YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İşğaldan azad edilmiş ərazilərimizin bərpası iqtisadiyyatımızın inkişafına yeni bir təkan verəcək

Müsahibimiz Milli Məclisin deputatı Rauf Əliyev

-Rauf müəllim, hazırda ölkə gündəmində olan əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasıdır. Bu istiqamətdə görülən işlər haqqında fikirlərinizi bilmək istərdik...

-Bilirsiniz ki, Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin  həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələ ilə bağlı qarşıya qoyulan hədəfləri cəmiyyətimizə   çatdırıb. Azərbaycan  güclü dövlət kimi işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı vurğulayıb ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb.

 Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Müşavirədə də bildirildiyi kimi, ordunun təchizatı, respublikamızın sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə təminatı ayrılıb. İşğaldan azad edilən ərazilərin bərpası işləri isə müəyyən ardıcıllıqla həyata keçiriləcək.

-Sizcə, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı hansı səviyyədədir?

-Əlbəttə ki, bu ərazilərin potensialı çox yüksəkdir. Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir. Gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividentlər gətirəcəyi şübhəsizdir. Təbii ki, quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra biz həmin bölgələrin inkişafımıza nə qədər böyük təkan verəcəyinin, müsbət təsir göstərəcəyinin şahidi olacağıq. 

Azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpası müasir tələblər nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutulur. İşlər elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin və kəndlərin dəqiq say tərkibi müəyyən edilsin. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır. Məlumdur ki, indiyədək işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq.

İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün bir neçə mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların profili, ixtisaslaşması nəzərdə tutulub. Bütövlükdə, bu ərazilərimizin yaxın illərdə yüksək səviyyədə bərpa olunacağına inanırıq.

- Azərbaycan iqtisadiyyatında müşahidə edilən müsbət meyillər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu barədə nə deyə bilərsiniz?

-Son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə edilən müsbət meyillər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu nüfuzlu beynəlxalq qurumların, reytinq agentliklərinin yaydıqları hesabatlardan da aydın şəkildə görmək mümkündür. Həmin hesabatlarda Azərbaycanın mövqeyi ilbəil ardıcıl şəkildə yaxşılaşır.

Belə ki, Dünya Bankının son hesabatı, həmçinin nüfuzlu Davos İqtisadi Forumunun dəyərləndirmələri təsdiqləyir ki, milli iqtisadiyyatımız 2020-ci ildə də dayanıqlılığını qoruyub saxlayıb. Məlum olduğu kimi, ötən il qlobal pandemiya səbəbindən dünya ölkələri üçün çətin keçib. Dünya miqyasında iş və xidmətlərə tələbat azalıb, insanların əmək bazarına inteqrasiyası məhdudlaşıb. Pandemiya şəraitində ayrı-ayrı ölkələr sosial-iqtisadi inkişafla bağlı proqramlarını ixtisara salmaq məcburiyyətində qalıblar. Azərbaycan isə pandemiya şəraitində iqtisadi subyektlərə dəstək tədbirləri reallaşdırıb, həmçinin təxminən 5 milyon insanı əhatə edən geniş sosial proqram həyata keçirib. Azərbaycan dünya üzrə pandemiya səbəbindən artan xərclərini sırf daxili imkanlar hesabına qarşılayan azsaylı ölkələrdən biridir.

Ölkəmiz, həmçinin beynəlxalq həmrəyliyə töhfə vermək ənənəsinə sadiq qalaraq Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon dollar ianə ayırıb və 30-dan çox ölkəyə dəstək göstərib. Bütün bunlar Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təsdiqləyir ki, bu da beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır. Dünya Bankının yenidən hesablanmış “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerə yüksəlməsi, 10 ən islahatçı ölkə sırasına daxil edilməsi böyük nailiyyətdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında isə respublikamızda aparılan müasir infrastruktur quruculuğuna yüksək qiymət verilib. Belə ki, respublikamız dəmir yolu xidmətlərinin səmərəliliyi indeksinə görə 11-ci yerə, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerə, avtomobil yollarının keyfiyyəti göstəricisinə görə 24-27-ci yerlərə layiq görülüb. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb. İnklüziv inkişaf indeksi üzrə isə Azərbaycan üçüncü yerdə qərarlaşıb.

Bu sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizdə aparılan məqsədyönlü, düzgün siyasətin nəticəsidir. Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müxtəlif istiqamətlərdə islahatlar aparılıb. Ölkədə aparılan islahatlar sosial-iqtisadi inkişaf üçün möhkəm hüquqi əsaslar yaradıb. Bu gün Azərbaycan dünyada yüksək investisiya cəlbediciliyinə malik ölkə kimi tanınır. Hazırda Azərbaycan iqtisadiyyatının maliyyə təminatı yüksək səviyyədədir. Milli iqtisadiyyatımızın müxtəlif istiqamətlərinə həm daxili, həm də xarici mənbələrdən böyük həcmlərdə investisiyalar yönəldilir. Bütün bunlar iqtisadi gücümüzü, dünyadakı reytinqimizi artıran amillərdir.