MÜSAHİBƏLƏR
Yeni Azərbaycan Partiyası öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla davam etdirir
- Bahar xanım, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü tamam olur. 22 il əvvələ nəzər saldıqda həmin dövrdə Azərbaycanın ictimai-siyasi mənzərəsi fonunda YAP-ın yaradılmasını zəruri edən hansı amilləri qeyd etmək olar?
- Əlbəttə ki, hər bir xalqın, toplumun öz müstəqilliyi uğrunda mübarizələr tarixi vardır. Azərbaycanın da özünəməxsus tarixi keçmişi həmin dövr hadisələrinə qiymət vermək üçün də mənbə rolunu oynayır. 1990-cı illərin əvvəlləri Azərbaycanda tarixin başqa bir şəkildə təkrarını xatırladırdı. XX əsrin əvvəlində birinci dəfə müstəqilliyin əldə edilməsindən sonra baş verən hadisələr, qısa müddətdə müstəqilliyə yaranan təhlükə, daxildən və xaricdən olan təhdidlər, təzyiqlər əsrin sonunda yenidən təkrarlanırdı. Bu dövrlər arasında paralellər apardıqda əlbəttə, hadisələrin təsviri üst-üstə düşsə də, nəticələr fərqli idi. Çünki birinci müstəqillik dövründə əldə etdiyimiz nailiyyətləri qorumaq üçün Azərbaycanın yetərli gücü, müttəfiqləri yox idi, ölkə daxilində birlik əldə etmək mümkün deyildi, xarici faktorlar isə vəziyyəti daha da gərginləşdirirdi. Bu vəziyyətdən çıxmaq üçün Azərbaycanın özünün birləşdirici, bütün qüvvələri səfərbər edəcək, onları əsas məqsədə, hədəfə yönəldə biləcək bir faktoru yox idisə, əsrin sonunda baş verən hadisələrdə biz artıq bu amilin mövcudluğunu xüsusi şəkildə vurğulamalıyıq.
Həmin dövrdə Azərbaycan xalqının düşünən beyinləri, öndə gedən ziyalıları bu çətin durumdan çıxmağın yeganə yolunu Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər. Çünki çoxsaylı siyasi hərəkatların, ən müxtəlif məqsədlərə və hədəflərə yönəlmiş axınların dağıdıcı fəaliyyətinin qarşısını yalnız müdrik siyasət, möhkəm iradə, güclü şəxsiyyət ətrafında xalqın birliyi ala bilərdi. İlk növbədə, Heydər Əliyevin siyasi proseslərə təsir göstərməsi, ictimai-siyasi hərəkatı düzgün istiqamətə yönəltməsi üçün bir siyasi təşkilata ehtiyac duyulurdu. 1992-ci ilin ağır günlərində, xüsusən də həmin ilin payızına doğru hadisələrin gərginləşdiyi bir məqamda Heydər Əliyevə edilən çoxsaylı müraciətlərdən sonra Azərbaycanda yeni bir siyasi təşkilatın yaradılması işinə başlandı. Qısa müddətdə görülən işlər öz nəticəsini verdi və 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi. Ölkənin o zamankı rəhbərliyi tərəfindən Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyduğu iddia edilsə də, bu konfrans Bakıda yox, məhz Naxçıvanda keçirildi, çünki onun Bakıda keçirilməsinin mümkün olmaması üçün o zamankı AXC-Müsavat cütlüyü bütün “addımları” atmışdı. Bütün bunlara baxmayaraq, ölkənin hər yerindən nümayəndələrin iştirakı ilə baş tutan konfransda çox ciddi qərarlar qəbul olundu, partiyanın Nizamnaməsi, Proqramı, rəhbər strukturu, seçkili orqanları formalaşdı, qarşıda dayanan vəzifələri müəyyənləşdirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Azərbaycan xalqına edilən müraciət nəticəsində bu təşkilatın yerlərdə rayon-şəhər özəkləri yaranmağa başladı. Ölkədə ictimai-siyasi proseslərə müdaxilə etmək istiqamətində ciddi addımlar atıldı və qısa müddətdə YAP Azərbaycandakı ictimai-siyasi təşkilatlar içərisində aparıcı bir gücə çevrildi. Ölkənin xaosa sürükləndiyi, iqtisadi tənəzzülə uğradığı, separatçılıq meyillərinin güclənməkdə olduğu bir vaxtda bu işi təşkil etmək o qədər də asan deyildi. Lakin yalnız Heydər Əliyev şəxsiyyəti və Heydər Əliyev siyasəti bunun öhdəsindən gələ bilərdi ki, müxalifət partiyası kimi təsis olunan YAP yarandığı vaxtdan bir neçə ay keçdikdən sonra hakim partiyaya çevrildi. Beləliklə, xalqın təkidli çağırışı və həmin dövrdə ölkəni idarə edə bilməyən rəhbərliyin müraciəti ilə Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Azərbaycan xalqının ürəyində bir ümid, xaosa, anarxiyaya, qeyri-sabitliyə, Azərbaycanın məhvə sürüklənməsinə son qoyulacağına böyük inam yarandı.
