YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Növbəti seçkilər partiyamızın tarixinə daha bir parlaq nailiyyət kimi yazılacaq

   Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev

- Kamil müəllim, Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Hər seçki  vətəndaşlar qarşısında hesabat deməkdir. Bu baxımdan, Azərbaycanın bölgələrinin inkişafı məsələsi də maraq doğurur. Ötən illər ərzində regionların sosial-iqtisadi inkişafında nə kimi yeniliklər əldə olunub?

- Ümumiyyətlə, dünyada baş verən proseslərin şahidləriyik. Hazırda ölkəmiz qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyalara yüksək dayanıqlılıq göstərir. Dünya üçün çətin keçən illərdə belə iqtisadi potensialını artırmağa nail olan Azərbaycanın nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Ölkəmizdə 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları yerinə yetirilir. İndiyədək 2004-2008, 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı böyük uğurla tamamlanıb, hazırda isə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə yerinə yetirilir. Dövlət proqramlarında nəzərdə tutulan müxtəlif tədbirlərin reallaşdırılması nəticəsində son 12 ildə ölkədə iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə iri şəhərdə cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkə boyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr iqtisadi güc amilinə çevrilib, tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub. 

Son 12 ildə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq əhəmiyyətli dərəcədə aradan qalxıb. Hədəf isə bu istiqamətdə siyasəti bundan sonra da davam etdirməkdən ibarətdir.

Onu da qeyd edim ki, bu inkişaf Biləsuvar rayonunda da özünü əyani surətdə göstərir. Son illər abadlıq quruculuq işləri sayəsində rayonun siması əhəmiyyətli dərəcədə dəyişib, əhalinin rifahı xeyli yüksəlib. Prezident İlham Əliyev digər bölgələrdə olduğu kimi Biləsuvar rayonuna da böyük diqqət və qayğı göstərir. Dövlətimizin başçısı rayonumuza səfərlər edib və hər səfər zamanı rayonumuzda əlamətdar hadisələr baş verib. Belə ki, müəyyən obyektlərin təməlinin qoyulması və yə açılışı mərasimləri olub. Hörmətli Prezidentimizin Biləsuvara hər səfəri rayon ictimaiyyəti üçün unudulmaz anlardır. Biz dövlətimizin başçısının rayonumuza olan yüksək diqqətindən qürur duyuruq.

- Azərbaycanda sosial dövlət quruculuğu həyata keçirilir. Bölgələrin inkişafı əhalinin sosial rifahının yüksəlməsində nə dərəcədə rol oynayır?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət Azərbaycanı sosial dövlət kimi səciyyələndirməyə imkan verir. Ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları dayanır. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə makroiqtisadi sabitlik təmin edilir ki, bunun da nəticəsində əhalinin gəlirləri də artır.
Geniş sosial layihələrin reallaşdırılması da son illərdə Azərbaycanın mənzərəsini tamamlayan əsas cəhətlərdəndir. Son 12 ildə respublikanın müxtəlif bölgələrində təxminən 3 min məktəb tikilib ki, bunun da nəticəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda respublikanın regionlarında qəzalı məktəblərin əsaslı şəkildə yenidən qurulması istiqamətində intensiv iş aparılır. Haqqında bəhs olunan dövrdə ölkə üzrə 500-dən artıq səhiyyə obyekti tikilib və yaxud əsaslı şəkildə təmir edilib.
Əlamətdar haldır ki, respublikamızda sosial obyektlərin, o cümlədən də, məktəblərin tikintisinə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond da sanballı töhfələr verir. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri uğurla reallaşdırılmaqdadır. Heydər Əliyev Fondu 2005-ci ildə təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin həyata keçirilməsinə start verib. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda haqqında bəhs olunan sosial layihələr qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyaların fonunda reallaşdırılır. Məlumdur ki, hazırda bir sıra ölkələr qlobal maliyyə-iqtisadi böhranın təsirlərinə məruz qalaraq öz sosial proqramlarını ixtisar edirlər. Azərbaycan isə dünya üçün çətin şəraitdə belə, bu məzmunlu layihələri yenə də davam etdirir.

- Kamil müəllim, qeyd etdiyimiz kimi növbəti parlament seçkiləri ərəfəsindəyik. Bu seçkilər ərəfəsində partiyamızın cəmiyyətdəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...

- Yeni Azərbaycan Partiyası  Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın olan siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu siyasi təşkilatdır. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Bu mənada Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası hesab olunması təsadüfi deyil.

23 illik fəaliyyəti dövründə partiyamız Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir. Yəni partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.

Seçkilərə gəlincə, bu baxımdan da, YAP ölkəmizdə fəaliyyət göstərən digər siyasi  partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Çünki başqa partiyalar öz seçki texnologiyalarında demək olar ki, heç bir yeniliklər etmirlər. Amma Yeni Azərbaycan Partiyası ölkədə keçirilən seçkilərdə uğurlar qazanır, müasir seçki texnologiyalarını öyrənərək özünün seçki kampaniyalarında tətbiq edir. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərinə də yüksək səviyyədə hazırlıq və uğurlu  seçki kampaniyasının həyata keçirilməsi nəticə etibarilə partiyamızın tarixinə daha bir parlaq nailiyyət kimi yazılacaq. 

