Azərbaycanın dünya arenasında böyük nüfuza sahib olması diqqətdən kənarda qalmır. Bu gün ölkəmiz Beynəlxalq aləmdə söz sahibinə çevrilib.

- Doğru vurğulayırsınız, Azərbaycan istər bölgədə, istər də dünyada söz sahibinə çevrilib. Uzaq keçmişi demirəm, bir neçə il bundan əvvəl, 155 dünya dövlətinin dəstəyi ilə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu böyük etimad Azərbaycanınn həyatında çox önəmli tarixi hadisədir.

Dinamik inkişafda olan ölkəmiz dünya miqyasında iqtisadi böhranların, ictimai-siyasi problemlərin mövcud olduğu şəraitdə inkişaf tempini qoruyub saxlayır. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Azərbaycan bu və ya digər nailiyyətlərlə yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə artıq dünya üçün örnək,tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətdir. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrilib. Dinamik inkişaf edən ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkandır. Bütün bunlar ölkədə ardıcıl aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.

- Ramiz müəllim, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq "Cənub-Cənub" mükafatı ilə təltifi də dövlət başçısının yürütdyü praqmatik daxili və xarici siyasətinə, uğurlara söykənir...

- Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq "Cənub-Cənub" mükafatı ilə təltif olunması təsadüfi deyildi. Bildiyimiz kimi bu mükafat Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilən Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərə görə beynəlxalq “Cənub-Cənub” mükafatı ilə təltif olunub.

Bu, aparılan düzgün dinamik inkişafın, uğurlu islahatların nəticəsidir. Qısa bir müddətdə İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində, ölkənin bütün sahələri yüksələn xəttlə inkişaf etdi, işsizlik aradan qaldırıldı. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar müsbət nəticəsini vermiş oldu. Bütün bu və ya digər amillər, inkişaf prosesi, ictimai-siyasi sabtiliyin ölkədə hökm sürməsi Prezidentimizin BMT-nin nüfuzlu mükafatına layiq görülməsinə əsas verir. Bu da bizi vətəndaş olaraq sevindirməyə bilməz.

- Ölkəmizdəki mövcud ab-hava seçkilərin demokratik prinsiplər əsasında keçirilməsində şərtdləndirici amillərdəndir. YAP Binəqədi rayon təşkilatı növbəti parlament seçkilərinə necə hazırlaşır?

- İlk olaraq vurğulayım ki, həqiqətən də Azərbaycandakı mövcud şərait seçkilərin demokratik, şəffaf şəraitdə keçirilməsində əsas rol oynayır. Ölkəmizdə demokratik prinsiplərin tam təzahür tapması seçki prosesində də açıq şəkildə müşahidə olunmaqdadır. Bu baxımdan da, bu günə qədər cəmiyyət həyatında və ölkəmizin demokratik imicinin formalaşmasında əsas amil olan seçki prosesi vətəndaş mövqeyinə və iradəsinə əsasən keçirilib. Dövlətimizin günü-gündən artan qüdrəti iqtisadi-siyasi sahədə əldə olunan uğurlar seçki prosesində də mütərəqqi ideyaların və bəşəri dəyərlərin təminatını mümkün etmişdir. Bu baxımdan da, dövlətimiz cəmiyyətimizi daha da irəliyə aparacaq və ölkəmizin gücünü daha da artıracaq prinsiplərin təzahürü üçün konkret mövqe nümayiş etdirməkdədir.

Ötən parlament seçkilərindən keçən müddət ərzində Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verib. Regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi nailiyyətlər əldə edilib və insanların sosial-rifahı daha da yüksəlib. Bütün görülən işlər, əldə olunan nailiyyətlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin müsbət nəticələridir. Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir. Bütün bunlar noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinin uğurlarından xəbər verir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Bu gün Azərbaycanı dünya dövlətləri ilə müqayisə etsək görərik ki, ölkəmiz böyük bir demokratik inkişaf dövrünü yaşayır. İnkişaf edən Azərbaycan demokratik dəyərlərə daim yüksək qiymət verir. Əfsuslar olsun ki. Qərbin müxtəlif təşkilatları, qeyri-hökumət təşkilatları Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə birmənalı şəkildə yanaşmır, demokratik dəyərlərə kölgə salmaq istəyirlər. Guya Azərbaycanda demokratik dəyərlər qorunmur. Hər dəfə ölkəmizdə keçirilən seçkilər bütün dünyaya bir dahabəyan edir ki, Azərbaycan inkişaf etmiş ölkədir, demokratik dəyərlər qorunur, ölkədə seçkilər şəffaf və azad şəkildə baş tutur.

Azərbaycan inkişaf edir, genişmiqyaslı layihələr gerçəkləşir, dövlət proqramları qəbul edilərək uğurla icra olunur.Azərbaycanda demokratik dəyərlər çox yüksəkdir və bu dəyərlərə qiymət verilir. Bunlardan biri də seçki prosesidir. Azərbaycanın mükəmməl seçki qanunvericiliyi var, beynəlxalq normalara cavab verən normativ sənədlər mövcuddur. hazırlanıb. Azərbaycanda qəbul olunan yeni seçki məcəlləsi dünya standarlarına cavab verir. Seçki prosesi durmadan təkmilləşir.

