YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarix yazır

   “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ceyhun Ələkbərov

- Ceyhun müəllim, işğalçı Ermənistanın sentyabrın 27-dən başlanan hərbi təxribatlarına cavab olaraq ordumuz tərəfindən uğurlu əks-hücum əməliyyatları həyata keçirilir. Rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 ildir ki, gözlədiyi qələbə gününü yaxınlaşdırır və ərazi bütövlüyümüz təmin olunmaqdadır. Bu barədə fikirlərinizi bilmək istərdik...

-Bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarix yazır. Hər bir azərbaycanlı bu şanlı tarixin sevincini yaşayır.

Bilirsiniz ki, ermənilər bizim torpaqlarımıza köçürüldükdən sonra tarix boyu xalqımıza qarşı qətliamlar törədiblər, torpaqlarımızı zəbt ediblər. Eləcə də, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda tarixi torpaqlarımızın bir hissəsi ermənilərə verildi və həmin torpaqlarda Ermənistan adlı dövlət yaradıldı. Daha sonra SSRİ yaradılanda da Azərbaycan torpaqlarının daha bir hissəsi də Ermənistana verildi. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində başlanmış Dağlıq Qarabağ münaqişəsi nəticəsində də torpaqlarımızın 20 faizini itirmişdik. Amma bu gün vəziyyət dəyişib. 30 ildən sonra, erməni təxribatları və sülh danışıqlarının nəticəsiz qalması şəraitində dövlətimiz öz ərazisini bərpa etmək naminə uğurlu hərbi əməliyyatlarını davam etdirir. Doğma torpaqlarımız düşməndən geri alınır.

Bu gün biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızı azad edirik. Bu, çox  qürurvericidir, çünki milli kimliyimiz, milli qürurumuz özümüzə qayıdır. Mən Xocalıda dünyaya gəlmişəm, Xocalı faciəsinin canlı şahidi olmuşam, həmin ağrı-acıları yaşamışam. Xocalıda hamı bir birnə demək olar ki, qohum idi. Həmin faciədə doğmalarımı itirmişəm. Xocalıda şəhid olanlar, o cümlədən bütün şəhidlərimiz canımın bir parşasıdır. Bu gün isə sanki, yenidən dünyaya gəlmişəm. Çünki müzəffər Ali Baş Komandanımız, şanlı ordumuz  bizə qələbə sevinci yaşadır.

-Hərbi əməliyyatlar başlandığı vaxtdan cəmiyyətimizdə yüksək əhval-ruhiyyə hökm sürür. Milli birliyimiz və həmrəyliyimiz daha da güclənib. Bu amili necə dəyərləndirirsiniz?

-Bu gün dövlətlə xalq bir yumruq kimi birləşib. Bu birlik 1993-cü ildə xalqın ağır günlərində Ulu Öndər Heydər Əliyev xilaskar kimi hakimiyyətə qayıdanda da baş vermişdi. Bu gün də xalqımız  həmin ruhdadır. Sevinirik ki, torpaqlarımız erməni işğalından azad olunur.

Həqiqətən də, bu gün ölkəmizdə güclü birlik və həmrəylik var. Başqa cür ola da bilməzdi. Bizim xalqın xüsusiyyətində, genində  belə günlərdə ayrı qalmaq düşüncəsi olmayıb. Xalqımızın əsrlərdən gələn xarakteri belədir ki, ən dar, çətin günlərdə birləşməyi bacarırıq. Bu da dövlətlə xalqın bağlarının möhkəm olmasından irəli gəlir.

-Məlumdur ki, Azərbaycan haqq savaşı aparır. Amma maraqlıdır ki, bəzi beynəlxalq dairələr Azərbaycanı bu yolda dayandırmaq istəyirlər. Buna münasibətiniz necədir?

-Bilirsiniz ki, bu münaqişə 30 ildən çoxdur ki, başlayıb. Münaqişənin tarixi hələ keçmiş sovetlər ittifaqının mövcud olduğu dövrdən davam edir. O zamandan Azərbaycan haqsızlığa uğrayıb. Bunun nəticəsi bu günə qədərdir ki, davam edir. Azərbaycan hər zaman ikili standartlarla üzləşib.

Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxması haqqında dörd qətnamə  qəbul edib. Amma 27 il ərzində həmin qətnamələr icra olunmadı və münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri bu sənədlərin icra olunması üçün heç bir addım atmadı.

Bu gün artıq Azərbaycan özü həmin qətnamələri icra edir. Çünki Azərbaycan zəif dövlət deyil, çox güclü dövlətdir. 30 il ərzində Azərbaycan konstruktiv mövqe nümayiş etdirdi, münaqişənin sülh yolu ilə həll olunacağına ümidlə yanaşdı. Amma işğalçı Ermənistan nəinki konstruktiv olmadı, əksinə işğal etdiyi torpaqlarımızda möhkəmlənmək, onları xoşluqla geri qaytarmamaq yolunu tutdu. Son vaxtlar erməni tərəfinin hərbi təxribatları isə Azərbaycanın özünümüdafiə məqsədilə əks-hücum əməliyyatı başlamağa məcbur etdi.

