Partiya xəbərləri
Yeni Azərbaycan Partiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkil etdiyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə rəssam-monumentalist Çingiz Abasovun “30 il və 44 gün” tablosunun təqdimatı olub.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən silsilə tədbirlər ölkəmizin müstəqil inkişaf yoluna, eləcə də möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tahir Budaqov vurğulayıb ki, müasir dövlətçilik tariximizin zirvə nöqtəsi - ən qürurverici məqamı olan möhtəşəm Zəfərimiz asanlıqla əldə olunmamışdır: "Müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasını dövlət siyasətinin bir nömrəli məsələsi - strateji prioriteti kimi müəyyən etmişdir. Onun liderliyi ilə bu strateji hədəfə çatmaq üçün məqsədyönlü addımlar atılmış, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlər görülərək Azərbaycanı böyük Zəfərə aparan yolun əsası qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bu siyasəti müasir dövrün çağırışları və reallıqlarına uyğun zənginləşdirərək müvəffəqiyyətlə davam etdirməklə, Ermənistanın təcavüzkar siyasətinə göz yuman bir sıra güc mərkəzlərinin ikili standartlar siyasətinə, beynəlxalq təşkilatların selektiv yanaşmasına, mürəkkəb geostrateji şəraitə baxmayaraq, Vətənin bütövlüyünü, tarixi ədaləti və milli ləyaqəti bərpa etmək uğrunda haqq mübarizəsini qələbə ilə başa vuraraq möhtəşəm Zəfərə nail olmuş, ata vəsiyyəti və xalqa vədini şərəflə yerinə yetirməklə Azərbaycanı Heydər Əliyevin görmək istədiyi kimi qalib, qüdrətli və əzəmətli dövlətə çevirmişdir".
YAP Sədrinin müavini bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan bu gün regionun çoxtərəfli işbirliyi məkanına çevrilməsində maraqlı olmaqla beynəlxalq hüquq normalarına və milli maraqlara əsaslanan prinsipial mövqeyinə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti konstruktiv xarakter daşımaqla regionun dialoq, əməkdaşlıq və inteqrasiya məkanına çevrilməsinə hədəflənmişdir ki, bu da sülh naminə etimad quruculuğunun həyata keçirilməsi baxımından olduqca böyük önəmə malikdir: "Dövlət başçısının qeyd etdiyi kimi: “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu”. Bu gün yeni reallıqlar fonunda sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası regional təhlükəsizlik kontekstində strateji gündəliyin önəmli tərkib hissəsidir".
Tahir Budaqov qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına layiqli qayıdışının təmin edilməsi qarşıda duran çox mühüm hədəflərdəndir: "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyənləşdirilmişdir. Bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməklə müasir infrastruktur yaradılmaqdadır. Artıq Qarabağ və Şərqi Zəngəzurda mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilmiş, onlarla yaşayış məntəqəsinin təməli qoyulmuş və bir sıra şəhər, kənd və qəsəbələrdə əhalinin yaşayışı təmin edilmişdir. Bütün bunlar dayanıqlı məskunlaşma və müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmini baxımından böyük əhəmiyyətə malikdir. Nəticə etibarilə, yüz minlərlə soydaşımızın yurd həsrətinə son qoyulması, onların ata-baba torpaqlarına qayıdışının təmin olunması mənəvi-siyasi və sosial-iqtisadi əhəmiyyətə malik olmaqla tarixi ədalətin təntənəsidir".
"Azərbaycan dövləti və xalqı mübariz Vətən övladlarının - ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış şəhidlərin əziz xatirəsini daim uca tutur. Müzəffər Ali Baş Komandanımızın 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması barədə müjdəni məhz Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı verməsi Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna ali ehtiram nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq” , - deyə YAP Mərkəzi Aparatının rəhbəri əlavə edib.
Tahir Budaqov söyləyib ki, Azərbaycan xalqının Zəfər salnaməsi – Qələbə dastanı təkcə tarixçilər və siyasətşünasların tədqiqat predmeti deyil: "Bu Zəfər həm də müstəsna mənəvi əhəmiyyətə malik olduğu üçün sənət adamlarının xüsusi diqqət mərkəzindədir. Möhtəşəm Qələbəmiz haqqında əsərlərin, o cümlədən rəsm əsərlərinin ərsəyə gətirilməsi və digər yaradıcılıq işləri bu tarixi hadisənin ictimai yaddaşda – milli təfəkkürdə əbədiləşdirilməsi baxımından çox önəmlidir. Ona görə də bugünkü tədbir çərçivəsində təqdimatını etdiyimiz rəssam-monumentalist Çingiz Abasovun “30 il və 44 gün” tablosu şanlı Qələbəmizin təbliği və xalqımızın vətənpərvərlik ruhunun gücləndirilməsi üçün əhəmiyyətlidir".
"Bu gün qalib Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü böyük iftixar və coşquyla qeyd edərək əzəli torpaqlarımızın işğaldan azad olunması və doğma yurd yerlərinə qayıdışın hədsiz sevincini yaşamaqdadır. Şübhə yoxdur ki, dövlət başçısı, partiyamızın Sədri cənab İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycan bundan sonra da möhtəşəm nailiyyətlərə imza atmaqla yeni qələbələr qazanacaq, Vətənimizin hər bir guşəsində qürurla ucaldılan üçrəngli bayrağımız daim zirvələrdə əzəmətlə dalğalanacaqdır. Qalib Azərbaycanın sarsılmaz qüdrətinin ifadəsi olan 8 Noyabr - Zəfər Günü, həmçinin qarşıdan gələn 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə partiyamızın bütün üzvlərini, böyük xalqımızı təbrik edir, hər birinizə möhkəm cansağlığı və dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycanın daha parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Yaşasın müstəqil və qalib Azərbaycan! Eşq olsun Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə!" ,- deyə YAP Sədrinin müavini vurğulayıb.
Çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə qeyd edib ki, hər bir xalqın tarixində elə əlamətdar gün var ki, onu “əsrə bərabər gün” hesab etmək olar: “Azərbaycan xalqının həyatında belə məqamlardan biri, heç şübhəsiz ki, 2020-ci ilin 8 noyabr gününə təsadüf edir. Lakin düşünürəm ki, öz tarixi əhəmiyyəti və mənəvi yükü etibarilə həmin günü bir əsrə deyil, “əsrlərə bərabər gün” adlandırmaq olar. Çünki həmin gün xalqımızın çoxəsrlik qəhrəmanlıq salnaməsinin yeni şanlı səhifəsi yazıldı və eyni zamanda, həmin gün əldə etdiyimiz tarixi Qələbə Azərbaycanın uzunmüddətli, möhkəm və dayanaqlı inkişaf yolunu təmin etdi. Beş il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində, şəhidlərimizin canı və qanı bahasına Azərbaycan torpaqlarının işğalına son qoyuldu, tarixi ədalət zəfər çaldı. Müasir hərb sənətinin ən parlaq səhifələrindən biri olan “Dəmir yumruq” əməliyyatı, təbii ki, tarix kitablarına fenomenal hadisə kimi daxil olacaq və mütəxəssislər tərəfindən araşdırılıb layiqincə dəyərləndiriləcək. Şübhəsiz ki, bu zaman digər mühüm amillərlə yanaşı, Zəfərimizi təmin edən bir faktorun da rolu qeyd olunacaq ki, bu da “xalq, iqtidar və ordu birliyi” formuludur. Qələbəmizin ideoloji təməlini təşkil etmiş bu formul Azərbaycan xalqının əzmini bir daha nümayiş etdirdi”.
Rektor vurğulayıb ki, tarixi Zəfər Azərbaycanın perspektiv inkişaf yollarını da müəyyən etdi: “Qələbədən sonra Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri nəticəsində əzəli, qədim torpaqlarımız sürətlə və ən mütərəqqi üsullarla ucaldılan müasir yaşayış mərkəzlərinə çevrilir”.
“Zəfərin beşinci ildönümündə tam əminliklə qeyd etmək olar ki, hazırda Azərbaycan beynəlxalq müstəvidə yalnız müharibənin qalibi kimi deyil, həm də regionda sülh, sabitlik və əməkdaşlığın əsas təşəbbüskarı və təminatçısı kimi qəbul olunur. Beynəlxalq səviyyədə qazandığımız nüfuz sayəsində ölkəmiz dünyada baş verən mürəkkəb proseslərdə fəal iştirak edir. Bu, yaşadığımız dövrün reallığıdır və bu reallığı hər kəs qəbul etmək məcburiyyətindədir”, - deyə Kamilə Dadaş-zadə əlavə edib.
Rektor bildirib ki, şanlı Qələbəmizin hər ildönümü bu taleyüklü tarixi hadisənin əhəmiyyətini, önəmini daha dərindən, bütün əzəməti ilə dərk etmək üçün imkan yaradır: “Bu gün Azərbaycan Milli Konservatoriyası kollektivinin tədbir iştirakçılarının diqqətinə təqdim edəcəyi konsert “Zəfərin sədası” adlanır. Düşünürük ki, bu adın böyük bir rəmzi mənası var. İllər ötəcək, qərinələr dəyişəcək, amma 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz Zəfər yenə də hər bir azərbaycanlının qəlbində əzəmətli bir əks-səda kimi səslənəcəkdir. Bu isə o deməkdir ki, Azərbaycan durduqca, Zəfərimiz əbədi qürur mənbəyimiz olaraq yaşayacaqdır”.