Beləliklə, Ulu öndər Heydər Əliyevin partiyanın yaranmasına razılıq verməsi, onun başında dayanması, partiyanın işini təşkil etməsi, onun vasitəsilə Azərbaycanın ictimai-siyasi spektrini bir araya gətirərək ölkəni xaosdan, anarxiyadan qurtarmaq istiqamətindəki səyləri xalqın mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Heydər Əliyev şəxsiyyətinin gücü hər birimizə yaxşı bəllidir, lakin o, xalqın gücü ilə birləşdikdə qarşısıalınmaz bir qüvvəyə çevrilir və yolunda olan bütün maneələri süpürüb atır. Elə o vaxtkı iqtidar da daxil olmaqla bütün maneələr bu gücün qarşısında aciz qaldı. Ölkə sabitlik və quruculuq dövrünə qədəm qoydu.
- Ulu öndərin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi sisteminə hansı keyfiyyət dəyişiklikləri gətirdi?
- Heydər Əliyevin hakimiyyətdə iştirakı idarəetmənin, parlament və siyasi fəaliyyətin, dövlət quruculuğunun nə olduğunu insanlara bir daha xatırlatdı. Ümumiyyətlə, keçmiş Sovetlər Birliyi dağıldıqdan, rejimin buxovları qırıldıqdan sonra bəzi insanların anarxiyaya gətirib çıxaran hərəkətlərini cilovlamaq üçün güclü siyasi iradəyə ehtiyac var idi. Eyni zamanda, həmin dövrdə Azərbaycanda siyasi mədəniyyətin, davranış mədəniyyətinin çatışmadığı, mövcud qayda-qanunların, ənənələrin tamamilə dağıdılması istiqamətində gedən proseslər, ümumilikdə, ictimai-siyasi həyat, iqtisadiyyat, kənd təsərrüfatı da daxil olmaqla bütün sahələrdə tənəzzülün baş alıb getməsi əsas nəzərə çarpan cəhət idi. Ölkədə parlament mədəniyyətindən danışmaq mümkün deyildi. Parlament ayrı-ayrı maraq qruplarının nümayəndələrinin cəmləşdiyi bir yer idi və burada yalnız söz, maraqlar davası və heç bir etik çərçivəyə, milli-mənəvi dəyərlərimizə sığmayan, dövlət quruculuğu adına uyğun gəlməyən hadisələr baş verirdi və bütün bunların qarşısını almaq lazım idi. Yalnız siyasi məktəb keçmiş, həm də öz fəaliyyəti ilə məktəb yaratmış bir insan bunların öhdəsindən gələ bilərdi.
Heydər Əliyevin parlamentə qayıdışı və YAP-ın Azərbaycanın ictimai-siyasi sferasında özünə geniş yer tutması nəticəsində siyasi mübarizə və mübahisə mədəniyyəti, parlamentarizm ənənəsi yenidən formalaşmağa, həqiqi mənada dövlət quruculuğuna uyğun qaydalar tətbiq olunmağa başladı. Həmçinin, iqtisadiyyatda tənəzzülə son qoymaq istiqamətində ciddi islahatların əsası qoyuldu, dağıdıcılığın qarşısı alınmaqla bütün potensialın quruculuğa yönəldilməsi, ictimai-siyasi sabitliyə nail olunması, qanunların aliliyinin yüksək bir prinsip kimi gözlənilməsi, hər kəsin öz sözünə, hərəkətinə, fəaliyyətinə görə məsuliyyət daşıması təmin olundu. Ordu quruculuğunda ciddi addımlar atıldı, ərazilərimizin bir-birinin ardınca işğalına son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr ləğv edildi. Separatçılıq, ərazilərin bölünməsinə edilən cəhdlərin qarşısı alındı. İqtisadi və coğrafi resurslardan yalnız milli və dövləti maraqlar naminə istifadə üçün lazımi addımlar atıldı. Ən əsası isə silah gücünə hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu. Ölkədə hakimiyyət dəyişikliyinin yalnız demokratik seçkilər vasitəsilə mümkünlüyünə inam formalaşdı.
