YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dövləti mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərir

   Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva

- Jalə xanım, bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyəti nədən ibarətdir?

-2021-ci ilin ölkə Prezidenti tərəfindən “Nizami Gəncəvi İli” elan edilməsi çox önəmli hadisədir. Bu qərar, bu addım da mənəviyyat xəzinəmizə yeni, əvəzsiz bir töhfədir. Dünya ədəbiyyatı, söz, mədəniyyət tarixinə “Beşliy”in, “Xəmsə”nin yaradıcısı kimi düşən dahi Nizami Gəncəvinin Azərbaycan  və bütövlükdə bəşər, cahan tarixində yeri, rolu, çəkisi hər kəsə bəllidir. Nizami Cəncəvi Azərbaycanın milli kimlik göstəricisidir, milli pasportudur. Bu gün intibahdan, inkişafdan, mədəniyyətdən danışanların hələ mövcud olmadıqları vaxtlarda belə Nizami, böyük Azərbaycan oğlu dünyaya Günəş kimi saçdı, Şimşək kimi çaxdı, özü ilə birlikdə Azərbaycanı da bir daha parlatdı. Bu da bizim şəksiz və şəriksiz uğurumuz, qürurumuz, iftixarımızdır. Çoxlarına nəsib olmayan bir uğur, bir qürur, bir iftixar yeridir.

Bəli,  dahi Nizaminin anadan olmasının 880-ci ildönümündə 2021-ci ilin “Nizami İli” elan olunması böyük və dahi mütəffəkirə bir daha minnətdarlıq, bir daha  övladlıq, bir daha vəfa borcu deməkdir. Həm də dövlətin, dövlət rəhbərinin sözə, ədəbiyyata bir daha və bir daha xüsusi önəm və dəyər verməsinin növbəti əyani təsdiqi və göstəricidir.

2021-ci ilin “Nizami İli” elan olunması bütün hallarda mədəniyyətimizin və bütövlükdə dövlətimizin tərəqqisinə, dünyaya bir daha səs salmasına xidmət edəcək, öz töhfələrini verəcək.

-Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı elan edilməsinin, bu şəhərdə ədəbi, mədəniyyət tədbirlərinin bərpasının önəmini necə dəyərləndirirsiniz?

-Dövlətin, ölkə Prezidenti və Birinci vitse-prezidentimiz mədəniyyət sahəsinə yüksək diqqət və qayğı göstərir. Bu gün nazirlikdə yeni ab-hava, yeni nəfəs yaranıb. Nazir səlahiyyətlərini icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov cəmi bir neçə ay ərzində ona göstərilən etimadı doğrultdu və bir neçə gün öncə Nazir vəzifəsinə təyin olundu, daha bir etimada layiq görüldü.

Həmçinin, qarşısında dövlət başçısı tərəfindən böyük vəzifələr və tapşırıqlar qoyuldu, onların icrası həvalə edildi. Xüsusilə də, yaxın zamanlarda işğalını başa çatdırdığımız, Qələbə bayrağını dalğalandırdığımız Qarabağımızla bağlı xüsusi və çox əhəmiyyətli tapşırıqlar verildi.

“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi”-deyən ölkə Prezidenti cənab İlham Əliyev videoformatda yeni Mədəniyyət nazirini qəbul edərkən bildirdi ki, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır, Şuşa şəhərinin restavrasiyasına başlanmalıdır.

Vaxt itirmədən,  tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir.

O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. Həmçinin, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. “Xarı bülbül” festivalı bərpa olunmalıdır.

Bir sözlə, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolu yenidən formalaşdırılmalıdır.

İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması və onlara dövlət tərəfindən verilən dəstək, gənc nəslin yetişdirilməsi, tarixi abidələrimizin qorunması, nazirliyin ənənəvi funksiyalarının davam etdirilməsi və indi əlbəttə ki, azad edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri olmalıdır.

-Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə mühüm mesajlar verdi. Bu barədə nə deyə bilərsiniz?

