YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Geosiyasi dəyişikliklər Azərbaycana yeni strateji üstünlüklər vəd edir

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov

-Cavid müəllim, ADA Universitetinin təşkilatçılığı ilə Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın keçirilməsinin əhəmiyyətini necə şərh edərdiniz?

-ADA Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxaq konfranslar artıq ənənə halını alıb. Mayın 3-də Şuşada keçirilən 4-cü Konfrans Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda təşkil olumuşdu. Konfransda çıxışının əvvəlində Prezident İlham Əliyev vurğuladı ki, Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək bu arzu artıq gerçəkləşib. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır. Ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi.

Beynəlxaq konfransda Prezident İlham Əliyev bir sıra ciddi bəyanatlar da səsləndirdi. Ölkə başçısı bildirdi ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar.

-Konfransda Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması prosesi xüsusi diqqət mərkəzində oldu...

-Azərbaycanın  sülh mövqeyindən çıxış etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, kommunikasiyaların açılması Ermənistanın da marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Əgər rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Ermənistan yenə də təcrid olunacaq. Bir halda ki,  Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır.

Azərbaycanın beynəlxalq aləmdə zamanla ikili standartlarla üzləşdiyini qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizdə beynəlxalq hüququn üstünlük qazanacağı ilə bağlı bütün illüziyalar yoxa çıxıb. Azərbaycanda uzun illər əvvəl dərk edilib  ki, bizə heç kim kömək etməyəcək. Əgər güclü Ordumuz olmasa, gənc nəsli təkcə torpaqları uğrunda deyil, həm də öz şərəfləri uğrunda mübarizə aparmasaydı, həmişə işğal altında olacaqdı.

- Prezident İlham Əliyev konfransda beynəlxalq müstəvidə baş verən proseslər haqqında verilən sualları ətraflı cavablandıraraq mühüm mesajlar verdi...

-Dünyada baş verən proseslərdən bəhs edərkən ölkə başçısı qeyd etdi ki, dünya heç vaxt Rusiya-Ukrayna müharibəsinə qədər olduğu kimi olmayacaq. Bir çox Avropa ölkəsi, NATO üzvləri üçün aydındır ki, onlar təhlükəsizlikləri və müdafiə qabiliyyətləri ilə bağlı daha ciddi tədbirlər görməli idilər. Çünki onlar özləri rəhbərlik səviyyəsində etiraf ediblər ki, özlərini müasir silahlar, sursatlarla təchiz etmək üçün kifayət qədər iş görməyiblər. Geosiyasi dəyişiklik Avropanın, dünyanın hərbiləşməsinə gətirib çıxaracaq. Azərbaycan isə geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq.

Konfransda İranla bağlı fikir bildirən Prezident İlham Əliyev Azərbaycanın hər zaman İran ilə olan əlaqələri inkişaf etdirməyə çalışdığını vurğuladı. Ölkələrimizin çox fəal ticarət əlaqələri olub. Nəqliyyatla bağlı məsələlərdə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fəal işlər görülüb və bu əlaqələrin böyük potensialı var.  İşğal dövründə ölkəmizin İrandan daha çox gözləntiləri var idi. İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs veriblər. Bununla belə, Azərbaycanda yaşayan insanlar kimi, dövlətimiz də İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyil. İran və Ermənistan qonşudurlar. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi. Sonrakı dövrdə isə İran yük maşınlarının, dövri olaraq, Qarabağa hərəkət etdiyi ifşa edildi. Bu, tamamilə qanunsuz idi, çünki İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu cür işlərlə məşğul olmalı deyildi. İrandan Azərbaycana qeyri-qanuni daşımalar davam etdiyi üçün İrana diplomatik nota verildi. İran səfiri Xarici İşlər Nazirliyimizə dəvət olundu və məsələ ictimai qaydada açıqlandı. Lakin, əfsuslar olsun ki, daşımalar dayanmadı və hətta daha intensiv forma aldı. Hətta İran Azərbaycan sərhədinə yaxın hərbi təlimlər təşkil etməyə başladıqda, ölkəmiz bunu da emosional addım kimi dəyərləndirdi. Prezident İlham Əliyev birmənalı olaraq bəyan etdi ki, İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir. Onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.

Prezident İlham Əliyev  konfransda  ölkəmizin Türkiyə, Gürcüstan və Pakistanla olan yüksək səviyyəli əlaqələrindən, həmçinin beynəlxalq aləmdə tərəfdaş ölkələrlə olan  münasibətlərindən də bəhs etdi. Hazırda Azərbaycanın regionda və dünyada yüksək nüfuz sahibi olmasını diqqətə çatdıran ölkə başçısı onu da qeyd etdi ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Azərbaycan maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcək. Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır. Avropa İttifaqı da Azərbaycanın enerji layihələrini qəti şəkildə dəstəkləyir.