YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti öz bəhrəsini verməkdədir

   Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

- Musa müəllim, Azərbaycan cəmiyyətində ötən ilin sosial-iqtisadi yekunları müzakirə olunur. 2014-cü ilin nəticələrini necə qiymətləndirirsiniz? 

- Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli liderimiz Heydər Əliyevdir. Məhz Heydər Əliyev siyasəti nəticəsində müstəqil dövlətimiz inkişaf yoluna çıxıb. 2003-cü ildən isə bu inkişafın yeni, əzəmətli mərhələsi başlayıb. Bu mənada başa vurduğumuz 2014-cü ilin nəticələrini  2003-cü ildən başlayan sosial-iqtisadi inkişaf konsepsiyasının davamı kimi səciyyələndirmək  olar. Ötən il regionların sosial-iqtisadi inkişafı uğurla davam edib ki, bu da Azərbaycan xalqının sosial-iqtisadi həyatına öz töhfələrini verdi. 2014-cü ilin ən xarakterik xüsusiyyətlərindən biri də ölkədə qeyri-neft sektorunun sürətli inkişafı kimi yadda qalmasıdır. Bilirsiniz ki, ÜDM-nin yarıdan çoxu qeyri-neft sektorunun hesabına formalaşdı. Bu da onu göstərir ki, Prezident İlham Əlyievin iqtisadiyyatın şaxələndirilməsi siyasəti Azərbaycanda öz bəhrəsini verməkdədir. Məhz bu siyasət nəticəsində ötən il inflyasiya cəmi 1,4 faiz səviyyəsində olub. Bu, yüksək göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artıb. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələyib. Ümumilikdə isə əhainin rifahı da xeyli yüksəlib. 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Eləcə də,  Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, işsizlik 5 faizdən aşağıdır. Bütün bunlar uğurlu siyasətin nəticələridir. Bununla yanaşı, təqaüdlər də artırılıb və bir sıra sosial layihələr uğurla həyata keçirilib. Bütün bunlar Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə təsir göstərən faktorlardan biridir. 
Ümumiyyətlə, 2003-cü ildən başlayaraq Azərbaycanda 3000-ə qədər ümumtəhsil məktəbi binası, 600 tibb müəssisəsi tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. Eyni zamanda, xeyli sayda parklar salınıb, yollar, körpülər tikilib və s. Yəni bütün bunlar  əhalinin rifahına müsbət təsir göstərən amillərdir. 
Ötən ilin ən mühüm nəticələrindən biri də beynəlxalq  hesabatlarda Azərbaycanın rəqabətqabiliyyətliliyinə görə dünyada 38-ci yerə çıxması olub. 200 dövlət arasında Azərbaycan ilk 40 dövlətin sırasında qərarlaşdı. MDB məkanında ilk olaraq ölkəmiz belə bir uğura imza atıb. Bu, ölkəmizin sosial-iqtisadi dayanıqlılığının göstəricisidir. Yəni xarici kapital qarşısında ölkənin müqavimət gücü var. Bir sözlə, rəqabətlilik indeksi ölkə iqtisadiyyatının potensialını, sahibkarlığın, biznesin inkişafı üçün yaradılan ictimai-hüquqi şəraitin səviyyəsini göstərir.
Önəmli məqamlardan biri də odur ki, ötən il Azərbaycana 28 milyard manat həcmində investisiya qoyulub. Bunun da, 11 milyard manatı daxili investisiya idi. Bu o deməkdir ki, Azərbaycan dövləti güclüdür, sahibkarlarımızın  imkanı var ki, özləri investisiya yatırsınlar. Sahibkarlarımız hətta xarici ölkələrə də ciddi sərmayə qoyurlar. 2014-cü  ildə  transmilli layihələrin həyata keçirilməsi istiqamətində də ciddi addımlar atılıb. Ötən il «Cənub» qaz dəhlizinin təməlinin qoyulması  TAP və  TANAP layihələrinin reallaşması istiqamətində çox ciddi faktordur. Bütün bunlar onu göstərir ki, Azərbaycan gələcəkdə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqda davam edəcək. Eləcə də, ötən il Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətli hissəsi inşa olunub və bu il layihə yekunlaşa bilər. Əlbəttə ki, görülən bu işlər dövlətimizə, xalqımıza divident gətirən addımlardır. 

- Azərbaycan regionlarının  sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunmaqdadır. Sizcə, proqram və layihələr bölgələrdə  əhalinin rifahına necə təsir göstərir?

- Regionaların sosial-iqtisadi inkişafına dair dövlət proqramları yüz  illər boyu müstəqil Azərbaycanın tarixində qalacaq çox uğurlu layihədir. Bu layihə 2004-cü ilin fevralından həyata keçirilir ki, artıq onun üçüncü mərhələsi reallaşdırılır. Bilirsiniz ki, bu proqramın həyata keçirilməsində məqsəd, qeyri-neft sektorunun inkişafını təmin etmək, respublikanın bütün regionlarını proporsional şəkildə inkişaf etdirmək, neft sektorundan gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltmək və Azərbaycanın neftdən asılılığını aradan qaldırmaqdan ibarətdir. Eyni zamanda, rayonların və onların kəndlərinin inkişaf səviyyəsini qaldırmaq, əhalinin məskunlaşmasını və məşğulluğu təmin etmək, yerlərdə normal gəliri olan iş yerləri ilə təmin etmək də başlıca məqsədlərdən biridir. 
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının birinci və ikinci mərhələsi investisiya qoyuluşlarına, infrastrukturun yaradılmasına, magistral  yolların çəkilməsinə, elektrik energisi sisteminin yenidən qurulmasına, qaz təminatının yaxşılaşdırılmasına, bu sahədə xüsusi layihələrin həyat keçirilməsinə yönəlmişdi. Eyni zamanda, yeni iş yerlərinin açılması, turizmin inkişafı, aqrar sektorun inkişafı da diqqət mərkəzində olub. 
Artıq üçüncü mərhələ isə açılmış iş yerlərinin rəqabətqabiliyyətli məhsul istehsalını qarşıya məqsəd qoyub. Məqsəd Azərbaycan brendlərinin, Azərbaycan markalı məhsulların xarici bazarlara çıxarılmasını təmin etməkdir. Təsadüfi deyil ki, bu yaxınlarda Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda da vurğulandı ki, artıq Azərbaycanın müvafiq strukturları, səfirlərimiz iş adamları ilə birgə məhsullarımızın xaricdə  satışı üçün bazarlar axtarmalıdırlar. Artıq keyfiyyətli məhsullarımız istehsal olunub ki, onların ixracı ilə məşğuluq. Ölkə Prezidentinin də bildirdiyi kimi Azərbaycan həm sənaye, həm tikinti malları, həm də kənd təsərrüfatı məhsulları ilə özünü təmin etmək səviyyəsindədir. Bir sıra məhsullar var ki, onları xarici bazarlara çıxarmaqla ölkəmizə yeni kapital gətirməyə çalışmalıyıq. Bu,  artıq mümkündür. Artıq sözügedən konfransda bu məsələyə diqqətin artırılması zərurəti vurğulandı. 

- Ölkəmizdə aqrar sahənin potensialını necə qiymətləndirmək olar? Bu sahənin inkişaf perspektivləri haqqında fikirlərinizi bilmək istərdik...

- Bəli, Azərbaycanda aqrar sahənin potensialı çox böyükdür. Ona görə də, bu sahənin inkişafına diqqət daha da artırılmalıdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin Azərbaycanda «Kənd təsərrüfatı ili» elan olunması bu baxımdan çox əhəmiyyətlidir. Ümumiyyətlə, kənd təsərrüfatı Azərbaycanda tarixən inkişaf etmiş və öz ənənəsi olan sahələrdən biridir. Azərbaycanın imkanı var ki, özünü kənd təsərrüfatı  məhsulları ilə təmin etməklə yanaşı xarici bazarlara Azərbaycan brendi olan kənd təsərrüfatı məhsullarını çıxarsın. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən  müvafiq addımlar atılır, bu sahədə məhsuldarlığın artırılması üçün tədbirlər görülür. Eyni zamanda,  yeni texnologiyaların istifadə olunur, fermer və digər kəndli təsərrüfatlarına böyük güzəştlərin edilir, subsidiyalar verilir. Yəni bütün şərait yaraldılır ki, insanlar kənd təsərrüfatı işlərinə daha fəal qoşulsunlar. 
Azərbaycanda digər inkişaf etməkdə olan sahə İKT-dir. Bilirsiniz ki, Azərbaycanın iki süni peyki kosmik orbitə çıxarılıb. Üçüncü peykimiz isə  2017-ci ildə orbitə çıxarılacaq. Bunlar da ölkəmizə xeyli divident və gəlirlər gətirəcək. 
Ölkəmizdə inkişaf potensialı olan digər sahə isə turizmdir. Turizmin inkişafı da son illər daha da yüksəlib. Azərbaycanın bu baxımdan dünyanın cəlbedici ölkələrindən birinə çevrilməkdədir. Nəqliyyat sektoru da qeyri-neft sektorunun xüsusi qoludur ki,  gəlir gətirən sahədir. Bu sahənin inkişafına da ciddi diqqət verilir. Bir sözlə, dövlət proqramları çərçivəsində görülən işlər regionların inkişafına, ölkənin daha da yüksəlişinə səbəb olub. Bu gün ölkəmizin istənilən rayonunun mərkəzi qonşu ölkələrin paytaxtlarından daha gözəldir, daha abaddır və daha inkişaf etmiş görünür. Bu da heç şübhəsiz ki, xaricdəki iş adamlarını Azərbaycana gəlməyə, burada yatırımlar etməyə  sövq edir. Bütün bunlar isə Azərbaycanın daha da inkişafına xidmət edən faktlardır. 