Əlbəttə ki, bütün bunlara asanlıqla nail olunmadı, bildiyimiz kimi, həmin dövrdə bir sıra şəxslər hərbi, mülki cinayətlərə görə məsuliyyətə cəlb olundu, bəziləri öz zərərli fəaliyyətinin müqabilində məsuliyyətə cəlb olunacaqlarını dərk edərək fəaliyyətlərini dondurdular. Bununla onlar məsuliyyətdən yayınmağa çalışmaqla yanaşı, hakimiyyətə gələn yeni qüvvələrin işini sabotaj etməyi də düşünürdülər. Bildiyimiz kimi, fəaliyyətin dondurulması ordudan başlayaraq, bütün sahələri əhatə edirdi. Özlərinə məxsus silahlı dəstələri, hərbi texnikanı, avadanlığı cəbhədən geriyə çəkməkdən tutmuş, iqtisadi sabotajlara qədər müxtəlif üsullara əl atılırdı. Bununla onlar özlərinin dövlətin maraqlarına zidd hərəkətlərinə haqq qazandırmağa, həmçinin, cəmiyyətdə yeni siyasi hakimiyyətin ölkəni idarə edə bilməməsi təsəvvürünü yaratmağa çalışırdılar. Bu zaman bir sıra daxili və xarici faktorlar əlaqəli şəkildə fəaliyyət göstərirdi.
Əlbəttə ki, bütün bunların qarşısını almaq üçün çox ciddi siyasi iradə və güc lazım idi. Məhz Heydər Əliyev həmin dövrdə istirahət bilmədən həm parlamentdəki fəaliyyətini, həm Prezident kimi, həm də Ali Baş Komandan kimi səlahiyyətlərini həyata keçirməklə yanaşı, quruculuq işlərinə, iqtisadi dirçəlişə, əhalinin dövlət və milli maraqların reallaşdırılmasına cəlb edilməsinə, ictimai-siyasi sferada sabitliyin yaranmasına, hər kəsin qanun çərçivəsində fəaliyyətə cəlb olunmasına yönəlmiş çox geniş miqyaslı bir fəaliyyət sərgiləyirdi. Görülən işlər isə qısa müddətdə öz nəticələrini verməyə başladı. Burada YAP-ın siyasi sferada sayca daha çox, keyfiyyətcə daha zəngin və Azərbaycan vətəndaşlarının qabaqcıl hissəsindən ziyalı, siyasi aktiv təbəqəsinin daha çox cəmləşdiyi təşkilat kimi yeni bir siyasi mədəniyyət, yeni davranış sərgiləməsi də Azərbaycandakı siyasi ab-havanın normallaşmasına gətirib çıxardı və bu günə qədər də YAP öz adından doğan bir fəaliyyət sərgiləməkdədir. Yəni, partiya tamamilə yeni, müasir standartlara uyğun, dünyanın çağırışlarına cavab verə biləcək, ölkənin qarşısında duran hədəflərə yönələn bir siyasi mövqe, mədəniyyət ortaya qoyurdu. Əlbəttə ki, bu, digər ictimai-siyasi təşkilatları da fəaliyyətlərini buna uyğun qurmağa vadar edirdi.
Hesab edirəm ki, YAP-ın sədri kimi, Heydər Əliyevin siyasi hakimiyyətinə qayıdışı və bu təşkilatın özünün ölkənin bütün regionlarındakı fəaliyyəti mövcud imkanların bütün istiqamətlərdə səfərbərlik işinə təkan verdi və Azərbaycan öz potensialını dinc quruculuq işinə yönəldə bildi, xaosun, anarxiyanın, tənəzzülün qarşısı alındı. Artıq qısa müddət sonra, yəni 1994-1995-ci illərdə bir sıra sahələrdə uğurların əldə olunmasının şahidiyik. Bununla da, Azərbaycan xalqının öz gücünə, bütün problemlərin öhdəsindən gələ biləcəyinə inamı artdı. YAP isə Azərbaycanın yeni siyasi tarixində öz yerini tutmağa başladı.
