YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir

   Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova

- Hicran xanım, bildiyimiz kimi bu gün Azərbaycan qadınlarının cəmiyyətimizdə mövqeyi çox yüksəkdir.  Qadınlar ölkənin ictimai-siyasi həyatında, dövlət idarəçiliyində və bir çox sahələrdə aktiv təmsil olunurlar. Bu baxımdan, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Sizcə, Mehriban xanım Əliyeva hansı xarakterik xüsusiyyətlərinə görə Azərbaycan qadınına nümunədir?

- Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan qadını bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan, müasir dövrdə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili  Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına  nümunədir. O, müasir Azərbaycan  qadın hərəkatının lideri kimi dövlətimizin  tərəqqisi naminə  geniş  fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir  məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.   Mən istərdim  onun qadının ailədəki rolu və ailəyə münasibətini  ilə bağlı dedikləri bəzi fikirləri misal göstərim . “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir:  “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”. Bu ifadələr çox sadədir, eyni zamanda böyük və dərin məna kəsb edir. Məhz bu yanaşmanın nəticəsidir ki, onun həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyaları ilə yanaşı, mədəni, dini, milli- mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur. Bütün bunları harmonik şəkildə reallaşdırmaq, ictimaiyyətə, eləcə də dünyaya çatdırmaq çox çətindir, lakin Mehriban xanım yorulmaz əməyi, güclü iradəsi ilə bu şərəfli  və xeyirxah missiyanı layiqincə yerinə yetirir.

Bir sözlə desək, Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Mehriban Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa,  nəcibliyə, xeyirxahlığa səsləyir. Bir məsələni də qeyd etmək istərdim ki, bu gün bizim bir çox xanımlarımız, gənc qızlarımız onun fəaliyyətindən ruhlanaraq ictimai həyatda aktiv iştirak etməyə başlayıblar.

- Azərbaycan xalqı Mehriban xanım Əliyevanın fəaliyyətini daim dəstəkləyir və yüksək qiymətləndirir. Sizcə, xalqın bu dəstəyinin arxasında hansı amillər dayanır?

- Sizin bu sualınız Mehriban xanımın müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında dediyi fikri yadıma salır. O bunu belə izah edir ki, “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...” Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır.   

Bilirsiniz, müasir dünyanın öz tələbləri var. Qloballaşma şəraitinin tələblərindən biri də, hər bir millət, dövlət özünün varlığını qoruyub saxlamaq və digərlərinə tanıtdırmaq üçün müxtəlif mədəni - kütləvi, ictimai, sosial layihələr keçirirlər. Azərbaycanın müharibə  vəziyyətdə olmasına baxmayaraq, öz tarixini, mədəniyyətini, adət və ənənələrini dünya ictimaiyyətinə çatdırır.  Əlbəttə, bu proses səbr və iradə tələb edir. Mehriban xanımın Azərbaycanın şifahi xalq ədəbiyyatının,  milli - mədəni və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada təbliği, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərin,  yorulmadan, ancaq davamlı aparılan səylərin bu biz müsbət nəticələrini görürük. O, İSESCO və UNESCO-nun xoşməramlı səfiri kim, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edir, mədəniyyətlərarası və  sivilizasiyalararası dialoqun bəraqərar olması üçün bütün səylərini göstərir.

Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında  Mehriban xanım Əliyevanın rolu böyükdür. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir. Əlbəttə, bu  onun gördüyü işlərin bir qismidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idmanı da geniş əhatə edir.

- İyun ayında Azərbaycan mühüm beyənlxalq tədbirə- Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə bir ilkə imza atdı. «Bakı 2015» birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva idi. Sizcə, bu tədbir  ölkəmiz üçün hansı üstünlükləri ilə əlamətdar oldu?

- İlk Avropa Oyunlarının yüksək, güclü və peşəkar səviyyədə təşkil olunması və həyata keçirilməsində  Təşkilat Komitəsinin rəhbəri kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük və əvəzolunmaz əməyi vardır.    Baxmayaraq ki, birinci Avropa Oyunları ərəfəsində və keçirilən müddətdə bizi istəməyən bəzi qüvvələr ölkəmizin əleyhinə müəyyən təxribatlar törətdilər. Lakin bütün xalqımız ölkə Prezidenti, Birinci xanımla birgə  bir milli ideya ətrafında birləşdilər. Əlbəttə, bu xalqımızın onlara yüksək inam və etibarından irəli gəlir.

