YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zəfər Partiyası

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə

-Pərvin xanım, noyabrın 21-də Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili tamam olur. Partiyanın yaranmasını zəruri edən faktorlar nədən ibarət idi?

- Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi şəraitin daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada bənzəri olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 7 ay sonra siyasi hakimiyyətə gəldi.

- Ulu öndər Heydər Əliyevin siyasi mirası olan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf yolunu necə xarakterizə edərdiniz?

-Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 800 min nəfərə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.

Beləliklə, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər sistemli xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. YAP ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.

Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.

Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Qeyd edək ki, bu gün partiyanın üzvlərinin 40 faizi gənclərdən ibarətdir. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində qeyd edib: “Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.

- Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin əsasında hansı amillər dayanır?

- Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. YAP ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayıb. Bütün bunlar müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Partiyamızın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir.  Prezident İlham Əliyev də vurğulayıb ki, partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.

Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. YAP-ın həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.

- YAP-ın VII Qurultayının ölkəmizin və partiyamızın həyatında əhəmiyyəti nədən ibarətdir?

-2021-ci ilin mart ayında keçirilən VII qurultay partiyanın həyatında yeni mərhələnin başlanğıcıdır.  Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi. Dövlətimizin başçısı da qeyd etdi ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.

Bütövlükdə, Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər isə Yeni Azərbaycan Partiyasının da zəfərlər partiyası olduğunu təsdiqləyir.  Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək!