YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dövləti sənayenin inkişafı məqsədilə keyfiyyət infrastrukturuna ciddi əhəmiyyət verir

   Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

- Ramiz müəllim, ölkə başçısı cənab İlham Əliyevin 2014-cü il 10 yanvar tarixli Sərəncamı ilə Azərbaycanda 2014-cü il “Sənaye ili” elan edilmişdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məşğul olduğu fəaliyyət sahələri, ümumi adlandırsaq keyfiyyət infrastrukturunun inkişafı məhz sənayenin inkişaf etdirilməsi istiqamətində açar rolunu oynayır. “Sənaye ili” çərçivəsində Komitə hansı işləri həyata keçirmişdir?

- Təbii ki, respublikamızda bütün sahələri əhatə edən inkişaf Komitənin səlahiyyətlərinə aid olan sahələrdən yan keçməmişdir. Ölkəmizdə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət göz önündədir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan iqtisadiyyatının bugünkü inkişafını Prezident İlham Əliyev çox yüksək müvəffəqiyyətlə təmin etməkdədir.

Sirr deyil ki, sənayenin inkişafı ilk növbədə keyfiyyət infrastrukturunun müasir standartlar əsasında qurulması vasitəsilə təmin edilməkdədir. Ölkə başçısı İlham Əliyevin  Sərəncamı ilə təsdiq edilmiş “Sənaye ili” ilə bağlı Tədbirlər Planında da məhz bu amil nəzərə alınaraq Komitənin üzərinə bir neçə ciddi vəzifələr qoyulmuşdur. Bunlardan biri sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə beynəlxalq standartlar əsasında milli standartların hazırlanması işinin gücləndirilməsi, sahələr üzrə yeni texniki komitələrin təşkilidir. Bununla bağlı olaraq, polimer və elektrik məmulatlarının, maşınqayırma məhsullarının və metal konstuksiyaların  istehsalı üçün beynəlxalq standarlar əsasında milli standartların hazrlanması məqsədi ilə “Sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə” yaradlmışdır. Bu müddət ərzində Texniki Komitə tərəfindən hazırlanan standart layihələrinin 14-ü dövlət standartı kimi təsdiq edilmişdir. Hesab edirik ki, “Sumqayıt Texnologiyalar Parkı” nəzdində yaradılmış bu Texniki Komitə sənaye məhsulları üzrə yeni müasir standartların hazırlanması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.
Bundan başqa Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Komitənin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında bağlanmış müqaviləyə əsasən ölkəmizdə yeni yaradılan neft-qaz və neft-kimya kompleksinin inşası layihəsi çərçivəsində də texniki tənzimləmə sahəsi üzrə bir sıra işlər görülmüşdür. Layihə çərçivəsində hazırlanmış 24 milli standart artıq dövlət qeydiyyatına alınmışdır.

“Sənaye ili” çərçivəsində digər bir vəzifəmiz sənayedə ölçmələrin vəhdətinin təmin olunması, istehsalatda ölçmələrin ötürülməsi effektivliyinin yüksəldilməsi məqsədilə etalon və səyyar laboratoriya imkanlarının genişləndirilməsidir. Son illər bu sahədə maddi-texniki bazanın möhləmkəmləndirilməsi istiqamətində bir çox işlər görülmüşdür. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) nəzdində müasir avadanlıqlarla təmin edilmiş kalibrləmə və sınaq laboratoriyaları fəaliyyət göstərməkdədir. Laboratoriya quruculuğu təkcə paytaxtla məhdudlaşmır. Hazırda AzTEST-in Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Xaçmaz, Salyan və İmişlidə filialları fəaliyyət göstərir.

Təkcə bu il laboratoriyalarımız tibb sahəsində geniş istifadə olunan kardioqrafların, diaqnostik müayinə aparatlarının yoxlanması üçün yeni avadanlıqlarla, həmçinin təzyiq və temperatur kalibratorları, müqavimət termometrləri, analizatorlarla, yanacaqda oktan və setan ədədinin təyini üçün yeni cihazlarla və s. ilə zənginləşdirilmişdir. Bundan başqa məhsulların sınağını daha operativ və çevik həyata keçirmək məqsədilə “Səyyar asfalt laboratoriyası” və “Səyyar qida laboratoriyası” avtomobilləri alınmış istifadəyə verilmişdir. Hazırda Dövlət Dozimetrik Etalonları Laboratoriyası üçün yeni avadanlıqlar, tibb avadanlıqlarının, yanacaq-doldurma məntəqələrində istifadə olunan ölçmə vasitələrinin və çənlərin dərəcələnməsinə, radiokommunikasiya, mobil rabitə və internet xidmətlərinin keyfiyyət göstəricilərinə nəzarət edən avadanlıqların yoxlanması məqsədilə tələb olunan səyyar laboratoriyaların alınması üçün işlər aparılır.

