YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük uğurlarla gedir

   YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

- Namiq müəllim, bildiyimiz kimi noyabr ayında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası seçkilərlə bağlı ciddi hazırlıq işləri aparır. Bu haqda fikirlərinizi bilmək istərdik...

- YAP əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini cəmiyyətdə daha da artırıb. Bu gün partiyanın sıralarında 650 mindən çox üzvün birləşməsi Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir. 
Xüsusi olaraq vurğulanmalıdır ki,  yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib. Bütövlükdə, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir. YAP ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan hakim siyasi təşkilatdır. Hazırda partiyamız mühüm bir siyasi hadisələr ərəfəsindədir. Bildiyiniz kimi noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. YAP bu seçkilərə hazırdır və uğurlu seçki kampaniyası keçirir. İnanıram ki, partiyamız bu dəfə də seçki kampaniyasını uğurla başa vuracaq. Bunun üçün bütün imkanlar, resurslar səfərbər olunub.

- Son illər Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atır. Bu uğurları şərtləndirən amillərdən nədən ibarətdir?

- Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi  illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu. Cəmiyyətimizin çağdaş lider imici ilə qəbul edərək rəğbət bəslədiyi ölkə başçısı malik olduğu mənəvi keyfiyyətləri, xarizması, diplomatik qabiliyyəti, yüksək intellekti və dünya görüşü ilə XXI əsrin Azərbaycanına rəhbərlik edən Prezident portretini yaratdı. 

Hörmətli Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur. 

- Namiq müəllim, sosial-iqtisadi məsələlərdən də bəhs etdiniz. YAPn ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətə dəstəyini necə dəyərləndirirsiniz? 

- 23 illik fəaliyyəti dövründə YAP ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətə də ciddi və davamlı dəstəyini ifadə edib. Daha doğrusu, siyasi subyekt kimi YAP dövlətin sosial-iqtisadi siyasətinin fəal təbliğatçısı qismində çıxış edib. Başqa sözlə, YAP-ın ideoloji prinsiplərində sosial məsələlər xüsusi yer tutur. Bu mənada YAP-ın da əsas prinsiplərindən biri sosial ədalətin təmin olunması istiqamətində fəaliyyətdir. 
Bir sözlə, partiyanın daxili siyasət strategiyasında da sosial və iqtisadi məsələlər önəmli yer tutur. Belə ki, YAP hər zaman ölkəmizin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, xalqın əmək və ictimai fəallığını artırmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, insanlara sağlam həyat tərzi aşılamaq üçün fəal və məqsədyönlü şəkildə sosial siyasət aparmağa üstünlük verib.

Təbii ki, YAP-ın sosial siyasət sahəsində strateji inkişaf proqramının əsasında insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması, sosial ədalət prinsipinin daim qorunması və müxtəlif sosial qruplar arasında kəskin təbəqələşmənin yumşaldılması durur. Partiya belə hesab edir ki, hər bir insanın yaxşı yaşamağa haqqı var. Məhz Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət də hər bir vətəndaşın zəngin, firəvan, yüksək rifah şəraitində yaşamasına xidmət edir. YAP fəaliyyətində bu yöndə dövlət siyasətinə ciddi dəstək verməkdədir. Partiya fəalları tərəfindən hökumətin bu istiqamətdə reallaşdırdığı tədbirlər, icra olunan proqramlar əhali arasında geniş şəkildə təbliğ edilir. Bununla yanaşı, YAP-ın təşkilatçılığı ilə imkansız ailələrə, ahıl insanlara və valideyn himayəsindən məhrum olmuş uşaqlara mütəmadi olaraq yardımlar edilir, milli bayramlar münasibətilə onlarla görüşlər keçirilir və bayram sovqatı təqdim edilir. Məsələn, Novruz, Qurban, Ramazan bayramlarında Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşmək, onlara bayram sovqatları təqdim etmək YAP üçün ənənə halına çevrilib. 

