YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

“Dəmir yumruq” tarixi ədaləti bərpa etdi

   Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov

- Bəxtiyar müəllim, Şanlı Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsindən bir il ötür. Bu Qələbəni şərtləndirən amilləri nədən ibarətdir və yaranmış yeni reallıqları necə dəyərləndirirsiz?

- Bu günlərdə böyük fəxarətlə 44 günlük Zəfərin birinci ildönümünü qeyd edirik. Hər gününü sonsuz ümidlə, həyacanla, sevinc və göz yaşları ilə yaşadığımız möhtəşəm 44 gün! İndi həmin günləri açıq ürəklə, açıq alınla yaşayır, qürur və fərəh hissilə xatırlayırıq. 44 günün hər günü şanlı tarixdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi qələbəsi ilə bitən bu savaş ilk növbədə dünyaya Azərbaycan qüdrətini nümayiş etdirmiş oldu. İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə büynəlxalq təşkilatların yaratdıqları ikili standartlar prinsipi və cəzasıqlıq mühitindən yararlanaraq məkirli oyunlarından əl çəkmədi. Azərbaycana qarşı bütün dövrlərdə təxribatlar törədildi. Amma Azərbaycan dövləti və onun uzaqgörən lideri Prezident İlham Əliyev hər zamankı kimi səbr nümayiş etdirdi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı oldu. Ermənistan isə status-kvonun saxlanması üçün bütün çirkin oyunlara əl atdı.

Amma hər şeyin bir sonu olmalıdır və olur. Ermənistanda hakimiyyətin Ter-Petrosyandan sonra kriminal, cinayətkar Koçaryan və Sarkisyan klanının əlinə keçməsi düşməni daha da azğınlaşdırmışdı. Artıq onlar nəinki işğal ərazilərini qaytarmayacaqlarını açıq şəkildə bəyan edirdilər, hətta yeni əraziləri tutacaqları ilə bizi hədələyirdilər. Ermənilər ürəkdən inanmışdılar ki, Azərbaycan ərazilərini öz gücləri ilə işğal ediblər.

Nikol Paşinyanın rəhbərliyə gəlməsi vəziyyəti daha da qəlizləşdirdi. Paşinyan ermənilərin ürəklərindəkiləri ucadan söyləyirdi. Gah sinəsi orden-medallarla dolu generalların əhatəsində Şuşada sərxoş olub yallı gedirdi, gah oğlunu Xankəndinə hərbi xidmətə göndərirdi, gah Dağlıq Qarabağı tərəf kimi danışıqlar prosesinə gətirmək istəyirdi.

Azərbaycanın isə dolan səbr kasası daşmaq üzrə idi. Paşinyanın sərsəmləmələri və Ermənistanın hərbi-siyasi təxribatları Prezident İlham Əliyevin qəzəbinə və qəti addımlar atmasına səbəb oldu.

Hələ müharibə başlamazdan əvvəl Azərbaycan Prezidenti dünya birliyinə, beynəlxalq təşkilatlara müraciət edərək Ermənistanın Qarabağda qanunsuz məskunlaşma apardığını və müharibəyə hazırlaşdığını faktlarla göstərirdi. Sonuncu dəfə isə Prezident İlham Əliyev 24 sentyabr 2020-ci ildə, savaşın başlamasından 3 gün öncə BMT-nin ali tribunasından istifadə edərək bir daha dünya birliyinə çağırış etdi: “Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”.

Amma Ermənistan yenə də çirkinliklərdən əl çəkmədi və sentyabrın 27-də cəbhənin bütün istiqamətlərində təxribatlat törətdi. Buna cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qudurmuş düşməni yerində oturtmaq, işğal altındakı ərazilərimizi geri qaytarmaq üçün “İrəli” əmrini verdi! Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda II Qarabağ savaşı, müqəddəs Vətən müharibəsi başladı.

 Azərbaycan dövləti, xalqı və ordusu məqsədə çatmaqdan ötrü bütün gücünü və imkanlarını ortaya qoydu, dərhal səfərbər olunaraq qüdrətli, nəhənğ yumruğa çevrildi.

