YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” çağırışı tarixi Zəfərimizə gedən yolun təqdimatıdır.  İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub.

44 günlük  İkinci Qarabağ müharibəsi  XXI əsrin müharibəsi kimi dəyərləndirilir. Buna əsas verən Azərbaycan Ordusunun 44 günün hər gününü tarixə Zəfər günü kimi yazması oldu. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək düşməni torpaqlarımızdan qovdu. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bəyanata əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Noyabrın 10-da şanlı tariximizin  ən yaddaqalan müjdəsini xalqa çatdırarkən “Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq onu da  bildirdi ki, dedik yetər artıq, bu əsarət yetər! Şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən  təbiətimizi nə qədər murdarlayacaq,  torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!

Tarixi Zəfərimizdən ötən hər gün Azərbaycanın 44 gündə qazandığı siyasi, hərbi, diplomatik uğurların necə qürurverici olduğunu nümayiş etdirir. Beş  ildir ki, azad olunan torpaqlarımız tarixi sahiblərinə qovuşaraq dağıntılardan quruculuq mərhələsinə keçdikləri üçün sevinclidirlər. 44 günlük Vətən müharibəsinin gedişi dövrüdə Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində qazandığı uğurlar dünyanı heyrətləndirdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaq.

Prezident İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə  30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri  hər üç dövrün - 30 illik işğal, Vətən  müharibəsi və postmünaqişə mərhələsinin reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında zəngin mənbə  oldu. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Prezident İlham Əliyevin  ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Cənab İlham Əliyev Azərbaycanın Qələbə qazanacağına böyük inamla yanaşaraq gələcəkdə hansı işlərin görüləcəyinin anonsunu da verdi. Onun gələcəyə ümid dolu fikirləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla dayanmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər,  xalqının yenilməz övladını görürdülər.

“Dəmir yumruq” milli birliyin və gücün rəmzinə çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. 30 illik işğal dövründə  ən yüksək tribunalardan səsləndirilən çağırışlarımız arasında “Biz bu torpaqlara qayıdacağıq” xüsusi yer tutdu ki, bu gün onun sevincini, qürurunu yaşayırıq. Artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. 2023-cü ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi.

Adını tariximizə torpaqlarımızın xilaskarı kimi yazan Ali Baş Komandan İlham Əliyevin hazırda  Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu gün artıq 6 şəhər, 2 qəsəbə  və 20-dən artıq  kənd sakinlərinə qovuşaraq yeni həyata başlayıb.

Sakinlərinə qovuşan şəhərlərimiz sırasında Şuşa şəhəri də var. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 8 noyabr Şuşa Şəhəri Günüdür. Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.  Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.