Xəbərlər
Suverenliyimizin tam bərpa edilməsi ölkəmizin qarşısında yeni imkanlar, yeni üfüqlər açır
“Bu gün qalib, suveren Azərbaycanın yeni hədəflərə doğru inamla irəlilədiyini, hər bir çağırışı yüksək səviyyədə həyata keçirdiyini böyük qürur hissi ilə qeyd edirik. Hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmaqla, bir günlük antiterror tədbirlərində suverenliyini tam bərpa etməklə malik olduğu imkanları dünyaya təqdim etdi. Dövlətimizin başçısı İlham Əliyevin 20 sentyabr 2024-cü il tarixdə Qarabağ Universitetinin təmirdən sonra açılış mərasimində qeyd etdiyi kimi, bu gün Ulu Öndər Heydər Əliyevin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə Azərbaycana gəlməsəydi, ölkəmiz, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsindən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı: “Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü elan edildi. Bu tarix Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. Çünki 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazilərində tam suverenlik bərpa edildi. Bu tarix Azərbaycan xalqının əsrlərlə müstəqillik uğrunda mübarizəsinin rəmzi, dövlətin konstitusiya quruluşunun bütün ərazilərdə bərpa olunmasının rəsmiləşdirilməsi, milli birliyin, həmrəyliyin güclənməsi, müstəqil dövlətçilik yolunun təntənəsi kimi xarakterizə edilir”.
Malik Həsənov vurğulayıb ki, suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan, hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir: “Azərbaycanın müasir tarixində konstitusiya və suverenlik anlayışları dövlətçilik fəlsəfəsinin əsas sütunlarıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Konstitusiya və suverenlik anlayışları dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır. Bu gün Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu müsbət dinamikanı qoruyub saxlamaq, nailiyyətləri artırmaq qarşıda dayanan əsas hədəflərdir. Artıq bir ildən çoxdur ki, sülh şəraitində yaşayırıq. Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, həmçinin Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Birgə Bəyannamənin imzalanması regionda sülh gündəliyinin rəsmiləşdirilməsi istiqamətində mühüm mərhələ kimi dəyərləndirildi. Bu, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstəyin aydın ifadəsidir. Bu kimi mühüm addımlar bir daha təsdiqləyir ki, Azərbaycanın suverenliyi təkcə milli sərhədlər çərçivəsində deyil, həm də beynəlxalq münasibətlər müstəvisində möhkəmlənir. Son bir ildə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı diqqətdədir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi iqtisadi inkişafa, yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar yaradır”.
Millət vəkili bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda yaratdığı reallıqlar ölkəmizin regionda və dünyada mövqeyini daha da möhkəmləndirir: “Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin say tərkibinə, həmçinin ikitərəfli əməkdaşlığın genişlənən coğrafiyasına diqqət yetirmək kifayətdir. Bu gün Azərbaycan dünyaya sülh təcrübəsini təqdim edir. Tarixi Zəfərimizdən sonrakı dövrə diqqət yetirsək görərik ki, elə bir beynəlxalq tədbir yoxdur ki, Azərbaycanın təkmil sülh modelinə diqqət yönəldilməsin. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi. Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyub və nəticələr də göz qabağındadır. Ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik”.