Onu da vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müharibəyə aşkar və məxfi şəkildə bütün bacarıq və qabiliyyəti, istedad və xarizması ilə hazırlaşmışdı. Qətiyyətli, prinsipial Lider nəyi, nə vaxt və necə edəcəyini dəqiq müəyyənləşdirmişdi.

Bunun nəticəsi də Ermənistan üçün çox ağır oldu. İlham Əliyev qısa vaxt – 44 gün ərzində dəmir yumruğu ilə düşmənin başını əzib, belini qırdı. Yeni taktika və strategiya tətbiq edərək Ermənistan ordusunu məhv etdi, qorxaqlar və fərarilər yığnağına çevirdi.

Vətənpərvər Azərbaycan gənci özünü döyüş meydanında, mənfur düşmənə qarşı mübarizədə ən yaxşı cəhətdən göstərdi. Bütün döyüş tapşırıqlarını cəsarətlə, igidliklə yerinə yetirdi, şücaət və qəhrəmanlıq nümayiş etdirdi. Şuşa kimi qala şəhərini sıldırım qayalara dırmaşmaqla, çətin cığırlardan keçməklə, yüngül silahlarla az qala əliyalın aldı. Bir sözlə, Azərbaycan gəncinin nəyə qadir olduğunu, əsil vətən sevgisinin necə olduğunu bütün dünya gördü.

Ali Baş Komandan İlham Əliyev qoyduğu şərtlər əsasında düşmənə təslim aktını, üçtərəfli bəyanatı imzalatdırdı, Ağdam, Laçın və Kəlbəcəri bir güllə belə atmadan, dinməz-söyləməz qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu və İlham Əliyev əsrlər sonra ilk dəfə olaraq Qüdrətli Sərkərdə kimi itirilmiş torpaqları qaytardı. İki əsrlik Qarabağ münaqişəsini birdəfəlik, həm də uğurla həll etdi. Azərbaycan xalqını dünyaya məğrur, döyüşkən, öz torpaqlarına sahib çıxan xalq kimi yenidən tanıtdı.

 Azərbaycan Ordusunun möhtəşəm hərbi əməliyyatları, 44 günlük zəfər müharibəsində Müzəffər Ali Baş Komandanın irəlicədən söylədikləri bütünlüklə həyata keçdi. Vətən müharibəsi ilk növbədə zəka, uzaqgörənlik, müdriklik, qətiyyət və möhkəm iradə müharibəsi idi. Döyüşən ordulara rəhbərlik edənlərin bu sahədəki fərqi özünü hərbi əməliyyatların gedişində, orduların hazırlıq səviyyəsində, seçilən taktika və strategiyada, müharibəyə hazırlıq və döyüşlərin davam etdiyi müddətdə yeridilən daxili və xarici siyasət, atılan diplomatik addımlar – bütövlükdə maharibənin nəticəsində özünü parlaq şəkildə göstərdi.

Şanlı Zəfər bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Azərbaycan Prezidenti məhz bu reallıqlar fonunda yeni əməkdaşlıq platformalarının yaradılması istiqamətində təkliflərini səsləndirir. Yəni şərtləri indi İlham Əliyev diktə edir. Məğlub Ermənistan isə Azərbaycan Prezidentinin irəli sürtüyü şərtlərlə hesablaşmağa məhkumdur.

Qarabağı “dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə düşməndən təmizləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün dəmir iradə ilə işğaldan azad olunmuş torpaqlarımızda böyük tikinti-quruculuq işlərinə başlayıb. Erməni barbarlarının daşı-daş üstündə qoymadıqları şəhərlərimizin Baş Planını təsdiq edərək daha möhtəşəm şəhərlər qurur. Bir vaxtlar torpaqlarından didərgin düşmüş bir milyona yaxın insana çadır şəhərçikləri yaradan, sonradan onlar üçün yeni yaşayış komplekskəri tikən ölkə bu gün həmin vətəndaşın öz doğma yurduna qayıtması üçün Qarabağı yenidən qurur. Bu, ilk növbədə Prezident İlham Əliyevin son 18 ildə tarixinin ən qüdrətli dövlətinə çevirdiyi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir.

