YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası Heydər Əliyev dönəmində qoyulub

Müsahibimiz Milli Məclisin deputatı Əli Hüseynli

- Əli müəllim, ölkə ictimaiyyət bu günlərdə - Vətən və xalq qarşısında misilsiz xidmətlərə imza atmış Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd etməkdədir. Sizcə, Heydər Əliyevin siyasi fəaliyyəti daha çox hansı tərəfləri ilə yadda qalıb?

- Bilirsiniz, Heydər Əliyev bütün həyatı boyu boyu ölkəmizin inkişafı və xalqımızin firavan həyatı üçün elə bir fəaliyyət nümunəsi nümayiş etdirib ki, onun istiqamətlərini dəyər baxımından bir-birindən fərqləndirmək çox çətindir. Çünki bu amala bütün varlığı ilə bağlı olan Ümummilli liderimizin baxışlarında dövlətin və xalqın taleyi ilə əlaqəli bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub.  Lakin dünya miqyasında Heydər Əliyev ilk növbədə dövlətçilik prinsiplərinə son dərəcə ciddi yanaşan böyük siyasətçi kimi tanınır. Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası da məhz Ulu öndərimizin dövründə  qoyulub.  Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını Heydər Əliyevin sayəsində gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Respublikamıza rəhbərliyi dövründə Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.

- Siz Ulu öndərin fəaliyyətinin birinci, yəni sovetlər dönəmindəki dövrünü necə səciyyələndirərdiniz?

- Ümummilli liderimizin 1969-1982-ci illərdə misli görünməmiş  xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi o dövrdə ölkəmizdə qanunçuluğun və hüququn möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi super dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı ilə orada da böyük nüfuz qazanmışdı. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və müsəlman-türk dünyasının fəxrinə çevrilmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin məqsədlərin, o cümlədən keçmiş Dağlıq Qarabağ məsələsində ermənilərin separatist niyyətlərinin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq taleyüklü məqamlarda Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur. 20 yanvar faciəsinindən dərhal sonra o, həyatını real təhlükə altına ataraq Moskvada sovetlər birliyi rəhbərliyini ifşa etməklə imperiya siyasəti əleyhinə çıxaraq doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirdi.

- Heydər Əliyevi xatırlayarkən ilk növbədə onun xilaskar obrazı göz önünə gəlir…

- Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.

Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə Naxçıvandan respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.

Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat  dirçəldi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.

Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini yaraatmağa nail oldu. İlk milli Konstitusiyanı gerçəkləşdirməklə demokratik hüquqi dövlət quruculuğu prosesinə güclü təkan verildı. Ölkədə hüquqi dövləti qurmaq üçün mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyət bölgüsü kimi prinsiplər yaradıldı.

Ulu öndər ordu quruculuğunu prioritet fəaliyyət istiqamətlərindən biri elan edərək eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında təşəbbüsü ələ almaqla danışıqlar prosesində Azərbaycanın üstün mövqeyini təmin etdi.

 Bir sözlə, Heydər Əliyev dövlət və xalq naminə bir insanın, rəhbərin, şəxsin edə biləcəyi nə varsa, hamısını edib. Və bu nailiyyətləri etibarlı əllərə ötürüb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 18 ilin bənzərsiz uğurlu nəticələri və xüsusilə,  ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər bu danılmaz  həqiqətin bariz sübutudur.

Tarixi paralellər aparsaq, görərik ki, Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, İlham Əliyev isə bu siyasəti davam etdirərək ölkənin ərazi bütövlüyünü təmin etmişdir. Bunların hər ikisi –müstəqillik və ərazi bütövlüyü tarixi xilaskarlıq missiyasının bir-birini tamamlayan qoşa qanadlarıdır. Çünki dövlətin mövcudluğu baxımından vəhdətdə olmalı bu iki şərtin birini digərsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanın nail olduğu bu uğur siyasi varisliyin ən bariz nümunəsidir.

-Ötən ay Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı Əlaqələndirmə Şurasının yeni tərkibində təmsil olunan şəxs kimi Sizdə hansı təəssüratı yaratdı? Bu hadisəni Heydər Əliyevin azərbaycançılıq və milli biurlik ideyası kontekstində necə dəyərləndirərdiniz?

- Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı, şübhəsiz, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra xalqımız üçün ən gözəl müjdədir. Həqiqətən də bu, çox əhəmiyyətli və dəyərli bir təşəbbüsdür. Böyük siyasi əhəmiyyət kəsb edən bu tədbiri ilk öncə azərbaycan xalqının milli birliyinin təcəssümü kimi dəyərləndirmək lazımdır. Mədəniyyət paytaxtımız olan azad Şuşada keçirilən bu toplantı bir daha sübut etdi ki, sayı 50 milyonu ötmüş dünya azərbaycanlılarının ürəyi hər zaman  doğma Vətənin nəbzi ilə bir vurur. Bu, dünyaya verilən bir ismarıcdır: biz hər zaman öz milli mənliyimizə və qürurumuza sahib çıxa biləcək böyük və qalib xalqıq.

Milli həmrəylikdən söz düşərkən ilk növbədə gözümüzün önündə ən böyük azərbaycanlı saydığımız Ulu öndər Heydər Əliyevin siması canlanır. Çünki bu istiqamətdə fundamental uğurların əldə olunması, həqiqətən də,  ilk növbədə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, xaricdə yaşayan həmvətənlərimizlə bağlı fəaliyyətin inkişafı istiqamətində də mühüm addımlar atıldı. 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edildikdən sonra milli diaspor hərəkatı daha geniş vüsət aldı.

 Heydər Əliyev məhz soydaşlarımızın “azərbaycançılıq” ideyası ətrafında sıx birləşərək təşkilatlanması istiqamətində  göstərdiyi ölçüyəgəlməz xidmətləri sayəsində “ümummilli lider” zirvəsinə yüksəlmişdir. Ona görə də “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!” sözləri bu gün vətəninə və xalqına bağlı olan hər bir azərbaycanlının milli birlik şüarına çevrilərək həmrəylik himni kimi səslənir. Bu mənada “Zəfər qurultayı”nın Ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsində baş tutması, hesab edirəm ki,  həm də Heydər Əliyev şəxsiyyətinə milli ehtiramın ifadəsidir.