- Yeri gəlmişkən, Azərbaycan Respublikası 1 yanvar 2015-ci il tarixdən metrologiya üzrə nüfuzlu beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfrans  və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda təmsil olunacaq. Bu təşkilatlara üzvlüklə ölkəmiz nə qazanacaq?

- Bəli, 2015-ci ilin yanvar ayından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi metrologiya sahəsində əsas beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfransda assosiativ üzv və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda müxbir üzv kimi Azərbaycan Respublikasını təmsil edəcək. Bu təşkilatlarda üzvlük beynəlxalq Metrik Konvensiyanın, həmçinin Qarşılıqlı Tanınma Razılaşmalarının imzalanması üçün əsas olacaqdır ki, bu da öz növbəsində Azərbaycan Respublikasında həyata keçirilən ölçmələrin nəticələrinin, həmçinin kalibrləmə sertifikatlarının beynəlxalq tanınmasını təmin edəcəkdir.

Çəkilər və Ölçülər üzrə Baş Konfransa assosiativ üzv qismində qoşulmaqla respublikamızda milli metrologiya institutu funksiyasını həyata keçirən Komitə yanında Dövlət Metrologiya Xidmətinin Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin Qarşılıqlı Tanınma Razılaşmasına qoşulmasına imkan yaranacaq. Həmçinin Azərbaycan Respublikasının Çəkilər və Ölçülər üzrə Baş Konfransa qoşulması metrologiya sahəsində bir sıra nailiyyətlərin əldə edilməsinə imkan verəcək. Misal üçün, Komitə yanında Dövlət Metrologiya Xidmətində saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsinə, Azərbaycan Respublikasının milli etalonlarının beynəlxalq tutuşdurmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınmasına, Komitə yanında Dövlət Metrologiya Xidməti tərəfindən verilən kalibrləmə və ölçmə haqqında sertifikatların  beynəlxalq miqyasda tanınmasına, yerli müəssisələrdə məhsul istehsalının keyfiyyət göstəricilərinə nəzarət üçün aparılan ölçmələrin nəticələrinin dəqiqliyini və etibarlılığını təmin etməklə, həmin məhsulların keyfiyyətinin regional və beynəlxalq səviyyədə tanınmasına müsbət rəyin yaradılmasına, həmçinin Ümumdünya Ticarət Təşkilatının tələblərinin yerinə yetirilməsinə və ticarətdə  texniki maneələrin aradan qaldırılmasına və s.

2015-ci ilin yanvar ayından Komitənin müxbir üzv kimi təmsil olunacağı Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın əsas funksiyaları isə qanunverici metrologiyanın ümumi prinsiplərini müəyyən etmək, müxtəlif dövlətlərdə mövcud olan ölçmə vasitələri ilə bağlı hüquqi tələblərə dair məlumatları ümumiləşdirmək, qanunverici metrologiya sahəsində mövcud tələbləri beynəlxalq qanunvericiliyə harmonizə etmək, metrologiya üzrə vahid model qanunlar qəbul etmək və s. məsələləri əhatə edir. Müxbir üzvlər Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın texniki işində, təşkilatın əsas qurumu olan Qanunverici Metrologiya üzrə Beynəlxalq Komitənin iclaslarında müşahidəçi kimi iştirak etmək və müvafiq sənədlərlə tanış olub onlara şərh vermək hüququna malikdirlər. Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzvlük digər dövlətlərin qanunverici metrologiya sahəsində ən yaxşı təcrübəsinin öyrənilməsi, yeni texnologiyalar, ölçmə vasitələrinin uyğunluğunun qiymətləndirilməsinin yeni metodları və s. barədə təcrübə mübadiləsi aparmağa imkan verir. Həmçinin bu təşkilatda təmsilçilik ölkəmizin qanunverici metrologiya sahəsində maraqlarının beynəlxalq müstəviyə çıxarılmasına şərait yaradır.

- Ramiz müəllim, rəhbərlik etdiyiniz Komitənin fəaliyyət sahələrindən biri də patent sahəsidir. Başqa sözlə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsinin inkişafı ilə bağlı nə kimi planlarınız var?

- Ümumiyyətlə deyək ki, patent sahəsindəki vəziyyət keçmiş illərlə müqayisədə tam dəyişmişdir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan milli iddiaçılar nəinki daxili bazarda öz hüquqlarını qoruyurlar, həm də xarici bazarda sağlam rəqabət prinsiplərinə riayət olunması və hüquqlarının qorunması üçün Komitəyə müraciət edirlər.

Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində ən qabaqcıl təcrübə öyrənilməkdədir. Biz bu sahədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx işbirliyi qurmuşuq. Bundan başqa Koreyanın müasir  təcrübəsindən istifadə etməklə “Əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması” layihəsini uğurla başa çatdırmışıq. Yaradılmış elektron patent sistemi Azərbaycanda “Elektron hökumət” proqramı çərçivəsində ən uğurlu həllərdən biri kimi qiymətləndirilməkdədir.

