Xəbərlər
Yenilməz xalq olduğumuzu sübut etdik
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Cənab İlham Əliyev iyirmi iki il bundan əvvəl Prezident kimi fəaliyyətə başlayanda bu vədi açıladı ki, Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarımızda ucaldılacaq. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru irəlilədik. Azərbaycan bu illər ərzində gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ölkəmiz Qarabağ münaqişəsinin həll üçün güclü siyasi və hüquqi zəmin yaratdı. Hər bir inkişafın əsasında dayanan iqtisadi tərəqqi təmin edildi. Son 22 ildə əldə olunan iqtisadi uğurlar göz qabağındadır. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Ölkəmizin təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Yeni dostlar, tərəfdaşlar qazandı. Tərəfdaş ölkələrin sayının artmasına səbəb olan beynəlxalq təşkilatlarla səmərəliəməkdaşlığa xüsusi önəm verildi, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib. Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində Azərbaycan ərizələrini müxtəlif istiamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz dünya hərb tarixinə yeni səhifə yazdı. Qürurumuz, kimliyimiz olan Zəfərimiz tariximizin şanlı səhifələrindən biridir. Xalqımız bu günü 30 il gözlədi. Amma heç zaman ümidini itirmədi. Əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində torpaqlarımız azad olunacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Bu gün həmin anın şahidi olduğumuz üçün qürurluyuq. Tarixi sahibinə qovuşan torpaqlarımızda üçrəngli Bayrağımız dalğalanır. Qarabağ və Şərqi Zəngəzur dirçəlir.
Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunu bir daha təsdiqlədi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası istiqamətində inamla irəliləyən və əsas hədəfə doğru addım-addım yaxınlaşan Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı. Bizə bu qüruru yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, böyük xalq olduğumuzu sübut etdik.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edildi. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üztə şəhər günləri təsis edildi ki, bunlardan biri də 8 noyabr Şuşa Şəhəri Günüdür. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il 21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb. Baş planda şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Şəhərin şərq və mərkəzi hissələrində tarixi quruluşun qorunması məqsədilə yol şəbəkələrinə müdaxilə minimal səviyyədə saxlanılaraq mövcud tarix-mədəniyyət abidələrinin bərpa/rekonstruksiyası nəzərdə tutulub. Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox.
      
      
      
      