- Noyabr ayında ölkəmizdə keçiriləcək parlament seçkiləri dünyanın, beynəlxalq təşkilatların diqqət mərkəzindədir. YAP Biləsuvar rayon təşkilatı bu seçkilərə necə hazırlaşır? 

- Bilirsiniz ki, partyiamız güclü yerli strukturalara malikdir. Yarandığı vaxtdan qısa müddət ərzində YAP-ın bütün bölgələrdə təşkilatları yaradılıb. Bu da xalqın Heydər Əliyev ideyalarına inamından və sədaqətindən qaynaqlanıb. Qürurla deyə bilərəm ki,  YAP Biləsuvar rayon təşkilatı da respublikada ilk yaranan yerli strukturlardan biridir. Hal-hazırda YAP Biləsuvar rayon təşkilatının üzvlərinin sayı 4 min 889 nəfərdir. Ərazi ilk partiya təşkilatlarının sayı isə 70-dir. YAP Biləsuvar rayon təşkilatı üzvlərinin  1416-nəfərini qadınlar, 1360-nəfərini isə gənclər təşkil edir.

Hazırda təşkilatımız parlament seçkiləri kampaniyası ilə bağlı fəaliyyətini davam etdirir. YAP Biləsuvar rayon təşkilatı öz işini YAP Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına uyğun qurmuşdur. Milli Məclisə seçkilərlə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Biləsuvar rayon şöbəsi yaradılmışdır. Seçki Qərargahının  11 nəfərdən ibarət siyasi cəhətdən yetkin, rayon əhalisi arasında böyük nüfuzu olan  partiya üzvü təyin olunub. Seçki Qərargahının üzvləri arasında bir neçə dəfə treninq keçirilmiş və seçki prosessi zamanı onların görəcəyi işlər müəyyən edilib.Eyni zamanda, 10 nəfər səriştəli partiya üzvü imza toplamaq üçün müəyyənləşdirilib və onlara bir neçə dəfə treninq keçirilib. Rayon üzrə  52 seçki məntəqəsinin hər birinə Yeni Azərbaycan Partiyası tərəfindən  1 nəfər müşahidəçi və 1 nəfər məşvərətçi təyin olunub. Seçki qərargahında fəaliyyət göstərəcək 40 nəfərdən ibarət  təşviqat qrupu da yaradılıb. Fəaliyyət proqramına uyğun olaraq ilk dəfə səs verən gənclərlə görüş keçirilib və onlara seçki hüququ, seçki qanunvericiliyi barədə məlumat verilib.

Qeyd edim ki, Biləsuvar rayonu üzrə Milli Məclisə seçkilər 2 dairə üzrə keçiriləcəkdir. Biləsuvar rayonu əhalisinin  sayı isə 97 min 427-nəfərdir. Bu əhalinin  56 min 605 nəfəri səsvermə hüququna malikdir.   66 saylı Biləsuvar Seçki Dairəsi üzrə seçicilərin sayı 47 min 323 nəfər, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi üzrə isə seçicilərin sayı 9 min 282 nəfərdir. Rayon üzrə 52-seçki məntəqəsi fəaliyyət göstərir. Bütövlükdə, biz bütün gücümüzü qarşıdan gələn seçkilərdə partiyamızın seçki kampaniyasının uğurlu olması üçün səfərbər etmişik.

- Partiyamızın siyasətində  gənclərlə iş sahəsinə böyük əhəmiyyət verilir. Eyni zamanda, seçki kampaniyalarına da gənclər geniş şəkildə cəlb olunurlar. Bu baxımdan, YAP Biləsuvar rayon təşkilatı hansı tədbirləri həyata keçirməkdədir?

- Bildiyiniz  kimi, ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Ölkə Prezidenti tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir.

Bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası  da gənclər siyasətinə böyük önəm verir. YAP öz sıralarında 650 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmaları, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına xüsusilə intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu o deməkdir ki, YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər.

Məlum olduğu kimi hazırda YAP üzvlərinin 40 faizə yaxını gənclərdən ibarətdir. Əlbəttə ki, gənclərin partiyamıza axınının  sürətlənməsində  Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti  cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti sahələrində atılan məqsədyönlü addımlar xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, YAP gənclərlə bağlı bir sıra layihələr həyata keçirir ki, bu gənc nəsil tərəfindən maraqla qarşılanır. Həqiqətən, seçki prosesində də gənclər böyük qüvvə kimi çıxış edir. Partiyamız hər zaman bu qüvvədən səmərəli istifadə edir. YAP Biləsuvar rayon təşkilatı olaraq biz də seçki qərargahında fəaliyyət göstərən şəxslər arasında gənclərə böyük üstünlük vermişik və kampaniyanın sonuna qədər bu gücdən istifadə edəcəyik.