YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2018-ci ilin Prezident seçkiləri ölkəmizin böyük zəfərlərinin əsasını qoydu

   Milli Məclisin deputatı Kamaləddin Qafarov

Kamaləddin müəllim, 2018-ci ilin aprel ayının 11-də Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstəyi həm də ölkəmizdə hər kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin ən bariz göstəricisi kimi dəyərləndirmək olarmı?

- Şübhəsiz, bu, məhz belə idi. 2018-ci ilin aprel ayının 11-də, Azərbaycan xalqı həmişə olduğu kimi, növbəti dəfə də müdrik seçim edərək, cənab İlham Əliyevi yenidən Ölkə Prezidenti seçdi. Ölkənin səsvermə hüququna malik olan vətəndaşlarının 74.3 % -nin iştirak etdiyi və müxtəlif partiyaları təmsil edən 8 namizədin qatıldığı şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçkilərdən sonra andiçmə mərasimində etdiyi çıxışında Prezident İlham Əliyev belə demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Azərbaycan xalqı 2003-cü ildən sonra ardıcıl olaraq üç dəfə məhz  Heydər Əliyev siyasi kursuna öz dəstəyini verdi və yalnız İlham Əliyevi ölkə rəhbərliyində görmək istəyini birmənalı şəkildə ifadə etdi. Sizin də qeyd etdiyiniz kimi, 2018-ci ilin aprel ayının 11-də Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək həm də ölkəmizdə hər kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin ən bariz göstəricisi oldu.

 - Bu qələbəni xalqın həm də müxtəlif dövlətlər və qüvvələr tərəfindən dəstəklənən pozucu ünsürlərə, “5-ci kolona” verdiyi tutarlı cavab kimi də qiymətləndirmək mümkündürmü?

-  Bəli, 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, Azərbaycan xalqı ölkənin siyasi arenasında destruktiv mövqelərdə duran radikal və xain qüvvələri görmək istəmir. Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri uğurla həyata keçirilən düşünülmüş balanslı xarici siyasət sayəsində 2018-ci ilədək artıq bir çox yüksək nəticələr əldə olunmuşdu. O cümlədən, Prezidentimizin Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmasına nail olması üçün münbit şərait yaranmışdı. Ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artması, əlbəttə ki, Azərbaycan vətəndaşının diqqətindən kənarda qala bilməzdi. Belə olan şəraitdə, mövcud hakimiyyətə qarşı radikal müxalif mövqelərdən çıxış edən qüvvələr xalqın dəstəyini ala bilməzdilər və almadılar. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, birmənalı olaraq xalqın bütün radikal qüvvələrə verdiyi “yox” cavabıdır. Azərbaycan xalqı 2018-ci ildə bir daha bəyan etdi ki, sözügedən qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.

- Bu dövr ərzində ölkəmizin davamlı inkişaf tempini necə dəyərləndirərdiniz?

- Azərbaycanın  müstəqil və uğurlu xarici siyasət yürütməsinə imkan yaradan əsas amillərdən biri də iqtisadi inkişafın davamlılığıdır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə belə bir fikri səsləndirib: “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”. Dövlətimizin başçısı məhz bu baza prinsipinə əsaslanaraq davamlı iqtisadi islahatların təşəbbüskarı kimi çıxış edir.

2003-2018-ci, eləcə də sonrakı illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu gün ölkəmizin xarici əməkdaşlıq istiqamətləri arasında enerji sahəsi xüsusi yer tutur və bu sahədə də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini milli maraqlar və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir. 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoruna xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Təbii ki, bütün bu hadisələr Azərbaycanın iqtisadi gücünün artmasını təmin etdi və ölkəmizin beynəlxalq arenalarda mövqeylərini daha da möhkəmləndirdi. Birmənalı olaraq vurğulanmalıdır ki, Prezident İlham Əliyevin siyasətində həyata keçirilən əsas prioritetlər Vətənin müdafiəsi və xalqın rifahıdır.

- Kamaləddin müəllim, bu dövrdə reallaşmış 44 günlük Vətən müharibəsi və  möhtəşəm Zəfərimiz barədə nə deyə bilərsiniz?

-  Möhtərəm dövlət başçımızn həyata keçirdiyi müstəqil xarici siyasətin ən əhəmiyyətli nəticələrindən biri kimi məhz Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəmizi göstərmək lazımdır. Müharibənin 44 günü ərzində Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə etdi və genişmiqyaslı əks-hücum əməliyyatlarını böyük uğurla həyata keçirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətə düşüb. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşıb. Məhz bu siyasət sayəsində Qarabağ münaqişəsi sona çatdı, Ermənistan və onun bütün dünyada olan havadarları Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi və geostrateji reallıqları qəbul etməyə məcbur oldular. Bir sözlə, 2018-ci ilin Prezident seçkiləri ölkəmizin böyük zəfərlərinin əsasını qoydu.