YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zəngəzur dəhlizi region ölkələri arasında qarşılıqlı iqtisadi münasibətləri stimullaşdıracaq

   Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev

- Sizin fikrinizcə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı zamanı hansı vacib məqamlara toxunub və hansı mesajlar səsləndirib?

- Dünyanın ən nüfuzlu, sabit inkişaf etməkdə olan ölkələri arasında Azərbaycan öz layiqli yeri ilə seçilir. Təbii ki, bu da, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, eləcə də  milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Təşəbbüskarı olduğu bir sıra irimiqyaslı layihələrlə nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verən Azərbaycan noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Birlikdə gələcəyə” devizi ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısinda da qlobal əhəmiyyətli bir sıra təşəbbüslərlə çıxış edib. Nümayiş etdiyi siyasi iradə və atdığı addımlarla təşkilatın fəaliyyətinin qlobal miqyasda səmərəliliyinə töhfə verməklə üzv dövlətlərin hər birinin böyük etimadını qazanan Azərbaycan Prezidenti ölkəmizin İƏT-in fəal üzvü olmaqla yanaşı Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək göstəriləcəyini diqqətə çatdırıb. Zirvə Görüşünə məğrur lider kimi qatılan Prezident İlham Əliyev Azərbaycanın  beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı uğurla davam etdirəcəyini vurğulayıb.

- Dövlət başçısı Zəngəzur dəhlizinin əhəmiyyəti ilə yanaşı qeyd edib ki, genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır...

- Bütünlükdə türk dünyası tərəfindən  razılıqla qarşılanan Zəngəzur dəhlizinin bərpası bu gün ölkə başçısının qeyd etdiyi kimi reallığa çevrilib. Yeni nəqliyyat infrastrukturundan, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindən İƏT-ə üzv ölkələrinin də istifadə etməsi  Azərbaycanın bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə növbəti  töhfə olacaq. Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerdə qərarlaşması, ümumi daxili məhsulunun üç dəfədən çox artması ölkəmizdə münbit sərmayə iqliminin yaradığını təsdiq edir. Regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirən ölkəmizdə bu gün çox ciddi addımlar atılır. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib.  Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə siyasi-iqtisadi sabitliyin hökm sürməsi xarici sərmayə axını üçün münbit şərait yaradıb.

- Azərbaycanın bu təşkilata üzv olan dövlətlərlə həm ikitərəfli və həm də çoxtərəfli əlaqələrini necə dəyərləndirisiniz.

- Azərbaycanın müstəqil xarici siyasət yürütməsi dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyətinin ən böyük uğurlarından biridir. Bu siyasət, əlbəttə, birinci növbədə milli maraqlara, ədalətli və səmərəli əməkdaşlığa əsaslanır və bizə çoxlu dost qazandırıb. Mövcud siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, zəngin təbii ehtiyatlar ölkəmizin nailiyyətlərinə ciddi maraq göstərən dövlətlərlə əlaqələri daha da artırıb. Azərbaycan  beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə əməkdaşlığı, ikitərəfli,  çoxtərəfli əlaqələri yüksələn xətlə davam edir.

- İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün yekun Bəyannaməsində Azərbaycanla bağlı hansı müddəalar öz əksini tapıb.

- Üzv dövlətlərin iqtisadi artıma nail olması, davamlı iqtisadi inkişafının təmin edilməsi, regiondaxili ticarətin təşviqi, üzvlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsi İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədləridir. Məhz bunun üçün Aşqabad Zirvə Görüşündə qəbul edilən yekun Bəyannamədə mühüm məqamlar öz əksini tapdı. Aşqabad Bəyannaməsində yer alan ən önəmli məqamlardan biri İƏT-ə üzv ölkələrə Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya yatırmaq çağırışıdır. Bu çağırış eyni zamanda İƏT-lə yanaşı, KTMT üzvü olan ölkələrin də Azərbaycan ərazilərinin yenidən qurulması prosesində fəal iştirak edəcəklərini, həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrə investisiya yatıracaqlarını ifadə edir. Sənəddə Azərbaycan xalqına və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik məktubu xüsusi ilə diqqət çəkdi. Qeyd edək ki, Azərbaycana təbrik ünvanlayan ölkələrdən üçünün Ermənistanın da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. KTMT üzvlərinin də Azərbaycanın qələbəsini, ərazi bütövlüyünü dəstəkləmələri İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyərdir. Bu da işğalçılıq siyasəti ilə torpaqlarımıza sahib çıxma arzusundaa olan məğlub Ermanistana növbəti zərbə  oldu.

- Bu bəyannamədə də adı çəkilən Zəngəzur dəhlizi Azərbaycan və region üçün hansı əhəmiyyət kəsb edir və eyni zamanda Türk dünyasının və türk dövlətlərinin birliyinin daha da gücləndirilməsi baxımından Zəngəzur dəhlizi nə kimi rol oynayır.

- İqtisadi Əməkdaşlıq Təşkilatın üzv dövlətləri Azərbaycan Prezidentinin Zəfərini böyük  nailiyyət kimi qiymətləndirir, Qarabağ və Şərqi Zəngəzurun quruculuğunda birlikdə iştiraklarını bəyan etdilər. Artıq ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət yarandığını qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabad toplantısında Zəngəzur dəhlizinin mühüm əhəmiyyətinə diqqət çəkib. Zəngəzur dəhlizi gündən-günə güclənən, daha da bütünləşən  türk dünyasına böyük töhfədir.

- Zəngəzur dəhlizinin açılmasının eyni zamanda Ermənistanın özü üçün hansı müsbət tərəfləri var.

- Zəngəzur dəhlizinin açılma­sı Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Zəngəzur dəhlizinin real­laşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Bu  nəqliyyat infrastrukturu beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcək. Ermənistan da Zəngəzur dəhlizi layihəsinin üstünlüklərindən yararla­narlarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərlərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilərlər. İlk növbədə, iqtisadi blokada­dan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanı əldə edər.

- Zəngəzur dəhlizinin interkontinental, yəni qitələrarası əhəmiyyəti barədə hansı fikirləri bildirmək olar.  

- Zəngəzur dəhlizi region ölkələri arasında iqtisadi və ticari münasibətlərə müsbət təsir göstərməklə yanaşı yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda  Avropa və Asiya qitələri arasında  önəmli ticarət marşrutu kimi diqqət mərkəzindədir. Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür. Belə ki, bu alternativlik Çindən gələn malların  Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Bu həm də Türkiyənin, Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyalarına uyğundur. Zəngəzur dəhlizinin region ölkələrinə təqdim etdiyi bütün imkanlar dayanıqlı iqtisadi inkişafa, nəqliyyat şəbəkələrinin genişlənməsinə şərait yaradacaq, region ölkələri arasında qarşılıqlı iqtisadi münasibətləri stimullaşdıracaq.