YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında birbaşa əlaqəni təmin edəcək, bütün türk dünyasını birləşdirəcək

Müsahibimiz YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova

- Sevinc xanım, Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Azərbaycanın dost və qardaş ölkə olan Türkiyə ilə bütün sahələrdə əlaqələri ən yüksək zirvədədir. Bildiyiniz kimi, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edərkən onu ilk tanıyan dövlət Türkiyə oldu. Bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır. Hazırda münasibətlərimiz  böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Vətən müharibəsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qardaşlığımızın sarsılmazlığını ifadə edir.

- Azərbaycan-Türkiyə əlaqələrinin belə bir yüksək səviyyəyə çatmasında hər iki ölkənin rəhbərlərinin rolu xüsusi vurğulanmalıdır. Bu barədə nə deyərdiniz?  

- Təbii ki, bu amil müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Bir neçə il öncə Şərq Tərəfdaşlığı sammitində Ermənistan prezidentinin əsassız iddalarına cavab olaraq cənab İlham Əliyevin “Türkiyə burda təmsil olunmur, amma mən varam” deyərək qarşı tərəfi susdurması Azərbaycan və Türkiyə cəmiyyətində çox yüksək qarşılandı.

Ümumiyyətlə, möhtərəm Prezidentimiz Azərbaycan-Türkiyə münasibətlərini dünya üçün nümunə adlandırıb. Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır.

Bütövlükdə, cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.

- Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni əməkdaşlıq imkanları yaranıb. İki qardaş ölkə bu istiqamətdə önəmli təşəbbüslərlə çıxış edir...

- İki qardaş ölkənin iqtisadi münasibətləri çox geniş sferanı əhatə edir. Burada enerji sahəsində də əməkdaşlıq mühüm rol oynayır. Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Digər tərəfdən, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi və bu ərazilərdə quruculuq işlərinin həyata keçirilməsi Azərbaycanla Türkiyənın münasibətlərində vacib yer tutur. Bilirsiniz ki, quruculuq işlərində Türkiyə şirkətləri fəal iştirak edir. Ölkəmiz işğal altında olan ərazilərini azad etməklə təkcə özü üçün deyil, bütün region üçün yeni inkişaf imkanları yaradıb. Ona görə də, erməni tərəfi reallığı düzgün qiymətləndirməli, revanşist addımlardan uzaq olmalı, əməkdaşlıq təşəbbüslərinə qoşulmalıdır.

Əlbəttə ki, ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də, kommunikasiyaların açılması ilə bağlıdır. Bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb, Ağbənd-Horadiz yolunun tikintisi aparılır. 40 kilometrlik Zəngəzur dəhlizinin yaradılmasından sonra Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bərpa olunacaq. Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında birbaşa əlaqəni təmin edəcək, bütün türk dünyasını birləşdirəcək. Bütövlükdə,   kommunikasiya xətləri açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Burada yenə də əsas söz sahibi Azərbaycanla Türkiyə olacaq.

- Azərbaycanla Türkiyə arasında siyasi münasibətlərin inkişafında hər iki ölkənin hakim partiyaları nə dərəcədə rol oynayır?

- Azərbaycanla Türkiyənin yeni dönəmdə siyasi münasibətlərinin inkişafında hər iki ölkənin hakim partiyalarının əlaqələri də böyük rol oynayır. Yeni Azərbaycan Partiyası (YAP) ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasında əməkdaşlığın genişləndirilməsi tərəflər üçün olduqca faydalıdır.

Azərbaycanla Türkiyənin siyasi müstəvidə də əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Bir məqamı qeyd edim ki, belə bir ənənə yaranıb ki, hər iki ölkədə keçirilən seçkilərindən sonra ilk rəsmi səfərlər məhz qardaş ölkəyə edilir. Vətən müharibəsindən bir neçə ay sonra YAP-ın növbəti qurultayı keçirildi. Və qurultaydan sonra partiyamızın nümayəndə heyətinin ilk rəsmi səfəri qardaş Türkiyəyə oldu. Belə ki, 1-3 iyun tarixlərində YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətimizin Türkiyəyə səfəri və səfər zamanı keçirilən görüşlər ölkələrimiz və partiyalarımız arasında siyasi münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfər zamanı YAP nümayəndə heyəti Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanla, AKP Sədrinin birinci müavini Numan Kurtulmuşla, Sədrin müavini, Türkiyənin sabiq baş naziri Binəli Yıldırımla, AKP Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfqan Ala ilə, Türkiyə Böyük Millət Məclisinin Sədr müavini Süreyya Sadi Bilgiç ilə görüşlər keçirdi. Eyni zamanda, hər iki partiya arasında əməkdaşlığa dair niyyət protokolu imzalandı. Təcrübədə partiyalarımızın arasında ilk dəfədir ki, belə bir sənəd imzalanır.  

Əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiyalararası təcrübənin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Niyyət protokolunun əsas konturları müəyyən edilib. Burada əsas məsələ məhz hazırda dövlətlərimizin və partiyalarımızın rəhbərlərinin qurduğu münasibətlərin cəmiyyətlərimizdə daha da dərinləşməsidir. Həmçinin, bu sənəd siyasi platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində hər iki partiyanın nümayəndələrinin birgə fəaliyyətləri üzrə koordinasiyanın yaradılmasına təkan verəcək, sosial layihələrin işlənib hazırlanmasına, milli ideologiyanın inkişafına, dövlət sektoru, QHT-lər, bələdiyyələr səviyyəsində əlaqələrin daha da dərinləşməsinə imkan yaradacaq. Eləcə də, uğurlu təcrübə mübadiləsi, dostluq və qardaşlıq münasibətləri partiyalar səviyyəsində də inkişaf edəcək. Bir sözlə, siyasi münasibətlərin  yeni bir səviyyəyə yüksəldilməsi nəzərdə tutulur və görülən bu işlərin hamısı xalqlarımızın gələcəyinə xidmət edəcək.