YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan elmi inkişaf yolundadır

Müsahibimiz Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Rafiq Məmmədhəsənov

- Rafiq müəllim, siz Milli Məclisin Elm və təhsil komitəsinin üzvüsünüz. Azərbaycan elminin  inkişafı haqqında fikirlərinizi bilmək istərdik...

- Bu gün Azərbaycan elmi inkişaf yolundadır. Amma elmin inkişafı haqqında danışarkən bilməliyik ki, biz uzun illər sovet dövlətinin tərkibində qapalı olmuşuq. İndi isə Azərbaycan elmi dünyaya inteqrasiya edir. Sovet dövründə isə yalnız müttəfiq respublikalara gedə bilirdik. İndi dünyanın hər yerinə gedib Azərbaycan elmini təmsil edirik. Bu yaxınlarda ABŞ-da Bostonda Ümumdünya Diabet Assosiasiyasının konqresində iştirak etdim. Eləcə də, Kipr, Almaniya, Fransa, Belçika, İsrail və başqa ölkələrdə Azərbaycan elmini təmsil etmişəm. Yəni elmimiz artıq dünyaya inteqrasiya edir. Lakin 200-300 il  müstəqillik tarixi olan dövlətlərin elmi ilə bizim elmimizi müqayisə etmək doğru deyil. Müstəqil Azərbaycanın bu gün 24 yaşı var. Amma ölkəmiz dinamik inkişaf gedir. Bu gün yüksək  bilikli gənclər yetişir ki, sabah elmimizə böyük töhfələr verəcəklər. Mən Tibb Universitetində çalışıram və qeyd edim ki, universetdə təhsil alan gənclərin bir hissəsi  təhsillərini Avropa ölkələrində davam etdirirlər.

Yəni demək istəyirəm ki, bu sahədə   birdən-birə yenilik gözləmək olmaz. Hazırda görülən işlər gələcək üçün böyük perspektivlər vəd edir. Hesab edirəm ki, elmimizin gələcəyi böyükdür. Hər il dövlət büdcəsindən elmə ayrılan vəsait artır. Bu da gənclərin elmə marağını artırır.

- Hazırda ölkəmizdə səhiyyə sahəsində də böyük islahatlar aparılır. Bu islahatlar Azərbaycan səhiyyəsinin inkişafında hansı yeniliklərlə müşahidə olunur?

- Azərbaycanda səhiyyə sahəsi uğurla inkişaf edir. Dövlətimiz bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Ümumiyyətlə, Azərbaycanda səhiyyənin inkişafı ötən əsrdən başlayıb. Bu sahənin inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə ilk keçirdiyi yığıncaq səhiyyə ilə bağlı olub. O, sovetlər dövründə ali məktəblərə qəbul zamanı Tibb Universitetinə gəlirdi, bu ali məktəbə qəbulun vəziyyəti ilə maralanırdı.

Bir sözlə, Ulu öndərimiz həmişə səhiyyəyə xüsusi diqqət ayırırdı. Müstəqillik illərində də Ulu öndərimiz bir neçə dəfə bizim Tibb Uiversitetinə gəlib. Heydər Əliyev deyirdi ki, həkimlər mənim bir nömrəli dostumdur. Eyni zamanda, onu da vurğulayırdı ki, həkimlik qədər ülvi sənət yoxdur. Çünki bu insanların sağlamlığına, cəmiyyətə xidmət edir. Bilirsiniz ki, Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyeva, qayınatası Əziz Əliyev ixtisasca həkim idilər. Yəni ailədə də həkimin olması bilavasitə bu sahəni diqqəti istər-istəməz diqqət mərkəzində saxlayırdı.

