YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan öz haqq savaşında zəfər çaldı

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Beş il öncə tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycan bu gün yeni dövrə qədəm qoyub. Tarixi Zəfərimiz növbəti zəfərlərimizin əsası oldu. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini  məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın,  qayıdaq döyüş meydanına,  öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verirdi. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Təcavüzkar Ermənistan silahlı qüvvələri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Hərbçilərimiz  “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər. Ermənistan ordusu, eyni zamanda, mənəvi məğlubiyyətə uğradı.  Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonunda açıq səma altında yaradılan  Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.  Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar,  sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Azərbaycanın davamlı uğurları tarixi Zəfərimizdə öz sözünü dedi. 30 il işğal altında olub mənfur düşmənin vəhşiliklərinə şahidlik edən, amma tarixi sahibinə qovuşacağına ümidini itirməyən torpaqlarımızın azadlığı hər birimizi qürurlandırır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Ermənistana və ona dəstək verən dövlələrə tarix, hüquq və milli qürur dərsi oldu. Bu müsahibələr dövlət başçısı İlham Əliyevin   praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, dəyişməz mövqeyini əsaslı şəkildə diqqətə çatdıran, dövlət maraqlrımızı hər şeydən üstün tutan Lider olduğunu dünyaya bəyan etdi. Azərbaycanın döyüş meydanında qələbəsində informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulayasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan belə Azərbaycana qaytarıldı. Bu, Müzəffər  Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.

Prezident İlham Əliyev son beş ildə Azərbaycanın dirçəliş modelini dünyaya təqdim edərək qurucu lider olduğunu təsdiqləyir.  Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana şevirməsi, Böyük Qayıdış proqrmını uğurla icra etməsi dünənimizə baxış əsasında gələcəyə hesablanmış siyasətimizin təqdimatıdır.

Artıq beş ildir bütün bayramlarımızı Zəfər ruhunda qeyd edirik. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 8 noyabr, eyni zamanda, Şuşa Şəhəri Günüdür. 2021-ci il yanvarın 14-də  dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox.

Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.