Bundan başqa ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsi elan etmişik. Müsabiqə “Sənaye ili” çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tədbirlər planına daxil edilmişdir. Müsabiqə 2013-cü ildə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin Patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Bu barədə mətbuatda da elanlar verilmişdir. Hesab edirik ki, bu tip tədbirlərlə patent sistemində həm inkişafa nail olunacaq, həm də patent sahiblərinin bu sahədəki uğurlarının sayı artacaq.

- Azərbaycan əhalisinin keyfiyyətli məhsullarla təminatı dövlətin prioritet sahələrindəndir. Bu gün ölkəmizdə istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının istehsalında beynəlxalq standartların tətbiqi uğurla icra olunur. Ümumiyyətlə, bu sahədə respublikada vəziyyəti necə qiymətləndirirsiniz?

- Vətəndaşların keyfiyyətli mal, məhsul və xidmətlərlə təminatı, bu təminatın günbəgün yüksəldilməsi başlıca məqsədimizdir. Hazırda müasir dünyada keyfiyyət amili, keyfiyyət infrastrukturunun öz səciyyəvi prinsipləri var. Bu gün heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşı istehlak etdiyi məhsulun növünü, çeşidini seçməklə yanaşı, onun keyfiyyətinə də xüsusi diqqət yetirir. Cəmiyyətin inkişafında zəncirvari, yəni bir-biri ilə əlaqəli meyillər müşahidə olunduğu üçün istehlakçılar da keyfiyyət amilinə, standartların tələblərinə xüsusi həssaslıqla yanaşırlar. Deyə bilərik ki, bu ənənə artıq formalaşmışdır. Müasir dövrdə keyfiyyət istehsalçıların, sahibkarların, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin  təmin edilməsində həlledici faktora çevrilmişdir.

Son illər ölkəmizdə yaradılan müasir emal müəssisələrinin istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsulları xalq tərəfindən rəğbətlə qarşılanır. Regionlarda açılan yeni müəssisələrdə beynəlxalq standartlar tətbiq edilməklə, müasir avadanlıqlardan istifadə ilə istehsal səviyyəsi artırılmışdır. Məhz bütün bunlar da keyfiyyət infrastrukturunu formalaşdırır.

Respublikanın ixrac imkanlarının genişlənməsi, yerli sənayedə rəqabətin gücləndirilməsi, ölkələrarası ticarət əlaqələrinin inkişafı istehlakçıların həyat və sağlamlıqlarının qorunmasından asılıdır. Ona görə də biz bu sahəyə xüsusi diqqət yetirir, əhalinin keyfiyyətli məhsullarla təminatını işimizdə başlıca prinsip hesab edirik.

Azərbaycanda istehsal olunmuş və idxal olunan məhsulların keyfiyyətli, normativ sənədlərin tələblərinə uyğun olması üçün üzərimizə düşən vəzifələri layiqincə  yerinə yetirməyə çalışırıq. Dövlət nəzarətini həyata keçirən əməkdaşlarımız hər ay  onlarla gizli fəaliyyət göstərən sex, müəssisə aşkar edir, bu işlə məşğul olan təsərrüfat subyektlərini ifşa edir, qanunvericiliyə uyğun olaraq inzibati sanksiyalar tətbiq edir. Bu haqda mətbuatda məlumatlar verilir. Dövlət nəzarəti bizim gündəlik işimizdir. Həyata keçirilən tədbirlərə baxmayaraq, təəssüf  hissi ilə qeyd etməliyəm ki, hələ də öz mənfəətini hər şeydən üstün tutan, insanların həyat və sağlamlıqlarına gözardı yanaşan “sahibkarlar” da az deyil.

- Ramiz müəllim, söhbət nöqsanlardan düşmüşkən, Komitənin qarşılaşdığı problemlər hansılardır və onları həll etmək üçün hansı tədbirlər görülür?

- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçirilən monitorinqlərin məqsədi müəssisələrdə məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq, istehlak bazarını keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan, habelə qanunvericiliyə  uyğun olaraq  sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan qorumaqdır. Bəzən qarşılaşdığımız mənzərələr heç də ürəkaçan olmur. Bu sahədə vətəndaşların  da üzərinə böyük məsuliyyət düşür. Onlar malı, məhsulu keyfiyyətinə əmin olduqdan sonra almalıdırlar. Vətəndaşlar saxta, keyfiyyətsiz malla rastlaşanda bizə müraciət etməlidirlər. Komitə əməkdaşları bütün hallarda vətəndaşların qarşılaşdığı narazılıqlara operativ reaksiya verir, qanuna uyğun tədbirlər həyata keçirir.