Sonra tədbirdə şəhid İsmayıl Kərimlinin atası Ceyhun Kərimov çıxış edib. “Bu gün biz Böyük Qələbəmizin 5-ci ildönümünü qeyd edirik. Artıq beş ildir ki, 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad olunub, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Zəfər Günü möhtəşəm bir əsərdir və hər bir böyük əsər kimi bu Zəfərin də öz memarları var. Böyük Qələbəmizi qeyd edərkən Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını və Onun xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışını xatırlayırıq. Məhz həmin tarixi qayıdış Zəfər salnaməmizin ilk səhifəsini yazdı. Elə o andan etibarən biz addım-addım tarixi Qələbəmizə doğru irəliləməyə başladıq”, - deyən şəhid atası əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu böyük məsuliyyəti öz üzərinə götürərək xalq qarşısında and içdi və andına sadiq qalaraq Azərbaycanı tarixi Zəfərə qovuşdurdu.
Ceyhun Kərimovun sözlərinə görə, şübhəsiz ki, bu çətin və şərəfli yolda Prezident İlham Əliyevə ən böyük mənəvi dayaq və dəstək Birinci vitse-prezident Mehriban xanım Əliyeva olub: “Şəhid ailələri olaraq həmin günlərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bizə göstərdiyi diqqət və qayğını dərindən hiss etdik. Bu gün də şəhid ailələri bu diqqət və qayğını daim öz üzərində hiss edir”.
“Azad olunmuş torpaqlarda Böyük Qayıdış layihəsi həyata keçirilir, yeni kənd və qəsəbələr salınır, şəhərlərimiz dirçəldilir. Əminəm ki, bu torpaqlar uğrunda canlarını fəda etmiş igidlərimizin ruhu şaddır. Böyük qürur və fəxarət hissi ilə deyirəm ki, qalib xalqın nümayəndəsi, Yeni Azərbaycan Partiyasının üzvü, qəhrəman atası və azərbaycanlıyam”, - deyə şəhid atası əlavə edib.
Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev isə çıxışında qeyd edib ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın yenilməzlik, mətinlik və qəhrəmanlığının ifadəsi oldu”.
A.Mirzəyev vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu: “Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü göstərdi. Dövlətimizin başçısı “Şuşasız bizim işimiz yarımçıq olar” söyləyəndə xalqımızda belə bir əminlik yarandı ki, Qarabağın tacının, Azərbaycanın döyünən ürəyinin işğaldan azad edilməsi əsas hədəfdir. Dastana çevrilən Şuşa əməliyyatı bu gün də inkişaf etmiş ölkələrin hərbi ekspertləri tərəfindən təhlil edilir, öyrənilir. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu, bizim şanlı Zəfərimizin günüdür. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun malik olduğu imkanların dünyaya təqdimatı oldu. Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və maddi-texniki bazasını möhkəmləndirən Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduya çevrilmişdir”.
Vətən Müharibəsi Qəhrəmanı əlavə edib ki, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub: “Bu, həm şanlı Zəfərimiz - Azərbaycanın suveren hüquqlarının möhkəmləndirilməsi, həm də dövlətimizin əsas hüquqi sənədi olan Konstitusiyanın qəbulunun 30 illiyi ilə bağlıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlət quruculuğunun təməlini təşkil edir. Bu sənəd xalqın iradəsini, hüquq və azadlıqlarını, dövlətin idarəetmə prinsiplərini özündə ehtiva edir. Azərbaycan tarix boyu müxtəlif çətinliklərdən keçsə də, artıq müstəqil, suveren və güclü bir dövlət kimi dünya arenasında layiqli yerini tutub. Bu gün Azərbaycanın hər qarış torpağında üçrəngli bayrağımızın dalğalandığını qürurla qeyd edirik”.
Daha sonra “30 il və 44 gün” tablosunun müəllifi rəssam Çingiz Abasov çıxış edib. O qeyd edib ki, bu gün xalqımızın qəhrəmanlığını, birliyini və əyilməz iradəsini iftixarla xatırlayır, ədalətin bərpa olunduğu möhtəşəm günün qürurunu bir daha yaşayırıq: “Bu gün burada Zəfərimizə həsr olunan “30 il və 44 gün” əsərimi təqdim etməkdən böyük qürur duyuram. Çalışdım ki, bu əsərdə Vətənimizin otuz illik tarixini, xalqımızın qəhrəman ruhunu, dözümü və inamını əks etdirim. Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, “Qarabağ bizim qəlbimizdədir, ruhumuzdadır. Gün gələcək, biz Qarabağa qayıdacağıq”. İllər sonra Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin inamın üzərinə öz möhtəşəm nida işarəsini qoydu: “Qarabağ Azərbaycandır!”. Bu gün biz həmin gerçəkliyi yaşayırıq, Qarabağ azaddır və dirçəlir. Bu Qələbə xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və milli iradəmizin rəmzidir. Qoy üçrəngli bayrağımız daim azad Qarabağ səmasında dalğalansın”.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert proqramı təqdim olunub.
      
      
      
      