YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin çıxışı bu günə və sabaha hesablanmışdır

   YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev

-Tahir müəllim, məlum olduğu kimi aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirildi. Cari ilin üç ayı ərzində əldə olunan nəticələri necə dəyərləndirirsiniz?

-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş çıxışında çox ciddi və hər bir vətəndaşı düşündürən məqamlara aydınlıq gətirilmiş, bu günün reallıqları öz əksini tapmışdır. Söylənilən fikirlər bu gün üçün çox dəyərli olmaqla bərabər, həm də gələcəyə hesablanmışdır. Azərbaycan bu gün iqtisadi cəhətdən dünyanın inkişaf edən ölkələrindən biri hesab olunur. Sosial sahədə dövlətin keçirdiyi tədbirlər yüksək qiymətləndirilir və qəbul olunmuş mühüm dövlət proqramları, layihələr, qəbul olunan qərar və sərəncamlar bilavasitə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmişdir. Düşmən üzərində qazanılmış tarixi qələbə və Azərbaycan Prezidentinin düşünülmüş daxili və xarici siyasəti, sülh çağırışları, humanitar, xeyirxah addımları dövlətimizi bütün dünyada şöhrətləndirmiş, beynəlxalq aləmdə nüfuzunu qat - qat artırmışdır.     

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola, beynəlxalq təşkilatlarda söz demək, məsələləri həll etmək imkanına malik olan, dünya dövlətləri ilə sıx əməkdaşlıq edən bir dövlətdir. Son illər BMT, Avropa İttifaqı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla münasibətlərin yaxşılaşdırılması Azərbaycan həqiqətlərinin dərk edilməsində, haqqın - ədalətin bərpasında, qazandığımız tarixi qələbədə tərəfdaşlarımızın sayının artmasında özünü aydın göstərmişdir. Bu baxımdan da Prezidentimiz müşavirədəki  çıxışına ilkin olaraq beynəlxalq təşkilatlarla əlaqələrdən başlamış, müsbət və mənfi amillərə diqqəti yönəltmiş, bundan sonra da bu istiqamətdə fəaliyyətin səmərəli davam etdirilməsinə önəm verəcəyini bildirmişdir.                                      

Sözsüz ki, Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının, ATƏT - in Minsk qrupunun, ATƏT - in Parlament Asambleyasının fəaliyyətindən razı qala bilməz. Çünki  bu beynəlxalq təşkilatlar Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qaldığı bir müddətdə öz öhdəliklərinə, qəbul etdiyi qərar və qətnamələrə əməl etməmiş, hadisələrə ikili standartlardan yanaşmış, Ermənistanı təcavüzkar bir dövlət kimi torpaqlarımızdan çıxmağa vadar etməmişlər. Onların həyata keçirilməli olduqlarını nəhayət Azərbaycan rəhbəri, müzəffər ordumuz, qəhrəman xalqımız görməyə müvəffəq olmuş və Ermənistan ordusunu darmadağın edilərək torpaqlarımızdan qovulmuşdur.                                                                    

Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti beynəlxalq təşkilatlarla münasibətlərin sağlamlaşdırılmasına və genişləndirilməsinə səbirlə, təmkinlə, ağılla yanaşmağı və lazımı nəticələrin əldə edilməsi, milli maraqlarımızın qorunması üçün atılan hər bir addımın dəyərləndirilməsini vacib hesab edir və bundan sonra da bu istiqamətdə fəaliyyəti davam etdirməyi qarşıya məqsəd qoyur. Çünki bu dünya dövlətləri tərəfindən dəstəklənməyimiz, dövlətimizin imici üçün çox vacibdir.                                                                                                                  

-Müşavirədə işğaldan azad olunmuş ərazilərdə görülmüş və bundan sonra görülən işlər haqqında da ətraflı məlumat verildi. Bu barədə nə deyə bilərsiniz?

-Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu onun iqtisadi inkişafı ilə sıx bağlıdır və istər müharibə dövründə, istərsə də pandemiyanın hökm sürdüyü illərdə çətinliklərə məruz qalmamağımız, böhran yaşanmaması iqtisadiyyatımızın davamlı və rəqabətqabiliyyətli  olduğunu bir daha sübut etdi. Cari ilin birinci rübünün yekunları da bunu deməyə əsas verir. Ölkə üzrə ümumdaxili məhsulun 6,8 faiz, qeyri - neft iqtisadiyyatının 10 faizdən, sənaye istehsalının 4 faiz, qeyri sənaye istehsalının 18 faizdən, xarici ticarət dövriyyəsinin 60 faizdən çox artması, ixrac hesabına 5,1 milyard dollar gəlir gətirilməsi ölkə iqtisadiyyatının inkişafda olduğunu göstərir. Müşavirədə səsləndirilən fikirlər ölkəmizin sosial, iqtisadi vəziyyətinin, şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısının, məmur - vətəndaş münasibətlərin yaxşılaşdırılmasının, bürokratik əngəllərin aradan qaldırılması sahəsində görülən tədbirlərin, işğaldan azad olunmuş ərazilərdəki vəziyyət və yenidən qurmanın, abadlıq, bərpa işlərinin aydın mənzərəsini yaradır.                                             

“Böyük Qayıdış” ərəfəsində olmağımız bir fəxr və qürur doğurur. Cənab Prezident fərəhlə qeyd edir ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, Ağalının açılışı olacaq. Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanılacaq. Üç məktəbin tikintisi bu il başa çatmalıdır. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək. Ağdamda 210, Fizulidə 180 çarpayılıq xəstəxanaların tikintisinə başlanılıb. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.                       

Ölkə başçısı qeyd edir ki, “Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır. Azərbaycan xalqı bu yanaşmanı təsdiq edir. İndi artıq Şuşada bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilir və bu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm. Tarixi abidələr bərpa edilir. Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq”.                         

Azərbaycan Prezidentinin müşavirədəki çıxışı hər bir vətəndaşda böyük qürur hissi doğurur. Çünki görülən işlər dövlətimizin inkişafı, iqtisadiyyatımızın yüksəlişi, ölkəmizin beynəlxalq aləmdə tanıdılması və insanların sosial - rifahının daha dolğun təmin edilməsi üçün əhəmiyyətlidir. Bu hər bir insan tərəfindən alqışlanır və yüksək qiymətləndirilir.