YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

“SƏS” qəzeti 30 illik şərəfli yol keçmış mətbuat məktəbidir

Müsahibimiz “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev

- Bəhruz müəllim, bu il yanvarın 11-də "SƏS" qəzetinin ilk sayının çapdan çıxmasının 30-cu ildönümü tamam olur. Qəzetin fəaliyyətə başlaması, eləcə də keçdiyi keşməkeşli yolları, tarixi barədə nə deyə bilərsiniz?

- Çox doğru qeyd etdiniz ki, “SƏS” qəzeti fəaliyyətinin 30 illik dövründə keşməkeşli bir yol keçib. Amma mən onu da qeyd etmək istərdim ki, keçilən bu yol həm də kifayət qədər şərəfli bir yoldur ki, onun təməlində müstəqil mətbuatımızın əqidə məktəbi dayanır. Yəni “SƏS” qəzeti yalnız üzərinə düşən tarixi missiyasları yerinə yetirən mətbu orqanı deyil, həm də bir mətbuat məktəbidir. Məhz Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bu qəzet bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılmasına, inkişafına, tərəqqisinə çalışıb. Əlbəttə ki, belə bir şərəfli, qətiyyətli yolu keçmək heç də hər bir mətbuata nəsib olmur. Biz fəxr edirik ki, həmin yolu keçmək, qət etmək bizlərə nəsib olub və bu arada fürsətdən istifadə edərək, mən və redaksiya heyəti bizi 30 illik yubileyimiz münasibəti ilə bağlı təbrik edən hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.

- “SƏS”in yaranması zərurəti necə baş verdi və 30 il əvvəl cərəyan edən hadisələr fonunda qəzetin fəaliyyətə başlamasında yəqin ki, çətinliklər, baryerlər də mövcud idi...

-Təbii ki, həmin dövrlər çox mürəkkəb bir siyasi-ictimai hadisələrə söykənirdi. Qəzetimizin fəaliyyətə başlaması tarixinə diqqət yetirsəniz görərsiniz ki, o vaxt hələ rəsmi müstəqillik aktı qəbul olunmamışdı və ölkənin ilk müstəqil mətbu orqanı olaraq kifayət qədər sədlər, baryerlər mövcud idi. Ona görə də dəqiq tarixləri diqqətinizə çatdırmaq və xatırlatmaq istərdim. Belə ki, "SƏS" ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunan qəzet Ağabəy Əsgərovun baş redaktorluğu ilə nəşr edilib.

1992-ci ildən isə qəzetimizin tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. O dövrün ictimai-siyasi hadisələri fonunda qəzetə tələbat daha da artıb və tiraj sayı hətta 35 mini də keçib. Bu, kifayət qədər böyük rəqəmdir və eyni zamanda, xalqın marağını əks etdirirdi.

1992-ci ildən başlayaraq, "SƏS" qəzeti hakim Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında baza rolunu oynayıb, Xalqla Ulu Öndər arasında olan sevgini biri-birinə çatdırıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb. 1994-cü ildən başlayaraq 16 səhifə həcmində çap olunmaqla yanaşı, qəzetimiz 1998-ci ildən etibarən gündəlik işıq üzü görməyə başlayıb. Bütün dövrlərdə “SƏS”in səhifələrində tanınmış ictimai-siyasi xadimlərin,  nüfuzlu elm adamlarının, mədəniyyət xadimlərinin, ziyalılarımızın məqalələri dərc olunub.

“SƏS”in danılmaz həqiqət payı budur ki, qəzet yarandığı gündən Ulu Öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib, Onun Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. Qəzetin 1991-93-cü illər saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Həmçinin, Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək, ölkə ictimaiyyətinə çatdırıb.

Qəzet fəaliyyətə başladığı dövrdə dövlətçilik uğrunda çox böyük, hətta orada çalışan jurnalistlərin həyatına təhlükə yarada biləcək qədər işlər gördü. Xüsusilə, AXC-Müsvat hakimiyyəti illərində bu qəzetə qarşı davamlı basqılar, hücumlar baş qaldırır, orada çalışan qəzet heyətinə təhdidlər yağdırılırdı. Hətta bir neçə dəfə qəzetin redaksiyasına silahlı hücumlar, sui-qəsdlər təşkil olunmuş, jurnalistlərə xəsarətlər yetirilmişdi. Ancaq bütün bunlara baxmayaraq, nəşr öz fəaliyyətini qətiyyətlə davam etdirdi, heç bir təhdiddən, hücumlardan çəkinmədiyini sübuta yetirirdi. Məhz həmin zamanlardan sərtliklərə, təqib və təzyiqlərə sinə gərən "SƏS"-in adına xalq arasında dəmir iradəli, qətiyyətli, mübariz qəzet ifadəsi əlavə edildi.
1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı da, məhz "SƏS" qəzetində dərc olunub. Halbuki bir sıra mətbu orqanlar həmin tarixi müraciəti dərc etməkdən çəkinirdilər. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra "SƏS" qəzetini doğma qəzet adlandırıb və xüsusilə vurğulayıb ki, "SƏS" qəzeti tarixə düşmüş bir qəzetdir. Bu gün “SƏS”in gündəlik buraxılışında Onun tarixi kəlamları imzası ilə yaşamaqda, yaşadılmaqdadır.

