YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbə salnaməmizin şanlı səhifəsi

Tahir Mirkişili

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

25 oktyabr – Qubadlı şəhəri günü Azərbaycan dövlətçiliyi tarixində əzəmətli bir hadisənin – Qubadlının işğaldan azad edilməsinin ildönümüdür. 2020-ci ilin həmin günündə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq, iradə və peşəkarlıq nümunəsi göstərərək Qubadlı şəhərini düşməndən azad etdi. Bu qələbə Vətən müharibəsinin gedişində mühüm strateji dönüş nöqtəsi oldu və ümumi Qələbəmizi daha da yaxınlaşdırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr əraziyə malik olan rayonun səthi əsasən dağlıqdır. Qərbdən Ermənistan, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə sərhəddə yerləşən Qubadlıda kəndlərin əksəriyyəti Həkəri və Bərgüşad çaylarının ətrafında salınıb. Rayonda 79 min hektara yaxın torpaq fondu mövcuddur, “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi münbit əraziləri kənd təsərrüfatı üçün əlverişli olub. Əkinçilik, tütünçülük və heyvandarlıq burada əsas təsərrüfat sahələrini təşkil edirdi. Rayonun təbiəti həm də təbii dərman bitkiləri, meşələri və müxtəlif tikinti materialları yataqları ilə zəngindir.

Qubadlı işğala qədər iqtisadi, sosial və mədəni baxımdan dinamik inkişaf edən bölgələrdən biri idi. Lakin 1988-ci ildən başlayaraq Ermənistanla sərhəddə yerləşməsi səbəbindən dəfələrlə hücuma məruz qaldı. 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri rayonu tam işğal etdi. Nəticədə 30 minə yaxın əhali məcburi köçkünə çevrildi, 94 yaşayış məntəqəsi, 7 minə yaxın ev, yüzlərlə sosial, mədəni və dini obyekt yerlə-yeksan edildi. 7 məscid, 16 körpü, 1080 kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 4830 km elektrik xətti və 165 km qaz kəməri dağıdıldı. Ermənistan burada qanunsuz məskunlaşma siyasəti həyata keçirərək, xaricdən gətirilən erməniləri Qubadlıda yerləşdirdi ki, bu da beynəlxalq hüququn, xüsusilə Cenevrə konvensiyalarının kobud şəkildə pozulması idi.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu həm hərbi, həm də strateji baxımdan böyük uğurlar əldə etdi. Qubadlı istiqamətində aparılan əməliyyatlar xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Şəhəri əhatə edən yüksəkliklər düşmən tərəfindən möhkəmləndirilmişdi. Ordumuz ilk növbədə bu yüksəklikləri azad etdi, ətraf kəndlər – Xanlıq, Padar, Sarıyataq kimi yaşayış məntəqələri ələ keçirildi. 25 oktyabrda Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini tam azad etdi və bununla da strateji baxımdan mühüm bir xəttə nəzarət bərpa olundu. Bu əməliyyatlar Qələbə salnaməmizin şanlı səhifələrindən birinə çevrildi.

Qubadlının azad edilməsi ilə bağlı xüsusi fərqlənən hərbçilərin xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi və 15 mindən çox hərbi qulluqçu bu medalla təltif olundu. Həmçinin 31 iyul 2023-cü il tarixli Sərəncamla işğaldan azad edilmiş şəhərlər üzrə “şəhər günləri” təsis edildi və 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd olunmağa başlandı. Bu qərar tarixi ədalətin bərpasını və milli yaddaşın əbədiləşdirilməsini simvolizə edir.

Azadlıqdan sonra Qubadlının dirçəlişi yeni mərhələyə qədəm qoydu. 27 oktyabr 2021-ci ildə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı. Bu, həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətli addım idi. Qısa müddətdə Qubadlının enerji, nəqliyyat və sosial infrastrukturu bərpa edilməyə başladı. 25 oktyabr 2021-ci ildə 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı baş tutdu. Bu yarımstansiya həm rayonun dayanıqlı elektrik enerjisi ilə təminatını, həm də yüksək sürətli internet bağlantısını təmin edən mühüm mühəndis layihəsidir.

Prezident İlham Əliyev Qubadlıya bir neçə dəfə səfər edib, rayonun bərpası və yenidən qurulması ilə bağlı bir sıra mühüm layihələrin təməlini qoyub. 2021-ci ilin oktyabrında “Qubadlı” yarımstansiyasının açılışında, “Xanlıq–Qubadlı” yolunun təməlqoymasında iştirak edən dövlət başçısı 2022 və 2023-cü illərdə Qubadlıda bir sıra sosial obyektlərin, su anbarlarının və kəndlərin – Mahruzlu, Zilanlı, Xanlıq kimi yaşayış məntəqələrinin təməlini qoydu. Hazırda bu kəndlərdə evlər, məktəblər, xəstəxanalar, sosial infrastruktur sürətlə tikilir.

Qubadlı rayonunun 2040-cı ilədək inkişafını müəyyən edən Baş Plan 2025-ci ilin sentyabrında təsdiq edildi. Bu sənəd rayonun iqtisadi və sosial inkişaf istiqamətlərini, enerji təchizatı, məskunlaşma və sənaye sektorlarının gələcək planlarını müəyyənləşdirir. Qubadlının gələcəkdə 47 mindən çox əhalinin yaşayacağı müasir şəhərə çevrilməsi planlaşdırılır.

İnfrastruktur layihələri də Qubadlının inkişafının əsas dayaqlarındandır. Qubadlı–Eyvazlı avtomobil yolunun, həmçinin Prezident İlham Əliyevin 2023-cü il sərəncamı ilə planlaşdırılan Qubadlı–Laçın avtomobil yolunun tikintisi bölgənin strateji əhəmiyyətini daha da artıracaq. Bu yollar azad edilmiş ərazilər arasında əlaqəni gücləndirəcək, logistik, iqtisadi və sosial inteqrasiyanı təmin edəcək.

Bu gün Qubadlı bərpa və quruculuq dövrünü yaşayır. İşğalın dağıtdığı kəndlər, yandırılmış evlər və viran qalmış infrastruktur artıq müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə yenidən inşa edilir. Dövlətimizin başçısının rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlarına dönən insanlar üçün yeni həyat qurulur.

Qubadlının azad olunması təkcə bir rayonun azadlığı deyil, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün bərpası, 30 illik ədalətsizliyə son qoyulması demək idi. Bu gün Qubadlı həm qəhrəmanlıq, həm dirçəliş, həm də yenidənqurma simvoludur. Qubadlıya qayıdış Azərbaycanın müzəffər tarixinin davamı, dövlətimizin gücünün və xalqımızın əzminin göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv