YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın regionları dinamik inkişaf edir

Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev

- Tahir müəllim, həyata keçirilən  dövlət proqramlarının regionlarımızın sosial-iqtisadi inkişafı prosesində əhəmiyyəti nədən ibarətdir? 

- Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Bu mənada Azərbaycanın regionlarının inkişafı da xüsusi vurğulanmalıdır. 2004-cü ildən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çox uğurlu nəticələr verməkdədir. Bu proqramların nəticəsində bölgələrimizin siması tamamilə dəyişib, yeni infrastrukturlar yaradılır, iş yerləri açılır, yeni yollar çəkilir, kəndlər qazlaşdırılır və s. Bir sözlə, görülən işlər əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir. Əminliklə demək olar ki, dövlət proqramları ölkəmizin 
sosial-iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ” elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edən, ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir.
Qeyd etmək yerinə düşər ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa  bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.
Hesab edirəm ki, 2013-2018-ci ili əhatə edən Dövlət proqramının arxada qalan bir ili nikbin danışmağa tam imkan verir. Çünki ötən bir il ərzində bölgələrdə genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə «Azərbaycan Respublikası regionlarının sosial-inkişafı (2013-2018-ci illər) Dövlət Proqramı»nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda əldə olunmuş nəticələr vurğulandı. Həmçinin, qarşıdakı hədəflər barədə geniş məlumat verildi. Təbii ki, görülən işlər əhalinin rifahına xidmət edir. Xalqımız Prezident İlham Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işləri birmənalı şəkildə dəstəkləyir. İnsanlar inanırlar ki, dövlət başçısının siyasəti ölkəmizi daha güclü, daha qüdrətli, daha firəvan edəcək.

- Bölgələrdə yeni sənaye, emal  müəssisələri yaradılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı da xüsusi diqqət mərkəzindədir. İqtisadiyyatın diversifikasiyası baxımdan bu sektorun əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə ki, bölgələrdə sənaye müəəsisələrinin yaradılması çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, son illər ölkə üzrə yaradılan müəssisələrin böyük hissəsi regionların payına düşür. Bu bölgə əhalisinin işlə təminatı baxımdan ciddi fakt olmaqla yanaşı bütövlükdə qeyri-neft sektorunun inkişafında mühüm amildir.
Hazırda dünyada neftin qiymətinin aşağı düşməsi, iqtisadi böhran ölkəmizə elə də ciddi təsir etməyib. Dünyada baş verən kataklizmlərin fonunda Azərbaycanın sabitlik və inkişaf adası kimi səciyyələnməsi bir sıra obyektiv amillərlə bağlıdır. Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadiyyatını sırf neft amili üzərində qurmayıb. Zamanında həyata keçirilən preventiv tədbirlər, islahatlar kursu, iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi respublikamızın güclü iqtisadi dayaqlarını formalaşdırıb. Son illərdə Prezident İlham Əliyevin ciddi səyləri sayəsində ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi Azərbaycan iqtisadiyyatının qlobal risklərə, o cümlədən də, neftin qiymətinin aşağı düşməsinə yüksək dayanıqlılıq göstərməsini şərtləndirən amillər sırasında mühüm yer tutur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda bu göstərici 45 faizə düşüb və ÜDM-də qeyri-neft sektorunun payı 60 faizə yaxınlaşıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, məhz şaxələndirmə siyasətinin, əvvəlki illərdə ölkə iqtisadiyyatının diversifikasiyası üçün çoxlu investisiya yatırılmasının nəticəsidir. 
Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun daha da inkişafı üçün böyük potensial mövcuddur. Bilirsiniz ki, bölgələrdə sənaye məhəllələri yaradılacaq ki, sənaye sahəsinin inkşafına ciddi təkan verəcək. Eyni zamanda, kənd təsərrüfatının, turizmin inkişafı üçün ardıcıl olaraq tədbirlər həyata keçirilir. Bütün bunlar nəticə etibarilə qeyr-neft sektorunun ÜDM-də payının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. 

- Ölkə Prezidentinin sərəncamı ilə 2015-ci il Azərbaycanda «Kənd təsərüfatı ili» elan olunub. Sizcə, bu il çərçivəsində həyata keçirilən tədbirlər  regionların inkişafına necə təsir göstərəcək? 

- Əvvəlcə onu deyim ki, Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin Azərbaycanda «Kənd təsərrüfatı ili» elan olunması dövlətin bu sahəyə diqqətinin əyani göstəricisidir. Bilirsiniz ki, ölkəmizdə aqrar sahənin inkişafı üçün indiyə qədər bir çox addımlar atılıb. Bu il isə bu sahədə daha böyük uğurlar əldə edə bilərik.  Hesab edirəm ki,  respublikada kənd təsərrüfatının inkişafı üçün davamlı addımlar bundan sonra da atılacaq. Xatırladım ki, MDB məkanında ilk dəfə Azərbaycanda torpaq islahatları həyata keçirilib. Bu fakt isə dövlətin aqrar sahəyə verdiyi böyük önəmin göstərici idi.
Aqrar sahə ilə əlaqədar xeyli sayda qanunlar da qəbul edilib ki, bu da kənd təsərrüfanın inkişafında vacib rol oynayır. Eləcə də, dövlət başçısı tərəfindən bu sahənin inkişafı ilə əlaqədar fərman və sərəncamlar verilir. Hesab edirəm ki, ölkə Prezidentinin sərəncamı ilə 2015-ci ilin Azərbaycanda «Kənd təsərrüfatı ili» elan olunması  bu sahənin inkişafına göstərilən diqqətin davamlı olduğunu təsdiq edir. Bütün bu faktlar təsdiq edir ki, kənd təsərrüfatının inkişafı ölkəmiz üçün prioritetdir. Çünki bu sahə qeyri-neft sektorunda mühüm yer tutur.  Fikrimcə, «Kənd təsərrüfatı ili» çərçivəsində çox ciddi tədbirlər həyata keçiriləcək. Bütün bunlar isə nəticə etibarilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayacaq. Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri ərzaq təhlükəsizliyinin tam təmin olunmasıdır. Bu mənada görülən işlər məhz qarşıya qoyulan bu məqsədlərə çatmağa hədəflənib.