Bu gün Azərbaycan Prezidenti bəyan edib ki, ölkəmiz sülh, danışıqlar  tərəfdarıdır. Amma Ermənistan rəhbərliyi baza prinsiplərində nəzərdə tutulduğu kimi, torpaqlarımızdan çıxması haqqında öhdəlik götürməlidir. Amma işğalçı tərəf nəinki bunu etmir, əksinə vəziyyəti daha da gərginləşdirir. Ona görə də, ordumuz sarsıdıcı zərbələri ilə düşmənə öz yerini göstərir. Əgər beynəlxalq birlik həqiqətən bu bölgədə sabitlik istəyirsə, işğalçı Ermənistanı məcbur etməlidir ki, torpaqlarımızdan çıxsın. Yoxsa, kimsə Ermənistanı xilas etmək istəyirsə, bu mümkün olmayacaq. Azərbaycan Prezidenti bəyan edib ki, heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz.

Digər tərəfdən, onu da qeyd etmək istəyirəm ki, Azərbaycan tək deyil. Türkiyə və Pakistan kimi qardaş ölkələrin mənəvi və siyasi dəstəyi bizim gücümüzü daha da artırır. Eyni zamanda, diplomatik müstəvidə fəaliyyət davam edir, bır sıra ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Mən də Efiopiyanın Azərbaycandakı Fəxri konsulu kimi bu istiqamətdə üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıram. Ümumilikdə isə, Azərbaycan hərb meydanında olduğu kimi, diplomatik müstəvidə də işğalçı Ermənistandan üstündür. Çünki, haqq-ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir.  

-Ermənistan tərəfi hərbi cinayətlər törətməkdə davam edir. Sizcə, gələcəkdə bu cinayəti törədənlərin beynəlxalq məhkəmələr qarşısına çıxarılması üçün hansı addımlar atılmalıdır?

-Ümumiyyətlə, terrorizm erməni millətinin genetikasında var. Onlar həmişə terror törədiblər. Ermənistan yeganə dövlətdir ki, terror qruplaşmalarının yaradılmasını fəxrlə səsləndirir. Bu, hər zaman belə olub. Ona görə də, bütün bunlar məni təəccübləndirmir.

Əlbəttə ki, müharibə bitəndən sonra görəcəyimiz işlər çoxdur. Xocalı soyqırımı, eləcə də digər hərbi cinayətlərin beynəlxalq hərbi tribunala daşınması prosesi getməlidir. Bunun üçün Azərbaycan dövləti və onun müvafiq qurumları lazımı işlər görməkdədir.

Onu da qeyd edim ki, 1990-cı illərin əvvəlində dinc insanlara qarşı qırğınlar törədən bəzi erməni cinayətkarlar öz cəzalarını alıblar. Onlar indiki döyüşlərdə əsgərlərimiz tərəfindən məhv ediliblər. Amma bu cür canilər hələ də var. Zori balayanlar, koçaryanlar, sarkisyanlar ədalət məhkəməsinə çıxarılmalıdır. Onlar canilərdir. Eləcə də, Gəncə, Bərdə qətliamlarını törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidir.

-Ceyhun müəllim, işğaldan azad edilmiş və bundan sonra da azad ediləcək bütün torpaqlarımızın gələcəyini necə görürsünüz?

-Torpaqlarımızın işğaldan azad edilməsi artıq xəyal deyil. Xəyal o zaman idi ki, biz düşünürdük ki, bu torpaqlara nə vaxt qayıdacağıq. Artıq qayıdırıq. Ərazi bütövlüyümüz tam bərpa edildikdən, azad olunmuş torpaqlarda quruculuq işləri həyata keçiriləndən sonra Azərbaycan tamamilə başqa dövlət olacaq. Yəni, daha gözəl, daha firəvan və xoşbəxt ölkə olacaq.

Həmin torpaqlar bir xəzinədir. Torpağın altı da, üstü də, təbiəti də, insanları da. İndi hər kəs öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyir. Çünki öz ata-baba torpaqlarına dönmüş olacaqlar. Mənim arzum da bu olub ki, mən Xocalıya ayaq basdığım gün ilk olaraq babalarımın məzarını ziyarət edəcəm. Düşünürəm ki, bu ağrı hər bir qarabağlının ürəyində var. Bu ağrı torpağını itirmiş insanın ürəyində var. Elə insanlar var idi ki, o torpaqlarda dünyasını dəyişməyi arzu edirdilər. Təəssüf ki, bu günü görmədilər. Amma əminəm ki, onların ruhları şaddır. Çünki həmin torpaqlar işğaldan azad edilir və biz qayıdırıq.

Bir insanın qürurunun özünə qayıtmasından gözəl nə ola bilər? Bizim qürurumuz dövlətimizin, torpağımızın tamlığıdır. Ona görə də, elə bilirəm ki, anadan yenidən doğulmuşam. Bu, sözlə ifadə edilməsi mümkün olmayan hisslərdir. Əminik ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altında olan bütün torpaqlarımızı azad edəcək və Şuşada, Xankəndidə üçrəngli bayrağımız ucaldılacaq!