YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Şəhidlər, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması böyük əhəmiyyət kəsb edir

Müsahibimiz Milli Məclisin deputatı Sevinc Hüseynova

- Sevinc xanım, Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına dövlət qayğısı haqqında fikirlərinizi bilmək istərdik...

- Azərbaycan dövləti tərəfindən uğurlu sosial siyasət həyata keçirilir. Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin, veteranlarının  sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli də sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Bu istiqamətdə dövlətimizin böyük diqqət və qayğısı mövcuddur.

Azərbaycan postmüharibə dövrünə çevik və genişmiqyaslı sosial dəstək paketi ilə daxil olub. Bu dəstək paketi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri, eyni zamanda qeyd olunan şəxslərin yaxınlarını əhatə edir. Dəstək istiqamətləri isə genişdir, buraya sosial təminat hüquqlarının çevik reallaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, maddi yardım, məşğulluq məsələlərinin operativ həllində, kiçik biznes imkanlarının yaradılmasında dəstəyin göstərilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. kimi dəstək işləri daxildir. Ümumilikdə postmüharibə üzrə bu dəstək paketi artıq 20 mindən çox insanı əhatə edib.

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9200-dən çox mənzil və fərdi ev verilib. Təkcə  2020-ci ildə bu kateqoriyadan olan insanlara 1572 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı ilə bu il ərzində isə 3 min mənzil və fərdi ev veriləcək. Hazırda keçmiş köçkünlər üçün inşa olunan mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamı ilə 5 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim ediləcək. Həmçinin ötən dövrdə müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib.

- Bu kateqoriyadan olan insanların məşğulluq proqramlarına cəlb edilməsi, eləcə də realibitasiyası üçün hansı addımlar atılır?

- Şəhid ailələrinə, qazilərə, erməni terrorundan zərər çəkən şəxslərə aktiv məşğulluq proqramları çərçivəsində dəstək verilir. Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 3700-ə yaxın şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 3030-u, o cümlədən, 1200 şəhid ailəsi üzvü özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələr qurulub.

Dövlət başçısının gostərişi ilə son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı baxımından mühüm bazadır. Cənab Prezidentin iştirakı ilə bu il fevralın 25-də açılan Şağan Reabilitasiya Pansionatında müasir tələblərə uyğun bərpa müalicəsi şəraiti yaradılıb. Bu reabilitasiya müəssiəsi ildə 5 minə yaxın əlilliyi olan şəxsə qabaqcıl metodika və texnologiyalardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstərməyə imkan verir. Həmçinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın 2020-ci ilin dekabr ayından etibarən yüksək texnologiyalı, elektron protezlərlə təminatına başlanıb. Qeyd olunan yüksək texnologiyalı protezlərlə yanaşı, müharibədən sonrakı dövrdə 210 qaziyə də 1220 reabilitasiya vasitəsi verilib. Bu yaxınlarda isə qazilərimizin mühərrikli təkərli oturacaqla təminatına başlanıb.

- “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Veteranlar haqqında” qanunlarda müəyyən dəyişikliklər nəzərdə tutulur. Artıq parlamentdə bu barədə qanun layihələri birinci oxunuşda qəbul olunub. Sizcə, bu dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?

- Aprelin 2-də Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Veteranlar haqqında” qanunlarda dəyişikliklər edilməsi məsələsi də əhəmiyyətlidir. Bu dəyişikliklərə əsasən şəhidlər, şəhidlərin ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin hazırlanmasında əsas məqsəd hazırkı tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında şəhidlər, şəhid ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir. Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyənləşdirilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaq.

“Veteranlar haqqında” Qanuna təklif olunan dəyişiklik də müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın  elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparmasını nəzərdə tutur. Artıq bu sənədlər parlamentdə birinci oxunuşda qəbul olunub. Təbii ki, dəyişikliklər həmin kateqoriyadan olan maraqlarına uyğundur və şəffaflığın təmin olunmasına, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edir. bütövlükdə, onu  qeyd etmk istərdim ki, görülən bu işlərin hamısı bəşəriyyəti caynağına almış pandemiya dövründə həyata keçirilir. Bu, bir daha  göstərir ki, cənab Prezident, dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına  nə qədər böyük diqqət ayırır. Onlar bu diqqətə layiqdirlər.