Xəbərlər
İqtisadi müstəqillik siyasi müstəqilliyi gücləndirir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Təhsil hər bir dövlətin inkişafının əsasıdır. Bu baxımdan təhsilimizin müasir dünya standartları səviyyəsində qurulması dövlətin başlıca prioritetlərindəndir. Azərbaycan təhsili sağlam, intellektual gənc nəslin formalaşdırılması məqsədlərinə nail olmaq üçün geniş imkanlar yaradır. Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, atılan addımlar, qəbul edilmiş qərarlar, təhsilin, elmin inkişafına ayrılan vəsaitlərin səviyyəsində də özünü göstərir.
Dövlət başçısı İlham Əliyev bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında bu məsələlərə xüsusi diqqət yönəldərək bildirdi ki, son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə vəsait daha böyük həcmdə ayrılır: “Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir”.
2009-cu ildə Elm Fondu yaradıldı. Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun və Dövlət Proqramı qəbul edildi. Bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir.
Dövlət başçısı İlham Əliyev bu çağırışı da etdi ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.
Azərbaycan hər zaman dayanıqlı iqtisadi inkişafı ilə diqqətdədir. Yaradılan möhkəm təməl hədəflərə doğru inamla addımlamağa böyük stimul verir. Cənab İlham Əliyev bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektoru olduğunu önə çəkərək qeyd etdi ki, bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun yüz faizini, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. Əlbəttə ki, iqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək.
Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda dünyada misli görülməmiş işlər görülür. Güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan yaradır. Güclü hərbi potensialı yaratmaq üçün də imkanlar yaranır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, güclü iqtisadiyyat, maliyyə resursları bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirir. Azərbaycan daim beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi tanınır, inkişaf modeli təqdir edilir və öyrənilir.