- Musa müəllim, radikal müxalifətin nümayəndələri ölkəmizin sosial-iqtisadi inkişaf göstəricilərini təhrif etməyə çalışır. Onların bu mövqeyinə münasibətiniz necədir? 

- Bilirsiniz, bu insanların abır-həyası olsaydı, çoxdan siyasətdən gedərdilər. Onlar əmək kitabçalarına yazılmaq xatirinə faydalı işlərlə məşğul olardılar. Sonralar isə  övladları, nəvələri öz yaşıdları qarşısında utanmazdılar ki, böyükləri ömrü boyu faydalı işlə məşğul olmayıblar. Belə adamlar demaqogiyadan əl çəkməlidir. Xaricdəki müəyyən dairələrin tapşırıqları ilə dövlətimizin əleyhinə bəyanat verməkdən əl çəkmək lazımdır. Bu adamlar reallıqları qəbul etməlidir. 
Neft gəlirlərinin düzgün istifadə olunmaması haqda deyilənlər tamamilə yanlış mövqedir. Məsələn, müvafiq dövlət proqramı çərçivəsində 5 mindən çox gəncimiz dünyanın ən aparıcı universitetlərində təhsil alırlar. Onlar məhz dövlətin ayırdığı vəsait hesabına xaricdə oxuyurlar. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində bu faktı qəbul etməmək mümkündürmü? Əlbəttə ki, yox. Yuxarıda qeyd etdiyim kimi 10 ildən artıq bir müddətdə  3000 məktəb, 600 tibb müəssisəsi tikilib istifadəyə verilib, yüzlərlə parklar salınıb, yollar çəkilib. Eləcə də,  bölgələr abadlaşır, 1 milyon 300 mindən çox yeni iş yerləri açılıb. Bunlar hamısı nəyin hesabınadır? Przident İlham Əliyevin düzgün siyasətinin nəticəsidir. Bunlar hamısı neft  gəlirlərinin düzgün bölüşdürülməsinin və balanslaşdırılmasının hesabınadır.
 Bu gün dünya böyük iqtisadi böhran içərisində çapalayır. Avropanın böyük dövlətləri öz siyasətlərinə yenidən baxırlar, iş yerləri ixtisar olunur, əmək pensiyaları kəsilir, əməkhaqları aşağı salınır. Amma Azərbaycan bu böhranı elə də hiss etmir. Onun hesabına hiss etmir ki, vaxtında neftdən gələn gəlirlər düzgün istiqamətləndirilir. Bu gün ölkəmizin 50 milyard dollardan artıq valyuta ehtiyatı var. Yəni Azərbaycan dövləti  iki il ərzində heç bir gəlir əldə etmədən xalqımızı bugünkü səviyyədə yaşatmağa qadirdir. 
Bütün bunların müqabilində radikal müxalifətin nümayəndələrinin utanmadan dövlətin siyasətinin düzgün olmadığını iddia etməsi qərəzli mövqeyin göstəricisidir. Əslində, onların belə  fikirlərinə münasibət bildirmək də lazım deyil. Onların kim olduğunu xalq yaxşı bilir. Əgər sözlərində həqiqət olsaydı, ən azı keçirdikləri  mitinqlərdə ailə üzvlərindən başqa adamlar da iştirak edərdi. Belələri  müxtəlif xarici kəşfiyyat orqanlarına işləyən adamlardır. Bunların bir hissəsi ifşa olunub, hazırda istintaq altındadır, digər hissəsi də yəqin öz növbələrini gözləyirlər. Ümumilikdə, isə ölkəmizin sosial-iqtisadi durumu haqqında radikal müxalifətin nümayəndələrinin fikirlərini  qeyri-ciddi hesab edirəm.