Bu məqamda qeyd etmək istəyirəm ki, bütün bu tarixi vəzifələri uğurla yerinə yetirən Ümummilli lider Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək dirçəliş, tərəqqi yoluna çıxardı. Ona görə də elə bir an yoxdur ki, biz Heydər Əliyev şəxsiyyətini xatırlamayaq, Onun əziz xatirəsini ehtiramla yad etməyək. Bu gün də Yeni Azərbaycan Partiyasını yaradaraq yeni müstəqil Azərbaycanı qurub-yaradan Ümummilli lider Heydər Əliyevi minnətdarlıq hissi ilə yad edir, şəxsiyyəti qarşısında baş əyirəm. Eləcə də bu günün dəyərini bilən hər kəsi Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə təbrik edir, partiyamıza Azərbaycanın ömrü qədər ömür arzulayıram.
- Bahar xanım, Yeni Azərbaycan Partiyası hazırda Azərbaycan siyasi sisteminin lokomotiv, avanqard siyasi qüvvəsi kimi çıxış edir və öz sıralarında cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini birləşdirir. Bütövlükdə, partiyanın yüksək nüfuzunu, ciddi sosial dəstəyini şərtləndirən faktorlar haqqında nə deyə bilərsiniz?
- Ötən zaman ərzində vətəndaşların yüksək etimadını qazanan Yeni Azərbaycan Partiyası hazırda xalqın mütləq əksəriyyətinin dəstəyi ilə fəaliyyət göstərir. Partiyanın gücü yalnız onun sıralarında olan insanların sayı ilə ölçülmür. Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir. Xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərirlər. Partiyamızın nümayəndələri Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf yoluna sədaqət nümayiş etdirərək milli maraqlar ətrafında sıx birləşiblər.
Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Bələdiyyə, parlament və prezident seçkilərinin nəticələri, bütövlükdə, YAP-ın üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. Bu məqamda vurğulamaq istəyirəm ki, YAP seçkidən seçkiyə yeni texnologiyalar və mexanizmlərlə gedir, dünyanın qabaqcıl seçki təcrübəsini Azərbaycana gətirməklə ölkəmizin öz təcrübəsini dünyaya təqdim edir. Hazırki reallıqlar göstərir ki, Azərbaycan digər ölkələrin onilliklər ərzində keçdiyi yolu qısa müddətdə keçib və mühüm nailiyyətlər əldə edərək özünəməxsus milli inkişaf modeli formalaşdırıb.
Bütövlükdə hesab edirəm ki, Azərbaycan siyasi sisteminin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti, əldə etdiyi nailiyyətlər hələ uzun illər müxtəlif araşdırmaçıların tədqiqat obyekti qismində çıxış edəcək. Bu istiqamətdə bundan sonra aparılacaq kompleks araşdırmalar, eyni zamanda, Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımından müstəsna əhəmiyyət kəsb edəcək.
Əlbəttə, sadalananlar təsadüfi deyil, çünki məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf edən, beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınan bir dövlətə çevrilib. Hazırda dünya ictimai-siyasi sisteminin sütunları – dayaqları sarsıldığı halda, Azərbaycan milli təhlükəsizliyin etibarlı şəkildə təmin olunduğu sabit ölkə qismində çıxış edir. Buna paralel olaraq inkişafın Azərbaycan modeli dünya miqyasında öyrənilir və təqdir olunur.
Bütün bunların fonunda Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın yox, bütövlükdə, regionun ən güclü siyasi partiyalarındandır. Yüksək beynəlxalq nüfuza malik olan YAP qlobal miqyasda öz dost və tərəfdaşlarının sayını artırmaqla əməkdaşlıq dairəsini daha da genişləndirir.
- Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin hazırki səviyyəsi haqqında düşüncələrinizi bilmək istərdik...
- Əlbəttə, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bununla yanaşı, ölkəmiz regional və qlobal miqyasda söz sahibinə çevrilib, beynəlxalq təşkilatlarda öz milli maraqlarına əsasən uğurla təmsil olunur. Təkcə bir faktı deyim ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan Təhlükəsizlik Şurasındakı fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirdi. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan qlobal taleyüklü məsələlərin həllində aktiv iştirak edir və yüksək beynəlxalq nüfuza malikdir. Eyni zamanda, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti onu göstərdi ki, müasir dövrdə böyük və ya kiçikliyindən asılı olmayaraq, dövlətin qlobal miqyasda mövcud çağırışlara cavab vermək iradəsi və iqtidarı əsas rol oynayır. Əgər dövlət müstəqil siyasət həyata keçirirsə, istənilən çağırışa qarşı adekvat reaksiya verə bilər. Azərbaycan bunu bir daha nümayiş etdirirək beynəlxalq münasibətlərin subyekti kimi müstəqil iradəyə sahib olduğunu növbəti dəfə göstərdi.