Dahi Öndər Heydər Əliyevin Prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb. Həmçinin, dövlətin, Prezidentin və partiyanın fəaliyyəti haqda xəbərlərin, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyasını davam etdirib. Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan "SƏS" qəzeti hazırda da eyni kursu davam etdirir və ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün, mütəmadi olaraq, medialayihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır. Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları da davamlı fəaliyyət göstərməkdədir.

- Bəhruz müəllim, qeyd etdiyiniz kimi, “SƏS” Yeni Azərbaycan Partiyasının yaradılmasında baza rolunu oynayıb, hakim partiyanın ilk ruporu kimi fəaliyyət göstərib. Bəs müasir zamanda təbliğat işləri necə qurulur?

- Sözsüz ki, "SƏS" qəzetinin keçdiyi tarixi yol, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. O cümlədən, partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında bu qəzetin özünəməxsus rolu var. "SƏS" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə müdafiə edir, YAP-ın bütün seçki və siyasi kampaniyalarında fəallıq göstərir. Bu da öz ədalətli mövqeyində dönməz olan "SƏS"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin artan oxucu auditoriyasını bir qədər də genişləndirir.

Son dövrlərin ictimai-siyasi proseslərində, eləcə də qloballaşan dünyada baş verən hadisələri işıqlandırılmasında fərqliliyi ilə seçilən “SƏS” qəzeti 44 günlük Vətən müharibəsində deyərdim ki, ən fəal mətbu orqanı olaraq seçildi. İstər analitik yazıları, istər cəbhədə baş verən hadisələrin operativ çatdırılması, istərsə də yerli və xarici politoloq və siyasi xadimlərin mövqelərinin işıqlandırılmasında, xüsusilə milli ideya, vətənpərvərlik mövzularının təbliğində qəzetimiz var qüvvəsini ortaya qoydu. Əsasən, düşmənlə aparılan informasiya müharibəsində biz fəaliyyətimizi bilavasitə Müzəffər Ali Baş Komandan, xalqının, Ordusunun qalib Sərkərdəsi İlham Əliyev cənablarının fikir və konsepsiyaları, tezisləri kontekstində qurduq, cəbhədə əldə edilən zəfərimiz üçün bütün gücümüzlə çalışdıq. Bu, ilk növbədə bizlərin jurnalistlik missiyamızla yanaşı, həm də vətəndaşlıq borcumuz, məsuliyyətimiz idi.

Digər tərəfdən, dünyanı bürüyən koronavirus pandemiyasında ölkə rəhbərliyinin çevik, önləyici və operativ tədbirlərinin işıqlandırılması, vətəndaşların sağlamlıqlarının qorunması, mühafizəsi istiqamərtində görülən işlər, habelə bu sahədə aparılan sosial siyasətin insanlara informativ qaydada çatdırılması funksiyasını da üzərinə götürən “SƏS” qəzeti bu gün də həmin fəaliyyətini uğurla davam etdirməkdədir.   

- Bütövlükdə Azərbaycan mətbuatının fəaliyyəti, eləcə də, dövlət-media siyasəti arasındakı körpünün hansı perspektivlərə yol açdığı barədə nə deyə bilərdiniz? 

- Sualınıza görə minnətdaram. Belə ki, bu sual daim mətbuat adamlarının diqqətindədir və ilk növbədə, demokratik, müstəqil ölkənin mətbuatında dövlət-media münasibətlərinin davamlılığı, mövcud körpü dayaqlarının əsaslı şəkildə möhkəmləndirilməsi öz aktuallığını qoruyub-saxlayır. Əbəs deyil ki, media dördüncü hakimiyyət statusuna malikdir və bu statusa malik olmağın özü də bir məsuliyyət hissi yaradır.