Mehriban xanımın yüksək səriştəsi, məharəti, ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimindəki çıxışı  bütün dünyaya nümayiş olundu. O, öz timsalında Azərbaycan qadını obrazını yaradaraq qadınlarımızın nələrə qadir olduğunu göstərdi. Bütün dünya bir daha şahid oldu ki, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Azərbaycan qadını beynəlxalq səviyyəli tədbirləri təşkil etməyə və keçirməyə qadirdir.

- Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün nəinki Azərbaycan, eləcə də bir çox ölkələrin ictimai həyatında fəal iştirak edir. Müxtəlif xeyriyyə layihə və proqramlarını həyata keçirməklə yanaşı, Fond aktiv şəkildə Azərbaycanı bütün dünyada təbliğ edir. Bu baxımdan, Fondun fəaliyyətinin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Bildiyiniz kimi, hər bir ölkənin sosial-iqtisadi yüksəlişi, bütövlükdə onun  inkişafını şərtləndirən amillərdəndir.  Azərbaycanda həmin uğurların  əsasını Ümummilli lider Heydər Əliyevin siyasi kursunun  ləyaqətlə davam etdirilməsi təşkil edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində əhalinin rifahı yüksəldilmiş, paytaxtla bölgələr arasında fərqin aradan qaldırılması istiqamətində addımlar atılmışdır. Dövlət başçımızın  cəmiyyətin inkişafına yönəlmiş qərarlar qəbul etməsi, bizi əhatə edən problemlərə böyük həssaslıqla yanaşması  Onun vətəndaşlara olan diqqətinin nümunəsidir.

Qeyd etməliyəm ki, ölkə həyatındakı bu dəyişikliklərdə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu olmuşdur. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliğ edilməsi işini qarşısına məqsəd qoyan Fond, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunmasında, qadın və uşaq hüquqlarının müdafıəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya və s. sahələrində maraqlı layihələr həyata keçirir. Həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Talassemiyasız  həyat”, “Diabetdən əziyyət  çəkən uşaqlara qayğı”,  “Uşaq evləri və internat  məktəblərinin  inkişafı”, “Təhsilə dəstək”, internat həyatı başa çatan qızlar üçün yaşayış  binasının tikilməsi  və digər bu kimi layihələr uşaqların və ümumilikdə ailələrin rifahının yaxşılaşdırılmasına yönəlmişdir.

Mehriban xanımın təşəbbüsü ilə  qadın hüquqlarının müdafiəsi istiqamətində  apardığı işlər xüsusilə qeyd olunmalıdır.  Məsələn, “XXI əsrdə qadınlara qarşı zorakılıq  əleyhinə” layihəsi ölkədə böyük əks-səda doğurmuşdur. Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş  “Məişət  zorakılığı haqqında   Qanun” 2010-cu  ildə qəbul olunmuşdur. Həmin Qanunun qəbul  olunmasında, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişiklik edilməsində   Mehriban xanım Əliyeva böyük təşəbbüs göstərmişdir.  Bunun nəticəsi olaraq, erkən nikahlar və məişət zorakılığı ilə bağlı  cinayətlərin sayı azalmaqdadır.       Mehriban xanımın təşkilatçılığı və dəstəyi ilə qadın məsələləri ilə bağlı ölkədə  keçirilən beynəlxalq tədbirlərin çox böyük əhəmiyyəti vardır.  Onların sırasında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması”, Krans-Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzularda keçirilən konfransları göstərmək olar.

Bütün bunların nəticəsi olaraq deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqları ilə bağlı geniş və əhatəli fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldilməsinə imkan yaratmışdır. O,  ölkənin  dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə nəinki  Azərbaycan Respublikasının, eləcə də müxtəlif dövlət və beynəlxalq təkilatların mükafat və fəxri adlarla təltif olunmuşdur. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti göstərən, bəşəriyyətin ali ideallarına xidmət edən  Mehriban xanım Əliyeva bütün dünyada müasir Azərbaycan qadınının obrazını  təcəssüm etdirir. O nəinki, ölkə qadınları üçün, eləcə də dünya qadınları üçün örnəkdir.

Biz Azərbaycan  qadınları, ölkənin birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə bir daha təbrik edir, ona və ailə üzvlərinə can sağlığı, xeyirxah fəaliyyətlərində, məsuliyətli və şərəfli missiyanın yerinə yetirilməsində böyük uğurlar arzulayırıq.