- Oktyabr ayının 15-də dövlət başçısı İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 18 ili tamam oldu. Sizcə bu illər ərzində Azərbaycan hansı yolları keçib, hansı uğurları, nailiyyətləri əldə edib?

- 2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqa müraciət edib bu fikirləri söylədi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Xalq hər zaman Ümummilli Liderə inanıb güvənirdi. Buna görə də Ulu Öndərin çağırışına cavab olaraq cənab İlham Əliyevə böyük etimad gösərərək özünə lider seçdi. Prezident İlham Əliyev isə verdiyi bütün vədlərə əməl etməklə xalqın fəxarət ünvanına, alternativsiz liderinə çevrildi və Azərbaycanı Ulu Öndərin görmək istədiyi səviyyəyə yüksəltdi. Hər zaman güc aldığı xalqdan etimad mandatı alan cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanı böyük zəfərlərə doğru aparacağına, söz verdi.

Diqqət etsək görərik ki, bu illərdə hərtərəfli islahatlar, quruculuq və yüksəliş baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə yoxdur. Bunu deməyə əlimizdə kifayət qədər faktlar var. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi, sosial və siyasi islahatların nəticəsi olaraq XXI əsrdə Azərbaycan böyük inkişaf yolu keçdib.

Cənab İlham Əliyevin Prezidentlik fəaliyyətini dəyərləndirərkən əminliklə, qürurla söyləyə bilərik ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün işıq yoludur.

Prezidentin də söylədiyi kimi, Azərbaycan dövləti özünün mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmamışdır.

Ən nəhayət, cənab İlham Əliyev Azərbaycan xalqının taleyüklü məsələsi olan Dağlıq Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll etdi. Bir sözlə, Prezident İlham Əliyev həm də Azərbaycan tarixinə xilaskar lider kimi adını yazdıraraq xalqın qəlbində əbədi olaraq heykəlini ucaltdı.

- Müstəqilliyimizin bərpasının 30-cu ildönümünü qeyd etdik. Torpaqlarını azad edən Azərbaycan ilk dəfə olaraq bu bayramı tam başqa ab-havada, fərqli şəkildə yaşadı. Bunu necə dəyərləndirərdiniz?

- Müstəqil dövlətə sahib olmaq, müstəqil dövlətdə yaşamaq bir səadətdir. Amma hər xalqa nəsib olmayan səadətdir. Müstəqil yaşamaq üçün ən əvvəl Vətən adlı ərazin, torpağın, yeraltı və yerüstü sərvətlərin, xalqı dolandırmaq üçün lazımi imkan və şəraitin olmalıdır. Ən nəhayət, müstəqil dövləti qurmağı, idarə etməyi, yüksəltməyi, təlatüm və bəlalardan qorumağı bacaran liderin, rəhbərin olmalı, onun ətrafında yumruq kimi birləşməyin zəruriliyini dərk etməlisən. Ötən 30 ildə dövlətimizin taleyində çox hadisələr baş verdi, bir çox dolanbaclardan keçməli olduq, manəelərlə üzləşdik. Lakin Ulu Öndər Heydər Əliyev və İlham Əliyev kimi qüdrətli liderlərin sayəsində, həmçinin milli həmrəyliyimizin nəticəsində bütün çətinliklərə sinə gərdik, dövlətçiliyimizi və müstəqilliyimizi qoruduq, əbədi etdik. Bu baxımdan müstəqilliyimizin bərpasının 30-cu ildönümünə doğru tariximiz dövlətçiliyimizi şərəfləndirən hadisələrlə zəngindir.

Prezident İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasət isə qısa müddətdə Azərbaycanı dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevirdi. İnkişafın Azərbaycan modeli, multikulturalizm modelimiz dünyanın diqqətini özünə çəkdi, bir çox ölkədə öyrənilməyə başlandı və örnəyə çevrildi. Azərbaycan kosmik dövlətlər ailəsinə daxil oldu, müasir, modern dövlətə çevrildi.

Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artırır, xalqın güzəranını və rifahını dönmədən yüksəldir. Bu gün isə Azərbaycan öz qüdrətli Liderinin uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru inamla addımlayır.