-Qeyd edim ki, ənənəvi olaraq bu müşavirələrin keçirilməsi həm də dövlət başçısının timsalında Azərbaycan dövlətinin xalq, millət, cəmiyyət qarşısında hesabatlılığı, şəffaflığı, məsuliyyətliliyi deməkdir. Bunun özü də bir modeldir, bunun özü də bir örnəkdir, bunun özü də bir Azərbaycan təcrübəsidir.

Müşavirədə çox vacib məsələlər müzakirə edildi, çox mühüm mesajlar verildi, çox önəmli xəbərdarlıqlar edildi, həmçinin, məsul şəxslər, aidiyyatı strukturlar qarşısındə həllinə nail olunması gərəkən tapşırıqlar verildi.

Bu müşavirə Müzəffər, Qalib Dövlətin, Xilaskar, Qalib Sərkərdənin-Ali Baş Komandanın, ölkə Prezidentinin daha bir gücünü, daha bir əzəmətini, daha bir əzmini və daha bir iradəsini hər kəsə nümayiş etdirdi. Bütün dünya gördü ki, uzun, üzücü, ağır 32 ildən bəri dalana dirənən və 44 gün içərisində həllini tapan  qanlı müharibədən,  Qələbə ilə, Zəfər ilə, çıxmış bir dövlət və onun Lideri necə olur, necə duruş sərgiləyir. Bu müşavirə Zəfərin, Qələbənin, Əzmin, Qətiyyətin təntənəsi idi!

“Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu,  siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”-deyən Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, işğalçı, cinayətkar qanlı Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bilmişik.

Bəli, biz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.

Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Eyni zamanda, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Bir daha və heç vaxt (artıq reallığına son qoyulmuş) Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Bəli,  eyni zamanda, müşavirədə bəyan edildiyi kimi, planlarımız da böyükdür.

Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma baxsınlar, görsünlər ki, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur.

Hər zaman demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Demişdik ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və indi bu sözlərin yerinə yetirilməsi hamımızın işi, vəzifəsidir.

Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Bütün hallarda Azərbaycan dövləti əlindən gələni edəcək ki, vahid Azərbaycan dövləti bundan sonra da uğurla, inamla inkişaf etsin. Belə də olacaq, bunu da edəcəyik, bunu bacaracağıq, yeni Zəfərlər, yeni Qələbələr yazacağıq.

-Jalə xanım, dövlətimiz şəhid ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərir. Bu baxımdan, yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılmasının nəzərdə tutulması bu prosesə nə kimi töhfələr verə bilər?

-Düşünürəm ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında ölkə Prezidentinin Fərmanı böyük əhəmiyyət kəsb edir. Bu Fərmanla yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılması nəzərdə tutulur ki, bunun özü də birmənalı şəkildə çox vacib bir addımdır və alqışa layiqdir.

Bu, bir daha Azərbaycan dövlətinin və dövlət başçısının Şəhid ailələri, Müharibə iştirakçıları və Qazilərə diqqət və qayğısınının, onları narahat edən məsələlərə, problemlərə necə həssaslıqla yanaşmasının təsdiqidir.

Bununla bir daha dövlət onu nümayiş  etdirmiş oldu ki, başımızın tacı olan şəhid ailələrinin, Qazilərin, Müharibə iştirakçılarının arxasında onun güclü, qüdrətli dövləti dayanır və dayanacaq. Onların məsələsi dövlətin məsələsidir, onların adi, hətta, gözlə görünməyən problemi dövlətin problemidir. Və onları həll etmək də dövlətin vəzifəsi, görəvirdir. Çünki başqa şəkildə ola bilməz, başqa şəkildə olması mümkün deyil.

Kimlərsə öz şəxsi və cılız maraqları naminə bu məsələlərdən heç zaman dövlətə, xalqa qarşı istifadə edə, bulanıq suda balıq tutmaq sevdasına düşə bilməyəcəklər, düşsələr də cavablarını ikiqat alacaqlar.