- YAP Xəzər rayon təşkilatının fəaliyyəti haqqında nə deyə bilərsiniz? Təşkilat qarşısında duran vəzifələri hansı səviyyədə yerinə yetirir?

- Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı ilbəil fəaliyyətini genişləndirir. Nəzərinizə çatdırım ki, təşkilatımızda partiyamızın üzvlərinin sayı 5 min 935 nəfərdir. Onların 3 min 339-u qadınlar, 2 min 282 gənclərdir. Ərazi ilk partiya təşkilatlarının sayı isə 87-dir.

Sevindirici haldır ki, partiyamıza qoşulanların arasında gənclər üstünlük təşkil edir. Təşkilatımızın üzvləri ictimai-siyasi proseslərdə fəaldırlar. Belə ki, bütün seçkilərdə YAP Xəzər rayon təşkilatı xeyli fəallıq göstərib, həm seçiçilər arasında maarifləndirmə işinin, həm də partiyanın təbliğatının aparılmasında bir sıra mühüm tədbirlər həyata keçirilib. 

Ötən dövrdə YAP Xəzər rayon təşkilatı tərəfindən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, o cümlədən, regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial-rifahı halının daha da yaxşılaşdırılması, xarici siyasət sahəsində reallaşan tədbirlərin və qazanılmış uğurların xalqa çatdırılması məqsədi ilə bir sıra tədbirlər keçirilib. Rayon təşkilatına edilən müraciətlərin əksəriyyətində ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasət dəstəklənir, ölkədə aparılan böyük quruculuq işlərinin bəyənildiyi ifadə olunur. 

Son illərdə Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq, Bakı şəhəri və eləcə də, respublikamizin regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xəzər rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır. Bildiyiniz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisdə Xəzər rayonu seçicilərini təmsil edir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi həyata keçirdiyi xeyirxahlıq missiyası da ictimaiyyət, o cümlədən, Xəzər rayonu sakinləri tərəfindən dəyərli bir örnək kimi qəbul olunur. 

YAP Xəzər rayon təşkilatının üzvləri də rayonun həyatında, ictimai-siyasi proseslərdə, quruculuq və abadlıq işlərində fəal iştirak edirlər.

- Rəhbərlik etdiyiniz YAP Xəzər rayon təşkilatı seçkilərə necə hazırlaşır? 

- Partiyanın bütün yerli strukturları kimi Xəzər rayon təşkilatı da parlament seçkilərinə ciddi şəkildə hazırlaşır və YAP rəhbərliyinin tövsiyə və tapşırıqlarını layiqli səviyyədə yerinə yetirməyə çalışır. Bir müddət öncə YAP Mərkəzi Seçki Qərargahının Xəzər rayon şöbəsi yaradıdılıb və şöbənin üzvləri mütəmadi olaraq toplaşaraq gündəlik işlərlə bağlı vəzifələrini yerinə yetirirlər.

Məlumat üçün bildirim ki, Xəzər rayonu üzrə bir neçə seçki dairəsi mövcuddur. Belə ki, 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə 27 məntəqə, 32 min 732 nəfər seçici var. 14 saylı Xəzər seçki dairəsi üzrə 33 məntəqə, 44 min 246 nəfər seçici mövcuddur.

13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə məntəqələrin sayına gəlincə, Mərdəkan qəsəbəsində  9 məntəqə, Buzovna qəsəbəsində  13 məntəqə, Şağan qəsəbəsində  3 məntəqə, Qala qəsəbəsində  2 məntəqə mövcuddur.

YAP Xəzər rayon təşkilatı tərəfindən  bütün dairə və məntəqələrə 1 müşahidəçi və məşvərətçi təyin olunub. Eyni zamanda, partiyamızın namizədlərinin xeyrinə imza toplayacaq şəxslər də müəyyənləşib. Bir sözlə, biz seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün partiya rəhbərliyinin tapşırıqlarını lazımi səviyyədə yerinə yetirmək üçün bütün imkanlarımızı səfərbər etmişik.