YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Böyük Qayıdışın ilk addımı atılır: Ağalı kəndi sakinlərini qarşılamağa hazırdır

   Milli Məclisin deputatı Əliabbas Salahzadə

-Əliabbas müəllim, ilk dəfə olaraq 28 May tarixini Müstəqillik Günü kimi qeyd etdik. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu bayramı ikiqat bayram edən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakı oldu. Dünyaya örnək göstərilən Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını, müttəfiqliyini necə şərh edərdiniz?

-Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixi köklərə malikdir. Təkcə 44 günlük Vətən müharibəsinin başlandığı 2020-ci ilin 27 sentyabrından bugünədək keçilən yola nəzər salmaq kifayətdir ki, bu qardaşlığın sarsılmazlığını, əbədi olmasını böyük qürurla deyək. İkinci Qarabağ savaşının başlandığı ilk andan Azərbaycanın yanında olan qardaş Türkiyə, dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə mənəvi və siyasi dəstəyini sonadək göstərdi. Tarixi Zəfərimizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci il tarixdə keçirilən Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin iyununda Milli Qurtuluş Günündə Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı, nəinki ölkəmizin, Türk dünyasının mədəniyyət paytaxtı Şuşamızda oldu, bu məkanda Müttəfiqlik Bəyannaməsi imzalandı. Türkiyə Prezidenti azad Qarabağa, azad Şuşaya ilk səfər edən dövlət başçısıdır. Bu, Azərbaycan-Türkiyə qardaşlığının, böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” tezislərinin  təsdiqidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. Ötən ilin oktyabrında Azərbaycan və Türkiyə Prezidentləri Qarabağın dünyaya açılan qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının  açılışını birgə etdilər. Beynəlxalq standartlara cavab verən   bu hava limanı Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində reallığa çevrildi. Bundan sonra Zəngilanda iki dost, qadaş ölkənin birgə investisiya layihəsi olan “Dost Aqropark”ın təməli qoyuldu.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərində ölkəsinin yaxından iştirakını qardaş dəstəyi adlandıran Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan hər bir çıxışında bildirir ki, İkinci Qarabağ müharibəsində düşmənə qalib gələn Azərbaycan xalqının Qələbəsinə öz uğuru kimi sevinən Türkiyə xalqı azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də Azərbaycana hər cür dəstəyini davam etdirəcək.

Azərbaycan-Türkiyə qardaşlığının  dünyaya nümayişi olan mühüm addımlar sırasında dövlət başçısı İlham Əliyevin mayın 14-də  Türkiyəyə işgüzar səfəri çərçivəsində  Rize-Artvin Hava Limanının açılış mərasimində, 28 May-Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı  Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştiraklarını qeyd etməliyik. Bu mühüm hadisələr bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Qardaş ölkənin Prezidentinin  Azərbaycanın ilk dəfə Müstəqillik Günü kimi qeyd etdiyi 28 Mayda  ölkəmizdə olması, bayram tədbirlərində iştirakı  iki ölkənin liderlərinin də qardaşlığının dünyaya təqdimatı oldu. “Bir ananın iki oğlu, bir ağacın iki qolu” kimi dəyərləndirilən Azərbaycan və Türkiyə hər zaman bir yerdə olub və bundan sonra da bir yerdə olacaqlar. İki qardaş ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallaşan layihələr ölkələr, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantıdır. Postmünaqişə dövrünün əsas reallıqlarından olan yeni əməkdaşlıq formatlarının yaradılmasında vacib amil olan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatında da hər iki dost ölkə öz sözlərini deyirlər. “TEKNOFEST Azərbaycan” festivalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq”, Prezident İlham Əliyevin “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” kimi fikirləri Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə baxış fonunda gələcəyinin aydın mənzərəsini təqdim edir.

-Ötən həftənin mühüm hadisələri sırasında dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri oldu. Bu səfər Böyük Qayıdış barədə hansı təsəvvürü yaratdı?

-Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə hər səfəri tarixi hadisə kimi dəyərləndirilir, Böyük Qayıdışa doğru atılan addım kimi xarakterizə edilir. Hər bir səfər mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin kçirilməsi, tarixi və dini abidələrimizin bərpası istiqamətində mühüm addımların atılması, yol, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yenidən qurulması ilə yadda qalır. Hər bir bölgənin inkişafında yol infrastrukturu əsasdır. Dövlət başçısı İlham Əliyev bu məsələyə xüsusi diqqət göstərir. Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də bu baxımdan diqqətçəkən oldu. Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olan dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda  Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən ölkə Prezidenti  Ağalı kəndinin sakinləri ilə görüşündə Azərbaycanın müstəqillik tarixindən geniş bəhs edərək  diqqəti tarixi Zəfərimizə yönəltdi və əminliklə  bildirdi ki,  Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də  milli ləyaqətimizi bərpa etdik.

Postmünaqişə dövrünün reallıqları fonunda “Böyük qayıdış”  prosesindən bəhs edən dövlət başçısı İlham Əliyev  bərpa-quruculuq işlərinin  surətlə davam etdiyini, birinci pilot layihənin  məhz Zəngilanda  Ağalı kəndində icra edildiyini diqqətə çatdırdı.  200 evdən ibarət müasir kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşası  nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Təbii ki, atılan bütün addımların təməlində soydaşlarımızın rahat yaşayışı, bu ərazilərimizin ən müasir formada yenidən qurulması dayanır. Tarixi sahibinə qovuşmuş bütün torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İnfrastruktur layihələri reallaşdırılır. Avtomobil, dəmir yolları çəkilir, Beynəlxalq Hava Limanları tikilir. Qeyd etdiyimiz kimi, ötən il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Bu il isə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.  Zəngilanda “Dost Aqropark” salınıb. Digər ərazilərdə də aqroparkların yaradılması nəzərdə tutulub. Təkcə bir səfər çərçivəsində açılışı və təməlqoyma mərasimi keçirilən, eyni zamanda, bərpa və yenidənqurma işləri davam edən sosial obyektlərin say tərkibinə diqqət yetirməklə Böyük Qayıdış barədə aydın təsəvvür yarada bilərik.   Böyük Qayıdışın ilk addımı atılır. Ağalı kəndi sakinlərini qarşılayacaq

- Əliabbas müəllim, işğaldan azad edilmiş ərazilərimizdə qısa müddətdə görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın gələcək iqtisadi inkişafını necə xarakterizə edərdiniz?

 - Dövlət başçısı İlham Əliyevin Ağalı kəndinin sakinləri ilə görüşündə qeyd etdiyi kimi,  hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir.

Erməni vəhşiliklərinin şahidi olan bu ərazilərimiz tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Bu torpaqlarda yeni həyatın başlanması, əvvəlki simalarına  qayıtmaları üçün zamana böyük ehtiyac var. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti bütün bu işləri öz daxili imkanları hesabına görür. Azərbaycan 30 ilə yaxın dövrdə müharibə vəziyyətində yaşasa da iqtisadi imkanlarını artırmaq üçün mühüm addımlar atdı və uğurlu nəticələri göz önündədir.

Bugünümüzün əsas hədəfi bu ərazilərdə bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq və soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır. Cənab İlham Əliyevin vurğuladığı kimi, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. İnsanların qayıdışı üçün şərait olmalıdır. Birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək.

30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımızda həyat canlanır, yeni nəfəs duyulur. Hər bir ərazimiz özünəməxsus iqtisadi imkanlara malikdir. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonlarıın yeni bölgüsünün həyata keçirilməsi, yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının  yaradılması, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi işğaldan azad edilmiş torpaqlarımızın malik olduqları potensialdan səmərəli istifadə etməyi təmin edəcək. Tezliklə bu ərazilərimiz böyük investisiyalar, turizm məkanına çevriləcək. Azərbaycanın gələcəkdə  dayanıqlı  inkişafının təmin olunması üçün geniş imkanlar yaranır.  Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan öz iqtisadi inkişafı ilə dünyanın diqqətində olacaq. İqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar mövcuddur. Qeyri-neft sektorunun inkişafı əhalinin məşğulluğuna, işsizlik probleminin həllinə dəstək olacaq. Bu ərazilərdə də Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST, ABAD mərkəzlərinin yaradılması kiçik və orta sahibkarlığın inkişafını sürətləndirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilərimiz sözün əsl mənasında dirçələrək ölkə iqtisadiyyatının inkişafında öz payları ilə diqqətdə olacaqlar.