Digər tərəfədən, tarixi köklərə malik olan Azərbaycan mətbuatı bu gün də öz ənənələrini qoruyub-saxlamaqla yanaşı, çağdaş dövrümüzə qədər müxtəlif siyasi-ictimai proseslər mərhələsindən keçib və hazırda dünyanın informasiya məkanında özünəməxsus özəllikləri ilə seçilməkdədir. Məhz bugünkü Azərbaycan mətbuatının əsaslı inkişafı üçün dövlət bir çox böyük layihələr reallaşdırıb. Bildiyimiz kimi, yolsa saldığımız 2020-ci il həm də milli mətbuatımızın 145-ci ildönümünə təsadüf etdi və ötən il bizlər – media adamları olaraq müstəqillik tariximizdə apardığımız fəaliyyətimizi bir daha təhlil etdik, müasir dünyanın çağırışlarına cavab verən daha müfəssəl mətbuatın fəaliyyəti istiqamətində çalışmaq qərarını verdik. Lakin bütün bunları reallaşdırmaq üçün əlbəttə ki, dövlətin dəstəyi hər zaman ön planda dayanır və dövlət də mətbuata göstərdiyi dəstəyini əsla əsirgəmir. Qəzet və saytların, digər KİV strukturlarının mütəmadi fəaliyyətləri üçün, onların bazalarının möhkəmləndirilməsi yönündə çoxsaylı layihələr, qərarlar verilir. Əlbəttə, biz burada KİVDF-nin də fəaliyyətini vurğulamalı, xüsusilə bu qurumun yeniləşmiş qaydada iş prinsipinin verdiyi səmərələri də qeyd etməliyik. Bildiyimiz kimi, cənab Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar konsepsiyası sayəsində ölkəmizdə digər sahələrlə yanaşı, mətbuat sahəsində də mühüm islahatlara start verildi və bu baxımdan, KİVDF-nin yenidən strukturlaşması sayəsində dövlət-media münasibətlərinə yeni nəfəsin verildi və artıq bütün bunlar əməli qaydada öz bəhrələrini verməkdədir.

Xüsusilə qeyd etmək istəyirəm ki, ölkə başçısı İlham Əliyev cənablarının jurnalistlərin əsl dostu olması faktoru Onun media adamlarına göstərdiyi diqqət və qayğısından qaynaqlanır. Mətbuat günü və s. mühüm günlərdə ölkəmizin inkişafında, təbliğatında yorulmadan çalışan hər bir mətbuat təmsilçisi dövlət mükafatları ilə qiymətləndirilir, habelə bu qiymətləndirmələr digər jurnalistlərin də fəaliyyətlərinin artırılmasına, əzmlə çalışmalarına geniş şərait yaradır. Həmçinin, jurnalistlərin mənzil-məişət, sosial həyatlarının təmin olunması da bu xüsusdandır, yəni dövlətin onlara verdiyi qiymətin tərkib hissəsidir.  Məhz möhkəm əsaslara söykənən bu körpü yaxın gələcəkdə daha nəhəng perspektivli imkanlarına yol açır, jurnalistlərin əmək fəaliyyətlərinə əhəmiyyətli təkanlarını verir. Əlbəttə, biz jurnalistlər, media adamları da peşəmizlə yanaşı, həm də vətəndaşlıq məsuliyyətimizi öz üzərimizdə daim hiss edirik və dövlətçiliyimizin inkişafında, möhləmləndirilməsində çətin və şərəfli missiyamızı həyata keçirməkdəyik.       

- Bəhruz müəllim, yeri gəlmişkən “SƏS” qəzetində davamlı və artıq ənənəvi xarakter alan yeniliklər və layihələr barədə fikirləriniz maraqlı olardı... 

 - Sirr deyil ki, XXI əsr mətbuatı çox tələbkar oxucu kütləsinə ünvanlanmış, müasir texnologiylara yiyələnmiş və ciddi rəqabət mühitində fəaliyyət göstərən sektora çevrilib. Qəzetin kollektivi yaradıcılıq prinsipləri və təşkilati-texniki meyarlar baxımından müasir dövrün tələbləri ilə ayaqlaşmaq sahəsində yüksək peşəkarlıq, böyük təşəbbüskarlıq nümayiş etdirir. Bu gün "SƏS" qəzetini internet şəbəkəsi vasitəsilə hər an bütün dünyada izləmək və oxumaq mümkündür. Qəzetin müasir informasiya texnologiyalarını mənimsəmək sahəsində göstərdiyi səylər, şübhəsiz ki, təqdirəlayiqdir. Hazırda bununla bağlı qəzetin fəaliyyətində böyük tərəqqi, müsbət irəliləyiş müşahidə olunur.

Hər il bir hesabat olduğu kimi, 30-illik hesabat dövrünə qısa nəzər saldıqda görürük ki, əlimizdə olan bütün imkanlardan maksimum qaydada istifadə edərək, fəaliyyətimizin əhatə dairəsini daha da genişləndirmişik. Cəmiyyətdə baş verən müxtəlif vacib məsələlərin və hadisələrin "Dəyirmi masalar" vasitəsilə ictimai müzakirəyə çıxarılması, həmçinin regionlarda görülən işlər və problemlərlə bağlı geniş müzakirələrin təşkili də qəzetin fərqli yeniliklərindəndir. "SƏS" in intellektual potensialından istifadə edərək müxtəlif dövrlərdə Ulu Öndər Heydər Əliyevin, Onun layiqli davamçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı film və multimedia diskləri hazırlanıb və geniş ictimaiyyətə təqdim edilmişdir.  Yeni Azərbaycan  Partiyasının ildönümlərində və siyasi hadisələr dönəmində də müxtəlif sənədli filmlər və analitik yazılarla "SƏS" qəzeti ictimaiyyətə öz töhfəsini veribdir. 