Sovetlər dövründə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda xeyli sayda tibb ocaqları, diaqnostik mərkəzlər tikilib istifadəyə verilmişdi. Baxmayaraq ki, ondan əvvəlki rəhbər ixtisasca həkim olsa da, bu sahəyə lazımi diqqət yetirməmişdi. Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən, səhiyyə sahəsi Onun kurasiyasında idi. Moskvada səhiyyə ilə bağlı tədbirlərdə Heydər Əliyev çıxış edərkən, görkəmli akademiklər Onun çıxışlarına heyran qalırdılar. Onlar deyirdilər ki, Heydər Əliyev hər zaman yüksək  tibbi təhsili olan şəxs kimi çıxış edir.

Ulu öndərimizin bu sahədə müəyyənləşdirdiyi siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Son illər regionlarımızda yüzlərlə tibb ocaqları tikilib istifadəyə verilib ki, onlar da əhalinin sağlamlığına xidmət edir. Bu tibb müəssisələrinin bir çoxunun təməlqoyma və açılış mərasimlərində dövlət başçısı şəxsən iştirak edib. Məsələn, mənim çalışdığım Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının təməlini qoyan Prezidentimiz onun açılış mərasimində də iştirak edib. Yəni dövlətimizin başçısı bu sahənin inkişafına xüsusi diqqət yetirir.  

Mən MDB-də elə ölkə tanımıram ki, Azərbaycan qədər səhiyyə ilə bağlı 11 dövlət proqramı həyata keçirsin. Ölkəmizdə yod çatışmazlığı, şəkərli diabet xəstələrinə dövlət qayğısı, xroniki böyrək çatışmazlığı, onkoloji xəstəliklər, vərəm və s. xəstəliklərlə bağlı dövlət proqramları qəbul edilərək icra olunur. Bütün proqramlara əsasən xəstələr dövlət vəsaiti hesabına müalicə olunur, onların dərmanları dövlət tərəfindən verilir. Məsələn, Rusiya bizim  şəkərli diabetlə bağlı qanunumuzu model qanun kimi qəbul edib. Yəni dövlətimiz bu sahəyə xüsusi fikir verir. Bütün bunların hamısı dövlətin öz vətəndaşına qayğısıdır.

- Əhalinin sağlamlığının qorunması ilə bağlı qanunvericilik bazasını qənaətbəxş hesab edirsinizmi? Sizcə, bu sahədə daha hansı qanunların qəbul olunması zəruridir?

- Milli Məclisdə bir sıra tibbi yönümlü qanunlar qəbul olunub. Mən şəkərli diabet xəstələrinə qayğı və yod çatışmazlığı ilə bağlı qanunların hazırlanması üzrə işçi qruplarına  rəhbərlik etmişəm. Məncə, bu sahə ilə bağlı kifayət qədər qanun qəbul olunub. Bilirsiniz,  xəstəliklər çoxdur və hər bir xəstəliyə görə qanun qəbul etmək mümkün deyil. O qanunlar qəbul edilir ki, hansı ki,  geniş yayılıb, bəşəriyyətə təhlükə törədir. Eləcə də, Azərbaycanda bu tipli qanunlar qəbul edilir. Məsələn, onkoloji xəstəliklər bəşəriyyətdə bir problemdir. Eləcə də, şəkərli diabet bütün dünyada yayılıb. Hazırda dünyada 300 milyon şəkərli diabet xəstəsi var. Proqnozlara görə, 2025-ci ilə kimi bu rəqəm  500 milyon nəfərə çatacaq. Azərbaycanda bu xəstəliklərlə bağlı, eləcə də, yod çatışmazlığı xəstəliyi, ana və uşaqların sağlamlığı və s. qanunlar qəbul olunub.

Hazırda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə də dövlət tərəfindən xüsusi qayğı göstərilir. Sovet dövründə bu tipli  xəstələr hemodializ almaq üçün Moskvaya getməli idilər. Yəni bunun çarəsi yalnız Moskvada idi. Bizdə məşhur neftçi Qurban var idi, onun da hemodializə ehtiyacı olub. O, xəstəliyinin müalicəsinə kömək etmək etmək üçün o zaman Ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Heydər Əliyev də onun Moskvaya gedib dializ almasına kömək etmişdi. Artıq belə mərkəzlər ölkəmizdə də var. İlk olaraq hemodializ mərkəzləri Bakıda açıldı, daha sonra isə regionlarda da yaradıldı. Hazırda böyrək çatışmazlığından əziyyət çəkən xəstələr dövlət hesabına, təmənnasız olaraq bu mərkəzlərdən istifadə edirlər.