- Tahir müəllim, bələdiyyələrin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Ötən dövr ərzində bu qurumlar fəaliyyətlərini nə dərəcədə təkmilləşdirə biliblər?

- Təbii ki, bələdiyyələr öz fəaliyyətini ildən ilə təkmilləşdirirlər. Ötən dövr ərzində yerli özünüidarəetmə orqanları müəyyən inkişaf yolu keçib, bir sıra müsbət nəticələrə imza atıblar. Hesab edirəm ki, 2014-cü ilin dekabrında keçirilən son bələdiyyə seçkilərindən sonra bu qurumların fəaliyyətində daha böyük nəticələr əldə oluna bilər. Çünki yeni tərkibdə gənclər, qadınlar, ali təhsilli insanlar əvvəlki dövrlə müqayisədə daha çox üstünlük təşkil edir. Bu, həm də o deməkdir ki, bələdiyyələrin yeni tərkibi kadr potensialı baxımından da əhəmiyyətlidir.  
Artıq vətəndaşlarımız yerli özünüidarə strukturlarının iş prinsipi ilə yaxından tanış olur, bələdiyyələrin onların həyatında oynadığı rolu dəyərləndirirlər. Digər tərəfdən, bələdiyyələrin gördükləri işlər də artıq nəzərə çarpır. Bu sistemdə aparılan islahatlar, bələdiyyələrin birləşdirilməsi yönündə atılan addımlar yerli özünüidarə strukturlarının fəaliyyətinin daha da effektiv xarakter almasına gətirib çıxarıb. Bu mənada, vətəndaşlarımız bələdiyyələrin yaradılmasında, fəaliyyətində daha aktiv iştirak etmək istəyirlər. Bu mənada hesab edirəm ki, qarşıdakı dövrdə bələdiyyələr öz fəaliyyətlərində daha böyük uğurlar əldə edə biləcəklər. 

- Bəs bələdiyyə qanunvericiliyinin təkimlləşdirlməsi istiqamətində hansı addımların atılması nəzərdə tutulur? 

- Bildiyiniz kimi Milli Məclisin yaz sessiyası artıq öz işinə başlayıb. Bu sessiya ilə bağlı Regional məsələlər komitəsi də iş planını təsdiqləyib. Komitə tərəfindən bir sıra qanun layihələrinin parlamentin plenar iclasına çıxarılması nəzərdə tutulur. Bugünlərdə komitəmizdə bəzi layihələr müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olundu. 
Onlardan biri “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsidir. Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş yeni qanun layihəsi 3 fəsil, 20 maddədən ibarətdir. Yerli özünüidarə orqanlarının nüfuzunun artırılması, vətəndaşların bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi bu qanunun əsas məqsədidir. Bələdiyyə üzvlərinin peşəkarlığının və fərdi məsuliyyətinin artırılması üçün layihədə tapşırıqların yerinə yetirilməsi, loyallıq, mədəni davranış, qərəzsizlik, korrupsiyanın qarşısının alınması kimi məsələlər öz əksini tapıb, həmçinin hədiyyə qəbul etmə ilə əlaqədar məhdudiyyətlər ehtiva olunub.    
Bir sözlə,  Azərbaycanda bələdiyyə qulluqçularının etik davranışları qanunla tənzimlənəcək. Qanunda bildirilir ki, bələdiyyə qulluqçusunun xidməti davranışı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. Qanunun 5.2 bəndinə əsasən bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə bağlı vəzifələrin icrasına uyğun olmayan və onun adına xələl gətirə biləcək, habelə yerli özünüidarə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Həmçinin, bələdiyyə qulluqçusunun insanların, hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar və hərəkətlər etməsi qanunla qadağan edilir.  Bundan başqa, qanunda vurğulanır ki, bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki çəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Etik davranış qaydalarını pozan bələdiyyə qulluqçuları isə intizam məsuliyyətinə cəlb olunacaq.
“Bələdiyyə qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklərə görə isə vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdirilir. Belə ki, qanunun 5-ci maddəsinin ikinci hissəsində “bələdiyyənin sədri birbaşa təyin edir” sözləri “bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir” sözləri ilə əvəz edilib.  İndiyə qədər bələdiyyə qulluğuna işçiləri bələdiyyənin sədri qəbul edirdi. Hazırki təklifə görə, bələdiyyənin müsabiqə komissiyası yaradılır və bu seçki komissiyasının müsbət qərarı olandan sonra bələdiyyə sədri o şəxsləri bələdiyyə qulluqçusu kimi işə götürə bilər. Hesab edirəm ki,  bələdiyyə qanunvericiliyinə təklif edilən bu dəyişikliklər yerli özünü idarəetmə orqanlarında şəffaflığın təmin edilməsi və bələdiyyələrlə cəmiyyət arasında daha sıx münasbətin yaranmasına səbəb olacaq.
Eyni zamanda, yaz sessiyası ərzində bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatı təqdim olunacaq. Təbii ki, bu hesabat bələdiyyələrin ötən il ərzində fəaliyyətinə bir baxış olacaq. Ümumilikdə isə hesab edirəm ki, yaz sessiyasında bizi məhsuldar fəaliyyət gözləyir.