YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dastana çevrilən Şuşa əməliyyatı

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Tarixi Zəfərimizdən bizləri beş  illik  zaman ayırır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr 2020-ci ildə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanmasından sonra  xalqa  müraciətində vurğulandığı kimi,  sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi: “Mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?!”

Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin  prioriteti və strateji hədəfi idi. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa  məcbur oldu. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. 2020-ci il 27 sentyabrda Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulmuşdur.  Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi.

Tarixi Zəfərimizdən üç il sonra isə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Müstəqillik tariximizə növbəti Zəfər səhifəsi yazıldı. Dövlət başçısı  İlham Əliyevin qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə, Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə gerçəkləşdirdiyi 16 noyabr 2020-ci tarixli  səfəri ilə  Böyük Qayıdışa xidmət edən ilk quruculuq tədbirləri başladı. Dastana çevrilən Şuşa əməliyyatının aparılmasına bələdçilik  edən  Füzulu- Şuşa yolu Zəfər yolu adlandırıldı və təməli qoyuldu. Bu yol qısa zamanda tikilib istifadəyə verildi. Bu torpaqlarda aparılan, sadalamaqla bitməyən bərpa-quruculuq işləri Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini abidələrimizin bərpası işində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etməliyik.  Dövlət başçısı İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi.

Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, bu torpaqlarımıza qayıdan sakinlərimiz onlara yeni nəfəs verərək ölkəmizin dayanıqlı inkişafına dəstək olacaqlar. Sakinlərinə qovuşan 6 şəhərimiz sırasında yer alam Şuşa da genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Son beş ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşaya 30-dan artıq səfəri bütün məqamların aydın mənzərəsini yaradır. Səfərləri say tərkibi görülən işlərin təqdimatıdır. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən beş ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Görülən işlər qarşıdakı dövrün aydın mənzərəsini təqdim edir.