Artıq 2008-ci ildən qəzetin maddi və intellektual bazasında yaradılmış, müasir informasiya siyasətinə uyğunlaşan, üç dildə  "SƏS" İnformasiya Agentliyi (sia.az) fəaliyyət göstərir ki, qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursa çevrilib. 

Qəzetin onlayn (PDF) variantı və internet saytı (sesqazeti.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlılar da sayt vasitəsilə qəzeti izləmək imkanına malik olurlar. Artıq ötən ilin ortalarından başlayaraq, qəzetimiz Quarkod (QR) vasitəsi ilə də Azərbaycanın müasir mətbuatında bir yeniliyə imza atdı. Azərbaycanda ilk dəfə olaraq video-qəzet formatında nəşrə başladı və qəzet üzərindən müxtəlif xəbərləri video-görüntü vasitəsi ilə izləmək mümkündür. Müasir informasiya texnologiyalarının imkanları bizim bu işi həyata keçirməyimizə təkan verdi.

Həmçinin, qəzet, sayt, internet televiziyası fonunda eyniadlı böyük media qrupuna çevrilən “SƏS”in sosial şəbəkələrə çıxış imkanları kifayət qədər genişdir və ölkə daxilində və xaricində on minlərlə izləyiciləri var ki, YouTube, Facebook və s. şəbəkələrdə canlı yayımlarımızı, xəbər bülletenlərimizi izləyənlərin də sayı durmadan artır. Qeyd edim ki, qəzetimizin 30 illik yubileyi ilə yanaşı "SƏS" İnternet Televiziyasının (sestv.az) da 10 yaşı tamam olur. SƏS Media Qrupunun tərkibində 2011-ci ildə yaranan televiziya tezliklə öz ətrafında çox böyük izləyici auditoriyası toplayıb. Bu yeniliklərin hər biri isə bilavasitə tarixi “SƏS” qəzetinin qlobal dünyanın çağırışlarına  qoşulmasının göstəricisidir. Bax, bütün bu həqiqətlər bizlər üçün böyük şərəf, tükənməz fərəh hissləri olmaqla yanaşı, həmçinin mövcud fəaliyyətimizin də stimullaşdırıcısıdır.

Şübhə yoxdur ki, "SƏS"in kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində və Azərbaycan mətbuatının  inkişafı yolunda növbəti həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən də bacarıqla gəlməyi məqsəd kimi qarşıya qoyub. Çünki "SƏS"in 10 il öncə keçirildiyi 20 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bizə təbrik məktubunda öz tarixi kəlamları ilə məsuliyyətimizi daha da artırıb. Təbrik məktubunda ölkə başçısı vurğulayıb: "Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan "SƏS" qəzetinin kollektivini fəaliyyətə başlamağı 20 illik yubileyi münasibətilə təbrik edirəm. İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə, 1991-ci ilin yanvarında işıq üzü görmüş "SƏS" qəzeti qısa zamanda əsl müstəqil və demokratik mətbuat nümunəsinə çevrilmişdir. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrilmiş, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarmış, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq öz mübariz mövqeyindən geri çəkilməmişdir".

Prezident təbrik məktubunda qeyd edib ki, müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və məlumat azadlığı da inkişaf edib, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranıb. "Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "SƏS" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq, cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli Lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş "SƏS" qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir", - deyə tarixi təbrikdə qeyd olunmuşdu. Ölkə Prezidenti fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadiq qalmış "SƏS" qəzetinin kollektivinin bundan sonra da həqiqət carçısı olacağına, ictimai maraqların, milli-dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəyinə inandığını vurğulayaraq, öz təbriklərini qəzet kollektivinə çatdırıb. Əlbəttə ki, iftixar və qürur doğuran məqamdır ki, Prezidenti İlham Əliyev ölkə mətbuatı tarixində ilk olaraq, məhz müstəqil media orqanına xüsusi təbrik ünvanlayıb, qəzetimizin qocaman işçilərini müxtəlif fəxri adlara layiq görüb və mükafatlandırıb.

- Bəhruz müəllim, biz də 30 illik  yubileyinizi ürəkdən təbrik edir, “SƏS”inizin daim zirvələrdən gəlməsini arzulayırıq.

 - Çox sağl olun, minnətdaram.