Xəbərlər
“Şanlı Zəfər Tariximiz”
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Təhsil İdarəsi Şəmkir rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına məktəb-liseydə “Şanlı Zəfər Tariximiz” adlı tədbir baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik və birliyinin təntənəsidir. Azərbaycan əsgəri 30 il ərzində düşmənin yaratdığı nəhəng istehkamları qısa müddətdə darmadağın edərək, müasir hərb tarixində yeni səhifə açdı. 44 gün davam edən Vətən müharibəsində Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. F.Vəliyev vurğulayıb ki, bu Qələbə Prezident İlham Əliyevin yenilməz iradəsi, prinsipial siyasəti və xalqın milli həmrəyliyi nəticəsində əldə olunub.
Vətən müharibəsi şəhidi Ruslan Qəhrəmanovun atası Mehman Qəhrəmanov, Birinci Qarabağ müharibəsi veteranı Fuad Bədəlov, məktəb-liseyin direktoru Bayram Əmiraslanov və digər çıxış edənlər vurğulayıblar ki, əldə edilən Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bəhrəsidir. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsidir və gələcək nəsillərin hər zaman qürurla xatırlayacağı qəhrəmanlıq salnaməsidir.
Tədbir məktəb-lisey şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar, şeirlər, mahnılar və rəqslərlə davam edib.