Bundan sonra da keçiriləcək seçkilər bu prinsiplərə söykənəcək. YAP bu istiqamətdə çox uğurlara imza atıb ötən seçki dövlərində daim qalib gəlmişdir. Növbəti seçkilərdə də YAP-ın qələbəsi labüddür. Çünki YAP-ın namizədləri cəmiyyətdə kifayət qədər nüfuza malik insanlardır. YAP Binəqədi rayon təşkilatında da seçkilər hazırlıq işləri ciddi və mütəşəkkil şəkildə aparılır. YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələrinə əsasən, qərargahın YAP Binəqədi rayon şöbəsi yaradılıb və onun tərkibi müəyyənləşib, bir neçə iclasını keçirib, fəaliyyət planı təsdiqlənib. Seçkilərlə bağlı çatışmazlıqlar aradan qaldırılıb. Namizədlərin formalaşması prosesi gedib. Binəqədi rayonunda 3 dairə mövcuddur. Bundan əlavə, müştərək dairə Yasamal-Qaradağ-Binəqədi seçki dairəsi də daxildir. Əsasən, üç müstəqil seçki dairəsi üzərində iş aparılır. Bu dairələrdən bizim 3 namizədimiz irəli sürülüb. Artıq növbəti imzatopla uğurla başa çatıb və onlar namizəd kimi qeydə alınıb, vəsiqələr təqdim olunub. Artıq biz MSK-nın təsdiq etdiyi təlim planına uyğun olaraq təbliğat-təşvtiqat kampaniyasına hazırlaşırıq. Seçicilərlə müxtəlif görüşlər keçirilməsi nəzərdə tutulur. Şübhəsiz ki, seçki prosesində ərazi ilk partiya təşikilatlarının rolu yüksəkdir. Məlumdur ki, seçki prosesi seçki məcəlləsinə uyğun həyata keçirilir. Bununla bağlı hər qurumun öz səlahiyyəti, öz funksiyası var. Seçki prosesində bitərəflər, digər siyasi partiyalar qalib ğəlmək məqsədi ilə iştirak edir. Biz də Yeni Azərbaycan Partiyası olaraq məqəsədimiz  seçkilərdə qalib gəlməkdir.Bununla bağlı biz cəmiyyətin siyasi aparıcı qüvvəsi olaraq bu prosesdə fəallıq göstərir, digər tərəfdən seçkilərdə qalib gəlmək məqsədi ilə rayon təşkilatının ərazi ilk partiya təşkilatları bu seçkilərdə bilavasitə iştirak edir. YAP Azərbaycanda mövcud olan 125 dairənin 117-sindən öz namizədini irəli sürüb. O cümlədən, Binəqədi rayonunda mövcud olan əsas 3 dairədən YAP-ın namizədi irəli sürülüb. YAP-ın namizədlərinin bütün proseslərdə seçkiyə hazırlıqla YAP rayon ərazi ilk partiya təşkilatlarının böyük rolu olub və  bu inkarolunmazdır.

Təbii ki, YAP Binəqədi rayon təşkilatı fəal ictimai qüvvə kimi demokratik dəyərlərə yüksək diqqət yetirib, seçkilərdə parlaq qələbə qazanaq üçün töhfəsini verəcək.

- Bildiyimiz kimi, ölkəmizin inkişafında özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası gənclərə böyük diqqət göstərir. Bu baxımdan, YAP Binəqədi rayon təşkilatı gənclərlə işini necə qurur?

- Ümumiyyətlə, ölkə Prezidentimiz hakimiyyətə gəldiyi gündən gənclərə böyük önəm verib. Dövlətimizin prioritet istiqamətlərindən olan dövlət gənclər siyasətinin əsası Ulu Öndərimiz tərəfindən qoyulub. Təsadüfi deyil ki, Binəqədidə də gənclər siyasətinin nümunəvi təzahürü var. YAP Binəqədi rayon təşkilatının bazasında formalaşan, əmək təcrübəsi keçən gənclərimiz var ki, çox qısa müddətdə rayon icra hakimiyyətində və icra orlanlarında təmsil olunur. YAP Binəqədi rayon təşkilatının hazırda 15 000 üzvü var, onların 40 faizə yaxını gənclərdir. Daim gənclərimiz diqqət mərkəzindədir. Qeyd edim ki, rayonda fəaliyyət göstərən 5 bələdiyyədə bizim 79 üzvümüz var. Onun 45-i 35 yaşına qədər olan gənclərdir. Beş bələdiyyədən isə 4-nün sədri 35 yaşa qədər olan gəncdir. Ölkə Prezidentinin apardığı siyasət Binəqədi rayonunda çox uğurla icra olunur. Seçki prosesində gənclərdən ibarət gönüllülər dəstəsi imzatoplama kampaniyasındda iştirak ediblər. Gənclərimizin asudə vaxtlarının təşkili üçün müxtəlif mərhələlər həyata keçirilir. Bundan başqa, rayon təşkilatını gəncləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, eləcə də Gənclər Fondu ilə əməkdaşlıq edir, uğurlu layihələr həyata keçirirlər. Bu yaxınlarda təşkilatımızın baş təlimatçısı Kubra Əliyarlının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə «Şəhidlərimiz xatirələrdə» adlı kitabı nəşr olundu. Bu kitabın gənclərimizin vətənpərvərlik tərbiyəsində böyük bir rolu vardır və uğurlu nəticə vermiş oldu.

Azərbaycan kifayət qədər inkişaf etmiş bir dövlətdir. Və bu inkişafla sürətini davam etdirir. Həyatımızın bütün sahələrində daim inkişaf tərəqqi var. Cənab Prezident bütün çıxışlarında qeyd edir ki, nə olursa hamısı yüksək səviyyədə olmalıdır. Seçki prosesi cəmiyyətimizin həyatında önəmli rol oynadığından parlament seçkiləri ən yüksək səviyyədə keçirilməlidir. Bu bizim hər birimizdən tələb olunur. Dünyada yüksək imic formalaşdıran, daim demokratikləşən, dinamik inkişaf edən, nümunəvi ölkə olan Azərbaycan seçkilərin şəffaf və azad keçirilməsini təmin edəcək.