Xəbərlər
44 günlük Zəfər salnaməsi - xalqın birliyi, ordunun rəşadəti
            Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Azərbaycan xalqının əsrlərlə davam edən mübarizə tarixi 8 Noyabr 2020-ci ildə özünün ən parlaq zirvəsinə yüksəldi. Həmin gün, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, doğma Qarabağ torpaqlarımızı düşmən işğalından azad edərək Azərbaycanın dövlətçilik salnaməsinə Zəfər Günü kimi qızıl hərflərlə həkk olunacaq bir səhifə yazdı.
Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə doğma torpaqlarının işğal ağrısını yaşasa da, heç vaxt sarsılmadı, ümidini itirmədi. Bu illər ərzində müdrik və uzaqgörən siyasətçi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəni gücləndirdi, ordumuzu modernləşdirdi, diplomatik və siyasi müstəvilərdə Qarabağ məsələsini beynəlxalq gündəmdə tutarlı şəkildə saxladı.
O, illərlə səbir, prinsipiallıq və milli maraqlara sadiqlik nümayiş etdirərək Azərbaycanın hərbi-siyasi qüdrətini bərpa etdi.
Bu xalq torpağı namus hesab edir. Torpaqlarımız erməni işğalında qaldıqca yuxularımız şirin, başımız, qamətimiz dik ola bilməzdi. Biz özümüzdə güc hiss edən kimi o torpaqları geri almaq üçün ayağa qalxacaqdıq. 2016-ci ilin aprelində, 2018-ci ilin mayında, 2020-ci ilin iyulunda, 2020-ci ilin sentyabrında olduğu kimi. Və sən demə apreldən maya, maydan iyula, iyuldan sentyabra uzanan yolun sonunda Zəfər varmış. O Zəfər ki, itirdiyimiz generalımızla, minlərlə şəhidimiz, yüzlərlə qazimizlə ona nail ola bildik.
Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki anti-milli hakimiyyət müharibədə qələbə qazana bilməz. Digər bir amilə diqqət yetirək. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, ölkəmiz öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir. Onlar dəfələrlə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Bununla da həmin dairələr, birincisi, bizi inandırmağa çalışırdılar. İkincisi, bizi məsələni hərbi yolla həll etməkdən çəkindirmək istəyirdilər. Təbii ki, Azərbaycan da münaqişənin sülh yolu ilə həll olunmasını istəyirdi. Prezident İlham Əliyevin müharibəyədək olan dövrdə sülh danışıqlarında konstruktivlik göstərməsi bunu bir daha təsdiqləyir. Ancaq işğalçı Ermənistanın və ayrı-ayrı beynəlxalq təşkilatların, o cümlədən də Minsk qrupunun seçdiyi taktika münaqişənin həllinə yox, keçmiş status-kvonun sonsuzluğadək uzadılmasına xidmət edirdi. Belə yanaşma Azərbaycanı qane edə bilməzdi.
Prezident İlham Əliyevin bildirdiyi kimi, nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyədək olan dövrdə daim sülh danışıqlarında fəal iştirak edən Azərbaycan, eyni zamanda, ordu quruculuğunu diqqət mərkəzində saxlayırdı. Ölkəmiz qısa müddətdə müasir silahlarla, yüksək səviyyəli kadrlarla təchiz olunmuş ordu qurmağa nail oldu. Müasir ordu danışıqlar prosesində respublikamızın özünəinam hissini artıran əsas amil qismində çıxış edirdi. Ordu quruculuğu üçün isə ilk növbədə iqtisadiyyatı gücləndirmək lazım idi. Prezident İlham Əliyevin müasir çağırışları və ölkənin iqtisadi potensialını nəzərə almaqla həyata keçirdiyi yeni nəsil islahatlar sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi təmin olundu. Bu gün respublikamız öz hesabına yaşayır, heç kimin yardımına ehtiyacı yoxdur, heç kimdən asılı deyil. Özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq. “İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda beş il ərzində genişmiqyaslı quruculuq işləri aparıb və bundan sonrada bu proseslər davamlı şəkildə aparılacaqdır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Biz bunu etdik, yaratdıq və iqtisadi asılılığı tamamilə aradan qaldırdıq. Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik”, - deyə Prezident İlham Əliyev bildirib.
2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti təxribatına cavab olaraq başlanan Vətən müharibəsi 44 gün davam etdi. Azərbaycan Ordusu, xalqın birliyi və dövlətin qəti iradəsi sayəsində 8 noyabrda Şuşanın azad olunması ilə tarixi Qələbəni təmin etdi. Şuşanın azadlığı ilə bərabər, Azərbaycanın milli qüruru, mənəvi birliyi və dövlət suverenliyi bərpa olundu. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində demişdi “Şuşa azad olunmadan bizim işimiz yarımçıq olardı. Bu gün biz fəxr edirik ki, qədim Şuşamız azaddır. Bu Qələbəni bizə Ordumuz, əsgərlərimiz, zabitlərimiz bəxş etdi. Bu Qələbə Azərbaycan xalqınındır!” Zəfər Günü təkcə hərbi qələbə deyil, həm də xalqın bir yumruq kimi birləşdiyi, milli həmrəyliyin ən yüksək nümunəsini göstərdiyi bir gündür. 44 gün ərzində hər bir azərbaycanlı ön cəbhədə döyüşən igid əsgərdən tutmuş, arxa cəbhədə çalışan sadə vətəndaşa qədər  “Dəmir yumruq” kimi birləşdi. Bu birliyin nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam və Şuşa kimi strateji əhəmiyyətli şəhərlərimiz azad edildi.
Azərbaycanın döyüş meydanındakı uğurları diplomatik masada da öz təsirini göstərdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur qaldı. Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Yeni şəhər və kəndlər salınır, yollar, hava limanları, enerji infrastrukturu və sosial obyektlər tikilir. Bu, sadəcə fiziki quruculuq deyil mənəvi dirçəlişin, milli iradənin və dövlət gücünün rəmzidir. Zəfərin davamı kimi, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu suverenliyini tam şəkildə bərpa edərək Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin ləğvini təmin etdi. Beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu.
Bu Qələbə, Ulu Öndər Heydər Əliyevin “Qarabağ Azərbaycandır ” ideyasının həyata keçməsi, onun qoyduğu dövlətçilik təməl prinsiplərinin möhtəşəm nəticəsidir. Azərbaycan xalqı bu Zəfərlə yalnız torpaqlarını deyil, həm də tarixi ədalətini, milli kimliyini və qürurunu bərpa etdi. 8 Noyabr hər bir azərbaycanlı üçün fərəh, qürur və minnətdarlıq günüdür. Bu gün biz şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. Onların qanı bahasına qazanılan bu Qələbə gələcək nəsillərə vətənpərvərlik nümunəsi, dövlətə sədaqət dərsi olacaq. Yeni Azərbaycan Partiyası olaraq biz bu tarixi Zəfəri qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir, güclü və qalib Azərbaycan naminə çalışmaq əzmindəyik. Zəfər Günü bir daha sübut etdi ki, Azərbaycan xalqı bölünməzdir, dövlətimiz sarsılmazdır, liderimizlə bir yoldayıq!
      
      
      
      