Xəbərlər
Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və məktəbin direktoru, ərazi partiya təşkilatının sədri İsmət Nəcəfov çıxış edərək Zəfər Günü və Dövlət Bayrağı Gününün xalqımız üçün böyük mənəvi və tarixi əhəmiyyət daşıdığını qeyd ediblər.
Natiqlər vurğulayıblar ki, Zəfər Günü Azərbaycan xalqının və dövlətinin qüdrətinin, xalqımızın birliyinin, igid oğullarımızın qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsidir. Qazanılan bu möhtəşəm Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, xalqımıza misilsiz qürur və iftixar hissi bəxş edilib.
Çıxışlarda həmçinin bildirilib ki, 9 Noyabr - Dövlət Bayrağı Günü müstəqil Azərbaycan dövlətçiliyinin rəmzlərindən biri kimi xalqımızın milli qürur və vəhdət simvoludur. Məktəblilərə Zəfər və Bayraq Günlərinin tarixi əhəmiyyəti barədə geniş məlumat verilib, bu dəyərlərin qorunmasının hər bir azərbaycanlının müqəddəs borcu olduğu vurğulanıb.
Qeyd olunub ki, işğaldan azad edilmiş torpaqlar, müstəqil dövlətimiz və çiçəklənən Azərbaycan gələcək nəsillərə əmanətdir. Gənclər bu əmanəti qorumaq, Vətənə sədaqətlə xidmət etmək və qəhrəman şəhidlərimizə layiq övladlar kimi yetişmək məsuliyyətini daşıyırlar.