Bir sözlə, Azərbaycanda geniş yayılmış xəstəliklərlə əlaqədar qanunlar qəbul edilib. Əgər zərurət yaranarsa, başqa qanunların da qəbul olunması istisna deyil.

- Siz Milli Məclisdə bölgələri təmsil edirsiniz. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Bütün bunların əhəmiyyəti nədən ibarətdir?

- Son illər regionların inkişafı böyük vüsət alıb. Bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib. Mən tez-tez xarici ölkələrə səfər edirəm və deyə bilərəm ki, bölgələrimiz Avropa ölkələrindəki vəziyyətdən heç də fərqlənmir.

Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrimizdə böyük işlər həyata keçirilir. Həm bu prosesin birinci mərhələsində, həm də hazırki mərhələdə görülən işlər yüksək qiymətə layiqdir. Bu dövlət proqramları regionlarda infrastrukturun yaradılması, qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin yaradılması əhalinin sosial-rifah halının yüksəlməsinə birbaşa təsir göstərən amillərdən biri olub. Eyni zamanda, daha bir mühüm strateji məsələ ölkəmizdə işsizliyin azaldılması, məşğulluq siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır. Regionların inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılmasını vacib hesab edərək bu prosesə şəxsən nəzarət edir.

Bildiyiniz kimi ölkəmizdə 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır və bu proses böyük dinamika ilə müşahidə olunur. Proqramların icrası nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bu gün də bu proses uğurla davam edir. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. 

Qeyd etmək lazımdır ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa,  bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur. Bütün bunlarla yanaşı, bölgələrdə xeyli sayda tibb ocaqları, məktəblər, mədəniyyət evləri, sosial obyektlər də tikilib istifadəyə verilir. Görülən bu işləri Prezidentimizin ölkə vətəndaşlarına qayğısının ifadəsidir.

- Rafiq müəllim, bildiyimiz kimi Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Bu hadisənin əhəmiyyəti haqqında da fikirlərinizi bilmək istərdik..

- Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi, öz qüdrətini göstərdi. Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Oyunlarda idmançılarımız da şücaət göstərdilər və biz bu yarışı ikinci yerdə başa vurduq.

Bu tədbir vasitəsilə Azərbaycanı bütün dünyada tanıdı. Məsələn, açılış mərasimi xüsusilə yaddaqalan idi. Burada  Nizaminin əsərlərindən miniatürlər göstərildi. Bizim Nizami olanda Avropada heç nə yox idi. Bu onu göstərir ki, Azərbaycan xalqı nə qədər qədim, yüsək mədəniyyətə malik olan böyük xalqdır. Bunların hamısı tarixdir. Hamı tədbirin yüksək təşkilatçılığına heyran qalmışdı. Təbii ki, Oyunların yüksək səviyyədə keçirilməsində ən böyük zəhməti Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı, «Bakı 2015» birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çəkdi.

Eləcə də, Oyunların bağlanış mərasimi möhtəşəm oldu. Kamança, «Sarı gəlin» dünyaya bir daha həqiqətlərimizi çatdırdı. Yəni zəngin mədəniyyətimiz də dünyaya təqdim olundu. Bu, həm də ermənilərə bir cavabdır ki, onların tarixi yoxdur. Başqalarının qoltuğunda oturmaqla xalq olmaq mümkün deyil.

Bir sözlə, Azərbaycan yeni bir tarix yazdı. Bu, Azərbayanın fəxridir. Mən şəxsən bu hadisədən qürur duydum. İnanırıam ki, gələcəkdə Azərbaycan daha böyük nailiyyətlər əldə edəcək.