Beləliklə, Azərbaycanın müstəqil və səmərəli xarici siyasətinin fonunda Yeni Azərbaycan Partiyası da çoxşaxəli beynəlxalq əlaqələrə malikdir. YAP-ın beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı şəkildə dövlətin milli maraqlarına xidmət edir. Bütövlükdə, Yeni Azərbaycan Partiyası bir neçə istiqamətdə beynəlxalq əlaqələrini inkişaf etdirir. Partiyamız həm Avropanın, həm də Asiyanın müxtəlif siyasi təşkilatları ilə geniş əməkdaşlıq münasibətlərinə malikdir. Bu kontekstdə Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatı, Avropa Xalqları Partiyası ilə geniş əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası həm də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində səmərəli fəaliyyət göstərir. Bundan başqa, YAP-ın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə müxtəlif konfrans və forumların keçirilməsi, partiyanın Gənclər Birliyinin nümayəndələrinin Avropanın gənclər təşkilatlarının müxtəlif forumlarında uğurla təmsil olunmaları kimi amillər də çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir. YAP Qadınlar Şurasının həm ölkədaxili, həm də beynəlxalq qadın hərəkatının tərkib hissəsi kimi sərgilədiyi mövqe isə təqdirəlayiqdir və hər bir qadını fəal siyasi həyata daha da ruhlandırır.
Bütövlükdə, sadalananlar onu göstərir ki, Yeni Azərbaycan Partiyası regionun və dünyanın tanınmış, nüfuzlu siyasi partiyalarından biridir.
- Məlum olduğu kimi, dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq səviyyəsi necədir?
- YAP ölkəmizdə keçirilən bütün seçkilərə çox ciddi məsuliyyətlə yanaşaraq möhtəşəm qələbələr əldə edib. Partiyamız hər zaman olduğu kimi, bu seçkilərə hazırlıq çərçivəsində də öz işini yüksək səviyyədə qurub. Seçkilərə hazırlıq seçki qanunvericiliyinə müvafiq olaraq davam etdirilir. Bütün təşkilatı şəbəkə - insani və siyasi resurslar bu seçkilərdə də yüksək qələbənin əldə olunmasına səfərbər olunub. Partiyanın İcra Katibliyi və İdarə Heyəti, eləcə də müvafiq rayon təşkilatlarının toplantıları keçirilərək bələdiyyə seçkilərinə hazırlıq məsələsi müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Onu da qeyd edim ki, bu seçkilərdə də qadınlar və gənclərin yüksək fəallığının təmin olunması nəzərdə tutulub. Bizim ümumi işimizdə yerli özünüidarə orqanlarında YAP üzvlərinin həm çəkisinin, həm də iş keyfiyyətinin artırılması əsas hədəfimizdir. Bu prosesdə qadınların, gənclərin iştirakı da prioritet məsələlərdən biridir. Biz bu dəfə də prosesi irəliyə aparmaq üçün daha geniş fəaliyyət sərgiləməkdəyik.
Ümumilikdə hesab edirəm ki, Azərbaycanın iqtisadi inkişaf təcrübəsi, özünəməxsus inkişaf modeli dünyanı ciddi şəkildə maraqlandırdığı kimi seçki sahəsində əldə olunan nailiyyətlərimiz də beynəlxalq müstəvidə yüksək dəyərləndirilir. Bu təcrübə başqaları üçün də önəmli ola bilər. Biz artıq dünyaya bu istiqamətdə də öz təcrübəmizi nümayiş etdirməkdəyik.
Nəticə etibarilə, YAP budəfəki seçkilərə də gücünü nümayiş etdirəcək və qalib çıxacaq. Fikrimcə, həm seçilən nümayəndələrimizin sayı artacaq, həm onların içərisində qadınların və gənclərin nümayəndələri çox olacaq. Əlbəttə, əsas hədəflərimizdən biri də bələdiyyə qurumlarında daha çox sayda gənclərin və qadınların rəhbər seçkilərində qalib gəlməsinə nail olmaqdır.
Bir sözlə, hər bir vətəndaşımıza daha yaxın olmaq, onun problemlərinin daha yaxşı həlli yolunu tapmaq və onların həyatının bir parçası olmaq üçün mümkün olan hər şeyi edəcəyik. Buna heç kimin şübhəsi olmasın.