Xəbərlər
Uğurlu gələcəyə təminat
Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışı zamanı söylədiyi fikirlər və Azərbaycan elminin inkişafına göstərdiyi diqqət ölkəmizin daha uğurlu gələcəyinə əminlik yaradır.
Müzəffər Prezidentimizin elmin ölkənin gələcəyi üçün strateji əhəmiyyəti olması ilə bağlı proqram xarakterli nitqi zamanı verdiyi dəyərli tövtövsiyələr ölkəmizin sosial-iqtisadi, siyasi, elmi və ideoloji gündəliyini formalaşdıran mühüm çağırış, görülən işlərin hesabatı və uğurlu gələcəyə hesablanmış yeni dövrün istiqamətləri idi.
Tarixdən bəllidir ki, Azərbaycan elminin inkişafı ötən əsrin 70-ci illərindən başlayaraq Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin tərkib hissəsi olmuşdur. Ulu Öndər hər zaman Azərbaycan alimlərini dəstəkləmiş, onun qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan xilas etmişdir.Bu xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Məhz, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə ölkə rəhbərliyinə gəldikdən sonra elmə böyük həcmdə kapital qoyuluşu edildi, yeni elmi-tədqiqat institutları, laboratoriyalar və texniki bazalar yaradıldı, gənc kadrların ixtisaslaşdırılmış elmi biliklər əldə etməsi üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə və elmi mərkəzlərinə kütləvi şəkildə göndərilməsi təmin olundu. Ulu Öndər Heydər Əliyevin bu siyasəti Azərbaycanda güclü elmi məktəblərin yaranmasına zəmin yaratdı və müstəqillik dövründə ölkənin iqtisadi və intellektual inkişafının əsasını qoydu. Bu gün isə Akademiyanın infrastrukturunun yenilənməsi, Elmin İnkişafı Fondu, "Elm haqqında" Qanun, dövlət proqramları və milli strategiyaların qəbul edilməsi – Azərbaycan elminin müstəqillik dövründəki, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafının əsas sütunlarını təşkil edir.
Görülən işlər Azərbaycan elminin yalnız ənənəvi sahələrdə deyil, həm də innovasiya, süni intellekt, rəqəmsallaşma və yüksək texnologiyalar kimi yeni sahələrdə inkişafına şərait yaratmaq məqsədi daşıyır. Bu gün müasir şəraitə uyğun olaraq bizim elmimiz də, iqtisadiyyatımız da bir-birinə uyğun olmalıdır. Prezident İlham Əliyev çıxışı zamanı nəzəriyyə ilə təcrübənin uzlaşdırılması, onların bir-birini izləməsi kimi çox vacib bir məsələyə toxunaraq: “ Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər” deməsi bu və ya digər sahənin inkişafı üçün düzgün və əhəmiyyətli istiqamət, alimlərimizin, tədqiqatçılarımızın, eyni zamanda müvafiq dövlət qurumlarının üzərinə mühüm öhdəlik və vəzifələr qoyur. Bu gün daha sürətli inkişafa nail olmaq üçün yalnız təbii sərvətlərin çox olması deyil, eyni zamanda texnoloji inkişafın yüksək olması vacibdir. Bütün sahələrlə yanaşı hərbi sənayenin inkişafı xüsusilə əhəmiyyətlidir.
Prezident İlham Əliyevin çıxışı zamanı, Azərbaycanda hərbi sənayenin sürətlə inkişaf etməsini, uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılmasını, fəaliyyət göstərən şirkətlərin fəaliyyətinin təkmilləşməsini vurğulayaraq, bu sahəyə özəl şirkətlərin cəlb olunmasının vacibliyini bildirməsi, dövlət xətti ilə bu istiqamətdə işlər aparılaraq hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndirərək öz tələbatımızı böyük dərəcədə ödədiyimizi vurğulayaraq: “Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Çünki bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə bu gün biz çox fəal işləyirik. Yenə də deyirəm, biz, təbii ki, dövlət və özəl şirkətlərimizi, eyni zamanda, Azərbaycan alimlərini bu istiqamətə dəvət edirik.
Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik” deməsi hərbi sahənin inkişafının çox vacib olduğunu göstərir.
Prezident İlham Əliyev valyuta ehtiyatlarımızın ildən-ilə artıraraq 80 milyard dolları ötdüyünü, valyuta ehtiyatlarımızın xarici borcumuzdan 16 dəfə çox olduğunu, bu göstəriciyə görə Azərbaycanın dünya miqyasında aparıcı yerlərdə olmasını, iqtisadi və maliyyə dayanıqlılığının bizə böyük investisiya layihələrini icra etməyə imkan verdiyini, Qarabağ və Şərqi Zəngəzurda, azad edilmiş torpaqlarda dünyada misligörülməmiş işlər görüldüyünü, müasir yaşayış məntəqələrinin salınmasını, bərpaolunan enerji sahəsinin inkişafını, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlərin aparılmasını, çox zəngin təbii resurslarımızın - qızıl, gümüş, mis yataqları, polimetal yataqlar olmasının və yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcəyini, dilimizin saflığının qorunmasının vacibliyini bildirərək Azərbaycan elminin inkişafına lazımi şərait yaratmaqla alimlərimizi bu işlərə dəvət etməsi elm adamlarımızın qurub yaratmaq əzmini daha da artırır və qədirbilən xalqımızı əmin edir ki, Azərbaycan elmi daha da inkişaf edəcək və ölkəmizi daha uğurlu gələcəyə aparacaq.
